İnvestorların Ağdam Sənaye Parkına maraqları artır
Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın böyük iqtisadi potensiala malik əraziləridir. Uzun illər işğal altında qalan bu bölgə hazırda bərpa, yenidənqurma mərhələsindədir və sənayenin inkişafı əsas prioritetlərdən biridir.
Sirr deyil ki, region zəngin təbii ehtiyatlara malikdir. Xüsusilə dağ-mədən sənayesi, tikinti materialları, enerji istehsalı və kənd təsərrüfatı məhsullarının emalı üçün geniş imkanlar mövcuddur. Kəlbəcər və Laçın rayonlarındakı qızıl, civə və digər faydalı qazıntılar sənayenin inkişafı üçün çox böyük bazadır. Mərmər, əhəngdaşı, perlit və gil yataqları da tikinti sənayesinin inkişafı üçün əlverişli şərait yaradır. Zəngin su ehtiyatları hidroenergetika sahəsinin inkişafına imkan verir, dağ çayları üzərində su-elektrik stansiyalarının qurulması enerji təminatını gücləndirir. Onu da qeyd edək ki, əlverişli iqlim və torpaq kənd təsərrüfatı məhsullarının emalına əsaslanan sahələrin - qida, konserv və yüngül sənayenin inkişafında mühüm rol oynayır. Bu amillər bölgənin iqtisadi potensialını artıraraq sənayenin davamlı tərəqqisi üçün möhkəm zəmin formalaşdırır.
Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji zonası"nın yaradılması da sənaye baxımından böyük əhəmiyyət daşıyır. Günəş, külək və su-elektrik stansiyalarının qurulması enerji sənayesinin inkişafına və ekoloji tarazlığın qorunmasına xidmət edir. Bu layihələr, həm də regionun enerji müstəqilliyini artırır, sənaye müəssisələri üçün dayanıqlı enerji mənbəyini təmin edir və yeni texnologiyaların tətbiqinə şərait yaradır. Eyni zamanda "yaşıl enerji" sahəsində yaradılan iş yerləri əhalinin məşğulluğunu artırır və bölgəyə gənc mütəxəssislərin cəlb olunmasına imkan verir. Bu, həm iqtisadi, həm də sosial inkişafı sürətləndirir, insanların həyat səviyyəsinin yüksəlməsinə yol açır.
Qarabağ və Şərqi Zəngəzurda sənaye parklarının, logistika mərkəzlərinin və müasir istehsal müəssisələrinin qurulması regionu investisiya baxımından cəlbedici zonaya çevirir. Nəticədə bölgədə həm yerli, həm də xarici investisiyaların artması gözlənilir ki, bu da iqtisadi sabitliyi və davamlı inkişafı təmin edir. Regionda sənaye parklarının və logistika mərkəzlərinin yaradılması yeni iş yerlərinin açılmasına, əhalinin geri qayıdışına və sosial-iqtisadi inkişafın sürətlənməsinə şərait yaradır. Dövlət tərəfindən həyata keçirilən infrastruktur layihələri sənayenin davamlı inkişafını önə çəkir. Xüsusilə Ağdam Sənaye Parkı bu baxımdan böyük əhəmiyyət kəsb edir. Parkda fəaliyyət göstərən müxtəlif istehsal müəssisələri qida, tikinti materialları, yüngül və emal sənayesini özündə birləşdirir.
Ağdam Sənaye Parkı həmçinin regiona investisiyaların cəlb olunmasına yol açır və yerli sahibkarlığın inkişafını dəstəkləyir. Parkda yaradılan iş yerləri əhalinin bölgəyə qayıdışını sürətləndirir, eləcə də sosial rifahın yüksəlməsinə töhfə verir. Bu layihə Qarabağ və Şərqi Zəngəzurda sənayenin modernləşdirilməsi və iqtisadi dirçəlişin sürətlənməsi baxımından strateji əhəmiyyətə malikdir. Faktlar və statistik göstəricilər də Ağdam Sənaye Parkının nə qədər uğurlu və perspektivli layihə olduğunu açıq şəkildə göstərir. İqtisadi Zonaların İnkişfı Agentliyinin (İZİA) məlumatına görə, parkda 32 biznes subyektinə rezidentlik, əlavə olaraq 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib ki, bu da regiona həm yerli, həm də xarici investisiyaların cəlb olunmasına şərait yaradır. Sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 145,8 milyon manat investisiya yatırılıb və bunun nəticəsi olaraq, indi 1000-ə yaxın daimi iş yeri mövcuddur.
İşə qəbul zamanı xüsusilə Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir. Bu da təbii ki, bölgədə sosial-iqtisadi sabitliyin qorunmasına və yerli icmaların dəstəklənməsinə xidmət edir. Hazırda Ağdam Sənaye Parkında 13 müəssisə fəaliyyət göstərir və burada sahibkarlar tərəfindən istehsal edilmiş məhsulların həcmi 1,4 milyard manatdan ibarətdir. Çox yaxşı haldır ki, həmin məhsulların 62,3 milyon manatı xarici bazarlara ixrac olunub.
Beləliklə, Ağdam Sənaye Parkı təkcə sənaye sahəsinin inkişafına deyil, həm də regional iqtisadiyyatın güclənməsinə, işsizliyin azaldılmasına və yerli əhalinin rifahının yüksəlməsinə töhfə verir. Bu uğurlu təcrübə Qarabağ və Şərqi Zəngəzurda sənayenin digər sahələrinə də nümunə ola bilər. Məsələn, 2021-ci ildə yaradılan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Cəbrayıl rayonunda yerləşir və kənd təsərrüfatı məhsullarının emalı, sənayesi və logistika sahələrini əhatə edəcək şəkildə planlaşdırılıb. Burada işlərin gözlənilən səviyyədə irəliləməsi əsas verir ki, gələcəkdə Zəngilan və Laçın kimi digər rayonlarda da sənaye və kənd təsərrüfatı zonaları yaradılsın.
Şərqi Zəngəzurda yaradılan sənaye və kənd təsərrüfatı istehsal zonaları Ağdam Sənaye Parkının modelindən ilhamlanaraq investisiyaların cəlb edilməsinə və yerli sahibkarlığın inkişafına xidmət edir. Oxşar sənaye parklarının təşkili bölgədə emal sənayesinin genişlənməsinə, logistika imkanlarının artmasına və ixrac potensialının yüksəlməsinə şərait yaradır. Qeyd edək ki, bu təcrübə gənc mütəxəssislərin yetişdirilməsinə və innovativ texnologiyaların tətbiqinə imkan verir. Belə layihələr bölgədə iqtisadi sabitliyi gücləndirir, işgüzar mühiti yaxşılaşdırır və yerli əhalinin həyat səviyyəsinin yüksəlməsinə töhfə verir.
Qarabağ və Şərqi Zəngəzurda sənayenin inkişafı yalnız iqtisadi nəticələr gətirmir, həm də regionun sosial və mədəni dirçəlişinə dəstək olur, insanların öz doğma torpaqlarına geri dönməsinə stimul verir. Nəticə etibarilə Ağdam Sənaye Parkı və ona bənzər layihələr regionun iqtisadi inkişaf strategiyasının mərkəzi elementi olaraq, Azərbaycanın dayanıqlı sənaye potensialının formalaşmasında mühüm rol oynayır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"