Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri gələcəklərini geosiyasi təzyiqlərlə deyil, müstəqil iradə və qarşılıqlı hörmət prinsipi əsasında formalaşdırırlar
Müasir beynəlxalq münasibətlər sisteminin polisentrik transformasiyası və regional təhlükəsizlik arxitekturasının doktrinal əsaslarla yenidən formalaşması fonunda Cənubi Qafqaz və Mərkəzi Asiya geostrateji məkanlarının konvergensiyası prosesi keyfiyyətcə yeni hüquqi-siyasi müstəviyə qədəm qoyub.
Bu tarixi əhəmiyyətə malik regionun siyasi coğrafiyasını köklü dəyişən institusional transformasiyanın mərkəzində Prezident İlham Əliyevin nümayiş etdirdiyi, milli suverenliyin toxunulmazlığı, bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsiplərinə söykənən doktrinal xarici siyasət strategiyası dayanır. Dövlət başçısının təsbit etdiyi "Bizim ailəmiz türk dünyasıdır" doktrinası beynəlxalq hüququn əsas prinsipləri, BMT Nizamnaməsinin 52-ci maddəsində nəzərdə tutulan regional razılaşmalar institutu və geostrateji təhlil müstəvisində türk dövlətlərinin unifikasiya olunmuş müstəqil geopolitik subyekt kimi təşəkkül tapmasının nəzəri-konseptual və praktiki-normativ fundamentini təşkil edir.
Milli Məclisin deputatı Bəhruz MƏHƏRRƏMOV qəzetimizə açıqlamasında deyib ki, dövlət başçısının Qırğız Respublikasına dövlət səfəri və bu çərçivədə əldə olunmuş normativ-hüquqi, iqtisadi-maliyyə və geonəqliyyat uzlaşmaları təsdiq edir ki, Azərbaycanın xarici siyasət doktrinası Avrasiyanın geoiqtisadi xəritəsində institusional paradiqmanı köklü şəkildə beynəlxalq hüququn ümumtanınmış normalarında bəyan olunan niyyətlərə müvafiq formada təməlli şəkildə dəyişdirir. Ölkəmizin rəhbərinin müstəsna diplomatik təşəbbüskarlığı ikitərəfli münasibətlərin klassik tərəfdaşlıq çərçivəsini aşaraq, qarşılıqlı strateji bağlar, təhlükəsizlik imperativləri və dövlətlərarası öhdəliklər rejiminə söykənən ali dərəcəli müttəfiqlik statusuna transformasiyasını hüquqi-inkarolunmaz şəkildə təmin edib. "Səfərin hüquqi-siyasi fundamentini təşkil edən "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" beynəlxalq müqavilələr hüququ üzrə 1969-cu il Vyana Konvensiyasının universal kodifikasiya normalarına, eləcə də BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit edilmiş imperativ prinspilərə tam uyğun olaraq, tərəflərin suveren bərabərliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq öhdəliklərini "jus cogens" norma qismində təsbit edir. Prezident İlham Əliyevin hüquqi-siyasi uzaqgörənliyinin məntiqi nəticəsi olan bu sənəd iki dövlətin xarici siyasət strategiyalarının və təhlükəsizlik paradiqmalarının unifikasiyasını normativ akt səviyyəsinə qaldırır. Beynəlxalq-hüquqi baxımdan Dövlətlərarası Şuranın Çolpon-Ata şəhərində keçirilən 3-cü iclasında qəbul edilən qərarlar müqavilə şərtlərinin icra mexanizmlərini institusionallaşdıraraq, qərarların monitorinqi və implementasiyası üzrə supranasionallaşma elementlərindən uzaq, lakin daxili hüquq sistemlərinin koordinasiyasına əsaslanan effektiv dövlətlərarası idarəetmə modeli yaradıb", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, müttəfiqlik münasibətlərinin bu ali hüquqi statusu, eyni zamanda dövlətlərarası əlaqələr tarixində müstəsna mənəvi-siyasi və diplomatik çəkiyə malik olan ali rəmzi jestlərlə daha da möhkəmləndirilməsi səfərin ən nəticəyönümlü məqamlarından biri kimi xüsusi diqqət çəkir. Dövlət başçılarının ali dövlət mükafatları olan 1-ci dərəcəli "Manas" və "Heydər Əliyev" ordenləri ilə qarşılıqlı təltif edilməsi beynəlxalq diplomatik protokolda dövlətlərarası ehtiramın, dövlət suverenliyinin və qarşılıqlı ali etimadın yüksək hüquqi-simvolik ifadəsidir. Bu ali mükafatlar ilk növbədə iki ölkə liderinin Avrasiya məkanında sabitliyin, hüququn aliliyinin və qardaşlıq bağlarının möhkəmləndirilməsindəki şəxsi tarixi xidmətlərinin hüquqi-siyasi etirafı kimi xarakterizə olunmalıdır.
