07 Fevral 2026 09:00
3132
SİYASƏT
A- A+
Dünyanın qəbul etdiyi yeni reallıqlar və sülh prosesi

Dünyanın qəbul etdiyi yeni reallıqlar və sülh prosesi


Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri bir çox mühüm hadisələrlə yadda qaldı. İlk növbədə ölkələrarası münasibətlərin inkişafı baxımından vacib  görüşlərin keçirilməsi, strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə əlaqələrin daha da gücləndirilməsi məsələlərinin müzakirə edilməsi ölkələrarası əməkdaşlığın inkişafına töhfə verəcək. 

Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə "Cənub Qaz Dəhlizi" QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənədin və  Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubunun da imzalanması, həmçinin, Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələri arasında keçirilən "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təliminin keçirilməsi ikitərəfli əlaqələri daha da möhkəmləndirəcəkdir.     

Digər mühüm məqam, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş idi. Bu görüş Cənubi Qafqazdakı sülh quruculuğunun necə inkişaf etdiyini və bu gün regionda oyun qaydalarını kimin müəyyənləşdirdiyini bir daha əyani şəkildə göstərdi. Dialoqun özü, onun müntəzəm xarakter alması, məzmunu və dinamikası Bakının strateji kursunun və dövlətimizin başçısının şəxsi liderliyinin birbaşa nəticəsidir. Bir müddət əvvəl bu cür görüşlər qeyri-mümkün görünürdü. Onilliklər boyu Ermənistan daimi münaqişə məntiqi ilə yaşayaraq qarşıdurmanı qoruyub saxlamış, siyasətini miflər və ərazi iddiaları üzərində qurmuşdu. Bütün bunlar artıq keçmişdə qalmışdır. Prezident İlham Əliyevin siyasi qətiyyəti nəticəsində Azərbaycan  köhnə sistemi dağıtmaqla kifayətlənmədi, o, həm də  İrəvan üçün manevr və illüziya imkanlarının qalmadığı yeni bir reallıq formalaşdırdı. Ermənistan Bakının müəyyən etdiyi şərtləri qəbul etməyə məcburdur. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında görüşlərin artıq nadir istisna olmaması da diqqətəlayiq məqamdır. Dialoq davamlı prosesə çevrilib. Bu, vasitəçilərin təşəbbüsü ilə deyil, Azərbaycanın sülh gündəliyini öz inkişaf strategiyasının tərkib hissəsi kimi ardıcıl şəkildə irəli aparması nəticəsində baş verir. Prezident İlham Əliyev hər zaman gələcəyə - mehriban qonşuluğa, birgə layihələrə və iqtisadi qarşılıqlı asılılığa üstünlük verir, qələbəni isə qəti və mübahisəsiz nəticə kimi möhkəmləndirir. 

Danışıqların formatı ilə bağlı Bakının prinsipial mövqeyi təqdirəlayiqdir. Azərbaycan açıq şəkildə bəyan edib ki, Bakı ilə İrəvan arasındakı bütün məsələlər ikitərəfli qaydada həll olunmalıdır. Beynəlxalq platformalar görüşlər üçün şərait yarada bilər, lakin ikitərəfli dialoqu əvəz edə bilməz. Faktiki olaraq, İrəvan da bu məntiqə əməl edir. Əbu-Dabi ötən ilin yayında olduğu kimi, bu dəfə də əhatəli və məzmunlu müzakirələrin aparıldığı məkana çevrildi. Tərəflər ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilmiş Vaşinqton Sülh Sammitindən sonra əldə olunan irəliləyişi qeyd etdilər. Lakin daha vacib olan başqa məqamdır: sülh artıq kağız üzərində deyil, gündəlik həyatda hiss olunmağa başlayıb. İkitərəfli ticarətin başlanması, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, taxılın Azərbaycan ərazisindən tranziti - bütün bunlar Bakıda qəbul edilən qərarların birbaşa nəticəsidir.

