"Müasir dövrdə Avrasiyada müşahidə olunan böyük geosiyasi rəqabət artıq yalnız hərbi güclə müəyyənləşmir. Bu rəqabət limanlar, dəmir yolları, enerji xətləri və logistika dəhlizləri üzərində qurulur. Dövlətlər bu gün təkcə sərhədlərini deyil, həm də ticarət marşrutlarını qorumaqla qlobal güc mübarizəsində mövqelərini möhkəmləndirirlər".
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər və beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Emir Aksoy bildirib.
"Orta dəhliz türk dünyasının strateji inteqrasiyasını təmin edən əsas sütunlardan biridir. Türkiyə və Azərbaycanın nümayiş etdirdiyi ortaq siyasi iradə Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP layihəsi, müasir liman infrastrukturu və rəqəmsal nəqliyyat sistemlərini özündə birləşdirən geniş strateji baxışın nəticəsidir. Dünyada enerji və ticarət mərkəzlərinin yenidən formalaşdığı indiki mərhələdə Xəzər hövzəsi ilə Anadolu arasında qurulan strateji əlaqə yalnız iqtisadi dividendlər yaratmır, eyni zamanda Avrasiyanın təhlükəsizlik arxitekturasını da yenidən müəyyənləşdirir. Türkiyə və Azərbaycanın həyata keçirdiyi hər bir ortaq layihə Orta dəhlizi qlobal təchizat zəncirinin əvəzolunmaz elementlərindən birinə çevirir" - deyə o qeyd edib.
Ekspert bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri müharibədən sonrakı bərpa prosesindən daha böyük məna daşıyır və gələcəyin şəhərlərinin qurulmasına xidmət edən strateji baxışı əks etdirir: "Burada həyata keçirilən "ağıllı şəhər" layihələri, müasir nəqliyyat şəbəkələri, "yaşıl enerji" investisiyaları və yeni iqtisadi mərkəzlərin yaradılması Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm göstəriciləridir. Türkiyənin bu prosesdə fəal iştirakı isə "Bir millət, iki dövlət" prinsipinin diplomatik bəyanatdan real əməkdaşlıq modelinə çevrildiyini nümayiş etdirir".
Mehmet Emir Aksoy qeyd edib ki, qarşıdakı illərdə Orta dəhlizin daha da inkişafı fonunda Qarabağ və Şərqi Zəngəzur Qafqazın ən mühüm logistika və iqtisadi mərkəzlərindən birinə çevriləcək.
"Bu proses təkcə Azərbaycanın yenidən inkişafını deyil, eyni zamanda türk dünyasının iqtisadi inteqrasiyasını və Avrasiyada formalaşan yeni geosiyasi tarazlığı müəyyən edən əsas amillərdən olacaq. XXI əsrdə geosiyasi vəziyyəti müəyyən edən əsas amil, artıq yalnız hərbi güc deyil. Dəhlizlər quran, ticarət marşrutlarını idarə edən və davamlı sülhü təmin edən dövlətlər gələcəyin beynəlxalq nizamını da formalaşdırırlar. Bu baxımdan Türkiyə və Azərbaycan yeni geosiyasi düzənin mərkəzində yer alan əsas tərəfdaş ölkələr kimi çıxış edirlər", - deyə ekspert əlavə edib.