B.Məhərrəmov bildirib ki, ötən dövrün geosiyasi proseslərini dəyişən konfiqurasiyalar fonunda təhlil etdikdə tarixən pərakəndə və konseptual baxımdan fərqli xarici siyasət vektorlarına malik olan türk dövlətlərinin vahid geostrateji platforma ətrafında konsolidasiyasında istisnasız olaraq Prezident
İlham Əliyevin ardıcıl və hüquqi baxımdan əsaslandırılmış diplomatik təşəbbüsləri həlledici önəmə malikdir: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının müasir, institutsional nizamnaməyə və beynəlxalq təşkilat subyektivliyinə malik Türk Dövlətləri Təşkilatına transformasiyası regional inteqrasiya hüququnun keyfiyyətcə yeni mərhələsidir. Prezident İlham Əliyev də məhz türk dünyasını qlobal siyasi arxitekturada təkcə coğrafi və ya etno-mədəni birlik kimi deyil, beynəlxalq hüquqyaradıcılığı və qərarqəbuletmə mexanizmlərinə birbaşa təsir göstərən müstəqil güc mərkəzi kimi mövqeləndirib. Qlobal böhranlar, xüsusən COVID-19 pandemiyası dövründə Azərbaycan Prezidentinin təşəbbüsü ilə TDT-nin Fövqəladə Zirvə Görüşünün keçirilməsi beynəlxalq münasibətlər tarixində və çoxtərəfli diplomatiyada unikal hüquqi və operativ presedent yaratmışdır. Birləşmiş Millətlər Təşkilatının fəaliyyətində aksioloji durğunluq yarandığı, 2005-ci il Beynəlxalq Səhiyyə Qaydalarının çoxtərəfli icra mexanizmlərinin kənarda qaldığı və qlobal vaksinasiya sahəsində proteksionist "vaksin millətçiliyi"nin tüğyan etdiyi bir şəraitdə məhz cənab İlham Əliyevin liderliyində türk dünyasının vahid sinxronlaşdırılmış tandem kimi çıxış etməsi humanitar hüquq normalarına söykənən operativ böhran idarəetmə mexanizmlərinin səmərəliliyini nümayiş etdirdi".
Deputat vurğulayıb ki, türk dünyasının beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində digər mühüm konsepsiya Prezident İlham Əliyevin geostrateji vizyonunun mühüm tərkib hissəsi kimi, türk dünyasının BMT idarəçiliyində və BMT Təhlükəsizlik Şurasının qərarlarında institusional çəkisinin artırılmasıdır. BMT TŞ-nin daimi üzvlərinin veto hüququndan irəli gələn struktur disbalansını, beynəlxalq hüququn selektiv tətbiqi böhranını və BMT Nizamnaməsinin reformasiyası zərurətini açıq şəkildə qeyd edən Azərbaycan lideri TDT üzvü olan dövlətlərin BMT platformasında konsolidasiya olunmuş səs hüququna və strateji təsir imkanlarına malik olmasını hüquqi-siyasi tələb kimi irəli sürür. Bu doktrinal yanaşma türk dünyasının qlobal iyerarxiyada beynəlxalq hüquq subyektivliyini artırmaqla yanaşı, BMT TŞ-nin qərarlarında və çoxtərəfli konvensiyaların qəbulu prosesində region dövlətlərinin milli maraqlarının konvergensiyasını təmin edir. "Bu baxış bucağı Azərbaycanın ikitərəfli əlaqələrdə, o cümlədən Qırğız Respublikası ilə münasibətlərdə Bakıya baxışda önəmli rol oynayaraq güvən diktə edir. Digər tərəfdən, bu çərçivədə geoiqtisadi və maliyyə-investisiya inteqrasiyasında Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflər kapitalın multiplikativ effektivliyini artırmaqla yanaşı, regionlararası makroiqtisadi və hüquqi sabitliyin təminatçısı rolunu oynayır. Bu prosesin praktiki davamı olaraq Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması haqqında 2022-ci il 11 oktyabr tarixli sazişə daxil edilən ikinci əlavə saziş ikitərəfli əlaqələrə töhfə olmaqla yanaşı, Azərbaycanın Cənubi Qafqaz hüdudlarını aşaraq Mərkəzi Asiyada institusional sərmayəçi və maliyyə donoruna çevrilməsinin aydın göstəricisidir. İqtisadi inteqrasiya mexanizmlərinin hüquqi çərçivəsini tamamlayan digər mühüm sənədlər - Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Qırğız Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidməti arasında imzalanmış idarələrarası Anlaşma Memorandumu, eləcə də "AzerGold" QSC və "Kyrgyzaltyn" ASC arasındakı kooperasiya sənədləri maliyyə-bank sektorunun inteqrasiyası, resurs emalı və dağ-mədən sənayesində hüquqi şəffaflıqla dəstəklənən yeni investisiya rejiminin və transmilli mülkiyyət mühafizəsi standartlarının əsasını qoyur", - deyə o əlavə edib.
