Qərbin nəhəng şirkətləri Azərbaycanla iqtisadi əlaqələri genişləndirməyə maraq göstərirlər
Prezident İlham Əliyevin fevralın 9-da qəbul etdiyi ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizlə sıx əməkdaşlıq qurmuş dünyaşöhrətli şirkətlərin rəhbər şəxsləri də vardı. Onlar enerji, texnologiya, qida məhsulları, nəqliyyat və digər sahələri təmsil edirdilər. Söhbət zamanı bildirildi ki, ümumilikdə Azərbaycana səfərə 31 şirkətdən 60 nəfər nümayəndə gəlib.
Azərbaycan-ABŞ iqtisadi əlaqələrində enerji əməkdaşlığının tarixi digər sahələrdə olduğundan xeyli əvvəl başlandığı üçün öncə elə bundan bəhs edək. Məsələn, "ExxonMobil" şirkəti ilə tərəfdaşlığımızdan.
Sözügedən görüş zamanı Prezident İlham Əliyev bu məsələyə də diqqət çəkdi: "Mən "Exxon"un nümayəndələrini görürəm. O da Azərbaycanda investisiya layihələrinə qoşulan ilk şirkətlərdən biridir, hazırda yeni layihələr üzərində işləyir. Ümidvaram ki, yaxşı nəticələr əldə olunacaq. Ötən ilin avqustunda Vaşinqtona səfərim zamanı çox ümidverici və çox cəlbedici layihə ilə bağlı Anlaşma Memorandumunu imzaladıq. Əgər uğurlu olarsa, ümidvarıq ki, bu, bizə neft sənayemizi inkişaf etdirmək üçün əlavə imkanlar yaradacaq, eyni zamanda həmişə olduğu kimi, neft satışından əldə etdiyimiz vəsaiti qeyri-neft iqtisadiyyatına investisiya yatırmaq üçün bizə əlavə imkan verəcək".
Xatırladaq ki, keçən il avqustun 7-də Prezident İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "ExxonMobil" arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu, iki ölkə arasında enerji əməkdaşlığının inkişaf perspektivlərindən xəbər verir.
Onu da qeyd edək ki, ABŞ-nin "ExxonMobil" şirkəti ölkəmizdə xeyli vaxtdır yaxşı tanınır. Bu şirkət Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsi layihəsinin iştirakçısıdır. Başqa sözlə, o, "Əsrin müqaviləsi"nin irəliyə doğru addımladığı, nailiyyətlər əldə etdiyi illərdə Azərbaycanda olub.
"ExxonMobil" bu gün də AÇG-nin səkkiz iştirakçısından biridir və layihədə sanballı, yəni 6,79 faizlik paya malikdir. Bu şirkət eləcə də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin səhmdarlarından biridir və burada 2,5 faizlik payla iştirak edir. Əslində, bunlar şərhə ehtiyacı olmayan faktlardır. Çünki istər AÇG, istərsə də BTC ölkəmizin yaratdığı etibarlı əməkdaşlıq və tərəfdaşlıq sayəsində gerçəkləşdirilən önəmli layihələrdir.
Bir qədər də "ExxonMobil"in özü haqqında: o, təkcə ABŞ-nin deyil, dünyanın ən böyük neft şirkətlərindən biri sayılır. Şirkətin baş ofisi Texas ştatının Dallas şəhərinin ətrafında olan İrvinqdə yerləşir. Əsas neft ehtiyatları Asiya və ABŞ-də, təbii qaz ehtiyatları isə ABŞ, Avstraliya, Asiya və Avropada yerləşir. Hazırkı şirkət 1999-cu ildə ABŞ-nin ən böyük neft şirkətləri "Exxon" və "Mobil"in birləşməsi nəticəsində yaranıb.
Prezident İlham Əliyev digər layihələrdən də bəhs etdi. Çətin dövrdə və mürəkkəb coğrafi şəraitdə çəkilən neft və qaz boru kəmərləri, dəmir yolları, elektrik kabel xətləri kimi mövcud kommunikasiya infrastrukturu barədə məlumat verdi. Belə ki, Azərbaycan yerləşdiyi daha geniş regionda hər hansı növ enerji mənbələrinin idxalından asılılığı olmayan yeganə ölkədir. Biz özümüzü neft, qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ilə təmin edirik və onları ixraca da yönəldirik. Bu gün 16 ölkəyə təbii qaz ixrac edirik və qazın boru kəməri ilə təchizatı nöqteyi-nəzərindən dünyada birinci yerdəyik.
