Dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və quruculuq işlərinin əzəmətini və miqyasını işğaldan azad olunmuş ərazilərə daxil olan hər kəs görür. Bərdə-Ağdam yolu ilə Qarabağa doğru irəlilədikcə bunun şahidi olursan. Həm bu yolun özü, həm Ağdamın bərpaolunan kəndləri, həm də yenidən boy atan və nəinki Azərbaycanın, bütün regionun ən gözəl ünvanlarından biri kimi inşa edilən Ağdam şəhəri Azərbaycanın qüdrətinin, Prezident İlham Əliyevin quruculuq əzminin təntənəsi kimi gözümüz önündə canlanır.
Yolumuz isə bir qədər uzağa - Vətən müharibəsindəki və antiterror tədbirlərindəki zəfərlərimizin izi ilə Şuşa və Xankəndiyədir...
Düşmən Şuşanı erməniləşdirə bilmədi
Bəzən bir şəhərin fəlsəfəsini izah etmək üçün sözün qüdrəti çatmır. Elə şəhərlər var ki, qayaları, bulaqları, məscidləri, küçələri, evləri, qədim qalaları dil açıb danışır... Şuşa da belə əzəmətli məkandır. Şuşa haqqında yalnız coğrafi ərazi kimi düşünmək bu qədim şəhərin fəlsəfəsini başa düşməməyin etirafı deməkdir.
Beləcə, səfər marşrutumuzu ilk olaraq Şuşadan salırıq. Xankəndidən Şuşaya doğru yolboyu demək olar ki, hər yerdə qızğın tikinti işləri gedir. Yollar, su və elektrik xətləri, drenaj sistemləri inşa olunur. Bəli, bu torpaqları azad edən qalib dövlətimiz indi ona yeni həyat bəxş edir. Qarabağın mirvarisi Şuşanın özü isə elə şəhərin girəcəyindən insanı özünə çəkir. Bura həm quruculuğun möhtəşəm ünvanı, həm də böyük tikinti meydanıdır…
Şuşa hər küçəsində xalqımıza məxsus dəyərləri - milli mədəniyyətimizin, milli arxitekturamızın izlərini yaşadır. Şəhərdəki hər bir ev, möhtəşəm qala divarları, məscidlər, əzəmətli minarələr keçmişimizdən soraq verir. Şuşa xalqımızın elə bir möhtəşəm mədəniyyət abidəsidir ki, düşmən onu erməniləşdirə bilmədi. Daha doğrusu, bu şəhər 28 il yarım davam edən işğal dövründə erməniləri qəbul etmədi. Çünki Şuşa onlar üçün əvvəldən yad idi, işğal dövründə də yad olaraq qaldı. Prezident İlham Əliyevin dediyi kimi, Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.
Şuşa Azərbaycan tarixinin, mədəniyyətinin, musiqisinin, ədəbiyyatının və milli yaddaşının daşlara həkk olunmuş bütöv bir salnaməsidir. Şuşaya qalxan yol insanı təkcə dağlara deyil, həm də tarixə aparır. Uca qayaların arasında görünən şəhər ilk baxışdan qədimliyinin əzəmətini göstərir. Bu şəhərin hər daşında bir xatirə, hər küçəsində bir nəğmə, hər evində tariximizin bir səhifəsi yaşayır. Bu şəhərin adı çəkiləndə ilk olaraq "qala" sözü yada düşür. Çünki Şuşa tarixən yalnız müdafiə istehkamı deyil, həm də Azərbaycanın namus, qeyrət qalası olub.
XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa qayaların üstündə tikilən qala divarlarının içində formalaşıb. Dəniz səviyyəsindən təxminən 1300-1600 metr yüksəklikdə yerləşən, üç tərəfdən sıldırım qayalarla əhatə olunan bu şəhər tarix boyu müdafiə baxımından mühüm strateji mövqeyə malik olub. Şuşanı qalaya çevirən yalnız qayaları olmayıb. Onun əsl gücü zaman keçdikcə burada yaranan şəhər mədəniyyətində, ədəbiyyatda, musiqidə, sənətdə və mənəvi mühitdə formalaşıb. Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir bəy Hacıbəyli, Bülbül, Sadıqcan və neçə-neçə başqa böyük sənətkarların adı bu şəhərin yaddaşına əbədi həkk olunub.
1992-ci ilin may ayında Şuşanın Ermənistan tərəfindən işğal olunması təkcə bir şəhərin itirilməsi deyildi. 1992-ci il mayın 8-də Şuşanın işğalı xalqımızın yaddaşına dözülməz faciə kimi həkk olundu. Şəhərin tarixi və mədəni irsinə ciddi ziyan vuruldu, yüzlərlə abidə dağıntıya məruz qaldı. Bu işğal Şuşanı xalqımızın yaddaşından nəinki çıxara bilmədi, əksinə, illər keçdikcə onun azad olunması milli arzunun ən ümdə rəmzlərindən birinə çevrildi.
