28 Noyabr 2024 08:15
1281
SİYASƏT
A- A+
İbrət, məğlubiyyət, Zəfər tariximiz

İbrət, məğlubiyyət, Zəfər tariximiz


Elman MƏMMƏDOV: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə Zəfər meydanında Azərbaycan bayrağını ucaltması İlahi ədalətin bərpası idi"


"1988-ci il fevralın 20-də ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin İcraiyyə Komitəsinin sessiyasını çağırdılar və azərbaycanlı deputatların iştirakı olmadan qərar qəbul etdilər ki, DQMV Azərbaycan Respublikasının tərkibindən çıxsın və Ermənistan Respublikasına birləşdirilsin. Həmin bədnam qərar qəbul edilən iclasın keçirildiyi şəhər partiya komitəsinin binasının qarşısındakı meydanı isə sonradan ermənilər "20 Fevral" adına Dirçəliş Meydanı adlandırmışdılar. 

Üzərindən düz 35 il keçdikdən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan bayrağını məhz həmin meydanda ucaltması İlahi ədalətin bərpası idi. Şükürlər olsun ki, bu gün Azərbaycan bayrağının dalğalandığı həmin meydan Zəfər meydanımızdır. Artıq Pənahəli xanın yurdu öz tarixi Xankəndi adını daşıyır..."

...Həm nisgil, həm Zəfər, həm ürək ağrısı, həm sevinclə bütün bunları dilə gətirir... 

"Qarabağ söhbətləri" rubrikamızda məğlubiyyət tariximizin də, Zəfər günlərimizin də şahidi kimi o anlarda hiss etdiklərini yenidən yaşayır... 

Xocalının keçmiş icra başçısı, Qarabağ müharibəsi veteranı, Milli Məclisin deputatı Elman Məmmədov... 

Bu gün ölkəmiz tarixindəki ən şanlı günlərini, zəfəri yaşayır. Bu qələbə ilə bir ömür boyu qürurlanmağa haqqımız var... Amma Azərbaycan xalqı olaraq bu zəfərə qədər çox ağrılı-acılı, keşməkeşli yollar qət etməli olduğumuzu da heç zaman unutmuruq. Qələbəyə yetənə qədər torpaqlarımız uğrunda çoxsaylı faciələr yaşadığımızı, qurbanlar verdiyimizi yaddan çıxarmır, o məşəqqətli günləri təəssüf, ürək ağrısı, ən əsası da qan yaddaşımız kimi daim xatırlayırıq. 

Xocalıdan olan deputat Elman Məmmədovla da 1980-ci illərdən başlanğıcını götürərək Xocalı soyqırımının törədilməsinə gətirib çıxaran ağrılı-acılı tariximizə 35 il əvvəl noyabrın 28-də Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarə Komitəsinin ləğv edildiyi gün ərəfəsində bir daha nəzər saldıq. 


Azərbaycan xalqının iradəsi əleyhinə yaradılan qurum


-  XX əsrin əvvəllərində Azərbaycanda sovet hakimiyyəti quruldu. Həmin vaxt baxmayaraq ki, həm Gürcüstanda, həm də Qərbi Azərbaycanda, yəni indi ki Ermənistan yaradılan ərazidə yüz minlərlə azərbaycanlı kompakt şəkildə yaşayırdı, onlar üçün yox,  o dövrdə Qarabağda sayları çox az olan (20-30 min nəfər civarında) ermənilər üçün heç bir hüquqi əsası olmadan və Azərbaycan xalqının iradəsi əleyhinə olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) deyilən bir qurum yaradıldı. İlkin olaraq qurumun mərkəzi Şuşa şəhəri elan olunmuşdu. Amma sonradan Xankəndiyə daşnak, cinayətkar, Azərbaycan xalqının qanına əli batmış Stepan Şaumyanın şərəfinə Stepanakert adı verildi və ermənilər həmin ərazidə çoxalmağa başladılar. O zamandan da orada bütün idarəetmədə rəhbərlik ermənilərə məxsus oldu. Təsəvvür edin ki, Qarabağda - Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar hüquqsuz bir topluma çevrilmişdilər. Ovaxtkı Xocalı, Malıbəyli, Kosalar, Kərkicahan DQMV-də böyük kəndlərdən hesab olunurdu. Ancaq ermənilər imkan vermirdilər ki, bu kəndlərdə tam orta məktəb açılsın. Həmin kəndlərdə əvvəllər 7 illik, sonra 8 illik məktəblər fəaliyyət göstərirdi. Yalnız Xankəndidə bir Azərbaycan məktəbi vardı - 4 nömrəli orta məktəb. Həmin kəndlərdən kim istəyirdisə, gəlib burada orta təhsilini tamamlayırdı. Mən də 8-ci sinfi Xocalıda bitirəndən sonra təhsilimi Xankəndidə davam etdirmişdim. Lakin kənd camaatının əksəriyyətinin buna imkanı çatmırdı. Orada qalmaq, gedib-gəlmək müəyyən məbləğ vəsait xərcləməyi tələb edirdi. 

