11 Fevral 2026 08:05
177
PARLAMENT
A- A+
Azərbaycan regionun güclü dövlətinə çevrilib

Azərbaycan regionun güclü dövlətinə çevrilib


Fevralın 10-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib. Deputatlar əvvəlcə cari məsələrlə bağlı fikirlərini bildiriblər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, cari məsələlərin müzakirəsi zamanı deputatlar Kamran Bayramov, Razi Nurullayev, Vüqar Bayramov, Aydın Hüseynov, Nurlan Həsənov, Rizvan Nəbiyev, Qüdrət Həsənquliyev, Fariz İsmayılzadə, Sahib Alıyev, Tural Gəncəliyev ictimai-siyasi həyatda baş verən proseslərlə bağlı fikirlərini bölüşüblər.

Deputatlar bildiriblər ki, Prezident İlham Əliyevin siyasi iradəsi və strateji baxışları nəticəsində Cənubi Qafqazda sülh gündəliyi əsas prioritetə çevrilib. Azərbaycan və Ermənistanın siyasi liderlərinin davamlı təmasları dövlətlərarası normallaşma prosesinin ardıcıl və prinsipial xarakter aldığını göstərir. Qarabağ münaqişəsinə son qoyulması, bölgədə sülhün bərqərar olması, nəqliyyat dəhlizlərinin açılması regiona marağı əhəmiyyətli dərəcədə artırıb. Baş verən proseslər beynəlxalq təhlükəsizliyə, enerji marşrutlarına, yeni geosiyasi balansın formalaşmasına təsir göstərir. Bu baxımdan, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin  Ermənistana və Azərbaycana səfəri regionda sülh və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir, Azərbaycanla ABŞ arasında münasibətlərin daha da inkişafına şərait yaradır. Bu səfəri Azərbaycan və ABŞ prezidentləri arasında ötən il Vaşinqtonda, cari ildə isə Davosda aparılan siyasi dialoqun regionda davamı kimi qiymətləndirmək olar. Prezident İlham Əliyevin sülh gündəliyinin Prezident Donald Tramp tərəfindən müxtəlif beynəlxalq platformalarda yüksək qiymətləndirilməsi, habelə iki lider arasında mövcud olan etibarlı münasibətlər ikitərəfli siyasi əlaqələrin uğurunu şərtləndirən əsas amillərdəndir. Dövlət başçımızın qətiyyətli, prinsipial, milli maraqlara söykənən siyasəti nəticəsində Azərbaycan regional və beynəlxalq proseslərin müşahidəçisi yox, oyunun qaydalarını müəyyən edən tərəf kimi çıxış edir.

Çıxışlarda ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkilərindən ötən müddət ərzində dövlət başçımızın rəhbərliyi ilə əldə edilən uğurlar, o cümlədən müşahidə olunan iqtisadi inkişaf, davamlı sosial islahatlar, sosial müdafiə tədbirlərinin reallaşması, habelə işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin, burada vətəndaşların məskunlaşması prosesinin sürətlə davam etdirilməsi barədə söhbət açılıb. Vurğulanıb ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz regionun etibarlı və güclü dövlətinə çevrilib.

Müzakirələr zamanı gündəmdə olan digər məsələlərə də toxunulub. O cümlədən, erməni separatçıları ilə bağlı bu günlərdə Bakıda verilən məhkəmə qərarları barədə səsləndirilən fikirlərdə, bu addım ölkəmizin qanun, nizam və sülh üzərində qurulan gələcək üçün çalışdığının göstəricisi kimi dəyərləndirilib. Bununla yanaşı, deputatlar seçiciləri narahat edən bir sıra məqamlara da münasibət bildiriblər.

Sonra parlamentin Sədri Sahibə Qafarova iclasda 12 məsələnin müzakirə olunacağını deyib. O, ilk məsələnin beynəlxalq sənədin təsdiq edilməsi ilə bağlı qanun layihəsi olduğunu və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib.

 Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi - Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası"nın təsdiq edilməsi haqqında qanun  layihəsi barədə məlumat verib. Qeyd edib ki, BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası bu sahədə cinayətkarlıqla mübarizədə qlobal səviyyədə vahid, hüquqi cəhətdən məcburedici beynəlxalq çərçivəni formalaşdırır. Azərbaycan Respublikası bu Konvensiyanın hazırlanması və qəbul edilməsi prosesində aktiv iştirak edib, çoxtərəfli danışıqlarda konstruktiv və prinsipial mövqe nümayiş etdirib.

Diqqətə çatdırılıb ki, 25 oktyabr 2025-ci il tarixində Hanoy şəhərində imzalanmış Konvensiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, habelə ağır cinayətlərə dair sübutların elektron formada toplanması, mübadiləsi və mühafizəsi üçün vahid hüquqi çərçivənin formalaşdırılması, həmçinin kibercinayətkarlıqla mübarizə sahəsində anlayışların vahid şəkildə müəyyən edilməsidir. Bildirilib ki, Konvensiya dövlət suverenliyinə və insan hüquqlarına hörmət edilməsini təmin edən hüquqi balans mexanizmlərini nəzərdə tutur. Cinayət təqibinin qanunçuluq, proporsionallıq və məhkəmə nəzarəti çərçivəsində həyata keçirilməsi Konvensiyanın əsas tələblərindən biridir. Sənədə əsasən, xarici rəqəmsal xidmət provayderləri və platformalarla əməkdaşlıq üçün hüquqi müəyyənlik yaradılır ki, bu da məlumatların qanuni əldə olunması və istifadəsi prosesini daha səmərəli edir.

Komitə sədri vurğulayıb ki, Konvensiya qəbul olunarsa, Azərbaycan Respublikası bu beynəlxalq sənədi ratifikasiya edən ilk dövlətlərdən biri, potensial olaraq isə ilk dövlət kimi çıxış edə bilər. Bu, ölkəmizin kibercinayətkarlıqla mübarizə sahəsində qabaqcıl və təşəbbüskar mövqeyini nümayiş etdirəcək.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev qeyd edib ki, BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərin qarşısının alınması, aşkar edilməsi, araşdırılması və tətbiqi ilə dövlətlər üçün ümumi hüquqi standartları müəyyən edir. Bu Konvensiya dövlət suverenliyinə, konstitusion prinsiplərə və insan hüquqlarına hörmət edilməsini təmin edən hüquqi balans mexanizmlərini nəzərdə tutur. Cinayət təqibi tədbirlərinin qanunçuluq, proporsionallıq və məhkəmə nəzarəti çərçivəsində həyata keçirilməsi Konvensiyanın əsas tələblərindən biridir. Konvensiya qarşılıqlı hüquqi yardım prosedurlarının sadələşdirilməsini və standartlaşdırılmasını təmin etməklə hüquq-mühafizə orqanları arasında əməkdaşlığı sürətləndirir. Sənəddə institusional potensialın gücləndirilməsi ilə bağlı, ixtisaslaşdırma və təcrübə mübadiləsini təşviq edən mexanizmlər müəyyən edilir.

Komitə sədri Konvensiyanın ratifikasiyasının hüquq-mühafizə orqanlarının fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcəyini deyib. Bu sənəd elektron sübutların əldə edilməsi, qorunması, elektron sübutlarla bağlı hüquqi qeyri-müəyyənlikləri aradan qaldırır və transmilli istintaqların effektivliyini artırır.

Arzu Nağıyev sənədin onun rəhbərlik etdiyi komitə tərəfindən müzakirə edildiyini və müsbət rəy verildiyini söyləyib.

Dana sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəyini açıqlayan komitənin sədr müavini Nigar Arpadarai kibercinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin önəmindən söhbət açıb. Bu baxımdan Azərbaycanın kibercinayətkarlıqla mübarizə sahəsində müxtəlif mexanizmlərə qoşulmasının zəruriliyini qeyd edib. Bildirilib ki, Konvensiyanın ratifikasiyası Azərbaycanın kibercinayətkarlıqla mübarizədə beynəlxalq öhdəliklərinə sadiqliyini nümayiş etdirir və bu sahədə hüquqi mexanizmlərin təkmilləşdirilməsinə mühüm töhfə verəcək.

