Prezident İlham ƏLİYEV: "Biz Orta dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görürük"
Azərbaycan tarixində neft böyük sərvət kimi ölkənin taleyinə öz möhürünü vurub. Torpağımızın təkindən və Xəzərin dərinliklərindən çıxan "qara qızıl" ölkənin iqtisadi simasını dəyişib, Bakını dünyanın diqqət mərkəzinə gətirib. İndi isə Azərbaycanın qarşısında başqa bir imkan dayanır. Bu dəfə sərvət təkcə "qara qızıl" deyil, o həm də Azərbaycanın coğrafiyasındadır.
Çindən başlayan yükün Mərkəzi Asiyanı keçərək Xəzərə, oradan Azərbaycan üzərindən Gürcüstan və Türkiyəyə, daha sonra Avropaya doğru hərəkəti yeni bir iqtisadi xəritə yaradır. Bu marşrutun adı Orta dəhlizdir. Amma Orta dəhlizə yalnız nəqliyyat marşrutu kimi baxmaq, əslində, onun potensialını kiçiltməkdir. Çünki məsələ yükün Azərbaycandan keçməsi yox, ölkəmizin bu yükün yaratdığı iqtisadi dəyərin hansı hissəsini özündə saxlamasıdır.
Bu potensialın real mənzərəsini görmək üçün xəritədə Xəzərin qərbindəki Ələtə doğru baxmaq kifayətdir. Ələtə doğru gedən yol bu gün əvvəlkindən fərqli mənzərə yaradır. Burada dənizlə dəmir yolu, avtomobil yolu ilə logistika, gömrüklə sənaye bir-birinə yaxınlaşır. Bakı Beynəlxalq Dəniz Limanı artıq Şərqlə Qərb arasındakı əlaqədə əsas qovşaqlardan birinə çevrilir.
Bu mənzərənin arxasında dayanan iqtisadi dinamikanı isə rəqəmlər daha aydın göstərir. Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi göstəricilər Azərbaycanın nəqliyyat dəhlizlərində artan rolunu real rəqəmlərlə ortaya qoyur. 2025-ci ildə Azərbaycanın nəqliyyat dəhlizlərində dəniz yolu ilə 7 milyon 229,7 min ton yük daşınıb. Daşımaların 93,3 faizinin tranzit yüklərdən ibarət olması isə rəqəmlərin arxasındakı mənzərəni daha aydın göstərir. Bu rəqəm, əslində, Azərbaycanın Orta dəhlizdəki rolunun mahiyyətini də göstərir. Yəni yük, sadəcə, ölkəmizə gəlmir, Azərbaycan üzərindən hərəkət edir. Xəzərin o tayından gələn yük burada yolunu dəyişir, dəmir yoluna, avtomobil magistrallarına və logistika şəbəkəsinə qoşularaq, Qərbə doğru irəliləyir. Beləliklə, Xəzər Azərbaycan üçün sərhəd xətti olmaqdan çox, Şərqlə Qərbi birləşdirən iqtisadi körpünün başlanğıc nöqtəsi kimi diqqət çəkir.
Qeyd edək ki, Orta dəhlizin gücü yalnız Xəzər dənizini keçməklə məhdudlaşmır. Əsas iş yükün Azərbaycan sahillərinə çatdıqdan sonra nə qədər sürətlə və fasiləsiz şəkildə yoluna davam etməsidir. Bu mərhələdə Xəzərin sahilində qəbul olunan yük relslər üzərinə çıxaraq Azərbaycanın dəmir yolu şəbəkəsi vasitəsilə Qərbə doğru hərəkətini davam etdirir. Relslər üzərində hərəkət edən yük qatarları, əslində, Azərbaycanın Orta dəhlizdəki rolunun canlı göstəricisidir. Bunu rəsmi rəqəmlər daha aydın göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk yarısında Azərbaycanın nəqliyyat dəhlizlərində dəmir yolu, dəniz və avtomobil nəqliyyatı vasitəsilə ümumilikdə 16 milyon 651,8 min ton yük daşınıb. Yanvar-iyun aylarında dəmir yolu ilə 7 milyon 587,6 min ton, avtomobil nəqliyyatı ilə 5 milyon 699 min ton, dəniz yolu ilə isə 3 milyon 365,2 min ton yük daşınıb.