1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi məsələsi Stalinin dövründə - 1940-cı illərin sonlarında da vaxtaşırı qaldırılmışdı. 1964-1965-ci illərdə bu dalğa bir daha güclənmişdi, ancaq o vaxt Moskva xeyir-dua vermədiyinə görə yatırılmışdı. 

Yadımdadır ki, 1967-ci ildə üzərilərinə bir erməni uşağını öldürdükləri şər-böhtanı atılan üç Xocavənd sakininin Xankəndinin mərkəzində məhkəməsi gedirdi. Məhkəmə gedən yerin bir tərəfində ovaxtkı vilayət milis idarəsi, bir tərəfində vilayət dövlət təhlükəsizlik komitəsinin şöbəsi, bir tərəfində isə vilayət prokurorluğu yerləşirdi. Məhkəmə qərar verəndən sonra dustaqları həbsxanaya aparmaq üçün çıxarıb maşına mindirəndə ermənilər kütləvi şəkildə hücum edərək həmin üç azərbaycanlını vəhşicəsinə qətlə yetirdilər. 10-cu sinfi bitirirdim, imtahan dövrü idi deyə Xankəndidə törədilən o dəhşətli hadisənin şəxsən şahidi oldum. Ermənilər həmin dustaqları küçənin ortasında diri-diri yandırdılar. Onların yanması nəticəsində asfaltın üzərinə axan insan yağının tükürpərdici mənzərəsi indiyə qədər də gözlərimin önündən getməyib. Dediyim kimi, həmin cinayətlərin o dövrdəki DQMV-nin bütün hüquq-mühafizə orqanlarının gözü qarşısında baş verməsinə baxmayaraq, onlar bunun qarşısını almaq üçün heç nə etmədilər, əksinə, cinayət hadisəsinə göz yumaraq şərait yaratdılar. Eyni zamanda da bu qanunsuzluqlar barədə məlumatlı olan Moskvadan heç bir reaksiya gəlmədi. Yalnız o zaman Dövlət Təhlükəsizlik Komitəsində işləyən Ulu Öndər Heydər Əliyev Qarabağa gələrək bu məsələ ilə məşğul oldu. Məndə olan məlumata görə, 80 nəfərdən çox cinayətkar erməni həbs olundu. 

Xankəndidəki azərbaycanlıların sayı 16 min nəfərdən çox idi


- Ermənilər milli zəmində məsələlərin qabardılması istiqamətində açıq-aşkar və təşkilatlanmış formada fəaliyyət göstərirdilər. Öncə onlar deyirdilər ki, guya DQMV-də sosial-iqtisadi vəziyyət həddindən artıq gərgindir. Amma bunlar yalan idi. Həmin vaxt Azərbaycanda ən yüksək səviyyədə inkişaf, sosial durum Bakıdan, Sumqayıtdan, Gəncədən sonra məhz Xankəndidə idi. 

1969-cu ildə Ulu Öndər Heydər Əliyev birinci dəfə Azərbaycanda hakimiyyətə gələndən sonra DQMV-də müxtəlif iş sahələri yaradıldı, fabriklər açıldı, dəmir yolu xətti çəkildi. Xankəndidə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun, eyni zamanda Tibb Texnikumunun filialları açıldı. Həmçinin peşə məktəbləri fəaliyyətə başladı. Bunların nəticəsində xeyli işçi  qüvvəsi lazım oldu və ətraflardan azərbaycanlıların Xankəndiyə axını başladı. Hətta 1988-ci ilin fevralında hadisələr başlayanda Xankəndidəki azərbaycanlıların sayı 16 min nəfərdən çox idi. Bu, Ulu Öndərimizin o dövrdə Xankəndidə və bütöv Dağlıq Qarabağda azərbaycanlıların sayının artmasına verdiyi mühüm töhfə idi. 

