Oktyabrın 2-də Yeni Azərbaycan Partiyası özünün VIII Qurultayını keçirdi.
* Otuz ildən artıq iqtidarda olan;
* Azərbaycanın real dövlət müstəqilliyinə qovuşmasında böyük xidmətlər göstərən;
* Qarşısına qoyduğu bütün hədəflərə çatan;
* Xalqa verdiyi vədlərinin hamısını şərəflə yerinə yetirən;
* Dünənin, bu günün və sabahın partiyası sayılan;
* Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi statusunu şərəflə daşıyan Yeni Azərbaycan Partiyası!
Bu həm də Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edəndən sonra partiyanın keçirdiyi ilk qurultay idi.
Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev geniş və parlaq nitq söylədi.
İlham Əliyev adətən sinədəftər danışır, nitqini maraqlı və cəlbedici qurur, yeni fikirlər səsləndirir, tezislər irəli sürür, çoxsaylı faktlar, rəqəmlər söyləyir...
Partiya Sədrinin qurultaydakı nitqi bütün bunlarla yanaşı, daha çox cəlbediciliyi və səmimiliyi ilə də fərqlənirdi.
Bir sıra fikir və faktları ilk dəfə bu məclisdə səsləndirdi...
Qarşıya çox vacib və yeni vəzifələr qoydu!
Keçmişdə və hərbi əməliyyatlar dövründə baş verən bəzi məsələləri ilk dəfə dilə gətirdi...
Onların bir qismi barədə söhbət açacağıq.
***
* Yeni Azərbaycan Partiyası dövrün, zamanın, həyatın tələbi ilə yaranmış partiyadır!
* Xalqın istəyi, arzusu, fəal iştirakı ilə yaranmış partiyadır!
* Azərbaycanı parçalanmaqdan qorumaq, deklarativ müstəqilliyimizi gerçəyə çevirmək üçün yaranmış partiyadır!
* Xalqın arzularını gerçəyə çevirmək üçün yaranmış partiyadır!
* Azərbaycanı siyasi burulğanlardan, qarşıdurmalardan, torpaq itkilərindən qurtararaq qalib dövlətə çevirmək üçün yaranmış partiyadır!
Düşmənlərimiz və bədxahlarımız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə belə bir partiyanın yaranmasını istəmirdilər və hər vəchlə onun həyata vəsiqə almasına əngəl törətməyə çalışırdılar.
Amma xalqın iradəsi bütün mənfur niyyətlərə üstün gəldi!
1992-ci ilin noyabrında Naxçıvanda partiyanın təsis qurultayı keçirildi.
Bununla da Azərbaycan xalqı o dövrdə özünün tikib-qurduğu Bakıda yaşamasına imkan verilməyən və bu səbəbdən Naxçıvanda məskunlaşan Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmək imkanı qazandı.
Yeni Azərbaycan Partiyası həyata müxalifət partiyası kimi qədəm qoydu.
Amma çox keçmədən zamanın tələbi ilə iqtidar partiyasına çevrildi.
***
Təbii sərvətləri ilə yağlı tikəni xatırladan Azərbaycana göz dikənlər çox idi.
Onu parçalamaq, keçmişdə olduğu kimi xanlıqlara çevirmək, sonra isə mənfur niyyətlərini həyata keçirmək üçün xain planlar da qurulmuşdu.
Ulu Öndər Heydər Əliyevin SSRİ-nin siyasi rəhbərliyindən uzaqlaşdırılması, həyatına sui-qəsd cəhdləri, sonra isə Bakıda qalmasına yol verilməməsi bu xəyanətkar planların tərkib hissəsi idi.
Həmin dövrdə Azərbaycana manqurtların rəhbər təyin edilməsi müstəqilliyə can atan dövlətin iflasına şərait yaradırdı...
