09 Aprel 2026 08:35
209
SİYASƏT
A- A+
Dünya nəfəsini dərdi: Vaşinqton və Tehran atəşkəsə razı oldu

Dünya nəfəsini dərdi: Vaşinqton və Tehran atəşkəsə razı oldu


İslamabad danışıqlarında tərəflər strateji şərtlərini bir-birinə qəbul etdirməyə çalışacaq


ABŞ və İran həftələrlə davam edən hərbi qarşıdurmadan sonra ikihəftəlik müvəqqəti atəşkəs rejiminin tətbiqi barədə ortaq məxrəcə gəliblər. İsrail də İranla atəşkəsdə ABŞ-yə qoşulmağa razılıq verib. Nümayəndələr arasında danışıqlar aprelin 10-da Pakistanın paytaxtı İslamabadda aparılacaq. Atəşkəsin əldə olunmasının təşəbbüskarı Pakistandır.

İslamabadın atəşkəs barədə təklifi ABŞ və İran tərəfindən müsbət qarşılanıb. Pakistanın Baş naziri Şahbaz Şərif İslamabad danışıqlarının uğurlu nəticələnəcəyinə ümidvar olduğunu bəyan edib. İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei Çinin gərgin diplomatiyası və son anda təzyiqindən sonra Pakistanın 2 həftəlik atəşkəs təklifini təsdiqləyib. Ölkənin xarici işlər naziri Abbas Əraqçi bildirib ki, iki həftə müddətində Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq. Lakin rəsmi Tehran danışıqların ABŞ-yə etimadsızlıq şəraitində aparılacağını vurğulayıb. İran parlamentinin sədr müavini Əli Nikzad deyib ki, ABŞ İranın 10 şərtini qəbul etməsə, ali rəhbər razılaşmanın imzalanmasına icazə verməyəcək. Məlumat üçün bildirək ki, Tehranın razılaşma üçün irəli sürdüyü maddələr arasında İrana və regionda dəstəklədiyi qüvvələrə qarşı hücumun tam dayandırılması, bütün sanksiyaların ləğvi, ölkəyə dəyən ziyanın kompensasiya edilməsi, uranın zənginləşdirilməsi hüququnun tanınması və digər tələblər var.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Buna cavab olaraq İran İsrail ərazisinə raket atıb və Körfəz ölkələrindəki ABŞ-yə məxsus hərbi bazaları hədəf alıb. Vəziyyətlə əlaqədar olaraq regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

Dünya ölkələri və beynəlxalq təşkilatlar ABŞ-İran arasındakı atəşkəs razılaşmasını alqışlayıblar. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas barış təşəbbüslərini yüksək qiymətləndirib və blokun prosesə dəstək verməyə hazır olduğunu bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da ABŞ və İran arasında elan edilmiş atəşkəs təqdir olunub: "Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndiririk. Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq". Qeyd olunub ki, Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır. 

Maraqlısı odur ki, həm ABŞ, həm də İran atəşkəs razılaşmasını qarşı tərəf üzərində "qələbə" kimi təqdim edib. Ağ Ev rəhbəri Donald Tramp mübahisəli məsələlərin aradan qalxdığını, Hörmüz boğazının tam açılması müqabilində İrana dağıdıcı hücumları iki həftə müddətinə dayandırdığını deyib: "Bunu etməyimin səbəbi, artıq bütün hərbi məqsədlərə çatmağımız və onları aşmağımız, İranla uzunmüddətli sülh və Yaxın Şərqdə sülh haqqında qəti sazişin üzərində çox irəliləməyimizdir. İrandan 10 bəndlik təklif aldıq və bunun danışıqlar üçün işlək bir əsas olduğuna inanırıq". 

Ağ Evin mətbuat katibi Kerolayn Livitt də atəşkəs anlaşmasını Prezident Donald Tramp və Amerika ordusunun qələbəsi adlandırıb: "Döyüşçülərimizin inanılmaz imkanları sayəsində biz 38 gün ərzində əsas hərbi məqsədlərimizə nail olduq və hətta onları aşdıq". Tramp adminstrasiyası atəşkəsi "zəiflik", "geri çəkilmə" yox, "qalibiyyət" kimi ictimaiyyətə təqdim edir. ABŞ Prezidentinin İranın yenidən qurulması ilə bağlı anonsları və Yaxın Şərq üçün "qızıl dövrün" başlayacağını vəd etməsi sülh sazişinin böyük iqtisadi paketlərlə, investisiyalarla müşayiət olunacağından xəbər verir. Bu, Trampın xarici siyasətinin mərkəzində duran iqtisadi sülh konsepsiyasına əsaslanır. 