Ən böyük yük axını Şərq-Qərb istiqamətində qeydə alınıb. Bu dəhlizlə altı ayda 9 milyon 207,4 min ton yük daşınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə göstərici 10,9 faiz artıb. Şərq-Qərb dəhlizinin tərkibinə daxil olan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə daşımalar 4 milyon 595 min tona çatıb. Bu, bir il əvvəllə müqayisədə 12,4 faiz çoxdur. Rəqəmlərə baxanda təbii ki, sadəcə, statistika görünür. Amma düşünək: Çindən çıxan məhsul minlərlə kilometr yol qət edir. Mərkəzi Asiyadan adlayaraq, gəmi ilə Azərbaycanın sahillərinə gəlir. Burada dəmir yoluna keçir və yenidən yoluna davam edir. Bu hərəkətin mərkəzində isə Azərbaycan dayanır. Sanki Avrasiyanın nəbzi Ələtdə vurur.
Sadalanan bu rəqəmlər Azərbaycanın Orta dəhliz üzərində artan hərəkətliliyini göstərir. Lakin məsələyə yalnız keçən yükün həcminə görə yanaşmaq doğru olmaz. Çünki böyük bir yük axınının üzərində yerləşmək hələ onun yaratdığı iqtisadi imkanlardan tam yararlanmaq anlamına gəlmir. Əsas məsələ bu marşrutun Azərbaycan iqtisadiyyatında hansı iz buraxması, ölkəyə nə qədər əlavə dəyər qazandırmasıdır. Məhz bu baxımdan elə buradaca vacib bir sual ortaya çıxır: Azərbaycan Orta dəhlizdən nə qazanacaq? Sadəcə, tranzit haqqımı? Əgər cavab yalnız budursa, biz imkanın kiçik hissəsini görürük. Halbuki əsl böyük imkan yükün Azərbaycanda dayanmasıdır.
Konteyner Ələtə daxil olandan dərhal sonra başqa ölkəyə gedirsə, Azərbaycan tranzit ölkəsidir. Yox, əgər burada anbara girir, çeşidlənir, qablaşdırılır, sığortalanır, gömrük xidmətlərindən keçir, emal olunur, istehsal prosesinə qoşulur və sonra başqa bazara göndərilirsə, Azərbaycan artıq başqa bir mərhələyə keçir. Bu zaman məsələ, sadəcə, tranzitlə tamamlanmır. Burada yolun özü iqtisadi fəaliyyətə çevrilir.
Birinci modeldə yük Azərbaycandan keçir. İkinci modeldə isə yük Azərbaycanda dəyər yaradır. Və Orta dəhlizin Azərbaycan üçün əsl strateji əhəmiyyəti də məhz bu ikinci mərhələdə başlayır: ölkəmiz Şərqlə Qərbi birləşdirən körpü kimi həmin marşrutun içində iqtisadi dəyər yaradan bir logistika və ticarət qovşağına çevrilə bilər. Bu fərq Azərbaycanın Orta dəhliz qarşısındakı hədəfini də müəyyənləşdirir: Azərbaycan üçün əsas məsələ bu yolun yaratdığı iqtisadi imkanların mərkəzində yer almaqdır. Məhz bu yanaşma dövlət siyasətində də öz əksini tapır.
Prezident İlham Əliyev ötən il sentyabrın 22-də Bakıda keçirilən VI Xəzər Biznes Forumunun iştirakçılarına müraciətində vurğulayıb: "Biz Orta dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görürük, onu infrastrukturun, sənayenin və biznesin inkişafını stimullaşdıran, bölgədə sabitliyə və çiçəklənməyə töhfə verən mühüm amil olaraq qəbul edirik".
Dövlət başçısının bu fikri, əslində, Orta dəhlizin Azərbaycan üçün nə ifadə etdiyini kifayət qədər aydın göstərir. Söhbət yalnız yüklərin bir ölkədən digərinə daşınmasından getmir. Məsələ bu daşınmaların infrastruktura, sənayeyə, biznesə və bütövlükdə iqtisadi artıma çevrilməsindədir.
Min illər əvvəl ticarət karvanları bu torpaqlardan keçirdi. İndi həmin dəvə karvanlarının yerini konteyner qatarları, yük gəmiləri və müasir logistika sistemləri tutub. Zaman dəyişib, amma yolun mahiyyəti dəyişməyib: ticarət üçün ən sürətli, ən etibarlı və ən səmərəli marşrut həmişə üstünlük qazanır. Bu gün şirkətlər üçün əsas suallar da bunlardır: yük nə qədər sürətlə çatacaq? Marşrut nə qədər etibarlıdır? Gömrük prosedurları nə qədər vaxt aparır?
Bəlkə də gələcəkdə insanlar bu dövrə baxanda deyəcəklər: "Azərbaycan bir vaxtlar neftini dünyaya daşıyırdı. Sonra dünyanın özünü Azərbaycandan keçirməyə başladı".
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"