08 Sentyabr 2026 09:30
655
İQTİSADİYYAT
A- A+
Aqrar subsidiya şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib

Aqrar subsidiya şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib


Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixracyönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.


Müasir suvarmadan istifadə edən fermerlərə daha yüksək subsidiya veriləcək


Şuranın qərarı ilə taxıl əkinləri üzrə subsidiya məbləğləri suvarma üsulu və istehsalın ixtisaslaşması nəzərə alınmaqla diferensiallaşdırılıb.

Belə ki, dövlət proqramına əsasən 22 ixtisaslaşmış rayonda müasir suvarma altında buğda əkininə ənənəvi suvarma və ya dəmyə üsulu ilə aparılan əkinlərdən 2 dəfə artıq, 400 AZN/ha subsidiya ödəniləcək. Ənənəvi suvarma və dəmyə əkini altında olan taxıl sahələri üzrə əkin subsidiyası 200 AZN/ha olaraq müəyyən edilib.

Bundan əlavə, müasir suvarma altında olan sahələrdə hər hektara ödənilən əkin subsidiyası kartof və tərəvəzlə yanaşı, noxud, lobya və digər paxlalılar üçün 500 manata, bostan bitkiləri üçün isə 310 manata çatdırılıb.

Beləliklə, xüsusilə suya qənaət edən müasir suvarma sistemlərindən istifadə edən fermerlər üçün dövlət dəstəyinin məbləği artırılır.


Dağlıq rayonlara dövlət dəstəyi gücləndirilir


Dağlıq rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında aparılan kartof və tərəvəz əkinlərinə ödənilən subsidiya müasir suvarma ilə təmin edilən sahələr üçün hər hektarda 600 manata, digərlər sahələr üçün isə 400 manata çatdırılır.


Lazer hamarlama texnologiyasının tətbiqinə yeni subsidiya veriləcək


Torpaq və su resurslarından daha səmərəli istifadə etmək məqsədilə lazer hamarlama texnologiyasından istifadə edən fermerlərə daha artıq subsidiya tətbiq ediləcək. Bütün suvarılan ərazilərdə bir parseldə azı 5 hektar buğda əkinindən əvvəl sahədə lazer hamarlama tətbiqinin ilk ilində əkin subsidiyası 250 AZN/ha artırılaraq ödəniləcək. Pambıqçılıq rayonlarında azı 5 hektar pambıq əkinindən əvvəl lazer hamarlama tətbiqinin ilk ilində məhsul subsidiyası 50 AZN/ton artırılaraq ödəniləcək.

Lazer hamarlama aparılan sahələr EKTİS-də bəyan ediləcək, sahənin monitorinqində rəqəmsal və süni intellekt həllərindən istifadə olunacaq.


İstixanalar üzrə yeni əkin subsidiyaları tətbiq olunacaq


İstixana təsərrüfatlarının modernləşdirilməsi və yüksək texnologiyalı istixanaların yaradılmasının təşviqi məqsədilə istixananın texnoloji səviyyəsinə və örtük materialına uyğun olaraq hər hektar əkinə görə 500 manatdan 5 000 manatadək əkin subsidiyası müəyyən edilib.

Əkin subsidiyası 4-cü nəsil şüşə örtüklü yüksək texnologiyalı istixanalarda 5 000 manat/ha, polikarbonat örtüklü istixanalara 3 000 manat/ha, yüksəkkeyfiyyətli polietilen örtüklü 4-cü nəsil istixanalara 2 500 manat/ha veriləcək. 3-cü nəsil istixanalarda isə əkin subsidiyası müvafiq olaraq 2 000, 1 500, 1 000 manat/ha, digər polietilen örtüklü istixanalarda isə 500 manat/ha müəyyən edilib.


Yeni ixracyönümlü bitkilərin becərilməsi dəstəklənəcək


Şuranın qərarı ilə yüksək əlavə dəyər və ixrac potensialına malik yeni bitkilərin əkininin təşviqi məqsədilə bağçılıq subsidiyalarının əhatə dairəsi genişləndirilib.