1984-1985-ci illərdən sonra açıq-aşkar eşidirdik ki, ermənilər DQMV-nin Ermənistana birləşdirilməsi məsələsi ilə bağlı gizli yığıncaqlar keçirirlər. Təbii ki, bu məlumatlardan respublika rəhbərliyinin də xəbəri var idi. Ancaq heç bir tədbir görülmürdü. Çünki 1987-ci ilin ortalarından başlayaraq içərilərində özüm də olmaqla, Xankəndidən, Xocalıdan olan bir neçə nəfər azərbaycanlı ziyalı müəyyən vasitələrlə respublika rəhbərliyinə ermənilərin qanunsuz fəaliyyəti haqqında məlumatlar çatdırırdıq. Həmin dövrdə Xocalı Kənd Sovetinin sədri idim. Həmin ilin dekabrında məni Ağdam rayonunda Dövlət Təhlükəsizlik Komitəsinin şöbəsinə çağırdılar. O vaxt Xocalıda sovxoz partiya komitəsinin katibi olan Murad Şükürovla birlikdə getdik. Şöbədə Dövlət Təhlükəsizlik Komitəsinin bir əməkdaşı qovluğunu açıb ermənilərin gizli fəaliyyətləri ilə bağlı indiyə qədər göndərdiyimiz məlumatları çıxarıb göstərdi. Dedik ki, hələ bunlar azdır, onlar hər gün bir neçə yerdə yığıncaqlar keçirir, çağırışlar edir, vərəqələr paylayırlar, Moskvaya müraciətlər göndərirlər. Təkcə Xocalıdan Xankəndidə fəaliyyət göstərən Qarabağ İpək Kombinatında 70 nəfərdən çox qadın işləyirdi. Ermənilər onları, sürücülərimizi döyüb qovublar. Əvəzində həmin şəxs bizi möhkəm hədələdi və xəbərdarlıq etdi ki, "milli məsələləri qızışdırdığınıza" görə siz həbs oluna bilərsiniz. Yenə dedik ki, bu, gələcəkdə çox böyük fəlakətlərə gətirib çıxaracaq. 

1988-ci il fevralın 11-də Əsgəran Rayon Partiya Komitəsinin təşkilat şöbəsinin müdiri mənə zəng vuraraq sabahı gün rayon partiya komitəsində keçiriləcək fəalların yığıncağına çağırdı. Mən və başqa beş nəfər azərbaycanlı həmin iclasa getdik. İclasda Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci katibi Boris Gevorkov, Azərbaycan KP Mərkəzi Komitəsinin ikinci katibi Konovalov, Əsgəran rayon partiya komitəsinin birinci katibi Vaçaqan Qriqoryan, o vaxt Mərkəzi Komitədə inzibati şöbənin müdiri olan Məhəmməd Əsədov və digərləri iclasda iştirak edirdi. Elə ki Gevorkov nitqinə başladı, biz altı nəfər azərbaycanlıdan başqa, bütün zal ayağa qalxdı. Fit çalan kim, qışqıran kim, ayağını yerə döyən kim... Ermənilər heç kimə danışmağa imkan vermədilər. Binanın qarşısındakı böyük meydanda əllərində bayraqlar, şüarlar tutmuş minlərlə erməni "miatsum" (birləşmə), - deyə  qışqırırdılar. Milisin köməyi ilə bizi maşınlarımıza mindirib yola saldılar. Həmin axşamdan silahsız da olsaq, özümüzü qorumaq üçün Xocalının ətrafında postlar qurduq. 


Volskinin murdar fəaliyyəti


- 1988-ci il fevralın 13-də Xankəndinin mərkəzi meydanında ermənilərin fasiləsiz mitinqləri başladı. Bu proses fevralın 20-nə qədər kütləvi şəkildə davam elədi. Həmin gün onlar DQMV İcraiyyə Komitəsinin sessiyasını çağırdılar və azərbaycanlı deputatların iştirakı olmadan qərar qəbul etdilər ki, DQMV Azərbaycan Respublikasının tərkibindən çıxarılsın və Ermənistana birləşdirilsin. 

1988-ci ildə vəziyyət gərginləşəndə, əslində, məsələlərin bu hala gəlib çıxmasına xeyir-dua verən Moskva DQMV-ni Azərbaycandan tamamilə ayırmaq məqsədilə dolayı yolla belə bir hərəkət etdi. Ermənipərəst Arkadi Volski adlı bir cinayətkarı Moskvadan - Mərkəzi Komitədən Dağlıq Qarabağa göndərdi və onun rəhbərliyi ilə 1989-cu ilin yanvarında Xüsusi İdarə Komitəsi yaradıldı. Volskinin razılığı və rəhbəriyi ilə Azərbaycanın ərazisi olan DQMV-də o dövrdə fəaliyyət göstərən 93 ən vacib böyük idarə və təşkilatların möhürü və adı dəyişdirildi. Bütün arzu və niyyətlərini yerinə yetirdiyinə görə ermənilər hətta ona "Arkadi Qarabağski" ləqəbi vermişdilər. Volskinin rəhbərliyi altında bir ilə yaxın bu cür murdar fəaliyyət göstərən Xüsusi İdarə Komitəsi 1989-cu il noyabrın 28-də ləğv edildi.

