Bu problemdir, yoxsa günün tələbi?
Son illərdə dünyada demoqrafık qocalma tendensiyası müşahidə edilir. Əhalinin qocalması həm də yeni doğulanların sayının azalması ilə əlaqədardır. Ölkəmizə gəldikdə, 2021-ci ildə doğulan körpələrin sayı 112 min 284 nəfər olub. Bu, son 30 ilin ən aşağı doğum göstəricisidir. Ötən il 18 yaşa qədər uşaqların ümumi əhalidə payı 2005-ci ilin statistikası ilə müqayisədə 31,8 faizdən 25,7 faizə düşüb.
Xatırladaq ki, Azərbaycanda son 50 ildə ən yüksək doğum göstəricisi 1990-ci ildə qeydə alınıb. Həmin ildə ölkədə 183 minə yaxın körpə doğulub. 1970-cı ildə ölkə əhalisinin sayı 5,1 milyon olduğu halda, 2021-ci ildə bu göstərici 10 milyonu ötüb. Bu müddətdə ölkə əhalisi iki dəfə artsa da, yaşı 18-dək olan əhali sayında və körpə doğumlarında xeyli azalma müşahidə edilir. Görünən odur ki, Azərbaycanda uşaqların sayı ilbəil azalır.
Vaxtilə ölkədə 6, 8, hətta 10, 12 uşaqlı ailələr də vardı. Müasir dövrdə isə hər bir azərbaycanlı ailəsində maksimum 2 və ya 3 uşaq olur. Bu, bir tərəfdən sosial-iqtisadi vəziyyətlə əlaqələndirilsə də, həm də müasir ailə planlaşdırmasının reallığıdır.
Dünya üzrə doğumun səviyyəsi aşağı düşüb
Dünyada əhalinin demoqrafiyası heç bir tarixi dövrdə sabit olmayıb. Son statistikaya əsasən, Yer kürəsində əhali sayı artıq 8 milyarda çatıb. BMT Baş katibinin hesabatında bildirilir ki, bu göstərici 2050-ci ildə 9,7 milyard ola bilər.
Demoqrafik göstəricilər kontekstində yaşı 18-dək olan uşaqların sayı ilə bağlı təhlil apardıqda dünya üzrə də doğumun səviyyəsinin azaldığını müşahidə etmək olar. Hazırda ölkəmizdə orta statistik göstəricilərə əsasən, doğulanların sayı hər ailə üzrə 2-dən çoxdur. Lakin Avropa ölkələrinin əksəriyyətində bu rəqəm 1-2 arasındadır.
Onu da qeyd edək ki, Avropa üzrə ən aşağı ümumi nəsilvermə əmsalı olan ölkələrdən biri 1,35 faiz göstərici ilə qonşu Rusiyadır.
Sosial şərait və mədəni həyat ailə planlamasına təsir göstərir
Mövzu ilə bağlı suallarımızı cavablandıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, bu gün bütün dünyada demoqrafik eniş baş verir. COVID-19 pandemiyası da demoqrafik göstəricilərə təsirsiz ötüşməyib. Pandemiya dövründə xəstələnənlərin və ölənlərin sayı çoxaldığı halda, nikahların sayında xeyli azalma müşahidə edilib. Komitə sədrinin sözlərinə görə, yaşı 18-dək olan əhali sayının azalmasının digər səbəblərindən biri də sonsuzluq faktoru, ailələrin evlilikdən sonra, adətən, iki-üç il ərzində övlad sahibi ola bilməmələridir. Bu faktorlar il ərzində doğulan körpələrin sayının azalmasına səbəb olur. Həmçinin son illərdə evlənənlərin sayının azalmasını, vətəndaşlarımızın daha gec yaşlarda ailə qurmağa üstünlük vermələrini də nəzərə almaq lazımdır. Gənclər karyeralarını qurub stabil iş yerinə sahib olduqdan və mənzil-məişət şəraitlərini yaxşılaşdırdıqdan sonra evlənmək istəyirlər.
