Azərbaycanın gənclik siyasəti dövlətin gələcəyə hesablanmış strateji baxışının əsas sütunlarından biridir. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların bilik və bacarıqlarının üzə çıxarılması, istedadlarının reallaşdırılması üçün hərtərəfli imkanlar yaradılıb. Bu gün təhsil, elm, mədəniyyət və dövlət idarəçiliyi sahələrində həyata keçirilən məqsədyönlü proqramlar gənclərin cəmiyyətin həyatında fəal iştirakını təmin edir, onları yeni ideyalarla çıxış etməyə, təşəbbüskar olmağa ruhlandırır.
Nigar Abdullayeva 1991-ci ildə Bakıda doğulub O, hələ məktəb illərindən seçilən, biliyə və özünüinkişafa xüsusi maraq göstərən gənclərdəndir. Xətai rayonunun 257 saylı orta məktəbini əla qiymətlərlə bitirən Nigar gələcək uğurlarının möhkəm təməlini məhz həmin dövrdə qoyub.
Nigar müxtəlif sahələr üzrə biliklərini zənginləşdirməyə həvəsli olub. İnformasiya texnologiyaları sahəsində aldığı biliklər, Bakı Biznes Kooperasiya Kollecində Bələdiyyə təsərrüfatının təşkili ixtisası üzrə qazandığı peşə hazırlığı, sonra Azərbaycan Dövlət İqtisad Universitetində Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə ali təhsil alması onun idarəçilik və təşkilatçılıq bacarıqlarını formalaşdırıb. Tələbəlik illərində elmi fəaliyyətə xüsusi maraq göstərməsi, elmi işlər üzrə komissiyaya rəhbərlik etməsi və gənclərə elmi məqalələrin yazılması ilə bağlı təlimlər keçməsi onun artıq bu sahədə mütəxəssis kimi formalaşmasını sübut edir.
Bu gün Nigar Abdullayeva AMEA Folklor İnstitutunda mütəxəssis kimi fəaliyyət göstərməklə yanaşı, Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, elektron elmi xidmətlər üzrə məsul şəxs və Vikipediya üzrə rəhbər kimi də mühüm vəzifələri icra edir. Gənc mütəxəssisin fəaliyyəti yalnız bir sahə ilə məhdudlaşmır, eyni zamanda elmi, ictimai müstəvidə fəallığı ilə seçilir. Yeni Azərbaycan Partiyasının üzvü kimi ictimai-siyasi proseslərdə yaxından iştirak edən Nigar xanım Yasamal rayonu üzrə ərazi partiya təşkilatında sədr müavinidir.
Gənc alimin elmi yaradıcılıq istiqamətində fəaliyyəti də diqqətəlayiqdir. 45-dən çox elmi, 100-dən artıq publisistik məqalənin müəllifi olan Nigar Abdullayeva yerli və beynəlxalq konfranslarda fəal iştirak edir. Onun Qarabağın mədəni-tarixi abidələri ilə bağlı araşdırmaları Türkiyə və İtaliyada nəşr olunub. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun "Qrant" müsabiqəsində qalib olması isə onun elmi potensialının yüksək qiymətləndirilməsinin təsdiqidir. "Ədəbiyyatşünaslıq, ədəbi tənqid" və "Rəylər, müsahibələr" 10 cildlik nəşrlərin tərtibində iştirakı isə onun ədəbiyyatşünaslıq və elmi redaktə sahəsində də peşəkarlığını göstərir.
Nigar Abdullayevanın şəxsiyyətini səciyyələndirən əsas cəhətlərdən biri onun milli-mənəvi dəyərlərə bağlılığıdır. Özünün də dediyi kimi, hələ kiçik yaşlarından ədəbiyyata, folklorumuza, xalqımızın söz xəzinəsinə dərin maraq göstərib. Onun üçün bir bayatı, bir folklor nümunəsi, sadəcə, mətn deyil, xalqın keçmişinə açılan qapıdır. Bu yanaşma onun elmi fəaliyyətində də öz əksini tapır və milli irsin qorunması istiqamətində gördüyü işlərə xüsusi ruh verir.
Nigar xanım müasir Azərbaycan gəncinin vətənpərvərlik mövqeyini də öz fəaliyyəti ilə təsdiq edir. O, 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində bir əsgər kimi dövlətin həyata keçirdiyi mühüm ictimai-siyasi proseslərdə yaxından iştirak etmişdir.
Bu gün N.Abdullayeva təkcə qazandığı uğurlarla kifayətlənməyən, böyük hədəflərlə gələcəyə baxan gənc tədqiqatçıdır. O, hazırda dövlətimizin başçısının xarici səfərlərinin sistemləşdirilməsi üzərində çalışır. Bununla Nigar xanım həmin səfərləri elmi şəkildə təqdim etmək istəyir.
N.Abdullayevanın həyat yolu sübut edir ki, müasir Azərbaycan gəncliyi yalnız bilik və bacarığı ilə deyil, həm də milli kimliyə bağlılığı, vətəndaş məsuliyyəti və dövlətçilik mövqeyi ilə seçilir. Onun timsalında biz bu günün savadlı, vətənpərvər və təşəbbüskar Azərbaycan gəncini görürük. Belə gənclər uğurlarımızın əsas təminatçısı kimi ölkəmizin inkişafında sözlərini deməyə qadir olduqlarını sübut edirlər.
Elşən QƏNİYEV,
"Azərbaycan"