Məsələ ətrafında müzakirələrdə parlamentin komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, Tahir Rzayev, deputatlar Vüqar Bayramov, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Nizami Səfərov çıxış edərək fikirlərini açıqlayıblar.

Sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin Sədri növbəti məsələnin - "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu və sənəddə təklif edilən dəyişikliklərin dəqiqləşdirmə xarakteri daşıdığını deyib. Spiker "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununa uyğun olaraq, qanun layihəsinin bir oxunuşda qəbul ediləcəyini söyləyib.

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov "Təhsil haqqında" Qanunda nəzərdə tutulan dəyişikliklərin mahiyyətini açıqlayıb. Bildirilib ki, "Təhsil haqqında" qanunun 14.8-1-ci maddəsinə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bununla yanaşı, qeyd olunub ki, Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi" Qaydasının 8.2-ci bəndinə əsasən, yenidənhazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili yalnız ödənişli əsaslarla həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün də əlavə təhsil ödənişlidir və onların təhsilinə dövlət büdcəsindən vəsait ayrılmır.

Bunu nəzərə alaraq, yuxarıda qeyd olunan normativ hüquqi aktlar arasında ziddiyyətin aradan qaldırılması məqsədilə "Təhsil haqqında" qanunun 14.8-1-ci maddəsi yeni redaksiyada təsbit edilir. Dəyişikliyə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan burada göstərilən şəxslərin Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda "Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş),  "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş), Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və "Əhalinin sağlamlığının qorunması haqqında" və "Onkoloji yardım haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri qəbul edilib.

Spiker Sahibə Qafarova gündəliyin növbəti 5 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu diqqətə çatdırıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyasının tələblərinə uyğun olaraq, Cinayət Məcəlləsində "kompüter sistemi" ifadəsi "İKT sistemi", "kompüter məlumatları" isə "elektron verilənlər" terminləri ilə əvəz edilir. Eyni zamanda qanunvericiliyə "trafik verilənləri", "abunəçi məlumatları", "məzmun verilənləri" və "xidmət provayderi" kimi yeni hüquqi anlayışlar daxil edilir.

Cinayət-Prosessual Məcəlləsinə edilən əlavələr isə elektron sübutların toplanması prosesini tam hüquqi çərçivəyə salır. Buraya elektron verilənlərin əldə edilməsi, mühafizəsi və prosessual rəsmiləşdirilməsi qaydalarının müəyyən edilməsi, İKT sistemlərinə baxış, axtarış və götürmə tədbirlərinin hüquqi əsaslarının və hədlərinin dəqiqləşdirilməsi aiddir.

Bununla yanaşı, layihəyə əsasən, Cinayət-Prosessual Məcəlləyə "Məhkəməyədək icraatın elektron qaydada aparılması" və "Məhkəmə icraatının elektron qaydada aparılması" kimi yeni maddələr daxil edilərək həmin məsələlərin ətraflı tənzimlənməsi nəzərdə tutulur. Hazırda mövcud olan "Cinayət mühakimə icraatının elektron qaydada aparılması" adlı maddənin isə mətni genişləndirilərək yeni versiyada təqdim olunur. Həmçinin məhkəmə və prokurorluq arasında sənəd dövriyyəsinin "Elektron məhkəmə" və "Elektron prokurorluq" sistemləri vasitəsilə, gücləndirilmiş elektron imza ilə həyata keçirilməsi mexanizmi təsbit olunur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin Sədri Sahibə Qafarova növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu deyib. Onun təklifi ilə həmin layihələrin təqdimatı və müzakirəsi birgə keçirilib.

Layihələr barədə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib.