Ondan sonra Viktor Polyaniçkonun rəhbərliyi altında Dağlıq Qarabağda Təşkilat Komitəsi adlı qurum yaradıldı. Həmin dövrdə də vaxtaşırı toqquşmalar, hadisələr, ölüm-itim olurdu, amma yenə də Xankəndiyə və digər bölgələrə get-gəl, təminat nisbətən asanlaşmışdı. 1991-ci ildə Polyaniçko Moskvanın təzyiqi ilə işdən kənarlaşdırıldı. 

Həmin ilin sentyabrında Rusiya prezidenti Boris Yeltsin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə birlikdə Xankəndiyə gəldilər. 

Bir gün əvvəl mən Şuşanın ovaxtkı rəhbər şəxsləri Mikayıl Gözəlov və Vaqif Cəfərovla birlikdə Gəncəyə getmişdim. Ayaz Mütəllibov, Telman Orucov, Məhəmməd Əsədov, Vaqif Hüseynov da orada idilər. Orada Yeltsinlə dialoqumuz oldu. Yeltsin dedi ki, sülh olmalıdı, barışmalısınız və sair. Sonra da bizə müraciət etdi ki, kimin sözü var desin. Dedim, burda razılığa gəldiniz ki, Xankəndiyə gedəndə üzərində Azərbaycan bayrağı asılan vilayət partiya komitəsinin binasında görüş olacaq. Amma məndə məlumat var ki, Qalina Starovoytova Zori Balayanla Stepanakertə gəlib sizi qarşılamağın ssenarisini hazırlayırlar, sizi o binaya qoymayacaqlar. Yeltsin bərk hirsləndi, kobud şəkildə dedi ki, təxribatla məşğulsan. Ayaz Mütəllibov isə mənə Yeltsindən daha çox qəzəbləndi. Bir məsələni də deyim ki, Gəncəyə getməmişdən əvvəl işçilərimə tapşırıq vermişdim ki, Yeltsini Xocalı aeroportunda milli geyimli xocalılı uşaqlar duz-çörəklə, milli musiqi ilə qarşılasınlar. O da görsün ki, bura Azərbaycan torpağıdır. Bundan xəbər tutan rəhbər şəxslərimiz elə Gəncədə  məcbur etdilər ki, öz yanlarında Xocalıya zəng vurub qarşılanma mərasiminin təxirə salındığını bildirim.

Səhər tezdən saat 7-də hərbi vertolyotla Xocalı aeroportuna gəldik. Gördük ki, qarşıda erməni keşişi, ardınca erməni musiqiçiləri, oğlan-qızlar milli geyimdə, əllərində duz-çörək Yeltsini qarşılamağa gəliblər... 

Xankəndiyə çatanda minlərlə erməni maşının qabağını kəsib Yeltsini düşürdü və qucaqlarına alıb erməni bayrağı asılmış binanın qarşısında quraşdırdıqları səhnəyə çıxartdılar. O da bir əlinə mikrofonu götürdü, digərini yuxarı qaldırıb dedi: "Əziz erməni dostlar, mən sizinləyəm". 


Xocalının imdadına heç kim yetmədi 


- 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olundu. 

Onu da deyim ki, əgər 1991-ci ilin oktyabrına qədər hadisələr milli münaqişə kimi gedirdisə, artıq həmin aydan Ermənistan Azərbaycana qarşı elan olunmamış müharibə aparmağa başladı. Təsəvvür edin ki, onlar dövlət səviyyəsində müharibə aparırdılar, Azərbaycan isə kənd-kənd müdafiə olunurdu. Bu gün bir, o biri gün digər kənd işğal olunurdu... 

1991-ci ildə respublikamızda Müdafiə Nazirliyi yaradılsa da, onun nə kadr, nə maddi bazası, nə də silah-sursatı var idi. Güclər nisbəti bərabər deyildi və artıq torpaqlarımızın işğalı başlamışdı. Xocalı tam mühasirədə idi. Biz xocalılılar imdad diləyirdik...  