Aroniya bağlarının salınmasına görə, birdəfəlik 7 500 manat/ha, açıq sahədə efir yağı istehsalı məqsədilə qızılgül əkinlərinə isə 6 000 manat/ha subsidiya veriləcək.

Kiçik (butik) şərabçılığın inkişafı da yeni dövlət dəstəyi istiqamətlərindən biri olacaq. Bu istiqamətdə yerli üzüm sortlarından premium şərab istehsalı, aqroturizmin inkişafı və ixracyönümlü mikrobrendlərin yaradılması təşviq ediləcək. Təqdim edilən modeldə 5-20 ha olmaqla super-intensiv üzüm bağları üçün 20 000 manat/ha, intensiv üzüm bağları üçün isə 10 000 manat/ha bağçılıq subsidiyası nəzərdə tutulur. 2030-cu ilədək 20 yeni butik şərab evinin yaradılması hədəflənir.


Bağçılıq subsidiyalarının şərtləri sadələşdirilir


Bağların salınması zamanı fermerlərin subsidiya əldə etməsini asanlaşdırmaq məqsədilə bir sıra mövcud tələblər sadələşdirilib.

Bütün ölkə üzrə bağların salınması zamanı sertifikatlı ting tələbi saxlanılmaqla torpağın elektrik keçiriciliyi - EC və viruslardan azadolma ilə bağlı analiz tələbi aradan qaldırılır. İntensiv texniki və süfrəlik üzüm bağlarına verilən bağçılıq subsidiyası bütün ölkə ərazisinə şamil edilir. İntensiv zeytun bağlarında minimum sahə tələbi 50 hektardan 5 hektara, Naxçıvan MR-də isə bütün bağlar üzrə minimum sahə tələbi 1 hektara endirilir.

Eyni zamanda intensiv püstə bağları üzrə yüksəklik həddi 1000 metrədək artırılır. Qarabağ və Şərqi Zəngəzurda nar üzrə minimum yüksəklik tələbi ləğv edilir, zeytun üzrə maksimal yüksəklik 300 metrədək artırılır, Naxçıvanda isə qoz bağları üzrə minimum yüksəklik tələbi aradan qaldırılır.


Pambıqda damcı suvarma tətbiqinə əlavə dəstək veriləcək


Pambıq üzrə məhsul subsidiyası da istifadə olunan suvarma texnologiyasına uyğun diferensiallaşdırılıb. Ənənəvi suvarmada subsidiya 200 manat/ton, sprinkler və pivot suvarmada 215 manat/ton, damcı suvarmada isə 300 manat/ton müəyyən edilib.


Emala təhvil verilən məhsullar üzrə subsidiyaların əhatəsi genişləndirilir


Aqrar emal sənayesinin xammal təminatının yaxşılaşdırılması məqsədilə yeni məhsul subsidiyaları tətbiq ediləcək. Emal müəssisəsinə təhvil verilən texniki üzümə 50 manat/ton, zeytuna 30 manat/ton, xurmaya 50 manat/ton və taxta qabıqlı badama 30 manat/ton subsidiya müəyyən edilib.

Efir yağı istehsalı üçün təhvil verilən qızılgül üzrə subsidiya 100 manat/ton, biyan üzrə 10 manat/ton, pivəlik arpa üzrə isə 50 manat/ton təşkil edəcək.

Ərzaqlıq buğda proqramı davam etməklə birlikdə  buğda üzrə ixtisaslaşmış 22 rayonda lazer hamarlama tətbiq edilən sahələrdə istehsal edilərək dəyirmanlara təhvil verilən buğdaya görə 40 AZN/ton məhsul subsidiyası ödənilcək. Naxçıvan MR üzrə tədarükçülərə təhvil verilən buğdaya görə 50 AZN/ton məhsul subsidiyası ödəniləcək.