Məhz Prezident İlham Əliyev Ermənistana tranzitə icazə verərək ilk addımı atdı. Noyabr ayında müvafiq qərar qəbul olundu və artıq dekabrda Azərbaycan ərazisindən Ermənistana Qazaxıstan buğdası ilə yüklənmiş ilk vaqonlar yola salındı, ardınca isə Rusiyadan tədarüklər başladı. Bu gün artıq söhbət yüzlərlə ton taxıldan gedir. Lakin ən bariz siqnal Azərbaycan yanacağının müntəzəm tədarükünün başlanması oldu. Bu, artıq birdəfəlik xoşməramlı jest deyil, hətta Ermənistan istehlakçılarının da hiss etdiyi davamlı praktikadır - yanacaqdoldurma məntəqələrində qiymətlər aşağı düşməyə başlayıb. 

Gündəliyin digər mühüm elementi TRIPP layihəsi və regional marşrutların inkişafı da daxil olmaqla nəqliyyat layihələridir. Hazırda yüklərin üçüncü ölkələrdən keçirilməsinə məcburiyyət yaranır ki, bu da vaxt və maliyyə itkisinə səbəb olur. Birbaşa yolların, xüsusilə "Tramp Marşrutu"nun (Zəngəzur dəhlizinin) açılması regionun logistikasını köklü şəkildə dəyişə bilər. Burada xatırlatmaq yerinə düşər ki, müharibə başa çatdıqdan sonra Azərbaycan ilk gündən kommunikasiyaların blokadadan çıxarılmasını sülh prosesinin əsas istiqamətlərindən biri elan etmişdi. Məhz Bakı son illər ərzində ardıcıl şəkildə Zəngəzur dəhlizi ideyasını irəli sürüb - bu, təkcə avtomobil və dəmir yollarını deyil, həm də boru kəmərlərini, elektrik ötürücü xətləri və Orta dəhlizə inteqrasiyanı əhatə edən nəhəng potensiala malik layihədir.

Nəticədə Cənubi Qafqazda yeni bir reallıq formalaşır - burada regionun gələcək istiqamətini məhz infrastruktur və iqtisadiyyat müəyyən edir. Ermənistan üçün bu, keçmiş səhvləri təkrarlamadan öz trayektoriyasını dəyişmək üçün nadir imkandır. Azərbaycan Prezidenti heç vaxt əvvəlcədən nəticəsi bəlli olmayan dialoqlara vaxt sərf etmir. Dialoq yalnız reallığı qəbul etməyi və nəticə çıxarmağı bacaran tərəflərlə mümkündür. Aydındır ki, Əbu-Dabidəki görüş Nikol Paşinyanın praqmatizm dilinə keçməyə məcbur olması sayəsində baş tutub. Prezident İlham Əliyevin strategiyası bütün səviyyələrdə - hərbi, siyasi, iqtisadi və diplomatik müstəvilərdə öz effektivliyini sübut edib. Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, eyni zamanda qələbəni dayanıqlı sülh prosesi ilə möhkəmləndirib. Ermənistanla davam edən dialoq göstərir ki, dövlət başçısının kursu təkcə regionda deyil, onun hüdudlarından kənarda da analoqu az olan effektiv strategiya nümunəsidir.

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfərinin əsas hadisəsi dövlətimizin başçısına  "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdim edilməsi oldu. Bu mükafat təsdiq etdi ki, dövlətimizin  başçısının təşəbbüsləri ilə başlanan sülh prosesi dünya tərəfindən tanınır, təqdir olunur.

Azərbaycan-Ermənistan normallaşma prosesinə dünyada böyük maraq göstərilir. Bu, təsadüfi deyil. Azərbaycan-Ermənistan  nizamlanması müasir dövrümüzün ən uğurlu sülh prosesidir. Üstəlik, unikal prosesdir. Çünki Azərbaycan yaşadığı bütün ağrılara, əziyyətlərə, soyqırımlarına, faciələrə baxmayaraq, özündə güc topladı, müharibədə qalib gəldi,  torpaqlarını azad etdi. Və illərlə işğalçılıq siyasəti aparan  təcavüzkara əl uzatdı, sülh prosesinin başlanmasının təşəbbüskarı oldu. Qalib dövlət məğlub dövlətə sülh təklif etdi.  Bu, həqiqətən də  yaxın tarixdə baş verən nadir haldır. İşğal olunmuş əraziləri azad edərək və Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdıraraq Azərbaycan uzunmüddətli sabitlik və sülhün təməlini qoydu. Prezident İlham Əliyev mükafatı qəbul edərkən bir vaxtlar mümkünsüz görünən sözləri səsləndirdi: "Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda evsahibliyi etdiyi tarixi Zirvə görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur". Bu sözlər yeni reallığı təsdiqləyir: onilliklər boyu "dondurulmuş" və həlli mümkünsüz sayılan münaqişə bu gün həqiqətən də,  bütün təzyiq və təsirlərə baxmayaraq son mərhələyə yaxınlaşır. 