Demək olar ki, hər gün respublika rəhbərliyinə müraciətlər göndərir, ağır vəziyyətimizi bildirirdik. Bir neçə dəfə vertolyotla Bakıya gəlib Ali Sovetdə çıxış etdim. Zaldakı mikrofonları güclə, icazəsiz götürüb müraciətlər etdim. Həmin çıxışların stenoqramlarını hələ də saxlayıram. İclasların birində Ayaz Mütəllibov da iştirak edirdi. Müraciət etdim ki, ölkənin prezidenti, onun müdafiəsinə cavabdehlik daşıyan rəsmi insanların hamısı buradadır. Siz burada hakimiyyət uğrunda bir-birinizi qırırsınız, amma millət orada faciə qarşısındadır. Əgər siz doğrudan da Dağlıq Qarabağın müdafiəsinin təşkili üçün hansısa tədbirlərin görülməsi haqqında fikirləşirsinizsə, onda bir sual ünvanlayıram: "Burada oturanlardan kimsə Dağlıq Qarabağda azərbaycanlılar olan yaşayış məntəqələrindən istənilən birinin müdafiə qabiliyyətinin nədən ibarət olduğunu deyə bilərmi?" Heç kimdən səs çıxmadı... 

Xocalının keçmiş icra başçısı Elman Məmmədov deyir ki, bax elə onda bir daha anladım ki, ovaxtkı respublika rəhbərliyi Qarabağ məsələsi ilə qətiyyən məşğul olmur: "Əksinə, onlar bu gərginlikdən, anarxiyadan, müharibədən öz mənafeləri üçün istifadə edirdilər: bəziləri malik olduqları mövqeyi qoruyub saxlamaq, bəziləri isə o mövqeyə sahib olmaq üçün... Əgər Ulu Öndər Heydər Əliyev ikinci dəfə respublikamızda hakimiyyətə bir az gec gəlsəydi, indi Azərbaycan adlı bir dövlət yox idi... Həmin illərdə yaşadıqlarımız bizim üçün ibrət və dərsdir. Xalq olaraq həm də gördük ki, dövlətin mövcudluğu üçün ən başlıca amillərdən biri liderin varlığıdır. Vətən müharibəsində qazandığımız parlaq Zəfər də məhz nəyi necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilən Müzəffər Lider İlham Əliyevin adı ilə birbaşa bağlıdır..."  

Beləcə, 1980-ci illərdən start götürən və Qarabağda, bütövlükdə respublikada ard-arda baş verən faciəvi hadisələrə görə 1991-ci ilin noyabrından xocalılılar düz dörd ay mühasirədə yaşayırlar. Həmin müddət ərzində kömək diləyirlər, tədbir görülməsini istəyirlər, amma o vaxt hakimiyyətdə olanlardan bir haray görmürlər... 

Nəticədə Xocalı soyqırımı törədilir...


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada son vəziyyət barədə bəyanat yayıb  

19:33
10 Dekabr

Müdafiə Nazirliyi: Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır 

19:32
10 Dekabr

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

19:32
10 Dekabr

“Qarabağ” Avropa Liqasının oyunu üçün İsveçə yollanıb

19:31
10 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:17
10 Dekabr

İƏT Komissiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub

18:15
10 Dekabr

AMADA dəyirmi masa keçirib

18:06
10 Dekabr

Salah noyabrın ən yaxşı futbolçusu seçilib

18:04
10 Dekabr

Həbsxana arxivləri Əsəd rejiminin cinayətlərinin açılması üçün çox vacibdir  

18:02
10 Dekabr

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti müxalifətin planlarını açıqlayıb

18:01
10 Dekabr

Cənubi Koreya parlamenti prezidentinin həbsilə bağlı qətnaməni təsdiqləyib

17:58
10 Dekabr

Sürücüsüz yük avtomobili təqdim edilib

17:50
10 Dekabr

“Xiaomi”nin elektrikli krossoveri sərgilənib

17:48
10 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:45
10 Dekabr

Dövlət Komitəsinin sədri Abşeron və Zəngilan sakinlərinin müraciətlərini dinləyəcək  

17:42
10 Dekabr

Məhkəmə Ekspertizası Şurasının işçi qruplarında təmsil olunan vəkillərlə görüş keçirilib  

17:40
10 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNƏCƏK

17:37
10 Dekabr

Təbriz mediası Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc edib  

17:36
10 Dekabr

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb

17:35
10 Dekabr

İordaniyada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

17:34
10 Dekabr

“Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib YENİLƏNİB

17:32
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!