Təsəvvür edin, müharibə vəziyyətində olan, ərazilərini kəndbəkənd, şəhərbəşəhər itirən, iqtisadi böhran içində boğulan dövlətin üç rəhbəri xalqı və ölkəni taleyin ümidinə buraxaraq təyyarəyə minib qaçdılar:
İkisi Moskvaya, biri isə Kələkiyə!
Əgər Yeni Azərbaycan Partiyası yaranmasaydı, xalqın arzu və tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtmasaydı, nələr baş verərdi?
Bunu düşünmək belə vahiməlidir!
Kim, hansı siyasi qüvvə Azərbaycanı parçalanmadan, xaos və anarxiya burulğanından, qanunsuzluqlardan və özbaşınalıqlardan, iqtisadi tənəzzüldən, min faizlik inflyasiyadan, dövlət çevrilişinə iki cəhddən qurtarardı?!
Və bu gün biz hansı vəziyyətdə olardıq?
***
O zaman hələ dünyanın ədalətinə, beynəlxalq hüququn mövcudluğuna və öz yerini tutacağına, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetiriləcəyinə, Avropa Parlamentinin obyektiv qətnamə və qərarlar çıxaracağına, Ermənistanın işğalçı dövlət kimi sanksiyalar qoyularaq Azərbaycan ərazilərindən sülh yolu ilə çıxarılacağına inanırdıq.
Amma reallıqda nələr baş verirdi?
İlk bədnam sanksiya torpaqları işğal edilmiş Azərbaycana qarşı 907-ci düzəliş formasında tətbiq olundu.
* Gördük ki, dünyada ədalətin də, beynəlxalq hüququn da adı var, özləri isə yoxdur;
* Gördük ki, üzdə münaqişənin ədalətli həllindən danışanlar, əslində, erməni mövqeyində möhkəm dayanıblar;
* Gördük ki, problemin həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu, əslində, "sülh danışıqları" adı ilə işğalı əbədiliyə çevirmək niyyətindədir;
* Gördük ki, həmsədr dövlətlərin hərəsi bir formada Ermənistana arxa duraraq kömək göstərirlər;
* Gördük ki, beynəlxalq qurum və təşkilatlar yalnız erməni maraqlarını təmin edirlər;
* Gördük ki, dünya ədalətlə, hüquqla yox, ikili standartlarla işləyir.
Bu halda yalnız öz rəhbərimizə arxalanmalı, öz gücümüzə güvənməli olduğumuzu, xalqı bir yumruğa çevirərək bütün problemləri yalnız özümüzün həll edə biləcəyimizi anladıq!
Yeni Azərbaycan Partiyasına sədrlik edən prezidenlərimiz - əvvəl Ulu Öndər Heydər Əliyev, sonra isə cənab İlham Əliyev vədəsində düzgün və qətiyyətli addımlar atmaqla, strateji düşünərək real və uzaqgörən siyasət yeritməklə çıxılmaz durumda qalan Azərbaycanı parçalanma təhlükəsindən, xaos və özbaşınalıqlardan, iqtisadi tənəzzüldən qurtararaq səsi eşidilməyən bir ölkədən qüdrətli, qalib, Cənubi Qafqazda söz sahibinə və orta güc dövlətinə çevrilən müasir və güclü Azərbaycan səviyyəsinə ucaltdılar!
Bütün bu möcüzəni yalnız Azərbaycan xalqı deyil, bütövlükdə dünya görərək qəbul etdi!
***
Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev dərinməzmunlu çıxışında ötən illər ərzində görülən möhtəşəm işlərə yekun vurmaqla yanaşı, növbəti dövrdə qarşıda duran işlərdən də ətraflı danışdı və bir çox sahədə yeni vəzifələr müəyyənləşdirdi.
Həmin vəzifələrin bir qismi ideoloji işlə bağlıdır.
Əvvəlcə qeyd edək ki, bu məqsədlə dövlətin müdafiə imkanlarının daim yüksək səviyyədə saxlanılması, hərbi gücümüzün artırılması bütün vəzifələrin önündə dayanır!