Gündəliyin doqquzuncu məsələsi olan "Uşaq hüquqları haqqında" qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitə sədri bildirib ki, mövcud qanundan fərqli olaraq, təqdim olunan layihə, uşaq hüquqlarının reallaşdırılması, müdafiəsi, monitorinqi və bərpası mexanizmlərini ətraflı tənzimləyir. Bu baxımdan yeni layihə funksional və icraedici normativ akt xarakteri daşıyır.

Yeni layihədə  anlayışlar sistemi təsbit olunub. Təqdim olunan qanun layihəsində uşağın üstün mənafeləri prinsipinin tətbiqi qaydaları müəyyən edilib. Bundan başqa,  yeni qanun layihəsində uşağa qarşı zorakılıq formalar üzrə təsnif edilir. Zorakılıq əlamətlərinin aşkar edilməsi zamanı onu bildirmə öhdəliyi təsbit olunur. Zorakılığa məruz qalmış uşağın müvafiq reabilitasiyası dövlətin birbaşa öhdəliyi kimi müəyyən edilir. Çətin həyat şəraitində olan uşaqlarla bağlı  aşkarlanma mexanizmi, təcili tədbirlər, ilkin tibbi-psixoloji yardım və repatriasiya qaydası təsbit olunur. Eləcə də, layihədə  onların hüquq və azadlıqları, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatları və dövlət nəzarətinin əsasları müəyyən edilir.  Yeni layihədə uşaq inzibati və məhkəmə icraatında birbaşa iştirak hüququna malik subyekt kimi tanınır. Vurğulanıb ki, sənəd beynəlxalq hüquqi öhdəliklərə tam uyğundur və uşaq hüquqları sahəsində sistemli, mexanizm əsaslı və icraedici normativ-hüquqi baza yaradır.

Gündəliyin onuncu məsələsi olan Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) "Uşaq hüquqları haqqında" yeni qanun layihəsindən irəli gələrək hazırlanıb.  Layihədə nəzərdə tutulan dəyişikliklər uşaqlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı onların üstün mənafelərinin nəzərə alınması, fərdi məlumatlarının qorunması, çətin həyat şəraitində olan uşaqların aşkar edilməsi mexanizmi, uşaqların zorakılıqdan qorunması ilə bağlı qanunvericilikdə yeni təminatların müəyyən edilməsinə imkan verəcək.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc hər iki qanun layihəsi ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb.

 Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov onuncu məsələ ilə bağlı təmsil etdikləri komitələrin müsbət rəylərini açıqlayıblar.

Müzakirələrdə komitə sədri Fazil Mustafa, deputatlar Razi Nurullayev, Bəhruz Məhərrəmov, Vüqar Bayramov, Qüdrət Həsənquliyev çıxış edərək, məsələ barədə öz fikir və təkliflərini səsləndiriblər.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək layihənin geniş və obyektiv müzakirəsinə görə deputatlara təşəkkürünü bildirib. Komitə sədri  qanun layihəsinin hazırlanması prosesində aparılan araşdırmaları, eləcə də müvafiq qurumların və ictimaiyyətin rəy və təkliflərinin nəzərə alındığını diqqətə çatdırıb.

Növbəti məsələ - "Kinematoqrafiya haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu məlumat verib. Qeyd edilib ki, qanun layihəsi kino istehsalı sahəsində hüquqi tənzimləmənin müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, anlayışların dəqiqləşdirilməsinə və dövlət dəstəyinin institusional mexanizmlərinin genişləndirilməsinə və investisiya cəlbediciliyinin artırılmasına xidmət edir. 

Qanun layihəsində sahə üzrə anlayışların genişləndirilməsi və dəqiqləşdirilməsi nəzərdə tutulub ki, bu dəyişikliklər hüquqi qeyri-müəyyənliyi aradan qaldırır, normanın tətbiqində vahid yanaşmanı təmin edir və beynəlxalq kino hüququnda qəbul olunmuş terminologiya ilə uzlaşır. Dəyişikliklərdə xarici prodüserlərin Azərbaycan Respublikasının ərazisində film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunur, bu istiqamətdə təşviqedici mexanizmlər müəyyən edilir.