2020-ci ilin payızında tarix yenidən Şuşaya döndü. Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələri sıldırım qayaları, yarğanları və sıx meşəlikləri ağlasığmaz formada aşaraq şəhərə yaxınlaşdı. Ağır texnikanın imkanlarının məhdud olduğu mürəkkəb relyef şəraitində hərbçilərimiz irəliləyərək şəhərə daxil oldular. Şuşa uğrunda ağır döyüşlər getdi. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri oldu. Həmin gün Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi üç ifadə sonrakı prosesin də gedişini müəyyənləşdirdi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" Bu üç cümlədə Zəfərin üç mərhələsi vardı - azadlıq, qayıdış və dirçəliş. Şuşaya səfərimiz zamanı bu sözlərin mənasını düşünürdük. Torpağı azad etmək bir məsələ, yenidən həyata qaytarmaq isə tamam başqa bir amaldır.
Quruculuğun möhtəşəm ünvanı
Şuşanın dirçəlişinə azadlığından dərhal sonra start verilib. 2020-ci ilin sonlarından şəhərin elektrik və su təchizatının yenidən qurulmasına başlanılıb. Dövlət başçısının tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri çərçivəsində Şuşada ilk olaraq infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlər həyata keçirilib. O cümlədən şəhərdə infrastrukturun, tikililərin mövcud vəziyyəti - mənzil fondu, binaların dayanıqlılığı araşdırılıb. Həmçinin şəhərdəki tarix və mədəniyyət abidələrinin öyrənilməsi, onların durumunun müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılıb.
2020-ci ilin noyabrında təməli qoyulan Zəfər yolunun cəmi bir il sonra istifadəyə verilməsi isə göstərirdi ki, Şuşanın bərpası sürətli və dinamikdir.
Prezident İlham Əliyev vaxtilə çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir bəy Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlət başçısının bu sözləri 2021-ci ilin yanvar ayından reallığa çevrildi, Şuşaya ilk səfəri zamanı şəhərin bərpası istiqamətində ilk addım kimi Natəvanın, Üzeyir bəyin və Bülbülün büstləri əvvəlki yerlərinə qoyuldu.
Şuşada ötən 6 ilin quruculuq mənzərəsi həqiqətən qürurvericidir. Statusu ayrıca qanunla müəyyən edilən Şuşada bu dövrdə Prezident İlham Əliyevin diqqəti və nəzarəti ilə möhtəşəm bərpa və quruculuq işləri həyata keçirilib, şuşalılar doğma şəhərlərinə qayıdıblar. Bu baxımdan Şuşa Böyük qayıdışın əsas ünvanlarından biridir. Tarixi şöhrətini özünə qaytaran şəhərdə bərpa və yenidənqurma işləri davam edir və bunu şəhərin hər küçəsində, məhəlləsində, bir sözlə, bütün ünvanlarda görmək mümkündür. Şəhərdə yenidən qurulan küçələrin Heydər Əliyev, 8 Noyabr, Dəmir Yumruq, Zəfər, Qarabağ, Pənahəli xan adlandırılması Vətən müharibəsindəki qələbəmizi, tariximizə, milli irsimizə dərin ehtiramı özündə təcəssüm etdirir. Yenidən çağlayan "Xan qızı" bulağı, əsaslı şəkildə bərpa olunan şəffaf İsa bulağı, möhtəşəm qala divarları həm də Şuşanın hərtərəfli quruculuğunu bəyan edir.
Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini və yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, Prezident İlham Əliyevin 2022-ci ili Azərbaycanda "Şuşa ili" elan etməsi də bu qədim yurdumuza olan xüsusi diqqətin göstəricisidir. Bu qərar həm də Prezidentin öz xalqının milli-mədəni və mənəvi dəyərlərinə, keçmişinə yüksək ehtiramının təcəssümüdür.