Ən önəmli məsələlərdən biri də hələ ki, istifadə, istehlak və ixrac etmədiyimiz çoxlu elektrik enerjisidir. Prezidentimiz bu barədə belə dedi: "İki giqavat enerji artıq mövcuddur və imzalanmış müqavilələrə əsasən - anlaşma memorandumlarına deyil, müqavilələrə əsasən, 2032-ci ilə qədər biz əlavə 7-8 giqavat Günəş və külək enerjisinə sahib olacağıq. Qeyd etdiyim kimi, bütün bunlar artan iqtisadiyyat, inkişaf edən sənaye, xüsusilə bizim qlobal süni intellekt qovşaqlarından və məlumat mərkəzlərindən biri olmaq hədəfimiz şəraitində daxili istehlak üçün əlçatan olacaq. Üstəlik, bu, etibarlı elektrik və qaz təchizatı mənbələri çatışmazlığından və ya olmamasından əziyyət çəkən daha çox ölkələrə kömək edəcək. Üzərində işlədiyimiz layihələrdən biri də Azərbaycandan Avropaya Qara dəniz vasitəsilə kabel xəttinin, həmçinin Prezident Trampın irəli sürdüyü və onun adını daşıyan, Azərbaycanla Ermənistan arasında sülhə nail olunduqdan sonra reallaşması mümkün olan TRIPP layihəsi - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu vasitəsilə ötürücü xətlərin, mövcud olanlardan əlavə yeni ötürücü xətlərin çəkilməsidir".
Bərpaolunun enerji istiqamətində görülən işlər sırasında BP şirkətinin işğaldan azad edilmiş Cəbrayıl rayonunda tikməkdə olduğu "Şəfəq" Günəş-Elektrik Stansiyasının adı çəkildi. Və BP Böyük Britaniya şirkəti olsa belə burada ondan da bəhs edilməsi təsadüfi deyildi. Çünki görüşdə BP şirkətinin Amerika üzrə kommunikasiya və xarici əlaqələr üzrə baş vitse-prezidenti Meri Strit də iştirak edirdi. O, ölkəmizlə şirkət arasında uzun illərdir davam edən uğurlu tərəfdaşlığı qeyd etdi, Azərbaycandakı müsbət investisiya mühitinə toxundu, yerli kadrların hazırlanması məsələsini diqqətə çatdırdı.
Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-BP əməkdaşlığını vurğulayaraq dedi: "Biz də 30 ildən artıq davam edən tərəfdaşlığı yüksək qiymətləndiririk. Bu, ölkənin transformasiyasında mühüm rol oynadı. Çünki BP və Azərbaycan 1994-cü ildə birgə fəaliyyətə başlayanda Azərbaycan ciddi problemləri olan ölkə idi. Həmin dövrdə bizim Ermənistanın təcavüzü nəticəsində etnik təmizləməyə məruz qalaraq didərgin salınmış bir milyon evsiz insanımız var idi. Büdcəmizdə vəsait sıfır idi. Elektrik enerjisi kəsintilərimiz var idi, elektrik enerjisi çatışmırdı, hətta neft hasilatı sürətlə azalırdı və uğur qazanmaq perspektivi çox aşağı idi. Beynəlxalq neft şirkətlərindən, əsasən bp və başqalarından investisiyalar cəlb olunması bizim həyatda qalmağımız və dövlət qurmağımız üçün yeganə yol idi. Beləliklə, bp və digər şirkətlərin bizə etimadı mühüm rol oynadı, biz bunu heç vaxt unutmayacağıq. Həmin vaxtdan bəri 30 ildən çox müddətdə heç bir narazılıq və ya heç bir hüquqi məsələ olmayıb. Beləliklə, bu, ev sahibi ölkə ilə aparıcı enerji şirkəti arasında əməkdaşlığın yaxşı nümunəsidir".
Qeyd edildiyi kimi, indi bu əməkdaşlıq bərpaolunan enerjiyə transformasiya olunur. Eyni zamanda bu il "Azəri-Çıraq-Günəşli"nin dərin qatlarından "sərbəst qaz" adlanan yanacağın alınmasını gözləyirik. Həmçinin neft hasilatının sabitləşdirilməsi qarşıda əhəmiyyətli vəzifə kimi dayanır. "Biz çox səmərəli şəkildə işlədiyimiz və işləməyə davam etdiyimiz bütün enerji şirkətləri ilə yaxşı əlaqələr qurmuşuq", - deyə dövlətimizin başçısı bildirmişdir.
Bu sözləri digər sahələri təmsil edən şirkətlər barədə də demək olar. Sözügedən görüşdə iştirak edən şirkətlərdən yalnız bir neçəsinin, məsələn, "Apple", "Ericsson AB", "Herbalife", "Illumina", "Meta", "Visa", "Wabtec", "Baker Hughes"in adını çəkmək kifayətdir ki, Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının necə şaxələndiyi haqqında aydın təsəvvür yaransın.
Flora SADIQLI,
"Azərbaycan"