B.Məhərrəmov qeyd edib ki, Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər yalnız Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə məhdudlaşmır, bütövlükdə, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun geopolitik konfiqurasiyasını kökündən dəyişdirir. BMT TŞ-nin 30 il kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrini, eləcə də BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququnu de-fakto və de-yure təkbaşına icra edən Azərbaycan dövləti beynəlxalq hüququn "jus cogens" normalarının aliliyini təmin edib. Bu Zəfər Türk dünyasına psixoloji və geostrateji özünəinamı qaytarıb, TDT-nin hərbi-siyasi, müdafiə sənayesi və təhlükəsizlik ölçülərinin dərinləşməsinə təkan verib. Postmünaqişə dövründə Prezidentin diktə etdiyi yeni regional təhlükəsizlik modeli kənar güclərin Cənubi Qafqaza konyunktur müdaxilə cəhdlərini neytralizasiya edərək BMT Nizamnaməsində təşviq edilən regional inklüzivlik və problemlərin vasitəçisiz həlli prinsipini bərqərar edib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin çoxsaylı geosiyasi təzyiqlərə və transmilli mənfi təsir mexanizmlərinə baxmayaraq zamanında reallaşdırdığı transmilli infrastruktural layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP və Bakı-Tbilisi-Qars dəmir yolu lineyar nəqliyyat xətləri olmaqdan çıxaraq, Avrasiyanın geoiqtisadi təhlükəsizlik arxitekturasının və beynəlxalq xüsusi hüquq rejimlərinin dayanıqlı sütunlarına çevrilib: "Müasir mərhələdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun hüquqi, tarif və infrastruktural uzlaşmasını təmin edən Beynəlxalq Avtomobil Əlaqələri haqqında Saziş və dəniz yükdaşımalarına, gəmiçilik və gəmiqayırmaya dair memorandumların məzmunu göstərir ki, Orta dəhliz Mərkəzi Asiya dövlətləri, xüsusən Qırğızıstan, Qazaxıstan və Özbəkistan üçün Avropa bazarlarına alternativsiz və təhlükəsiz çıxış pəncərəsidir. "Landlocked" statuslu, yəni, dənizə birbaşa çıxışı olmayan Mərkəzi Asiya dövlətləri üçün Azərbaycanın yaradaraq təklif etdiyi multimodal logistik infrastruktur birtərəfli geoiqtisadi asılılıqları neytralizasiya edir, bu ölkələrin milli suverenliyinin və iqtisadi müstəqilliyinin beynəlxalq hüquq müstəvisində etibarlı təminatçılarından birinə çevrilir. Məhz bu ali vizyonla formalaşan energetika sahəsində 2026-2028-ci illər üzrə Yol Xəritəsi və neft məhsullarının tədarükünə dair Anlaşma Memorandumu Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyi arxitekturasındakı hab rolunu Mərkəzi Asiyanın zəngin resursları ilə sinxronlaşdırır".
