04 Avqust 2026 09:50
368
SİYASƏT
A- A+
Ermənistan tarixi seçim və geosiyasi dilemma qarşısındadır

Ermənistan tarixi seçim və geosiyasi dilemma qarşısındadır


Təcrübə göstərir ki, beynəlxalq münasibətlər sistemində dövlətlərin inkişaf trayektoriyasını həlledici siyasi mərhələlərdə qəbul edilən qərarlar müəyyənləşdirir. Ermənistan da bu gün məhz belə bir mərhələni yaşayır. Ölkədə müşahidə olunan daxili siyasi proseslər ilk baxışdan hakimiyyətlə müxalifət arasında növbəti qarşıdurma təsiri bağışlasa da, əslində, onların mahiyyəti Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar və regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək mürəkkəb proseslərlə sıx bağlıdır.

Ermənistan artıq təkcə xarici siyasət kursunu deyil, bütövlükdə gələcək dövlətçilik modelini, təhlükəsizlik konsepsiyasını və yeni regional düzəndə tutacağı yeri müəyyən edəcək taleyüklü seçim qarşısındadır.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan qazandığı tarixi Zəfərlə ərazi bütövlüyünü  və suverenliyini tam bərpa etməklə Cənubi Qafqazda onilliklər boyu mövcud olmuş geosiyasi nizamı kökündən dəyişdirdi. Status-kvonun qorunmasına hesablanmış siyasət artıq tarixə qovuşub. Yeni regional reallıq Ermənistanı əvvəlki yanaşmalardan imtina etməyə və tamamilə fərqli siyasi-hüquqi mühitdə fəaliyyət göstərməyə məcbur edir.

Bu səbəbdən İrəvanın qarşısında duran əsas məsələ yalnız xarici siyasət kursunu dəyişmək deyil. Söhbət postmüharibə dövründə yaranmış siyasi, hüquqi və geosiyasi reallıqların qəbul edilməsindən gedir. Ermənistan ya yeni regional şəraitə uyğunlaşaraq sülh və əməkdaşlıq yolunu seçməli, ya da köhnə siyasi stereotiplərin və revanşist düşüncənin təsiri altında ciddi böhranlarla üzləşməlidir. Baş nazir Nikol Paşinyanın son dövrlər verdiyi bəyanatlar da bu reallığın qəbul edildiyini göstərir. Azərbaycanla sülh müqaviləsinin imzalanmasına maraq göstərilməsi, Ermənistanın xarici siyasətini heç bir geosiyasi mərkəzdən asılı olmadan qurmaq niyyətini bəyan etməsi və Avropa istiqamətində diplomatik fəallığını artırması rəsmi İrəvanın daha praqmatik siyasi kurs formalaşdırmağa çalışdığını göstərir. Bununla belə, bu kursun həyata keçirilməsi elə də asan görünmür.

Ermənistanın siyasi sistemi uzun illər xarici təsir mərkəzlərinin formalaşdırdığı təhlükəsizlik və iqtisadi asılılıq modeli üzərində qurulub. Xüsusilə Rusiya ilə mövcud strateji bağlılıq ölkənin müstəqil qərarvermə imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Buna görə də İrəvanın atdığı hər bir addım təkcə daxili siyasi qərar kimi deyil, həm də Moskvanın Cənubi Qafqazdakı maraqları kontekstində nəzərdən keçirilir.