Sertifikatlı toxumun istehsalına dəstək genişləndirilir


Yerli toxumçuluğun inkişafı məqsədilə superelit toxum istehsal edən toxumçu fermerlərə əkin subsidiyası yüksək əmsalla ödəniləcək. Yerli superelit buğda və arpa toxumçularına əkin subsidiyası 470 manat/ha, xarici mənşəli superelit buğda və arpa toxumçuluğuna isə 300 manat/ha artıq ödəniləcək.

Bunula yanaşı, buğda və arpa üzrə sertifikatlı toxumdan istifadə tələbi 5 hektara endirilib. 2026-2027-ci əkin mövsümündə sertifikatlı toxum istifadə etməyən belə fermerlərin əkin subsidiyası 50 faiz azaldılacaq, 2027-2028-ci əkin mövsümündə isə belə fermerlər üçün subsidiya əmsalı sıfır qəbul ediləcək.


Aqrar sahədə beynəlxalq sertifikatların alınmasına dövlət dəstəyi veriləcək


Fermer və aqrar müəssisələrin xarici bazarlara çıxışını asanlaşdırmaq məqsədilə Global G.A.P., FSSC 22000, HACCP, GRASP, BRCGS, FSMA və beynəlxalq orqanik sertifikatların alınması subsidiyalaşdırılacaq.

Sertifikatın növündən asılı olaraq dəstək məbləği 7 000 manatdan 36 000 manatadək, sertifikatların aktiv saxlanılması üçün illik dəstək isə müvafiq məbləğin 10 faizi səviyyəsində müəyyən edilir.


Fermerlər əkin subsidiyasının 30 faizini avans şəklində ala biləcəklər


Yeni mexanizmə əsasən müəyyən edilmiş meyarlara cavab verən fermerlər əkin subsidiyasının 30 faizini əvvəlcədən əldə edə biləcəklər. Avans mexanizmi 5-100 hektar əkin sahəsi olan, siyahısı müəyyən edilən yazlıq və payızlıq birillik bitkilər becərən və fermer reytinqi 30-dan yüksək olan təsərrüfatlara şamil ediləcək.

Avans subsidiyası üçün müraciət edən fermerlərin sahələri EKTİS-də bəyan ediləcək, sahənin əkinə hazırlığının monitorinqində rəqəmsal və süni intellekt həllərindən istifadə olunacaq.


Əkin və bağçılıq subsidiyası üzrə sığorta tələbləri yenilənib


Aqrar Subsidiya Şurasının qərarı ilə əkin subsidiyasının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısında və onların əkin sahəsinin minimum ölçüsündə dəyişiklik edilib. Belə ki,  əsas və təkrar əkin subsidiyasının əldə edilməsi üçün sığortalanmalı olan bitkilərin siyahısına arpa, buğda, çəltik, qarğıdalı ilə yanaşı günəbaxan əlavə edilmiş, əkin sahələrinin minimum ölçüsü isə 7 hektar olaraq müəyyən edilmişdir.

Bağçılıq subsidiyası üçün isə yeni salınmış bağların "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq azı 3 il müddətinə sığortalanması tələb olunur.


Texnika, suvarma və "yaşıl enerji"yə güzəştlər artırılır


Kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların alınmasına tətbiq olunan güzəşt mexanizmlərinə də dəyişiklik edilib. Taxıl, pambıqyığan, yemyığan və yempaylayan kombaynlar, lazer hamarlayıcılar, soyuducu anbarlar, taxıl siloları, suvarma hovuzları üçün membranlar və aqrar istehsalda istifadə edilən günəş panelləri üzrə güzəşt tətbiq edilən hissə 50 faizədək artırılır.

Yerli istehsal damcı suvarma sistemlərində güzəşt tətbiq edilən hissə 60 faiz, xarici istehsal sistemlərdə isə 50 faiz olacaq. Kiçik şərabçılıq müəssisələrinin yaradılması üçün avadanlıqlar üzrə güzəşt 60 faiz, istixanalarda istifadə olunan texnoloji avadanlıqlar, habelə yerli istehsal metal konstruksiya və şüşələr üzrə güzəşt 20 faiz həddində müəyyən edilib.


