Ulu Öndər Heydər Əliyev bu sözləri də böyük uzaqgörənliklə demişdi. Demişdi ki, onun sona çatdıra bilmədiyi işləri İlham Əliyev başa çatdıracaq. Birbaşa mətləbə keçərək xatırlayaq ki, bu sözlər deyilən zaman ölkənin enerji sektorunda da başlanmış mühüm işlər, qlobal layihələr vardı və onları irəli aparmaq kimi çətin vəzifə Prezident İlham Əliyevin üzərinə düşdü.
O vaxt "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının şah damarı sayılan "Azəri" hələ neft verməmişdi. "Əsrin müqaviləsi" adını almış bu layihə çərçivəsində yalnız "Çıraq"dan hasilat alınırdı. Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin tikintisinə yenicə başlanmışdı. Ulu Öndərin çətin mübarizələrdən keçirərək araya-ərsəyə gətirdiyi bu möhtəşəm layihə təzəcə nəfəsini dərib irəliləyirdi. Bakı-Tbilisi-Ərzurum kəməri də heç yox idi. Çünki bu kəmərin daşıyacağı qaz "Şahdəniz"dən əldə olunacaqdı. Orada isə hələ kəşfiyyat, qazma və digər işlər gedirdi...
Qısaca deyək: Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bu layihələrin hamısı icra olundu və böyük uğurla tamamlandı. Başlanmış işlər nəinki sona çatdırıldı, hətta genişləndi, şaxələndi. Belə ki...
2004-cü il fevralın 3-də Bakıda, "Gülüstan" sarayında BTC layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar son sənədlər imzalandı. 2005-ci il fevralın 18-də dövlət başçısı Xəzərin qoynunda quraşdırılmış "Mərkəzi Azəri" platformasına gəldi və buradan ilkin neftin alınması münasibətilə keçirilən möhtəşəm tədbirdə iştirak etdi. Bu, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə vurulacaq neft idi! Bu hadisə ilə "Əsrin müqaviləsi" öz kulminasiya nöqtəsinə çatmışdı!
Elə həmin il mayın 25-də Bakı yaxınlığındakı Səngəçal terminalından neft tikintisi artıq tamamlanmış BTC-yə vuruldu. Bu, həm də kəmərin Azərbaycan hissəsinin istifadəyə verilməsi demək idi. Tarixi hadisənin qeyd edilməsində Gürcüstanın, Türkiyənin, Qazaxıstanın ovaxtkı prezidentləri də iştirak etdilər.
Növbəti il iyulun 13-də isə BTC tam sistem kimi işə salındı və həmin vaxtdan rəvan yollarla irəliləyir. İndi bu kəmər "Azəri-Çıraq-Günəşli"nin neftini daşımaqla yanaşı, həm də regionun əsas neft ixracı arteriyasına çevrilib. Təkcə özümüzə deyil, bütün regiona xeyir-bərəkət gətirir.
AÇG demişkən, İlham Əliyev bu layihənin, yəni "Əsrin müqaviləsi"nin də ömrünü uzatdı. 2017-ci il sentyabrın 14-də bu yataqlar blokunun işlənməsinin 2050-ci ilin əvvəlinədək uzadılması barədə saziş imzalandı. Məqsəd AÇG-nin potensialını tam üzə çıxarmaqdır. Lakin blokun potensialı təkcə neft deyil. Əslində, indi "Azəri-Çıraq-Günəşli" həm də dərin laylarından qaz vəd edir. Cari ildə həmin qazın hasilatı gözlənilir və bütün bu işlər Prezidentin nəzarətindədir.
Qazdan söz düşmüşkən isə onu vurğulayaq ki, Azərbaycan məhz İlham Əliyevin Prezidentliyi dövründə dünyada mavi yanacaq ixracatçısı kimi tanındı. Onun enerji siyasətinin şah əsəri sayılan "Şahdəniz"in qazı 2006-cı ildən Gürcüstana, 2007-ci ildən Türkiyəyə, 2020-ci ilin son günündən başlayaraq isə Avropaya ixrac olunur. Azərbaycandan və Gürcüstandan keçən Cənubi Qafaz Boru Kəməri (CQBK) Türkiyənin ərazisində daha 280 kilometr uzadılaraq Bakı-Tbilisi-Ərzurum kəməri adını aldı.