Son aylar Rusiya ilə Ermənistan arasında müşahidə olunan gərginlik bunun aydın göstəricilərindəndir. Erməni məhsullarının Rusiya bazarına çıxışına müxtəlif məhdudiyyətlərin tətbiqi, iqtisadi əməkdaşlıq mexanizmlərində yaranan çətinliklər və Avrasiya İqtisadi İttifaqının fəaliyyəti ilə bağlı İrəvanda səslənən tənqidi fikirlər münasibətlərdə etimad böhranının dərinləşdiyini göstərir. Formal səbəblər iqtisadi xarakter daşısa da, proseslərin arxasında siyasi mesajların dayandığı aydın görünməkdədir. Moskva anlayır ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması yalnız xarici siyasətdə istiqamət dəyişikliyi deyil, həm də Rusiyanın Cənubi Qafqazda uzun illər formalaşdırdığı təsir imkanlarının zəifləməsi deməkdir. Elə buna görə də Kremlin İrəvana ünvanladığı mesajlar əvvəlki dövrlərlə müqayisədə daha açıq və sərt xarakter almağa başlayıb. Bununla yanaşı, hadisələrin gedişi göstərir ki, Nikol Paşinyan hökuməti artan xarici təzyiqlərə baxmayaraq, seçdiyi kursdan geri çəkilmək niyyətində deyil. Rəsmi İrəvan bəyan edir ki, Ermənistan milli maraqlarına uyğun balanslaşdırılmış və çoxşaxəli xarici siyasət yürütmək hüququna malikdir. Son 30 ildə ilk dəfə ölkənin xarici siyasətində daha geniş manevr imkanları əldə etməyə yönəlmiş cəhdlər müşahidə olunur. Lakin bu siyasətin uğuru təkcə Ermənistan rəhbərliyinin siyasi iradəsindən deyil, həm də Cənubi Qafqazda formalaşan yeni güc balansından və aparıcı geosiyasi aktorların mövqeyindən asılı olacaq.

Məhz buna görə də Ermənistanda baş verən hadisələrə ayrı-ayrı siyasi epizodlar kimi yanaşmaq doğru olmaz. Ölkədə gedən proseslərin mərkəzində Ermənistanın gələcək geosiyasi istiqaməti, təhlükəsizlik modeli və regional siyasətdə tutacağı yer dayanır. Konstitusiya islahatları təşəbbüsü, hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında yaranmış qarşıdurma, revanşist qüvvələrin fəallaşması, Rusiyanın təsir imkanlarını qorumaq cəhdləri və Avropa İttifaqının İrəvana artan siyasi dəstəyi eyni geosiyasi prosesin müxtəlif istiqamətlərdə təzahürüdür.

Ölkə daxilində baş verən proseslər göstərir ki, Ermənistanın üzləşdiyi böhran təkcə hakimiyyətlə müxalifət arasında siyasi qarşıdurmadan ibarət deyil, əsl mübarizə ölkənin gələcək geosiyasi kimliyi, təhlükəsizlik modeli və xarici siyasət prioritetləri uğrunda gedir. 2020-ci ildən sonra formalaşmış regional reallıq əvvəlki siyasətin yürüdülməsini mümkünsüz edib. Məhz buna görə də rəsmi İrəvan bir tərəfdən Azərbaycanla münasibətləri normallaşdırmağa və sülh müqaviləsini imzalamağa çalışır, digər tərəfdən isə xarici siyasətini balanslaşdırılmış əsaslar üzərində yenidən qurmağa cəhd göstərir. Amma bu kurs Ermənistan cəmiyyətində birmənalı qarşılanmır. Keçmiş hakimiyyətə bağlı siyasi dairələr, revanşist qüvvələr və radikal qruplar hesab edirlər ki, yeni regional reallıqların qəbul edilməsi uzun illər formalaşdırdıqları siyasi ideologiyanın iflası deməkdir. Buna görə də onlar sülh prosesinə inamsızlıq yaratmağa, ictimai narazılığı dərinləşdirməyə və ölkəni yenidən qarşıdurma mühitinə qaytarmağa çalışırlar.

