“COP beynəlxalq iqlim danışıqlarıdır. Ötən 29 il ərzində xeyli irəliləyiş əldə etməli idik. Təəssüf ki, bu sahədə bir az geridəyik. Hesab edirəm ki, Azərbaycan Prezidenti və xalqı çətin şəraitdə inanılmaz iş görüblər”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında COP29-da iştirak edən Böyük Britaniyanın “Kovden” qrupunun iqlim riski və dayanıqlılıq üzrə sədr müavini Antoni Hobley deyib.
Onun sözlərinə görə, Azərbaycanın iqlim danışıqlarını təşkil etmək üçün COP-un əvvəlki ev sahibi ölkələrinə nisbətən çox az vaxt və imkanı olub. “Azərbaycan hər kəsə sübut etdi ki, nəyi qərarlaşdırırsa, onu həyata keçirə, yüksək səviyyədə icra edə bilər”, - deyə o əlavə edib.
Antoni Hobley bildirib ki, COP29 çərçivəsində maliyyə, iqlim maliyyəsi, adaptasiya və beynəlxalq karbon bazarları üzrə qaydaların hazırlanmasında mühüm irəliləyişlər əldə edilir. “Hesab edirəm ki, bu proses Azərbaycanın qlobal xəritədə mövqeyini daha da gücləndirir. Hazırlıq mərhələsində bu il dörd dəfə Bakıya gəlmişəm. Bakı hər kəsi müsbət mənada təəccübləndirdi. Şəhərin gözəlliyi və insanların nə qədər qonaqpərvər olduqları haqqında çox danışılır”.
O həmçinin qeyd edib ki, iqlim dəyişikliyi nəticəsində su ehtiyatlarının azalması kontekstində Azərbaycan xalqı mehribanlığı və yardıma hazır olması ilə fərqlənir.
A.Hobley onu da əlavə edib ki, Böyük Britaniyada əsas narahatlıq su borularındakı sızıntılarla bağlıdır: “Bizdə boru kəmərlərinin yenilənməsi, çayların sənaye və kənd təsərrüfatı tullantılarından çirklənməsi kimi problemlər diqqət mərkəzindədir”.