Cənubi Qafqaz regionu onilliklər boyu davam edən münaqişə səhifəsini bağlayaraq, nəhayət ki, davamlı və möhkəm sülhün təməlini yaradır. Lakin regionda sabitliyin bərqərar olması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində atılan tarixi addımlar okeanın o tayındakı müəyyən dairələri görünür ki, narahat edir. ABŞ Konqresindəki ermənipərəst qüvvələrin və erməni lobbisinin təsiri altında olan siyasətçilərin son addımları onların hələ də köhnə qərəzlərdən əl çəkmədiyini, regional sülhü və iki ölkə arasında yaxınlaşmanı hədəf aldığını aydın göstərir.
Əsassız ittihamlar ölkəmiz tərəfindən qətiyyətlə rədd edilir
İyulun 22-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən H.R. 9087 saylı qanun layihəsinin müzakirəsi zamanı Azərbaycana qarşı bir sıra əsassız iddiaları özündə əks etdirən düzəliş müzakirə edilib. Sabiq konqresmen, adı qalmaqallarda hallanan Robert Menendesin siyasi xəttinin davamçısı Bred Şermanın müəllifliyi ilə irəli sürülən bu təşəbbüs erməni lobbi qruplarının siyasi gündəliyini həyata keçirməkdən başqa bir şey deyil.
Yaxınlaşan seçkilər ərəfəsində maliyyə və siyasi dəstək qazanmaq məqsədilə atılan bu addım ABŞ-nin milli maraqlarına deyil, sırf dar lobbi maraqlarına xidmət edir. Ekspertlərin fikrincə, qəbul olunan qərarların obyektivliyini şübhə altına alan bu cür praktika Birləşmiş Ştatların hüquq-mühafizə orqanları tərəfindən ciddi surətdə araşdırılmalı və lazımi hüquqi qiymətini almalıdır.
Azərbaycan Respublikasının Milli Məclisi də sözügedən düzəlişi və əsassız ittihamları qətiyyətlə rədd edərək, bunu beynəlxalq hüquq normalarına kobud etinasızlıq və siyasi təzyiq aləti kimi qiymətləndirib: "Sözügedən təşəbbüsün erməni lobbisinin Azərbaycanı gözdən salmaq üçün çoxdan bəri həyata keçirdiyi kampaniya çərçivəsində irəli sürüldüyü aşkardır. Eynilə belə bir çirkin missiyanı Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo yerinə yetirir. Onun Rusiyanın erməni mənşəli oliqarxı Samvel Karapetyan da daxil olmaqla, erməni şovinist dairələri ilə bağlı şəxslərin maliyyə yardımı ilə siyasi motivli rəylər hazırladığı beynəlxalq ictimaiyyətə məlumdur".
Milli Məclisin bu məsələyə münasibətində vurğulanır ki, eyni siyasi xətt Avropanın bir sıra parlament qurumlarının, o cümlədən Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində də görünür: "Bu qurumun ayrı-ayrı deputatları, xüsusən Frank Şvabe kimi şəxslər uzun müddətdən bəri Azərbaycan barəsində qeyri-obyektiv və qərəzli təşəbbüslərlə çıxış edirlər. Bütün bu hərəkətlər erməni lobbisinin müxtəlif beynəlxalq parlament platformalarında həyata keçirdiyi dəqiq əlaqələndirilmiş kampaniyanın tərkib hissələridir".
Qeyd olunan düzəlişdə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslər barəsində "hərbi əsirlər" və "siyasi məhbuslar" kimi terminlər işlədilir. Milli Məclisin münasibətində bu halın hiddət doğurduğu vurğulanır: "Bu şəxslər hərbi əsirlər və ya siyasi məhbuslar deyildir. Onlar Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquq normaları ilə nəzərdə tutulan hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və digər cinayətlər törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilmişlər. Onları siyasi təqibin qurbanları kimi qələmə vermək cəhdləri faktların bilərəkdən təhrif edilməsidir və müstəqil dövlət tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsinə birbaşa müdaxilədir".