Lakin xatırlatmaq vacibdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli daha əvvəl də mümkün idi. Bunun üçün cəmi bir şərt lazım idi - Ermənistanın əvvəlki və indiki rəhbərliklərinin beynəlxalq hüququn aliliyini və dövlətlərin ərazi bütövlüyü prinsipini qəbul etməli və  müvafiq qaydada yerinə yetirməli idilər. Təəssüf ki, İrəvanda başqa yol seçildi: prosesi uzatmaq, beynəlxalq hüquq normalarını yerinə yetirməkdən imtina etmək, status-kvonu güc yolu ilə möhkəmləndirməyə çalışıldı. Nəticədə, yeni faciələr, yeni insan itkiləri yaşandı və Azərbaycan ədalətli sülhə hərbi-siyasi yolla nail olmağa məcbur qaldı. 2020-ci ildə, ardınca isə 2023-cü ildə Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Bu hadisələr təkcə ölkə üçün deyil, regionun təhlükəsizlik arxitekturası üçün də dönüş nöqtəsi oldu. Bu mərhələdə daha bir mühüm xüsusiyyət üzə çıxdı: Azərbaycan, nəcib və uzaqgörən qalib kimi, Ermənistanla sülh dialoqunun başlanmasının təşəbbüskarı oldu. İntiqam siyasəti əvəzinə barışıq siyasəti yürütdü. Qarşıdurmanın davamı əvəzinə - dayanıqlı razılaşma və sülh axtarışı oldu. Əbu-Dabidə sülh mükafatının təqdim edildiyi gün Azərbaycan ərazisindən tranzitlə Ermənistana gedən səkkiz vaqondan ibarət, Rusiya buğdası daşıyan növbəti yük qatarı Xırdalan stansiyasından yola salındı. Yükün ümumi çəkisi 560 tondur. Qatar "Böyük-Kəsik" stansiyasından keçərək Gürcüstana, oradan isə Ermənistana çatdırılacaqdır. Və bu hadisə rəmzi xarakter daşıyır. Çünki bu, sadəcə, iqtisadi detal deyil, həm də regionda atmosferin necə dəyişdiyinin əyani göstəricisidir. Dünən cəbhə xətləri keçən yerlərdə bu gün ticarət, əməkdaşlıq və qarşılıqlı asılılıq xətləri formalaşır. Sülh artıq deklarasiya deyil, praktikaya çevrilir. Cənubi Qafqaz tədricən daimi böhran zonasından nəqliyyat, enerji və humanitar imkanlar məkanına çevrilir. Məhz buna görə Əbu-Dabidə təqdim olunan bugünkü mükafat bu qədər dərin məna daşıyır. O, beynəlxalq ictimaiyyətin Azərbaycan və Ermənistanın həqiqətən yeni siyasi düşüncə dövrünə qədəm qoyduğunu qəbul etdiyini təsdiqləyir. 