Başqa sözlə desək, "dəmir yumruq" daim hazır vəziyyətdə olmalıdır və hazır vəziyyətdədir!
Çünki bunu regionumuzda və dünyada baş verən proseslər tələb edir.
Qeyd edək ki, bu məqsədlə gələn ilin hərbi büdcəsində hərbi və təhlükəsizlik məsələlərinə təqribən 9 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Cənab İlham Əliyev qurultaydakı çıxışında bununla bağlı dedi:
"Sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu, nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib".
Daha sonra bildirdi:
"Gördülər ki, biz bir az laxlayırıq, gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular. Yəni birinci dəfə deyil onların tarixində. Eynisini bir əsr ondan əvvəl başqa yerdə də törətmişdilər. Ona görə biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq. Necə ki, bu gün belədir, sabah da belə olacaq".
***
Hazırda dünya qan içində boğulur.
Köhnə düşmənlər bir yana, köhnə dostlar da bir-birini qırır.
Bir müharibə qurtarmamış yeni münaqişə ocağı alovlanır.
Bizim həm şimalımızda, həm də cənubumuzda müharibələr bitmək bilmir.
Bu müharibələrin dayandırılması üçün nə tərəflər razılığa gələ bilir, nə də elə bir beynəlxalq mexanizm var.
İlham Əliyev ayıq-sayıq olmağın zəruriliyini də ön plana çəkir:
"Biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək".
Bu mənada Azərbaycan təhlükəsizlik tədbirlərinə xüsusi önəm verir.
Biz nə qədər sülhpərvər olsaq da, hamı ilə əməkdaşlığa can atsaq da, indiki dövrdə sayıqlığımızı heç bir halda itirə bilmərik!
Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki, nə də ideoloji risklər.
Ölkəmizin hüquqlarından kənarda isə bizi gözü götürməyənlərin, bizə tuşlanan oxların sayı, bizə qarşı təzyiqlərin daha da artması mümkün və gözləniləndir!
Onları isə diqqətdən kənarda saxlamaq olmaz!
Prezidentin dediyi kimi:
"Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın. Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkələr üçün örnək olmuşuq. Ona görə risklərlə bağlı, - həm fiziki, həm ideoloji risklərlə bağlı, - ciddi tədbirlər görülür və görüləcək".
***
Cənab İlham Əliyev qurultaydakı çıxışında ideoloji təhlükəsizlik məsələlərinə də böyük diqqət yetirdi.
Səbəbini də açıq söylədi:
"Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında".
Bəs ideoloji təxribatlardan qorunmağın yolları hansılardır?
Prezidentimiz bu suala da aydın və açıq cavab verdi:
"İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq".
İkinci növbədə isə vətənpərvərliyi və vətənpərvərlik tərbiyəsinin vacibliyini göstərdi:
"Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də, yenə də deyirəm, təkbaşına".
İdeoloji təhlükəsizliyin vacib elementlərindən biri ideoloji təxribatlara qarşı ciddi mübarizə aparılmasıdır.
Ölkənin ideoloji məkanının yad ünsürlərdən qorunması həm də xarici siyasət strategiyasına daxil edilmişdir.
Heç kim bizim daxili işimizə müdaxilə etməməlidir və heç kəsə belə bir hüquq verilməmişdir!
Kimsənin köməyinə və himayədarlığına da ehtiyacımız yoxdur!
ÇÜNKİ...
Cənab İlham Əliyevin dediyi kimi:
"Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər".
Bütün bu vəzifələrin öhdəsindən uğurla gəlməkdən ötrü nə etmək lazımdır?
Cənab İlham Əliyev öz nitqində bu məqama da aydınlıq gətirdi:
"İdeoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun. Bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var. Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə. Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır".
Çünki:
"Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın - bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində".