Eyni zamanda bu təxribat Türk Dövlətləri Parlament Assambleyasında (TÜRKPA) da kəskin narahatlıq doğurub. TÜRKPA-nın baş katibi Ramil Həsənin yaydığı bəyanatda vurğulanıb ki, sülh quruculuğu prosesinin fəal davam etdiyi bir dövrdə bu cür təşəbbüslərin irəli sürülməsi təəssüf doğurur. Qanunvericilik qərarlarının lobbi maraqlarına deyil, faktlara və beynəlxalq hüquqa əsaslanmalı olduğunu xatırladan TÜRKPA qanunverici orqanları iki ölkə arasında davam edən normallaşma prosesinə mənfi təsir göstərə biləcək addımlardan çəkinməyə çağırıb.
Bu hücumlar təsadüfi deyil
ABŞ-dəki lobbiçi konqresmenlərin bu hücumları təsadüfi deyil. Bütün bunların sülh prosesinin həlledici mərhələyə qədəm qoyduğu bir vaxta təsadüf etməsi planlı məqsədlərdən xəbər verir.
Məlum olduğu kimi, ötən il iyulun 10-da Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində keçirilən vasitəçisiz ikitərəfli görüşü sülh gündəliyinin irəlilədilməsində dönüş nöqtəsi oldu. Bu müsbət dinamika beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirildi. ABŞ Prezidenti Donald Tramp iki ölkə arasındakı münaqişənin tezliklə və tamamilə həll olunacağına inamını ifadə etdi.
Nəhayət, 2025-ci il avqustun 8-də Vaşinqtonda sülhün təməl addımı atıldı. Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamə imzalandı və sülh müqaviləsinin mətni paraflandı. Sülhün real müstəviyə keçdiyini və tərəflər arasında yekun sənədin imzalanmasına çox az vaxt qaldığını görən ermənipərəst dairələr əllərində olan son təzyiq rıçaqlarını işə salmağa çalışırlar.
Xatırladaq ki, ötən ilin bu günlərində bəzi konqresmenlər ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edərək ermənilərin "Dağlıq Qarabağ"a qayıtmasına dəstək verməsinə çağırmışdılar. Müraciəti ABŞ Konqresində Ermənistanla dostluq qrupunun həmsədrləri Frank Peloni, Qas Bilirakis, Bred Şerman və Devid Valadaonun rəhbərliyi ilə hər iki partiyadan olan konqresmenlər imzalamışdılar. Bu bir daha sübut edir ki, Qarabağdan könüllü şəkildə, heç bir təhlükə olmadan köçən erməni sakinlərin mövzusundan Azərbaycana qarşı təzyiq kartı kimi istifadə olunmağa çalışılır.
Lakin bu "insan hüquqları müdafiəçiləri" nədənsə real tarixi faciələrə göz yumurlar. 1980-ci illərin sonlarında Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 300 min azərbaycanlı ata-baba yurdlarından amansızlıqla qovulub və onların qayıdış hüququ indiyədək təmin edilməyib.
Birinci Qarabağ müharibəsi zamanı işğalçılıq siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlı öz torpaqlarından didərgin düşüb, kütləvi qətliamlara məruz qalıb. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aşkarlanan kütləvi məzarlıqlar bu vəhşiliyin bariz sübutudur.
İkiüzlü konqresmenlər bu günə qədər bir dəfə də olsun hüquqları pozulmuş 1 milyondan çox azərbaycanlının taleyindən söz açmayıblar.
Bu qərəzli kampaniyaların arxasında duran digər bir məqam isə Azərbaycan ilə ABŞ arasında son dövrlər dinamik inkişaf edən müsbət münasibətlərdir. ABŞ Prezidenti Donald Tramp ilə Prezident İlham Əliyev arasındakı şəxsi dostluq münasibətləri və qarşılıqlı etimad, eləcə də Vaşinqtonun Bakının sülh səylərinə verdiyi xüsusi dəstək erməni lobbisini ciddi şəkildə narahat edir.
Bütün qərəzli addımlara, təzyiq cəhdlərinə və çirkin siyasi oyunlara baxmayaraq, gerçəklik dəyişməz qalır. Cənubi Qafqazda sülhü hədəf alan radikal şovinist planlar boşa çıxmağa məhkumdur. Azərbaycan regionda ədalətə, beynəlxalq hüquqa və davamlı sülhə söykənən yeni reallıqlar yaratmaqda davam edəcək.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"