Daha sonra isə CQBK genişləndirilərək möhtəşəm bir enerji dəhlizinin də birinci seqmenti oldu. Söhbət Azərbaycan qazını Avropaya nəql edən "Cənub qaz dəhlizi"ndən gedir. Üç kəmərin - CQBK, TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) birləşməsindən yaranan 3500 kilometrlik bu dəhlizin də təşəbbüskarı İlham Əliyevdir. Bunu təkcə özümüz demirik. Dünyanın bir çox görkəmli siyasətçiləri etiraf edirlər ki, bu meqalayihənin aparıcı qüvvəsi Azərbaycandır, onun reallaşmasında Azərbaycan Prezidentinin səyləri, zəhməti və nüfuzu ölçüyəgəlməzdir.
Azərbaycan qazının uğur hekayəsi davam edir. "Cənub qaz dəhlizi" Avropanın enerji xəritəsini dəyişdirib. Ölkəmiz artıq Pan-Avropa qaz təchizatçısı adını qazanıb. Təsadüfi deyil ki, 2015-ci ildən başlayaraq, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının illik toplantılarının hamısı Bakıda keçirilib. İndiyədək olan 11 iclasın hamısında dövlətimizin başçısı iştirak edib, çıxış edib, tədbirə gələn görkəmli siyasi xadimləri və dünyanın enerji sektorunun görkəmli nümayəndələrini qəbul edib. Bu da işlərin gedişinə böyük təkan və fayda verib.
Və daha önəmli bir fakt: 2024-cü il fevralın 7-də, yəni xalqımız İlham Əliyevi növbəti dəfə özünə lider seçdiyi vaxt Azərbaycan 8 ölkəyə qaz ixrac edirdi - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan və Serbiyaya. Bu gün, həmin vaxtdan cəmi ikicə il sonra onların sayı 16-dır - iki dəfə çox! İki il ərzində Azərbaycan qazının idxalçılarına çevrilən ölkələr bunlardır: Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya. Bu coğrafiyanın özü də göstərir ki, Azərbaycan qazı Qərbə və Yaxın Şərqə doğru inamla irəliləyir.
Ölkəmizin bu inamını dünya hazırkı enerji keçidində də aydın görür. Belə ki, "yaşıl gündəliy"imiz artıq hamıya bəllidir. Buna bir vasitə də 2024-cü ilin noyabrında Azərbaycanın evsahibliyi etdiyi COP29 oldu.
Azərbaycanın "yaşıl enerji" mənbələrinin texniki potensialı böyükdür - quruda 135, dənizdə isə 157 qiqavat təşkil edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonaları elan olunub. Bunun da əsası var. Çünki bərpaolunan enerji resurslarının texniki potensialı Qarabağ və Şərqi Zəngəzurda 10 qiqavat, Naxçıvanda isə 5 qiqavat həcmində qiymətləndirilir. İşğaldan azad edilmiş ərazilərimizdə beş il ərzində 39 su-elektrik stansiyası tikilib.
İndi bu ərazilərdə daha böyük bərpaolunan enerji layihələri icra olunmaqdadır. COP29-un davam etdiyi günlərdə Cəbrayıl rayonunda BP şirkəti ilə birlikdə tikiləcək 240 meqavatlıq "Şəfəq" Günəş-Elektrik Stansiyasının təməli qoyuldu və hazırda layihə qrafika uyğun irəliləyir.
Ümumiyyətlə, "yaşıl enerji" layihələri artıq digər şəhər və bölgələrimizə də "addımlayır". Bu istiqamətdə ən böyük uğurlarımızdan biri 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə tikilən 230 meqavatlıq "Qaradağ" Günəş-Elektrik Stansiyasının istifadəyə verilməsidir.