Sərhədboyu əkinçiliyə əlavə dəstək veriləcək


Ölkənin sərhədyanı ərazilərində kənd təsərrüfatı fəaliyyətinin davamlılığının təmin edilməsi üçün əlavə subsidiya mexanizmi tətbiq ediləcək. Siyahısı müəyyən edilmiş sərhədyanı yaşayış məntəqələrində əkinçilik fəaliyyəti ilə məşğul olan fermerlər üçün subsidiya əmsalı respublika üzrə baza əmsalından 0,5 bənd yüksək hesablanacaq.


Balıqçılıqda ilk dəfə məhsul subsidiyası tətbiq olunacaq


Akvakultura təsərrüfatlarının istehsal gücünün artırılması və özünütəminetmə səviyyəsinin yaxşılaşdırılması məqsədilə balıq növləri üzrə məhsul subsidiyası tətbiq ediləcək.

Ölkədə istehsal olunan qızılbalıqkimilər və nərəkimilər üzrə məhsul subsidiyası 2000 manat/ton, çəkikimilər və naxakimilər üzrə isə 600 manat/ton təşkil edəcək. Subsidiya EKTİS-də qeydiyyatdan keçmiş təsərrüfatların məhsulu tədarükçülərə rəsmi satış sənədləri ilə təhvil verildiyi halda ödəniləcək.


Naxçıvanda yumurta istehsalına xüsusi dəstək veriləcək


Naxçıvan Muxtar Respublikasında yerli süfrəlik yumurta istehsalının bərpası məqsədilə qeydiyyatda olan quşçuluq təsərrüfatlarında istehsal edilərək tədarükçülərə satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək.


Emal müəssisələrinə təhvil verilən südə subsidiya veriləcək


Ölkədə süd istehsalının artırılması, süd emalı müəssisələrinin yerli xammalla təminatının yaxşılaşdırılması və bu sahədə uçotun təkmilləşdirilməsi məqsədilə süd üzrə yeni məhsul subsidiyası tətbiq ediləcək.

EKTİS-də tədarükçü kimi qeydiyyatdan keçən süd emalı müəssisələrinə və süd toplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə 7 qəpik, yaxud hər tonuna 

70 manat subsidiya veriləcək. Kooperativlər vasitəsilə təhvil verilən süd üzrə subsidiya məbləği əlavə olaraq 20 faiz artırılacaq. Dəstək EKTİS-də bəyan, heyvanların identifikasiyası, sığorta, südün soyudulması və müəyyən edilmiş keyfiyyət tələblərinə əməl olunması şərti ilə tətbiq ediləcək.


"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək


Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz" atlarına illik heyvan subsidiyası tətbiq ediləcək.

2 yaşadək dayçalara 600 manat/baş, 2 yaşdan yuxarı damazlıq dişi atlara 800 manat/baş, damazlıq ayğırlara isə 1000 manat/baş illik subsidiya veriləcək. Heyvanların EKTİS-də qeydiyyatı, elektron çiplənməsi və valideyn mənsubiyyətinin DNT testi ilə təsdiqi subsidiya üçün əsas şərtlərdən olacaq.


İntensiv iribuynuzlu heyvandarlığın təşviqi üçün yeni dəstək mexanizmi tətbiq olunacaq


1 oktyabr 2026-cı ildən sonra yaradılan intensiv təsərrüfatlarda südlük və südlük-ətlik cins heyvanlara görə 1500 manat/baş, ətlik cinslər üzrə isə 1000 manat/baş heyvan subsidiyası veriləcək.

Mövcud təsərrüfatlarda cins sağmal heyvanlara 500 manat/baş/il, yerli damazlıqdan yetişdirilmiş sağmal heyvanlara 800 manat/baş/il, mələz sağmal heyvanlara isə 200 manat/baş/il heyvan subsidiyası tətbiq olunacaq. Təsərrüfatlarda heyvan subsidiyasından yararlanmaq üçün minimum 50 baş cins və ya minimum 100 baş mələz sağmal heyvan tələbi müəyyən edilib.


Örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması məqsədilə xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək


İstifadəsində azı 100 ha örüş və ya otlaq sahəsi olan 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda qeydiyyatda olan heyvana görə 4 manat subsidiya veriləcək. Subsidiyanın verilməsində əsas şərt təsərrüfatlara istifadə üçün verilmiş örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır.

Bu subsidiyaya müraciət edən təsərrüfatların istifadələrinə verilmiş örüş və otlardakı vəziyyət EKTİS-in Torpaqdan istifadə altsistemi və süni intellekt həllərindən istifadə olunmaqla monitorinq ediləcək.


Heyvanların yüksək çəkidə kəsimi təşviq ediləcək, dəri və yuna məhsul subsidiyası veriləcək


İntensiv kökəltmə təsərrüfatlarının inkişafı və heyvanların daha yüksək çəkidə kəsiminin təşviqi məqsədilə diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə hər kq diri çəki üzrə 0,40 manat məhsul subsidiyası veriləcək. Subsidiyanın tətbiqi üçün EKTİS-də bəyan, heyvanın ölkədə doğulması və ya ən azı 6 ay ölkə daxilində kökəldilməsi, identifikasiyası və sığortası, eləcə də qeydiyyatda olan kəsimxanada kəsilməsi tələb olunacaq.

Dəri və yun xammalının emala cəlb edilməsinin təşviqi məqsədilə emal müəssisələrinə təhvil verilmiş iribuynuzlu heyvan dərisinə 3 manat/ədəd, xırdabuynuzlu heyvan dərisinə 0,30 manat/ədəd, yuna isə 0,30 manat/kq məhsul subsidiyası tətbiq ediləcək.


Süni mayalanma subsidiyası yeni qaydada hesablanacaq


Heyvanların genetik potensialının yüksəldilməsi məqsədilə mövcud süni mayalanma subsidiyası diferensiallaşdırılacaq. Yerli cins heyvanların süni mayalanmasından alınan birinci nəsil buzovlara 75 manat, ikinci və sonrakı nəsillərə 150 manat, yerli damazlıq təsərrüfatların yüksək məhsuldar cins heyvanlarından alınan buzovlara 50 manat, embrion köçürmə nəticəsində alınan buzovlara isə 250 manat subsidiya veriləcək.

Subsidiya şurasının qərarı ilə tətbiq edilən yeni dövlət dəstəkləri Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda müəyyən edilən hədəflərə uyğun olaraq müasir suvarmanın genişləndirilməsinə, yüksək dəyərli məhsulların istehsalına, emal sənayesinin yerli xammalla təminatına, ixrac imkanlarının artırılmasına, kənd təsərrüfatında rəqabətqabiliyyətliliyin yüksəldilməsinə və balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsinə xidmət edəcək. 

2027-cü il üzrə bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiya əmsalları və məbləğlərinə dair məlumata əlçatanlıq üçün ətraflı məlumat www.akia.gov.az saytı və kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentləri www.dxr.az saytına yerləşdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

21:12
10 Oktyabr

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

17:01
10 Oktyabr

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB

16:27
10 Oktyabr

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

16:24
10 Oktyabr

Ölkəmizin beynəlxalq mövqeyi möhkəmlənir

16:21
10 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

15:29
10 Oktyabr

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb

15:12
10 Oktyabr

Yeni regional əməkdaşlıq mərhələsi

14:58
10 Oktyabr

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

14:38
10 Oktyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:59
10 Oktyabr

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

13:31
10 Oktyabr

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

12:39
10 Oktyabr

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

12:25
10 Oktyabr

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

12:23
10 Oktyabr

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

12:08
10 Oktyabr

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

12:06
10 Oktyabr

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

12:04
10 Oktyabr

Azərbaycan nefti 130 dollardan baha satılır

11:10
10 Oktyabr

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər 

11:08
10 Oktyabr

Dünya birjalarında neftin qiyməti artıb

11:07
10 Oktyabr

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi  

11:06
10 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!