İranla birbaşa danışıqlarda ABŞ-nin vitse-prezidenti Cey Di Vensin, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffun və Donald Trampın kürəkəni Cared Kuşnerin iştirak edəcəyi deyilir. ABŞ-nin danışıqlara göndərəcəyi heyətdə təmsil olunacaq şəxslərin kimliyi Ağ Evin məsələyə nə qədər ciddi yanaşdığını göstərir. Vens, Uitkoff və Kuşner üçlüyü D.Trampın ən yaxın və sadiq adamlarıdır, bu da sazişin birbaşa Ağ Evin nəzarətində olacağının sübutudur.  Xüsusən Trampın kürəkəni Kuşnerin iştirakı "İbrahim sazişləri" təcrübəsinin prosesə inteqrasiya olunacağını göstərir. Tramp İranı da İsrail və ərəb ölkələri arasında əldə olunan "İbrahim sazişləri" modelinə bənzər çərçivəyə daxil etmək istəyir. 

Ümumiyyətlə, ABŞ və İran arasında atəşkəs razılaşmasının əldə olunması Yaxın Şərqdə pik həddə çatmış gərginliyin aradan qaldırılması yönündə önəmli dönüş nöqtəsi sayılır. Bölgə bir neçə gün öncə genişmiqyaslı və dağıdıcı müharibənin astanasında idi. Belə gərgin şəraitdə hərbi ritorikanın yerini atəşkəs müzakirələrinin alması kifayət qədər ümidverici hadisədir. Dialoq razılaşması və tərəflərin bir-birinə konkret bəndlərdən ibarət təkliflər verməsi danışıqların texniki detallara keçdiyini göstərir. İkihəftəlik atəşkəsin mühüm iqtisadi komponenti Hörmüz boğazının tam və təhlükəsiz fəaliyyətinin bərpasıdır. Dünya neft ticarətinin təxminən 20-30 faizinin keçdiyi strateji su yolu müharibə riski səbəbindən iflic vəziyyətinə düşüb. Boğazın açılması enerji daşımalarındakı bloklamanı aradan qaldıracaq və qlobal yanacaq qiymətlərini stabilləşdirəcək.

Yaxın Şərqdə cərəyan edən proseslərdə dost Pakistanın vasitəçilik missiyası  kifayət qədər əhəmiyyətli hadisədir. Pakistanın nüvə dövləti olması, ABŞ və İranla eyni müstəvidə münasibət saxlaması İslamabadı danışıqlar üçün əlverişli siyasi platformaya çevirib və imkansız görünən razılığın əldə olunmasında həlledici rol oynayıb. 

İran tərəfinin Çinin gərgin diplomatiyasını vurğulaması da təsadüfi deyil. Bu, Pekinin regiondakı enerji təhlükəsizliyini qorumaq üçün Tehrana ciddi təzyiq etməsindən xəbər verir. Çin dünyanın ən böyük neft idxalçısıdır və onun iqtisadi maşınının işləməsi birbaşa Fars körfəzindən gələn sabit xam neft axınından asılıdır. Bu mənada Yaxın Şərqdə ABŞ və İran arasında genişmiqyaslı müharibə Çin iqtisadiyyatı üçün fəlakət deməkdir. 

Lakin İran danışıqlar masasına əlindəki ən mühüm təzyiq rıçağı ilə oturur. İranın atəşkəs şərti kimi Hörmüz boğazından təhlükəsiz keçid vəd etməsi qarşı tərəfə ən böyük təhdidini xatırlatmasıdır. Tehran mesaj verir ki, əgər danışıqlar uğursuz olarsa, qlobal iqtisadiyyatı boğa bilər. Dünya ölkələri də onun fərqindədir ki, boğazın bağlanması qlobal neft qiymətlərinin rekord həddə çatması və dünya birjalarının çökməsi deməkdir. Digər tərəfdən, Hörmüz boğazı ABŞ-ni masada saxlamaq üçün İranın istifadə etdiyi yeganə real hərbi-strateji imkandır. 