Bu mübarizədə diqqət çəkən əsas amillərdən biri də Erməni Apostol Kilsəsinin tutduğu mövqedir. Kilsə tarixən Ermənistan cəmiyyətində dini işlərdən çox milli ideologiyanın formalaşmasına təsir göstərən mühüm siyasi-ictimai mərkəz kimi fəaliyyət göstərib. Son hadisələr göstərir ki, kilsənin siyasi proseslərin fəal iştirakçısına çevrilməsi cəmiyyətdə parçalanmanı daha da dərinləşdirib. Hakimiyyət dövlət institutlarının üstünlüyünü möhkəmləndirməyə çalışdığı bir vaxtda müxalif qüvvələr kilsənin nüfuzundan siyasi məqsədlər naminə istifadə etməyə cəhd göstərirlər. Diqqətdən qaçırılmamalıdır ki, Erməni Apostol Kilsəsinin rəhbərliyinin uzun illər Rusiya ilə sıx siyasi və ictimai əlaqələri olub. Bu səbəbdən  siyasi müşahidəçilər kilsəni Moskvanın ölkədə təsir imkanlarını qoruyan mühüm ideoloji platformalardan biri kimi qiymətləndirirlər. Bu baxımdan Paşinyan hakimiyyətinin kilsənin siyasi fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş addımları yalnız daxili idarəetmə tədbiri deyil, həm də Rusiyanın təsir mexanizmlərini zəiflətməyə hesablanmış strategiyanın tərkib hissəsidir.

Bütün bunlar göstərir ki, Ermənistan yalnız geosiyasi seçim deyil, həm də bu seçimin hüquqi əsaslarını müəyyənləşdirmək zərurəti ilə üz-üzədir. Məhz buna görə də ölkədə referendum keçirilməsi məsələsi getdikcə daha çox siyasi aktuallıq qazanır. Əslində, Ermənistan cəmiyyəti qarşısında bir-biri ilə sıx bağlı iki strateji məsələ dayanır. Birincisi, ölkənin gələcək geosiyasi kursunun müəyyənləşdirilməsidir. Avropa İttifaqı ilə inteqrasiya istiqamətində irəliləmək barədə qərar yalnız xarici siyasət seçimi deyil, eyni zamanda Ermənistanın uzun illər formalaşmış geosiyasi asılılıq modelindən nə dərəcədə uzaqlaşmağa hazır olduğunu göstərəcək. İkincisi isə daha fundamental xarakter daşıyır. Azərbaycanın mövqeyinə görə, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd müddəalar qüvvədə qaldığı müddətdə sülh müqaviləsinin uzunmüddətli hüquqi etibarlılığı təmin edilə bilməz. Bu baxımdan konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı referendum yalnız Ermənistanın daxili hüquqi islahatı deyil, həm də ölkəmizlə davamlı sülhün formalaşmasına xidmət edəcək mühüm siyasi addım kimi qiymətləndirilməlidir. Beləliklə, Ermənistan rəhbərliyinin qarşısında duran əsas vəzifə yalnız Şərqlə Qərb arasında geosiyasi seçim etmək deyil. Daha mühüm məsələ bu seçimi cəmiyyətin iradəsinə söykənən hüquqi mexanizmlərlə təsdiqləmək, dövlət siyasətini yeni regional reallıqlara uyğunlaşdırmaq və bununla həm ölkənin gələcək inkişafına, həm də Cənubi Qafqazda uzunmüddətli sabitliyə xidmət edəcək siyasi-hüquqi zəmin formalaşdırmaqdır.

Bütün bu proseslər göstərir ki, Ermənistanın üzləşdiyi böhran hakimiyyətlə müxalifət arasında siyasi rəqabət çərçivəsini çoxdan aşıb. Ölkədə gedən mübarizə, əslində, Ermənistanın gələcək dövlətçilik modelinin, geosiyasi kimliyinin və milli təhlükəsizlik strategiyasının müəyyənləşdirilməsi uğrunda aparılmalıdır. Bu baxımdan İrəvanın qəbul edəcəyi qərarlar təkcə ölkənin daxili siyasi inkişafına deyil, bütövlükdə Cənubi Qafqazın gələcək siyasi mənzərəsinə də birbaşa təsir göstərəcək.

