Quşçuluğun inkişafında elmi əsaslara üstünlük veriləcək
Azərbaycanda aparılan aqrar islahatların əsas hədəfi ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu istiqamətdə görülən işlər öz müsbət nəticəsini verir. Ötən əsrin 90-cı illərində ölkənin ticarət şəbəkələrində satılan kənd təsərrüfatı məhsullarının mütləq əksəriyyətini idxal olunan mallar təşkil edirdisə, indi satışda olan məhsulların çoxu yerli istehsaldır.
Son dövrlər aqrar sektordan əldə edilən məhsulların çəkisi sürətlə artır. Bu gün demək olar ki, yerli istehsal daxili tələbatı ödəməklə ixraca da imkan yaradır. Qeyri neft-qaz sektoruna məxsus malların ixracda çəkisinin yüksək olması da bununla bağlıdır.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-avqust aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7428,8 milyon manat təşkil etmişdir ki, onun da 3341,1 milyon manatı heyvandarlıq, 4087,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı istehsalı 3,2, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,7, bitkiçilik məhsulları üzrə isə 3,6 faiz artmışdır.
Cari ilin 8 ayının statistikası göstərir ki, bu dövrdə ölkədə quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 364,2 min ton, yumurta istehsalı 4,2 faiz artaraq 1323,3 milyon ədəd olub. İndi ölkədə istehsal olunan quş əti və yumurta əhalinin tələbatının 80 faizdən çoxunu ödəyir. Məqsəd qarşıdakı illərdə daxili tələbatı tam ödəməklə ixraca da nail olmaqdır.
Hazırda ölkədə quşçuluğun inkişafına da xüsusi diqqət yetirilir. Bu günlər Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə "Azərbaycan Quş əti, Yumurta İstehsalçılar və İxracatçıları Assosiasiyası" İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Belə ki, məqsəd təşkilati-hüquqi formasından asılı olmayaraq, ölkə ərazisində qeydiyyata alınmış müəssisə və təşkilatlar arasında əməkdaşlığın qurulması, həmçinin əməkdaşlıq nəticəsində quşçuluq fəaliyyətinin daha da inkişaf etdirilməsinə elmi əsaslarla dəstək göstərməkdir.
Eləcə də məqsəd quş əti, yumurta istehsalı və ixracı ilə məşğul olan fərdi sahibkarlar, həmçinin hüquqi şəxslərin maraqlarının qorunması istiqamətində təsərrüfat subyektlərinin uzunmüddətli və hərtərəfli iqtisadi əlaqələrinin inkişafına yardım etməkdir. Eyni zamanda təsərrüfat subyektləri arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə təcrübə mübadiləsi seminar, konfrans, sərgi, yarmarka və işgüzar görüşlərin təşkil olunmasına yardım göstərməkdir. Bundan başqa, ixtisaslaşmış kadrların hazırlanması məqsədilə mütəxəssislərlə birgə təlimlərin keçirilməsi, müasir metodların tətbiqi ilə quşçuluq sahəsində təlim və təcrübə mübadiləsinin aparılması, həyata keçiriləcək layihələrin koordinasiyası üzrə birgə fəaliyyətin göstərilməsi, məsləhət-informasiya xidmətinin təşkili nəzərdə tutulur.
Tərəflər həmçinin subyektlərdə riskləri qiymətləndirməklə qabaqlayıcı tədbirlərin görülməsi üçün bütün yaş qrupları üzrə quş yemlərinin keyfiyyət göstəricilərinin təyin edilməsi və analizlərinin aparılması, yeni tərkibdə istehsal olunan quş yemlərinin sınağının keçirilməsi, respublikaya damazlıq məqsədilə gətirilən yeni xətt və krosların sınağı istiqamətində əməkdaşlıq edəcəklər. Bununla bərabər, yerli şəraitdə adaptiv xüsusiyyətlərin öyrənilməsi, mövcud genofondun qorunması və ikimərhələli seleksiya-damazlıq proqramlarının hazırlanması, yüksək məhsuldar quşların yeni xətt və kroslarının yaradılması, cins quşların damazlıq pasportu (şəhadətnaməsi) və damazlıq ehtiyatlarının sertifikatlaşdırılması, yerli quş cins, xətt və kroslarının patentləşdirilməsi və qorunması, damazlıq yumurtanın inkubasiya keyfiyyətinin təyin edilməsi, fermerlərə konsaltinq xidmətlərinin göstərilməsi təmin ediləcək. Tərəflər eləcə də Ümumdünya Quşçuluq Elmi Assosiasiyası ilə əməkdaşlığın qurulmasına dəstək, beynəlxalq konqreslərdə, konfranslarda və sərgilərdə işçi qrupların iştirakının təmin olunması, dünya quşçuluq təsərrüfatları ilə əlaqələrin yaradılması istiqamətlərində monitorinqlərin keçirilməsi ilə bağlı razılığa gəliblər.
Rüstəm KAMAL,
"Azərbaycan"