Bu yaxınlarda isə 240 meqavat gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası istismara verildi. Stansiyanın açılışında çıxış edən Prezident İlham Əliyev dedi: "Son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir. O cümlədən bərpaolunan enerji növlərinin böyük həcmdə ümumi enerji sistemimizə inteqrasiya etməsi də, əlbəttə ki, böyük peşəkarlıq tələb edir, böyük vəsait tələb edir. Nəzərə alsaq ki, bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq, əlbəttə, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır. Yəni burada biz çox uğurlu beynəlxalq əməkdaşlıq nümunəsini görürük. Onu da bildirməliyəm ki, bundan sonra bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar. Halbuki Azərbaycan şirkətləri də bu məsələyə maraq göstərməyə başlamışlar və artıq bir neçə günəş-elektrik stansiyasının tikintisinə də başlanılmışdır".
Dövlətimizin başçısı növbəti inamla bildirir ki, növbəti "yaşıl enerji" stansiyalarımız Naxçıvanda, Biləsuvarda, Neftçalada, işğaldan azad edilmiş ərazilərdə və digər bölgələrdə açılacaq.
Prezident İlham Əliyevin enerji siyasətinin hədəflərindən biri də "yaşıl enerji"nin ixracıdır. Azərbaycan yaxın gələcəkdə bərpaolunan enerjinin ixracatçısı olmaqla yanaşı, onun tranzitini də həyata keçirəcək. Yəni həmçinin regional gündəlikdə "yaşıl enerji" layihələri üzərində iş gedir. Təkcə Azərbaycanda deyil, Mərkəzi Asiya ölkələrində də günəş və külək-elektrik enerjisi stansiyaları yaradılır. Dövlətimizin başçısı bu istiqamətdə də əməkdaşlığı genişləndirir. Bakıda COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalamışlar. Həmin sənədə əsasən, Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi nəzərdə tutulur. Bu xətt Mərkəzi Asiyada istehsal olunan "yaşıl enerji"ni Azərbaycanın infrastrukturuna birləşdirəcək.
Xatırladaq ki, 2022-ci il dekabrın 17-də isə Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanmışdır. Bunun üçün Qara dənizin dibi ilə "yaşıl enerji" kabeli çəkiləcək. Yəni region təkcə Cənubi Qafqazı əhatə etmir, burada daha geniş coğrafiya əhatə olunur. Mərkəzi nöqtə isə məhz Azərbaycandır.
Bütün bunlarla yanaşı, Azərbayan Prezidenti yanacaq enerjisinin hasilatına və ixracına diqqəti azaltmır. Təsadüfi deyil ki, bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı neft hasilatının sabitləşdirilməsini və qaz hasilatının artırılmasını vacib məsələ kimi qeyd edib.
Prezidentimiz yeri gələndə bəzi ölkələrin "faydalı qazıntı allergiyası"na tutarlı cavab da verir. Belə ki, bu məsələyə də həmişə uzaqgörənliklə yanaşır. Çıxışlarından tək birini xatırlasaq kifayətdir. COP29 ərəfəsində - 2024-cü il aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxış edərkən dövlətimizin başçısının dediyi sözləri yada salaq: "Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi OPEC+ platformasının üzvüdür. Hesab edirəm ki, bu həmçinin əlavə üstünlükdür, çünki təbii sərvətləri, xüsusən də neft və qazı zəngin olan ölkə iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır. Beləliklə, həmin müxtəlif rollar, fikrimcə, yaxşı həmrəylik ruhunu yaradacaq və bizə məqsədlərimizə nail olmağa imkan verəcək. COP-a evsahibliyi edəcək ölkə kimi seçilməyimizdən dərhal sonra bəzi mətbuat orqanları əsas diqqətini bizim enerji quruluşumuza və enerji tarixçəmizə yönəltdilər. Mən hər zaman demişəm ki, neft və qaz ehtiyatları bizim günahımız deyil. Bu, Tanrıdan verilən vəsilədir. Buna görə biz mühakimə olunmalı deyilik. Biz həmin ehtiyatların ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, "yaşıl gündəlik"lə bağlı tutduğumuz hədəflərə yönəldilməsinə görə dəyərləndirilməliyik. Neft və qazımız həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq".
Flora SADIQLI,
"Azərbaycan"