Komitə sədri vurğulayıb ki, layihənin qəbul edilməsi nəticəsində Azərbaycanda kinematoqrafiya sahəsində hüquqi tənzimləmə təkmilləşdiriləcək, beynəlxalq və birgə istehsal layihələrinin sayı artacaq, respublikamızın mədəni və yaradıcı potensialının beynəlxalq səviyyədə tanıdılması güclənəcək, dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları genişlənəcək.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək, layihəyə verilən dəstəyə görə deputatlara təşəkkür edib. O, çıxışlarda deputatların səsləndirdiyi fikirlərin və təkliflərin əhəmiyyətini qeyd edib. Bildirib ki, layihə son illərdə bu sahədə müşahidə olunan yüksək dinamikanın qorunmasına, milli filmlərimizin beynəlxalq səviyyədə təqdim olunmasına, eyni zamanda ölkəmizdə xarici film istehsalının təşviqinə ciddi təkan verəcək.

Gündəliyin sonuncu məsələsi olan "Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. O bildirib ki, yol hərəkəti qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanan qanun layihəsində üç mühüm dəyişiklik təklif olunub. Birinci dəyişiklik "avtomagistral" anlayışının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlıdır.

İkinci dəyişiklik cərimə meydançaları ilə bağlıdır. Qeyd olunub ki, mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqqın nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanması təklif olunub. Əgər nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati qərar ləğv edilərsə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqq nəqliyyat vasitəsinin sahibinə geri qaytarılır.

Üçüncü mühüm dəyişiklik ödənişli avtomagistrallarda sürət həddi ilə bağlıdır. Belə ki, sənəddə ödənişli avtomagistrallarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur. Kamal Cəfərov bu sürət həddi limitlərinin beynəlxalq təcrübəyə uyğun olduğunu bildirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov layihə ilə bağlı təmsil etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb.

Deputat Qüdrət Həsənquliyevin məsələ barədə fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rohinca müsəlmanlarının soyqırımı ilə bağlı BƏM-ə təkzibolunmaz dəlillər təqdim edilib

09:20
11 Fevral

Paytaxtın İslam Səfərli küçəsində abadlıq-quruculuq işləri davam etdirilir

09:15
11 Fevral

Zəhmətkeş alim, qayğıkeş müəllim, dəyərli ziyalı

09:10
11 Fevral

Baharın ayaq səsi

09:05
11 Fevral

Burada tariximiz yaşayır

09:00
11 Fevral

Qarlı hava şəraitində Qusarda sahələrin monitorinqi davam edir

08:55
11 Fevral

Lənkəranda və Lerikdə "Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu" adlı forum keçirilib

08:50
11 Fevral

Onlar dövlətin qüruru, dövlət onların dayağıdır

08:45
11 Fevral

Dirçələn torpaq, güclənən iqtisadiyyat

08:40
11 Fevral

Sosial-iqtisadi inkişafın monitorinqinin nəticələri açıqlanıb

08:35
11 Fevral

1,1 milyon təqaüdçünün pensiyası artırıldı

08:30
11 Fevral

Qarşılıqlı etimad, dərinləşən əməkdaşlıq

08:25
11 Fevral

Sülh, həmrəylik və tolerantlıq

08:20
11 Fevral

Azərbaycan və ABŞ arasında yeni strateji mərhələnin başlanğıcı

08:15
11 Fevral

TRIPP artıq reallıqdır

08:10
11 Fevral

Azərbaycan regionun güclü dövlətinə çevrilib

08:05
11 Fevral

ABŞ biznesinin yeni ünvanı Azərbaycandır

08:00
11 Fevral

"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in təsdiq edilməsi barədə

02:40
11 Fevral

A.İ.Mursaqulovun Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilməsi haqqında

02:39
11 Fevral

R.S.İsmayılovun Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilməsi haqqında

02:39
11 Fevral

“Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:38
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!