"Almaniyanın marağı təkcə Azərbaycandan təbii qaz almaqla məhdudlaşmır. Bu gün dünya iqtisadiyyatında aparıcı mövqeyə malik olan Almaniyanın qitədə iqtisadi dominantlığını davam etdirmək üçün enerjiyə ehtiyacı var. Enerjini Azərbaycanla yanaşı, Mərkəzi Asiya respublikalarından da idxal etmək istəyən Almaniya diplomatiyası yaxşı bilir ki, Azərbaycan olmadan Mərkəzi Asiya ilə əlaqə qurmaq olmayacaq. Bu, Almaniya üçün strateji xarakter daşıyan və geosiyasi üstünlük qazandıran əlaqədir. Bu baxımdan rəsmi Berlin Azərbaycan ilə münasibətlərini daha da inkişaf etdirmək niyyətindədir".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin "365 gün" media qrupunun rəhbəri, siyasi şərhçi Yakub Aslan deyib.
O bildirib ki, bu gün Avropada enerji böhranı yaşanır. Bu böhranı aradan qaldırmaq və enerji təhlükəsizliyini dayanaqlı etmək üçün Avropa dövlətləri Azərbaycandan təbii qaz idxal etməklə yanaşı, onun enerji tranziti potensialından da istifadə etmək istəyir ki, bu da Azərbaycanın iqtisadi maraqlarına cavab verir. Hələ 2022-ci ildə "Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması, 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə üç ölkə arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Hökumətlərarası Sazişin imzalanması və icrasının təmin olunması məqsədilə "Yaşıl Dəhliz Alyansı" MMC yaradılması və Mərkəzi Asiyadan Avropaya enerji tranziti ilə bağlı həyata keçirilən digər qlobal xarakterli tədbirlər Almaniyanın nəzərindən qaçmayıb: "Rusiya-Ukrayna və ABŞ-İran müharibələri başda Almaniya olmaqla Avropa dövlətlərini yeni enerji mənbələri axtarmağa vadar edib. Almaniya texnoloji inkişaf baxımından Avropanın ən qabaqcıl ölkəsidir və alternativ enerji istehsalı sahəsində dünyanın lider dövlətlərindən biridir. Alman mühəndisləri bilirlər ki, Özbəkistanda ildə təqribən 320 günəşli gün olur ki, bu da geniş sahələrdə günəş-elektrik stansiyalarının qurulması üçün əvəzsiz şərait yaradır. Qazaxıstanın geniş düzənlikləri və dəhlizləri güclü, davamlı külək axınları böyük külək stansiyaları tikməyə imkan verir. Tacikistan və Qırğızıstan dağlıq relyef və bol çay şəbəkəsi sayəsində böyük hidroenerji ehtiyatlarına malikdir. Bu potensial isə "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin tam real olduğunu göstərir ki, Almaniya da bundan faydalanmağa çalışır".
"Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri bu baxımdan olduqca əhəmiyyətli xarakter daşıyır. Hər iki dövlətin əməkdaşlığı artıq praqmatik siyasətin fayda verəcəyi istiqamətə - perspektivə yönəlib. Bu praqmatizm isə ondan ibarətdir ki, Azərbaycan həm özünün, həm də strateji tərəfdaş olduğu Mərkəzi Asiya respublikalarını Avropanın enerji bazarına çıxarır. Almaniya isə enerji təhlükəsizliyinin dayanıqlı xarakter daşımasını təmin edir", - deyə siyasi şərhçi vurğulayıb.
O bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursa uyğun olaraq, Azərbaycan "yaşıl enerji"nin istehsalı, ötürülməsi və ixracı sahəsində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin layihəyə dəstəyi isə bu təşəbbüsün Avropanın enerji təhlükəsizliyi və "yaşıl enerji" keçidi baxımından strateji əhəmiyyətinin yüksək siyasi səviyyədə qəbul edildiyini bir daha təsdiqləyir. Bu layihə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, "yaşıl enerji" keçidinin sürətləndirilməsinə və regional əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcək: "Layihənin texniki-iqtisadi əsaslandırılmasının energetika sektorunda texniki konsaltinq, mühəndislik, sınaq və sertifikatlaşdırma sahəsində 70 ilə yaxın təcrübəyə malik olan İtaliyanın "CESI S.p.A." şirkətinə həvalə edilməsi də xüsusi önəm daşıyır. Bu qlobal şirkət dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərir. Şirkət enerji şəbəkələrinin təhlili və elektrik sistemlərinin birləşdirilməsi, bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını həyata keçirir və böyük təcrübəsi var".