Belarusun “Toçka” xəbər portalında Azərbaycanın füsunkar bölgəsi olan Kəlbəcər haqqında məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, “İtirilən və qaytarılan Kəlbəcər: Azərbaycan dağlarında necə yaşayırlar” sərlövhəli məqalədə belaruslu jurnalist təəssüratlarını qələmə alıb.
Kəlbəcərə səfərdən əvvəl COP29 ərəfəsində Bakıda görülən işlər haqqında da yazan jurnalist bildirib ki, COP29 Forumunda bir çox ölkələrin liderləri, diplomatlar, parlamentarilər, iş adamları iştirak ediblər. Sammit ərəfəsində ölkədə qonaqların maksimum rahatlığını təmin etmək üçün çox iş görüldü, çünki bunun iqlim diplomatiyasında dönüş nöqtəsi olacağı gözlənilirdi. Bakıda ictimai nəqliyyat üçün zolaqların çəkildiyi və bir çox velosiped yollarının salındığı bildirilib.
COP29 ərəfəsində Kəlbəcərə yola düşdüklərini qeyd edən müəllif yazır ki, hazırda Azərbaycan-Ermənistan münaqişəsinin aktiv fazası başa çatıb. Hər şey diplomatik müstəviyə keçib. Ölkələr arasında hələlik sülh müqaviləsi yoxdur. Təəccüblü deyil ki, azərbaycanlılar Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesini uğurla başa çatdıran Prezident İlham Əliyevin qətiyyətinə sonsuz minnətdarlıq duyurlar.
Müəllif məqalədə Ömər aşırımı, Murov dağı haqqında təəssüratlarını da bölüşüb.
“Kəlbəcər şəhərinin müharibədən əvvəl necə olduğunu bilmədən burada 7 mindən çox insanın yaşayışını təsəvvür etmək çətindir. Ancaq sakinlər viran qalmış evlərini asanlıqla tanıya bilirlər. Əvvəlki yaşayış məskənlərindən qalan yalnız yerli materiallardan tikilmiş divar qalıqlarıdır. İndi şəhər yenidən qurulur. Müasir plan, yeni evlər, xüsusi ümidlər. Mağazalar, məktəb, bağça tikilir. Kəlbəcərlilər öz doğma yurdlarına qayıtmaq üçün günlərini sayırlar. Orada hər şey yenidən yaradılmalıdır. Köhnə kəndlərin bərpası planlaşdırılır, memarlıq həlləri seçilir, insanlar geri qayıtmağı gözləyirlər”, - deyə müəllif yazır.
“İstisu” sanatoriyasını ziyarət edən belaruslu jurnalist yazıda qeyd edir: “Kəlbəcər rayonunun isti bulaqlarının şəfalı suları qədim zamanlardan məşhurdur. Sovet dövründə burada hər il 50 minə qədər ziyarətçi qəbul edən ”İstisu” sanatoriyası tikilib. Onun mineral suqablaşdırma zavodu var idi”.