İsrailin atəşkəsə "hə" deməsi də kritik məqamlardan biridir. ABŞ-nin İsrail üzərindəki təsir imkanları bəllidir. Görünür, Təl-Əviv Vaşinqtondan İranın nüvə-raket proqramı ilə bağlı müəyyən pərdəarxası zəmanətlər alıb. İsrailin İranla bir masa arxasına oturmasının yeganə şərti Tehranın nüvə ambisiyalarının dondurulmasıdır. Eyni zamanda İranın uzaqmənzilli ballistik raket proqramı və İsrailin təhlükəsizliyinə təhdid yaradan texnologiyaların inkişafının qarşısının alınması da masanın müzakirə mövzusudur. Baş nazir Benyamin Netanyahunun ofisindən yayılan bəyanatlar göstərir ki, İsrail atəşkəsi yalnız İrana hücumlara şamil edir. Təl-Əviv Livanın cənubunda terrorçu qruplaşmalara qarşı əməliyyatlarını davam etdirmək hüququnu özündə saxlayır. Bu, atəşkəsin kövrək olduğuna dəlalət edir, çünki Tehranın öz proksilərinin vurulmasına səssiz qalıb-qalmayacağı sual altındadır. Əgər İran iki həftə ərzində nüvə və raket məsələsində real geri çəkilmə nümayiş etdirməsə, İsrailin atəşkəs rejimindən çıxması və regionun yenidən alova bürünməsi qaçılmaz olacaq. 

İran tərəfinin vurğuladığı kimi, danışıqların ABŞ-yə etimadsızlıq şəraitində aparılması da atəşkəsin pozulmasına, hücumların yenidən başlanmasına yol aça bilər. Görünən odur ki, aprelin 24-dək tərəflər arasında çətin diplomatik şahmat oynanılacaq. Bu oyunda hər gediş regionun gələcək onilliklərini müəyyən edəcək. Əgər tərəflər qısa müddətdə 10-15 bəndlik təklifləri yekun sənəd halına gətirsələr, Yaxın Şərqdə müharibənin iqtisadi maraqlarla əvəzləndiyi "qızıl dövr" başlana bilər. Əks halda, indiki atəşkəs daha böyük fırtınadan əvvəlki səssizlik olacaq.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təbiətin sərt dönüşü

09:35
09 Aprel

"Azərenerji" Naxçıvanın enerji sistemini beynəlxalq standartlara uyğunlaşdırır

09:30
09 Aprel

Təmiz məsləkli insan

09:25
09 Aprel

Bakının simasını dəyişən memar

09:20
09 Aprel

Gecikən məhəbbət

09:17
09 Aprel

Milli-mənəvi dəyərlərin dəyərsizləşmə təhlükəsi

09:15
09 Aprel

Ağstafalı fermerlərin yaz qayğıları başdan aşır

09:10
09 Aprel

Goranboyda kütləvi səpin başa çatıb

09:07
09 Aprel

Şəmkir: rayon iqtisadiyyatına qoyulan investisiya davamlı inkişafa təkan verir

09:05
09 Aprel

Jurnalist Mixail Qusman təcrübəsini və xatirələrini bölüşüb

09:01
09 Aprel

Sumqayıtda Göz Mərkəzi açılıb

09:00
09 Aprel

"Ümid" qəsəbəsinin ağdamlı sakinləri səyyar görüşdən ümidlə ayrıldılar

08:55
09 Aprel

Uşaq evi sakininin builki ad günü yaddaqalan oldu

08:50
09 Aprel

Tərtərdə 430-dan çox fermer pambıqçılıqla məşğuldur

08:45
09 Aprel

Atəşkəs razılaşması davamlı sülhə transformasiya olunmalıdır

08:40
09 Aprel

Dünya nəfəsini dərdi: Vaşinqton və Tehran atəşkəsə razı oldu

08:35
09 Aprel

Ermənistan taleyüklü seçim qarşısındadır

08:30
09 Aprel

Etibarlı və məsuliyyətli tərəfdaşlar

08:25
09 Aprel

Azərbaycan-Gürcüstan əlaqələri Avrasiyanın enerji mənzərəsini yenidən formalaşdırır

08:20
09 Aprel

Regional əməkdaşlıq nümunəsi

08:15
09 Aprel

Akademik Rasim ƏLİQULİYEV: "Ölkənin rəqəmsal inkişafı süni intellekt mərhələsinə qədəm qoyur"

08:10
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!