B.Məhərrəmov söyləyib ki, Avrasiyanın rəqəmsal və informasiya təhlükəsizliyi arxitekturasında da unifikasiya meyilləri özünü göstərir. İki ölkə arasında kibertəhlükəsizlik sahəsində qurulan tərəfdaşlıq kritik rəqəmsal infrastrukturların transmilli kiberfəzada təhdidlərdən mühəndis-texniki və kəşfiyyata qarşı mübarizə imkanları ilə qorunmasını normativ hüquqi çərçivəyə salır. Azərbaycan dövlətinin birbaşa kapitallaşması hesabına İssık-Kul sahilində inşa edilən beşulduzlu "Baku Resort & Spa" rekreasiya kompleksi və regionlararası desentralizasiya diplomatiyasının təzahürü olan Şuşa-Çolpon-Ata, Qəbələ-Karakol, Gəncə-Oş şəhərləri arasında qardaşlaşma memorandumları Prezident İlham Əliyevin "yumşaq güc" strategiyasının növbəti parlaq təzahürüdür. Suveren dövlətlərarası münasibətlərin institusional arxitekturasında submilli idarəetmə vahidləri səviyyəsində birbaşa hüquqi-desentralizasiyalı əlaqələrin təsbit olunması xarici siyasət doktrinalarının regional və bələdiyyə səviyyələrində şaxələndirilməsinə xidmət edir. Şuşa şəhərinin beynəlxalq hüquqi statusunun və postmünaqişə dövründə onun yenidən qurulması prosesinin Türk dünyasının mədəni-siyasi mərkəzi kimi legitimliyinin daha da möhkəmləndirilməsi Çolpon-Ata ilə qurulan hüquqi bağlar vasitəsilə regional turizm və mədəniyyət hüququ çərçivəsində unifikasiya olunmuş təşəbbüslərin reallaşdırılmasını təmin edir. Eyni zamanda Qəbələ və Karakol şəhərlərinin aqro-ekoloji və dağ-xizək rekreasiya potensialının birləşdirilməsi, Gəncə və Oş şəhərlərinin isə tarixi-sənaye və akademik mərkəzlər kimi qarşılıqlı inteqrasiyası iki ölkə arasında investisiyaların təşviqi və qorunması, eləcə də regional iqtisadi klasterlərin formalaşdırılması baxımından mühüm hüquqi presedent yaradıb. Buna qarşılıqlı töhfə olaraq, Qırğızıstan tərəfindən Ağdam rayonunda Manas adına 960 şagird yerlik məktəbin inşa edilərək istifadəyə verilməsi postmünaqişə dövründə ərazilərin reabilitasiyası və rekonstruksiyası prosesinə Mərkəzi Asiya regionundan verilən hüquqi-mənəvi dəstəyin və sarsılmaz həmrəyliyin siyasi göstəricisidir. Bu cür addımlar iki xalq arasında mənəvi-mədəni reinteqrasiyanı dərinləşdirərək, strateji müttəfiqliyin ictimai təməllərini sarsılmaz edir.
Deputat vurğulayıb ki, səfər çərçivəsində Çolpon-Ata şəhərində keçirilən qeyri-rəsmi təmaslar və Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistan dövlət başçılarının iştirakı ilə baş tutan çoxtərəfli görüş Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının suveren aktorları arasında formalaşan normativ-hüquqi tərəfdaşlığın növbəti diplomatik təzahürüdür: "Dövlət rəhbərlərinin rəsmi protokol çərçivələrini aşaraq "Issyk-Kul Golf Resort" kompleksində birgə iştirak etdiyi format beynəlxalq hüququn suveren bərabərlik və qarşılıqlı etimad prinsiplərinə söykənən "qolf diplomatiyası" və "səmimi dialoq" mexanizmlərinin səmərəli tətbiqini göstərir. Bu qeyri-rəsmi platforma liderlər arasında yüksəksəviyyəli şəxsi etimadın mövcudluğunu və çoxtərəfli strateji müttəfiqlik münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini sübut edir. Bu proseslərin kulminasiya nöqtəsi kimi Çolpon-Ata Bəyannaməsi ilə təsbit edilən və Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri mexanizminə tamhüquqlu inteqrasiyasını nəzərdə tutan "Mərkəzi Asiya və Azərbaycan Dövlət Liderlərinin Formatı"nın bərqərar olması Prezident İlham Əliyevin beynəlxalq miqyaslı müstəsna liderlik missiyasının təntənəsidir. Azərbaycanın əvvəl olduğu fəxri qonaq statusundan çıxaraq bu mexanizmin tamhüquqlu üzvünə çevrilməsi Avrasiyanın mərkəzində yeni bir geosiyasi reallıq yaradıb. Bu mənada Çolpon-Atadan yayılan birgə strateji mesajlar, əslində, həm də qlobal güc mərkəzlərinə ünvanlanmış açıq bəyanatdır: Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri öz gələcəklərini xarici diktə, neokolonial yanaşmalar və geosiyasi təzyiqlərlə deyil, müstəqil iradə, vasitəçisiz dialoq və qarşılıqlı hörmət prinsipi əsasında şəkilləndirirlər".
O bildirib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya coğrafiyasının monolit geostrateji, geoiqtisadi və təhlükəsizlik məkanı kimi konsolidasiyası, təbii ki, BMT, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda vahid cəbhədən çıxış etmək imkanlarını maksimuma çatdırır. Prezident İlham Əliyevin rəhbərliyi və müstəsna liderlik iradəsi ilə həyata keçirilən bu tarixi proses Türk dünyasının qlobal güc mərkəzi kimi beynəlxalq hüquq subyektivliyini sarsılmaz edir və XXI əsrdə Avrasiya qitəsində uzunmüddətli sülhün, sabitliyin və tərəqqinin etibarlı zəminini formalaşdırır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"