Yaxud bir şəklin doğurduğu hisslər
Vətən sevgisi müqəddəs və ülvidir. Vətənə sevgi gendən, kökdən gəlir, milli-mənəvi dəyərlərdən, tərbiyədən qaynaqlanır. Adına yurd deyilən diyarın, doğulub boya-başa çatdığın elin-obanın əzəli və əbədi hissidir vətən sevgisi. 5-10 günlük xarici səfərdən dönüb ayağını doğma torpağa qoyanda keçirdiyin ifadəsi mümkünsüz hisslərin, yaşadığın sirli-sehrli, varlığını titrədən duyğuların cövhəridir vətən sevgisi.
Qarabağ müharibəsində vətən sevdalı oğullar məhz o müqəddəs sevginin hökmü ilə silaha sarılıb ölüm-qalım savaşına atıldılar. Kimi Zəfər Gününü gördü, kimi şəhid olub əbədiyyətə qovuşdu. Qanları, canları bahasına doğma vətəni şərəfləndirən, 30 illik işğala son qoyan qəhrəman oğullar üçrəngli bayrağımızı cənnətməkan Qarabağ və Şərqi Zəngəzurun ən uca zirvələrinə sancıb düşmənə gözdağı verdilər. Vətənə sevgi dastanı yazan Mübarizlər, Xudayarlar bir əbədiyyət nəğməsi yaratdılar, vətən sevdalı könülləri dünya durduqca nura boyamağa qadir bir məşəl yandırdılar. Müstəqil Aərbaycan adlı qüdrətli dövlətimizin var olacağı bütün zamanlarda bu məşəl dünyaya yeni gələn nəsillərin yoluna daim işıq saçmağa, vətən sevgisi ocağını alovlandırmağa qadirdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə şanlı ordumuz işğalçı erməniləri şərti sərhədlərədək qovub ərazilərimizdən çıxardı, Qarabağa, Zəngəzura aparan yolumuzu açdı. Üzü dönük ayrılığın, həsrət dolu, niskil dolu illərin ağrı-acısı qamətini əydiyi, belini bükdüyü ağsaqqallarımız, ağbirçəklərimiz uşaq sevincinə bürünüb xatirələrin sorağıyla Şuşaya, Ağdama, Laçına, Zəngilana, Cəbrayıla, Qubadlıya, Kəlbəcərə.... qanadlandılar. Onların sevinc dolu göz yaşlarını görmək, amansızlıqla dağıdılmış, yağmalanmış evlərini ziyarət edərkən şükranlıq dualarını eşitmək, odu, hərarəti azalmış, dərisi qırışmış əlləri ilə mamır bağlamış daşlara necə nəvazişlə sığal çəkdiyinə şahidlik etmək adamı sirli-sehrli bir aləmə aparır. Elə bir aləmə ki, orada saflıq, paklıq göz qamaşdırır, bəşəri duyğular hökmranlıq edir. O aləmdə çöhrələrdən təbəssüm yağır, o aləmdə dünya şirin bir ana laylasına uyuyan qayğısız körpəyə bənzəyir.
Bu yerdə yaddaşımıza həkk olan bir fotoşəkil gözlərimiz önündə canlanır. Bəzən bir şeirlə, bir hekayə ilə, bəzən adi bir şəkillə də nümunə yaratmaq mümkündür. Gündəlik mətbuatda Prezident İlham Əliyevin müxtəlif fotolarını görürük. Yaddaşımızda qalan bu şəkil isə son dərəcə təbii, səmimi və fərqlidir. Æurnalistikada uğurla fotoya "danışan şəkil" deyirlər. Cənab Prezidentin çayın kənarındakı daş üstə oturub uzaqlara baxan anda çəkilən şəkli, sözün həqiqi mənasında, dil açıb danışır. Məchul bir nöqtəyə dikilən baxışlarında Qarabağ savaşındakı itkilərimizdən qaynaqlanan bir hüzn gizlənib. Görkəmindən yorğun olduğu hiss edilir. Uzun və şərəfli bir yolun yolçusu, zəfərlə bitirdiyi ağır döyüşlərin qalib sərkərdəsi sanki dincəlməyə bir anlıq macal tapıb. O, ata vəsiyyətini, vətən borcunu yerinə yetirən bir oğul olaraq çox xoşbəxtdir, bəxtiyardır və o üzdən azad etdiyi Vətənin qoynunda, vurğunu olduğu Kiçik Qafqazdan süzülüb gələn göz yaşı kimi dupduru çayın sahilində dincəlməyə haqqı var.
Qəhrəmanlar canı-qanı, həyatı hesabına torpağı vətən edən oğullardır. Vətəni dünyaya tanıdanlar isə ali siyasi liderlər, alimlər, yazıçılar, sənətkarlardır. 44 günlük müqəddəs Vətən savaşında biz birləşdik və milli birliyimiz tarixin çətin sınağından üzüağ çıxdı. Yenilməz birliyimizlə düşməni diz çökdürdük.
Bu birliyi bütün zamanlarda göz bəbəyi kimi qorumalıyıq.
Biriksə, güclüyük!
Güclülər isə hər zaman qalib olurlar!
Lazım QULİYEV,
"Azərbaycan"