Şəhərin bərpasından bəhs edərkən öncə onu qeyd etməliyik ki, Azərbaycan Şuşaya sadəcə geri qayıtmadı, eyni zamanda tarixini, mədəniyyətini, musiqisini və şəhər həyatını geri qaytarmaq üçün döndü. Şuşada Zəfərdən sonra görülən ilk böyük işlərdən biri məhz Molla Pənah Vaqifin məqbərəsinin bərpası oldu. Bu seçimin özündə böyük bir rəmzi məna yükü var. 1982-ci il yanvarın 14-də Molla Pənah Vaqifin məqbərəsinin açılışı keçiriləndə burada Ulu Öndər Heydər Əliyev də iştirak edirdi. Həmin gün gələcəkdə Azərbaycanın Prezidenti olacaq oğlu İlham Əliyev də atasının yanında idi. Prezident İlham Əliyev illər sonra həmin günü xatırlayaraq o vaxt atası ilə birlikdə orada olduğunu söyləyib. 39 ildən sonra tarix bizə başqa bir mənzərəni göstərdi. Şuşa işğaldan azad olundu, Vaqifin dağıdılmış məqbərəsi bərpa edildi. 2021-ci il avqustun 29-da məqbərənin açılışı keçirildi. Ertəsi gün isə burada Vaqif Poeziya Günləri bərpa edildi.
Bu, tarixin qəribə bir mənzərəsi idi - bir vaxtlar ata ilə oğulun açılışında iştirak etdiyi məqbərə yenidən qurulmuş Şuşada oğulun iştirakı ilə qapılarını açırdı. Burada yalnız bir abidə bərpa edilmirdi, həm də yaddaş vərəqlənirdi. Bu, təsadüfi bir seçim deyildi, həm də Şuşada aparılan quruculuğun fəlsəfəsini anlamaq üçün bir açardır. Azərbaycan torpağını silahla azad etməyə məcbur oldu. Amma azad edilmiş torpağa silahın dili ilə deyil, quruculuğun, mədəniyyətin, sözün, musiqinin və sənətin dili ilə qayıtdı. Şuşada bərpa edilən hər bir abidə, yenidən səslənən hər musiqi, açılan hər muzey, tikilən hər ev bu baxımdan sadəcə görülən iş deyil. Bu, bir xalqın öz tarixi ilə yenidən danışmasıdır.
Heydər Əliyev Fondunun töhfələri
Şuşanın quruculuğunda Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi yer tutur. Fond Qarabağın tarixi, mədəni və dini irsinin bərpasını yalnız ayrı-ayrı abidələrin yenilənməsi kimi deyil, milli yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması missiyası kimi həyata keçirir. Şuşada Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa, Saatlı, Mamayı, Çöl Qala məscidlərinin bərpası məhz bu fondun təşəbbüsü ilə həyata keçirilib.
Şuşanın tarixi binalarından biri də Mehmandarovların malikanəsidir. XVIII əsrdə inşa olunan və Şuşanın ən möhtəşəm evlərindən biri olan Mehmandarovların malikanəsində yalnız Qarabağın deyil, bütün Azərbaycanın fəxrinə, qüruruna çevrilmiş şəxsiyyətlər dünyaya gəlib və nüfuz sahibi kimi yaşayıblar. XVIII əsrdə Mehmandarovlar nəslinin nümayəndələri tərəfindən inşa edilmiş kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir. Bu ev Prezident İlham Əliyevin tapşırığı ilə Şuşada bərpa edilən ilk tarixi-memarlıq obyektlərinin sırasına salınıb və Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi nəzarəti və himayəsi ilə Heydər Əliyev Fondu tərəfindən bərpa edilib. Bərpa işlərindən sonra burada "Qarabağ zadəganının evi" mövzusunda muzey ekspozisiyası yaradılıb və XIX əsrin sonu - XX əsrin əvvəllərinin həyat tərzini əks etdirən 150-dən çox əntiq əşyadan istifadə olunub. Bu kompleksin daşı da, divarı da bir ailənin deyil, bütöv bir şəhər mədəniyyətinin izini qoruyub saxlayır.
Şuşada bərpa edilən abidələrdən biri də görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlidir. Bu abidə 1985-ci ildə Üzeyir bəy Hacıbəylinin 100 illik yubileyi münasibətilə ucaldılmışdı. Heykəltaraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilmişdi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bəstəkarın yeni heykəli hazırlanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.
Milli Xalça Muzeyinin Şuşa filialı da yenidən qurulub. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. Görülmüş işlər nəticəsində binanın tarixi siması özünə qaytarılıb.
Bu fəaliyyətin arxasında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəni irsin qorunmasına xüsusi diqqəti dayanır. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə fond uzun illərdir Azərbaycanın tarixi, mədəni və dini irsinin qorunmasına, bərpasına və dünyada tanıdılmasına yönəlmiş layihələr həyata keçirir. Qarabağın işğaldan azad edilməsindən sonra bu fəaliyyət Şuşada və digər azad edilmiş ərazilərdə yeni mərhələyə qədəm qoyub.
(Ardı var)
Rəşad CƏFƏRLİ,
Elşən QƏNİYEV,
İlham BABAYEV (foto),
"Azərbaycan"
Bakı-Şuşa-Xankəndi-Bakı