Bununla belə, Musa Quliyev narahatlığa əsas görmür: "Hazırda müşahidə edilən azalma tendensiyası bizi bir o qədər narahat etmir, çünki doğulanların sayı ölənlərin sayından çoxdur. Bu tendensiya belə davam edərsə, hətta ölkə əhalisinin gəncləşməsinə səbəb olacaq. İstənilən halda demoqrafik məsələlər Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Lazım gələrsə, bu istiqamətdə stimullaşdırıcı addımlar atıla bilər".
Musa Quliyev əlavə edib ki, normal şəraitli ailələrdə iki və ya üç uşağın olması məqsədəuyğun hesab edilir: "Ata və ana dünyasını dəyişəndə statistik olaraq iki uşaq valideynlərini əvəz edərsə, digər bir nəfər də ölkə əhalisinin demoqrafik artımını təmin edə bilər. Amma təbii ki, hər şey bizim arzuladığımız kimi olmur. Sosial şərait və mədəni həyat ailə planlamasına təsir göstərir. Müasir dövrdə insanlar ömürlərinin çox hissəsini şəxsi inkişaf, mədəni həyat və sosial güzəranlarını yaxşılaşdırmağa sərf etmək istəyirlər. Əvvəllər çoxuşaqlılığı tələb edən elə həyatın özü idi. Xüsusən kənd yerlərində təsərrüfatların idarə olunması üçün çox işçi qüvvəsinə ehtiyac var idi. İndi kənd yerlərində də vəziyyət dəyişib, çünki texnologiya oralara da gedib çatıb. Ona görə də dünya üzrə ailələrin əksəriyyəti daha az uşaq sahibi olmağa meyillidirlər. Hər ailədə 2-3 uşağın olması orta statistik göstərici kimi müsbət qiymətləndirilə bilər".
Uşaqların sayı ailə institutumuzun ümumi mənzərəsini göstərir
Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi Etibar Bədəlov bildirir ki, əhalinin təbii artımı ölkədə baş verən əsas proseslərin "güzgüsü"dür. Onun sözlərinə görə, Azərbaycanın 90-cı illərdə çətin siyasi və iqtisadi dövr keçirməsinə baxmayaraq, təbii artım yüksək səviyyədə olub. 2016-cı ildən sonra isə artım sürətlə azalmağa başlayıb və nəhayət, 2020-ci ildə təbii artım hər 1000 nəfər üçün 5 nəfərə enib. Beləliklə, təbii artımın azalması uşaqların sayının da enməsinə səbəbdir. Ona görə də bu azalma məhz həmin dövrdən sonra davamlı xarakter alıb.
E.Bədəlov deyir ki, qlobal iqtisadi böhranlar Azərbaycanda uşaqların sayının azalmasına təsir göstərib. Ailələrdə sosial-iqtisadi vəziyyətə görə gənclər evliliklərini təxirə salırlar. Yeri gəlmişkən, ölkədə nikaha daxil olmaq üçün orta yaş həddinin artması da uşaqların sayının azalmasına təsir edən faktorlardandır. Problemdən çıxış yolu demoqrafik siyasəti gücləndirməkdir.
Ailələrdə uşaq sayının azlığı dövrün tələbidir
Sosioloq Asif Bayramov qeyd edir ki, cəmiyyətimizin sosial sferalarında gedən proseslər Qərb həyat standartlarının xalqımızın demoqrafik vəziyyəti, mənəvi dəyərlər sistemi və ailə institutuna təsirsiz ötüşmədiyini göstərir: "Ölkə əhalisinin demoqrafik artımının fonunda uşaqların sayının azalması mənəvi-ideoloji və maddi-iqtisadi faktorlarla bağlıdır. Mənəvi-ideoloji faktor dedikdə, Azərbaycan cəmiyyətinə başqa cəmiyyətlərdən ötürülən ideya və ideologiyalar nəzərdə tutulur. Yəni müxtəlif ideyaların təsiri nəticəsində xalqımızın çoxəsrlik ailə institutunda müəyyən dəyişikliklər, yeni tendensiyalar müşahidə edilir. Beləliklə, hazırda əksər ailələr daha çox uşaq sahibi olmağı planlaşdırmır, onlar bir və ya iki övladla kifayətlənirlər. Gənclərin bu fikirdə olmasının maddi-iqtisadi səbəbləri ilə yanaşı, mənəvi-ideoloji tərəfləri də çoxdur".
