“Azərbaycan
dövləti öz ərazilərini erməni işğalından azad etdikdən sonra Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir.
30 illik işğal dövründə həmin ərazilər
tamamilə dağıdılıb, əsl vandalizm həyata keçirilib. Ona görə də, dövlətimiz
üçün bu gün başlıca prioritet Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa
işlərini ən yüksək səviyyədə həyata keçirməkdir”.
Bu
fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat
bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra xarici qonaqlar da bu
ərazilərə mütəmadi səfərlər edirlər. Eləcə də, ölkəmizdəki diplomatik korpusun
nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunur. Azərbaycan
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə sentyabrın 11-də də Azərbaycanda
akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura
ikigünlük səfəri başlayıb. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən
150 nəfərdən ibarət heyət iştirak edir. Səfər çərçivəsində diplomatik korpusun
nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində,
Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq
və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur
layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların
qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olurlar. Bu,
diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən
etibarən sayca 22-ci səfəridir.
Millət vəkilinin fikrincə, Azərbaycanda akkreditə
olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərlərinin
təşkil olunması bu ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklərin
dünya ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşası baxımından
da mühüm əhəmiyyətə malikdir. Azərbaycan
44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni diplomatik müstəvidə də
davam etdirir. Bütün bunların fonunda Prezident İlham Əliyevin tapşırığına
uyğun olaraq Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin
işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin təşkil edilməsi çox uğurlu
addımdır. 44 günlük müharibədən əvvəlki dövrə qədər ermənilər ərazilərimizdə
törətdikləri vəhşilikləri gizlədərək dünya ictimaiyyətini aldadırdılar. Lakin
ordumuz torpaqlarımızı düşmən tapdağından azad etdikdən sonra ermənilərin ərazilərimizdə
törətdikləri vəhşilikləri gizlətmək imkanını itirdilər və indi onların 30 il ərzində
etdikləri qeyri-insanı əməllər bütün dünya ictimaiyyətinin diqqətinə
çatdırılır.
“Bu
gün isə diplomatlar azad olunmuş ərazilərdə möhtəşəm quruculuq işlərinə də
şahidlik edirlər. Onlar “Böyük Qayıdış” Proqramı çərçivəsində uğurla icra
olunan layihələr barədə məlumatlar əldə ediblər. Bütövlükdə, diplomatik korpus
nümayəndələrinin səfəri həyata keçirilən işlərin miqyasını və regionun inkişaf
potensialını yaxından görmək, həmçinin işğaldan azad edilmiş ərazilərin davamlı
bərpası, sosial-iqtisadi dirçəlişi və reinteqrasiyasının təmin olunması istiqamətində
Azərbaycanın səylərini dəyərləndirmək imkanı yaradır”,- deyə Samir Vəliyev
vurğulayıb.
Rəşad
CƏFƏRLİ,
“Azərbaycan”