Eyni zamanda aydındır ki, Bakı ilə İrəvan arasında sülh yalnız ikitərəfli məsələ deyil. Bu, bütün Avrasiya üçün sabitlik amilidir. Əgər bu proses sona qədər çatdırılarsa, region, nəhayət, keçmişin ağır mirasından azad ola biləcək. Məhz buna görə bugünkü mükafat təkcə ümid simvolu deyil, həm də bir xatırlatmadır: sülh beynəlxalq hüquq normaları tanındıqda, dövlətlərin ərazi bütövlüyünə hörmət edildikdə və siyasi iradə revanşist meyillərdən üstün olduqda mümkündür. Bakı tərəfindən irəli sürülən sülh gündəliyi regionun ümumi rifahına yönəlmiş yeni iqtisadi arxitekturanın əsasını formalaşdırdı. Qarşıdurma ritorikasından əməkdaşlığa keçid Cənubi Qafqaz üçün geniş perspektivlər açdı. Azərbaycan dünyaya təkcə müdafiə gücünü deyil, həm də strateji düşüncə qabiliyyətini nümayiş etdirdi. Sülh təşəbbüsləri düşmənçilik tarixinin faciəli səhifəsini bağlayır və hörmətə, qarşılıqlı əlaqəyə əsaslanan yeni bir dövrün yolunu açır. Bu proses bütün dünyanın gözü qarşısında baş verir. Dünya görür ki, bu mümkündür. Bəli, Ermənistana gedən qatar yollarını açmaq mümkündür. Beş il əvvəl düşmən olmuş qonşuya ucuz yanacaq satmaq mümkündür. Azərbaycan Prezidentinin verdiyi hər bir qərar diplomatiya dərsliklərinə düşməli və dünyanın aparıcı universitetlərində tədris olunmalıdır. Prezident İlham Əliyevin dediyi kimi: "Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür".

Prezident İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində çıxışını çox mühüm bir mesajla bitirdi: "Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimi ilə bağlı qeyd edəcəyim son məqam odur ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir. Bugünkü simvolizm havada hiss olunur".

 Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətə sülh uğrunda mübarizə aparılmalı olduğu fikrini açıq şəkildə çatdırdı. Sülhdə qələbə döyüş meydanındakı qələbədən heç də asan deyil. Azərbaycan bunu təcrübədən öyrəndi, çünki qərəzli xarici qüvvələr dəfələrlə Bakının sülh səylərini pozmağa cəhd etdilər və bəziləri hələ də cəhd göstərirlər. Lakin Azərbaycanın üçüncü ölkələrə zərər vermədən milli maraqların qorunmasına və beynəlxalq hüququn bütün norma və prinsiplərinə ciddi şəkildə riayət olunmasına əsaslanan ardıcıl xarici siyasəti rəqiblərinin məqsədlərinə çatmasının qarşısını aldı. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, tarixi ədalət qalib gəldi.


Hicran HÜSEYNOVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müasir şəhərsalmanın Azərbaycan nümunəsi

08:30
16 Aprel

Bakı qlobal əməkdaşlığın strategiyasını formalaşdırır

08:25
16 Aprel

İqtisadi inteqrasiya artdıqca etimad mühiti də güclənir

08:20
16 Aprel

Ölkəmiz üçün ən ciddi təhlükəsizlik çağırışı

08:15
16 Aprel

İnkişaf, yoxsa ideoloji girovluq

08:10
16 Aprel

Xəyanət şəbəkəsinin fiaskosu: Qarabağda nə sülhməramlı qaldı, nə də separatçı 

08:05
16 Aprel

Milli maraqları qətiyyətlə təmin edən lider

08:00
16 Aprel

Peskov: Rusiya Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirak etmir

07:38
16 Aprel

“Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümü ictimaiyyətə təqdim olunub

07:37
16 Aprel

Çempionlar Liqası: “Bavariya” və “Arsenal” yarımfinala yüksəlib

07:36
16 Aprel

BMT İrana humanitar yardım üçün 12 milyon dollar ayırıb

07:33
16 Aprel

Kiyevə ballistik raket zərbələri endirilib, ölənlər və yaralananlar var

07:32
16 Aprel

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Müdafiə haqqında", "Veteranlar haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Polis haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:11
16 Aprel

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 376-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:09
16 Aprel

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 

03:08
16 Aprel

"Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 372-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:07
16 Aprel

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

03:06
16 Aprel

Uşaq hüquqları haqqında

03:05
16 Aprel

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 371-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın təsdiq edilməsi haqqında" 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanında və "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nın təsdiq edilməsi haqqında" 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamında dəyişiklik edilməsi və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanının ləğv edilməsi haqqında

03:04
16 Aprel

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə elan

03:02
16 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti baş ofis və struktur idarələrində yanğına qarşı sistemlərə illik texniki xidmətlərin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

03:01
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!