Azərbaycan Prezidenti düşmənlərimiz tərəfindən hiyləgərliklə hazırlanan təxribatlara da diqqət çəkdi, onlardan qorunmağın yollarını göstərdi:
"Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd. Ona görə bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir və burada kim olmalıdır bu işin mərkəzində? Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvləri".
***
Azərbaycanın öz imkanlarına güvənərək qazandığı uğurların sayı-hesabı yoxdur!
İnanmaq belə çətindir ki, otuz beş il bundan öncə müstəqillik yoluna qədəm qoymaq istəyən bu ölkə real dağılma, parçalanma həddinə çatmışdı.
Dünya erməniliyi və onların dostları bu mənfur niyyətlərinə çatmaqdan ötrü bütün resurslarını işə salmışdılar.
Ölkə daxilindəki xəbis niyyətlilər də baş qaldırmışdılar.
Əgər Ulu Öndər Heydər Əliyev xalqın çağırışı ilə zamanında geri dönməsəydi, siyasi dühası ilə bütün problemləri yoluna qoymasaydı, Azərbaycanı daim yüksəldən və inkişaf etdirən, düşmən niyyətlilərin murdar əməllərinin məhvinə şərait yaradan siyasi inkişaf kursu yaratmasaydı, cənab İlham Əliyev kimi siyasi varis yetişdirməsəydi, onda halımız necə olardı?!
Axı ən ağır dövrümüzdə kimsə bizimlə deyildi, heç kəsdən kömək və yardım almırdıq.
Həqiqi rəhbərlərimiz yalnız xalqa arxalanaraq bütün problemlərin həllinə nail olur, ciddi və real təhlükələri sovuşdururdular.
Bu gün dünyada Azərbaycana hörmətlə yanaşırlar, onunla əməkdaşlıq etmək istəyənlərin sayı isə getdikcə artır.
Cənab İlham Əliyevdən daha bir sitat:
"Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki, bu mümkündür. Təkbaşına düşməni məğlubiyyətə uğratmaq, düşmənə öz şərtlərini diktə etmək, onu kapitulyasiya aktına imza atmağa məcbur etmək, baxmayaraq ki, sənə 30 il əzablar verib, ondan sonra lazımi vaxtda dayanmaq, sülhə nail olmaq ki, daha qan tökülməsin. Çünki bizə əbədi müharibə lazım deyil, bu, bizim seçimimiz olmayıb. İkinci Qarabağ müharibəsində biz lazımi vaxtda dayandıq və 2023-cü ildə sentyabr ayında da lazımi vaxtda dayandıq. Halbuki müxtəlif variantlar var idi. Amma uzaqgörənlik, strateji düşüncə və xalqımızın əsas maraqlarının nəzərə alınması amilləri bax bu siyasəti diktə edir. Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün yəqin ki, üçüncü Zəfər tağı İrəvanın mərkəzində ucaldılardı".
***
Xalqın xoşbəxtliyi onun müdrik, uzaqgörən, qətiyyətli və strateji düşüncəyə malik rəhbərinin olmasındadır.
Rəhbərə güc və inam verən isə xalqının ona olan məhəbbəti və dəstəyidir!
Başı daşdan-daşa dəyən, böyük müsibətlər yaşayan Azərbaycan xalqı sonda əsl rəhbərinə qovuşmaqla qalib xalqa, xoşbəxt xalqa çevrildi!
Uzun sürən faciə və fəlakətlərdən sonra:
* İşğala da son qoyduq!
* Separatçılığın da kökünü kəsdik!
* Düşməndən qisasımızı da aldıq!
* Müharibəni ən qısa müddətdə bitirməklə dünyaya nümunə də göstərdik!
İndi isə sülh və əməkdaşlıq yolu ilə irəliləyərək Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirməklə, dünyanın əksər dövlətlərinə fayda gətirəcək Orta dəhlizi reallaşdırmaqla məşğuluq!
Bəxtiyar SADIQOV