Bəzən fərd olaraq hadisələrə və insanlara qiymət verərkən tələsirik. Günün təsiri altında deyilən sözlər, sosial şəbəkələrdə yazılan emosional fikirlər, qərəzli münasibətlər və ya natamam məlumatlar zaman keçdikcə öz əhəmiyyətini itirir. Lakin tarix tələsmir. Tarix öz hökmünü yalnız faktlara, xidmətlərə və bütöv bir ömür yoluna əsaslanaraq verir. Məhz buna görə də hesab edirəm ki, dövlətinə, xalqına və milli-mənəvi dəyərlərinə onilliklər boyu xidmət etmiş insanlar haqqında danışarkən məsuliyyət hissi heç zaman unudulmamalıdır.
Son illər Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə haqqında müxtəlif fikirlərlə rastlaşıram. Bəzən tənqidlər obyektiv olur, bəzən isə heç bir fakta söykənməyən, daha çox emosiyalara və ya qərəzə əsaslanan mülahizələr irəli sürülür. Mən heç kəsin fikir söyləmək hüququnu mübahisələndirmək istəmirəm. Lakin bir insanın yarım əsrə yaxın fəaliyyətinə qiymət verilərkən yalnız bir epizoda və ya eşidilən söz-söhbətə deyil, bütöv həyat yoluna baxmaq lazımdır.
Bu yazını qələmə alarkən bir məsələni xüsusi vurğulamaq istəyirəm. Mən bunları Şeyxülislamın qardaşı olduğuma görə yazmıram. Əgər söhbət yalnız qohumluqdan getsəydi, bəlkə də susmağı üstün tutardım. Mən bu sətirləri 25 ilə yaxındır Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi dövlətçilik məktəbindən keçmiş, müxtəlif dövrlərdə ölkəmizin ictimai-siyasi həyatının iştirakçısı olmuş və eyni zamanda Allahşükür Paşazadənin uzun illər ərzində fəaliyyətini ən yaxından izləmək imkanı qazanmış bir insan kimi yazıram. Mənim üçün əsas meyar qohumluq deyil, dövlətə xidmət anlayışıdır.
Allahşükür Paşazadənin bu mötəbər dini quruma rəhbərlik etdiyi dövr Azərbaycan tarixinin ən mürəkkəb və eyni zamanda ən şərəfli mərhələləri ilə üst-üstə düşür. Sovet hakimiyyətinin son illəri, milli azadlıq hərəkatı, müstəqilliyimizin bərpası, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Birinci Qarabağ müharibəsi, dövlət quruculuğu prosesi, 44 günlük Vətən müharibəsi və Zəfərlə başa çatan yeni mərhələ - bütün bu dövrlərdə o, dini rəhbər olmaqla yanaşı, dövlətçiliyin və milli birliyin qorunmasını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qəbul edib.
Azərbaycanın müstəqilliyinin ilk illərini yaşamış insanlar yaxşı xatırlayırlar ki, həmin dövr təkcə siyasi və iqtisadi çətinliklərlə deyil, mənəvi sarsıntılarla da müşayiət olunurdu. Cəbhədən hər gün şəhid xəbərləri gəlirdi, minlərlə ailə ağır faciələrlə üz-üzə qalırdı. Belə bir zamanda dini rəhbərin üzərinə düşən vəzifə yalnız dini ayinləri icra etmək deyildi. O, xalqın mənəvi dayağı olmalı, ümidsizliyə qapılan insanlara ümid verməli, şəhid ailələrinin yanında dayanmalı idi. Allahşükür Paşazadə həmin ağır illərdə bu məsuliyyəti öz üzərinə götürdü. Minlərlə şəhidimizin son mənzilə yola salınmasında iştirak etdi, ailələrə təsəlli verdi, xalqın ağrısını xalqla birlikdə yaşadı. Bunlar televiziya üçün göstərilən səhnələr deyildi. Bunlar həmin dövrün canlı tarixidir.
1990-cı ilin Qanlı Yanvar faciəsi Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. O günlərdə xalqın yanında olmaq, haqq səsini dünyaya çatdırmaq və milli birliyi qorumaq hər kəsin bacaracağı iş deyildi. O mürəkkəb dövrdə nümayiş etdirilən mövqe sonrakı illərdə də dəyişmədi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti beynəlxalq platformalarda müzakirə olunarkən müxtəlif dini liderlərlə görüşlərdə və beynəlxalq tədbirlərdə ölkəmizin haqlı mövqeyinin çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərildi.
Mən dəfələrlə bunun şahidi olmuşam ki, xarici ölkələrdə keçirilən görüşlərdə və beynəlxalq konfranslarda Azərbaycan haqqında həqiqətlərin çatdırılması üçün böyük səy göstərilib. Bu fəaliyyət bəzən görünmür, televiziya kameralarına düşmür, qəzetlərin manşetinə çevrilmir. Lakin dövlət maraqları baxımından onun əhəmiyyəti son dərəcə böyükdür. Çünki diplomatiya təkcə siyasətçilərin işi deyil. Bəzən dini diplomatiya da xalqlar arasında etimadın yaranmasına, Azərbaycanın haqq səsinin daha geniş auditoriyalara çatdırılmasına mühüm töhfə verir.
Mənim uzun illər ərzində müşahidə etdiyim başqa bir mühüm cəhət də budur ki, Allahşükür Paşazadə Azərbaycan dövlətinin dünyəvilik prinsipini həmişə dəstəkləyib. O, dini heç vaxt dövlətə alternativ kimi təqdim etməyib. Əksinə, milli həmrəyliyin, sabitliyin və dövlətçiliyin möhkəmlənməsini dini dəyərlərlə uzlaşdırmağa çalışıb. Məhz buna görə də Azərbaycan bu gün dünyanın ən tolerant ölkələrindən biri kimi tanınır. Fərqli dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşaması təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin və həmin siyasətə dəstək verən ictimai və dini institutların birgə fəaliyyətinin nəticəsidir.
Bu gün geriyə baxanda bir həqiqət daha aydın görünür: şəxsiyyətin böyüklüyü onun haqqında deyilən sözlərlə deyil, dövlət və xalq qarşısında daşıdığı məsuliyyətlə ölçülür. Mən yarım əsrə yaxın bir dövrün şahidi kimi əminliklə deyə bilərəm ki, Allahşükür Paşazadənin həyat yolu yalnız dini fəaliyyət tarixi deyil. Bu, eyni zamanda dövlətə sədaqətin, milli-mənəvi dəyərlərə bağlılığın, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində ardıcıl xidmətin tarixidir.
Tarix böyük hakimdir. O, nə tələsir, nə də kiməsə güzəşt edir. Tarix yalnız xidməti, sədaqəti və məsuliyyəti yadda saxlayır. İnanıram ki, illər keçdikcə bu fəaliyyət də məhz həmin meyarlarla qiymətləndiriləcək. Çünki zamanın sınağından çıxan insanlar haqqında son sözü həmişə tarix deyir.
Cavanşir PAŞAZADƏ,
Milli Məclisin deputatı