Son illərin təcrübəsi göstərir ki, regionda yaranmış yeni geosiyasi reallıqlar fonunda davamlı sülhün alternativi yoxdur. Ermənistan revanşist yanaşmalardan və köhnə siyasi stereotiplərdən nə qədər tez uzaqlaşarsa, regional iqtisadi əməkdaşlıqdan, nəqliyyat-kommunikasiya layihələrindən və təhlükəsizlik mühitinin möhkəmlənməsindən faydalanmaq imkanları da bir o qədər genişlənəcək. Əks halda köhnə siyasi düşüncənin saxlanılması ölkəni yeni geosiyasi risklərlə və iqtisadi itkilərlə üz-üzə qoya bilər. Bu baxımdan Ermənistan rəhbərliyinin qarşısında duran əsas vəzifə yalnız xarici siyasətdə geosiyasi istiqamət seçmək deyil. Daha mühüm məsələ bu seçimi hüquqi baxımdan möhkəmləndirmək, dövlət siyasətini yeni regional reallıqlara uyğunlaşdırmaq və cəmiyyətin iradəsinə söykənən legitim qərarlar qəbul etməkdir. Məhz bu yanaşma həm Ermənistanın gələcək inkişaf strategiyasının formalaşmasına, həm də regionda etimad mühitinin möhkəmlənməsinə xidmət edə bilər.

Azərbaycan isə prinsipial mövqeyini açıq şəkildə ifadə edib - dövlətlərin suverenliyi və ərazi bütövlüyünə zidd hüquqi əsaslar aradan qaldırılmadan uzunmüddətli və etibarlı sülh mümkün deyil. Ermənistan konstitusiyasına dəyişiklik edilməsi məsələsi yalnız bu ölkənin daxili hüquqi gündəliyi deyil, həm də Azərbaycanla sülh müqaviləsinin dayanıqlı hüquqi baza üzərində qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. İrəvan ya yeni geosiyasi reallıqları qəbul edərək sülh, əməkdaşlıq və inkişaf yolunu seçməlidir, ya da köhnə siyasi yanaşmaların və xarici təsir amillərinin yaratdığı məhdudiyyətlər içərisində növbəti böhranlarla üzləşməlidir. Hansı yolun seçilməsi isə artıq Ermənistanın deyil, Cənubi Qafqazın gələcək sabitliyi və təhlükəsizliyi ilə bağlı həlledici əhəmiyyət daşıyacaq.


E.QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb  

10:20
04 Avqust

ABŞ Rusiya Müdafiə Nazirliyinin qurumlarına və bir sıra fiziki şəxslərə sanksiya tətbiq edib  

10:10
04 Avqust

Süni intellekt qlobal siyasəti necə dəyişir?

10:00
04 Avqust

Ermənistan tarixi seçim və geosiyasi dilemma qarşısındadır

09:50
04 Avqust

"Qisas" qiyamətə qalmadı 

09:40
04 Avqust

"Kraudfandinq haqqında" qanunun iqtisadi əhəmiyyəti böyükdür

09:30
04 Avqust

Bakı-Bişkek əlaqələri: strateji tərəfdaşlıqdan müttəfiqliyə

09:20
04 Avqust

Şantaj və təhdid siyasi mübarizə üsulu deyil

09:10
04 Avqust

Kürşad ZORLU: "Türk dünyasına verdiyi töhfələrə görə Prezident İlham Əliyevə minnətdarıq"

09:00
04 Avqust

Çolpon-Atadan verilən strateji mesajlar

08:50
04 Avqust

Bakı-Bişkek: ortaq tarix və qarşılıqlı etimad müttəfiqlik münasibətlərinə keçir

08:40
04 Avqust

Avrasiyanın türk qütbü: Bakı və Bişkek arasında sarsılmaz müttəfiqlik müstəvisi

08:30
04 Avqust

Bu səfər Xəzərlə İssık-Kul arasında körpünü daha da möhkəmləndirdi

08:20
04 Avqust

Müasir Azərbaycan: Dövlətçilik və dayanıqlı inkişaf modeli

08:10
04 Avqust

Zəfərə aparan tarixi yolun təməli

08:00
04 Avqust

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:40
04 Avqust

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 466-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:39
04 Avqust

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:38
04 Avqust

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında 

02:37
04 Avqust

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:34
04 Avqust

"Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 438-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:31
04 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!