Ekspert son illər respublikada boşanmaların sayının çox artmasının, hər il orta hesabla 30 min körpənin valideyn qayğısından məhrum olduğunu da xatırladır. Onun fikrincə, bu hal cəmiyyət üçün yararlı şəxsiyyətlərin yetişdirilməsi baxımından ciddi narahatlıq yaradır: "Ona görə də cəmiyyətimizə ötürülən zərərli ideya axınının qarşısını almaq üçün müvafiq mexanizm hazırlanmalıdır. Ölkəmizin informasiya məkanını sərhədlərimiz qədər ayıq-sayıq qorumalıyıq. Artmaqda olan boşanmalar ölkədə demoqrafik göstəricilərdə xoşagəlməz dəyişikliklərə, xüsusən də uşaqların sayının azalmasına səbəb olan əsas amildir".
A.Bayramovun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin böyük əksəriyyəti demoqrafik tendensiyanı artırmaq üçün müxtəlif həvəsləndirici və stimullaşdırıcı proqramlar tətbiq edir. Sosioloq qeyd edib ki, həmin proqramların hesabına demoqrafik artımı lazımi səviyyədə saxlamaq mümkün olur. Ona görə də proqressiv ölkələrin təcrübəsindən yararlanmaq lazımdır. Əslində, bu, çox bəsit məsələdir. Ölkədə cəmiyyətin sosial müdafiəsi üçün hazırlanmış normativ-hüquqi baza kifayət qədər mükəmməldir. Həmin qanunvericilik əsasında işlək mexanizmin yaradılması problemin həlli üçün faydalıdır.
İndi bir və ya iki uşaqla kifayətlənmək ən uyğun seçimdir
Bir övlad sahibi olan ictimai fəal Nigar Köçərli ailələrin çoxuşaqlı olmasına müsbət yanaşsa da, hesab edir ki, bu, müasir dövrdə real görünmür: "Lakin maddi durumu yaxşı olan ailələrdə neçə uşaq olmasından asılı olmayaraq, onların hər birinə lazımi diqqət və qayğını göstərmək mümkündür. Fikrimcə, uşaqların çox olduğu ailələr daha xoşbəxt olurlar. Hətta dörd və ya beş övladı olan valideynlər də maddi durumları yaxşı olduqları halda özlərini inkişaf etdirə bilərlər. Əslində, çoxuşaqlılıq vaxtilə yalnız Azərbaycana deyil, elə bəzi Avropa ölkələrinə də xas olub".
Ölkədə uşaqların sayının artırılması üçün xüsusilə təhsilin və səhiyyənin keyfiyyətinin inkişaf etdirilməsini vacib sayan N.Köçərli hesab edir ki, belə olan halda ailədə az və ya çox uşaq olmasına baxmayaraq, onların hər birinin təhsil səviyyəsi və sağlamlığı ürəkaçan olar. "İndiki şəraitdə isə bir və ya iki uşaqla kifayətlənmək orta statistik azərbaycanlı ailəsi üçün daha uyğun seçimdir", - deyə o bildirir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən mövzu ilə bağlı bildirilib ki, hazırda ölkədə uşaqların sayı ilə bağlı müşahidə edilən azalma təhlükəli deyil.
Göründüyü kimi, uşaqların sayının azalması bir neçə faktorla əlaqəlidir. Bəzi ailələr maddi durumu əsas gətirərək çox uşaq sahibi olmaqdan imtina etdiyi halda, bəziləri ailə planlamasına müasir çağırışlar prizmasından yanaşırlar. Ona görə də hazırda ölkədə 4 və ya 5 uşaqlı ailələrə rast gəlmək təəccüb doğurur. İstənilən halda ailədə olan uşaqların sayından asılı olmayaraq, valideynlər övladlarının hər birinə diqqət və qayğı ilə yanaşmalı, onları layiqli vətəndaş kimi böyütməli, yüksək təhsil və tərbiyə verməlidirlər. Unutmaq olmaz ki, uşaqlar sabahın qurucularıdırlar. Ulu Öndər Heydər Əliyev deyirdi: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır".
Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"