28 Noyabr 2024 08:20
1447
CƏMİYYƏT
A- A+
Zəfərin elm və təhsil təntənəsi

Zəfərin elm və təhsil təntənəsi


Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetinin təsisindən 1 il ötür 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli sərəncamı əsasında yaradılmış Qarabağ Universiteti artıq bir yaşını tamamlayır. Qarabağ Universitetinin yaradılması Müzəffər Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyi və qəhrəman hərbçilərimizin şücaəti sayəsində həm 44 günlük Vətən müharibəsində, həm də bir gündən az davam edən antiterror tədbirlərində qazanılmış parlaq tarixi qələbələrin növbəti təntənəsidir. 

Eyni zamanda işğaldan azad olunmuş doğma torpaqlarımızda belə bir ali təhsil müəssisəsinin fəaliyyətə başlaması Ümummilli Liderimiz Heydər Əliyev irsinə sadiqliyin və Ulu Öndərin siyasi kursunun layiqli şəkildə davam etdirilməsinin məntiqi nəticələrindən biri kimi dəyərləndirilməlidir.

Qarabağ regionunda bərpa və inkişaf proseslərinin mühüm tərkib hissələrindən biri olan Qarabağ Universiteti təhsilin gücü ilə bölgəyə həyatvermə missiyasının əsas daşıyıcılarından hesab edilir. 

Əsas məqsədi regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması olan Qarabağ Universiteti təkcə bölgənin deyil, həm də ölkəmizin aparıcı təhsil və elm mərkəzlərindən birinə çevrilməyi hədəfləyir. 

Qarabağ Universiteti Vətəninə, xalqına və dövlətinə bağlı layiqli peşəkar kadrlar yetişdirməklə yanaşı, bölgədə güclü bir sosial-iqtisadi və mədəni ekosistemin formalaşmasında əhəmiyyətli rol oynamağı da başlıca məqsədlərindən müəyyən etmişdir. Ötən bir il ərzində həyata keçirilmiş fəaliyyətlər, əldə edilmiş nailiyyətlər və qarşıya qoyulmuş strateji vəzifələr məhz qeyd edilən istiqamətlərdə Qarabağ Universitetinin potensialının gücləndirilməsinə, milli və beynəlxalq ali təhsil məkanında tanıdılmasına və nüfuzunun artırılmasına xidmət etmişdir.

Təqdirəlayiq haldır ki, dövlətimizin diqqət və qayğısı sayəsində Qarabağ Universitetinin qurulması və ilk tədris ilinə hazırlığı istiqamətində işlər uğurla nəticələnmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 fevral tarixli müvafiq qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2024-cü il tarixli sərəncamı ilə ehtiyat fondundan Elm və Təhsil Nazirliyinə Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün 10 (on) milyon manat maliyyə vəsaiti ayrılmışdır. Qarabağ Universitetinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar bir sıra əmlakın Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin balansına qəbul edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 aprel tarixli müvafiq sərəncamı təsdiq edilmişdir.

Dövlət başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində universitetdə müasir tədris infrastrukturu yaradılmışdır. Bütün tədris binalarında əsaslı təmir işləri həyata keçirilmiş, auditoriya və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz olunmuşdur. Əsas tədris binasında (6800 m2) 37 auditoriya, 55 inzibati otaq, 1 kitabxana, 6 laboratoriya, 1 akt zalı, 2 iclas zalı, 1 yeməkxana, 1 tibb məntəqəsi, 2 idman zalı və 55 texniki otaq olmaqla, ümumilikdə 161 otaq istifadəyə verilmişdir. İncəsənət fakültəsinin yerləşdiyi 2-ci tədris binasında (1900 m2) 17 ixtisas otağı, 5 auditoriya, 2 emalatxana, 

1 kitabxana, 1 studiya, 1 konsert zalı, 1 akt zalı, 1 tibb otağı, 6 inzibati otaq və 7 texniki otaq olmaqla, ümumilkdə 42 otaq mövcuddur. Beynəlxalq dil mərkəzinin yerləşdiyi 3-cü tədris binasında (4000 m2) 23 auditoriya, 6 inzibati otaq, 6 texniki otaq, 1 akt zalı və 1 yeməkxana olmaqla ümumilikdə 37 otaq var. Universitetin bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilmişdir. Əsas tədris binasının qarşısında 2,3 ha ərazidə müasir tələblərə uyğun yeni park salınmışdır. Universitetin həyətində 1,1 ha sahədə yaşıllaşdırma işləri həyata keçirilmişdir.

Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 laboratoriya yaradılmışdır. Bunlar fizika, kimya, mexatronika, Robototexnika, kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma laboratoriyalarıdır.

Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanası tələbələrin istifadəsinə verilmişdir. Kitabxana xidmətlərindən eyni anda 200 tələbənin istifadəsi mümkündür. Kitabxananın kitab fondunda Azərbaycan, ingilis və rus dillərində 6000-dən çox dərslik, dərs vəsaiti və digər ədəbiyyatlar mövcuddur. Eyni zamanda tələbələr "Elektron kitabxana" sisteminin geniş imkanlarından faydalana bilərlər. Bundan başqa, kitabxanada elmi məqalələr, tədqiqatlar və digər akademik materiallarla zəngin "Scopus", "Web of Science" və digər mötəbər elmi məlumat bazalarına çıxış imkanları təqdim olunur. Kitabxanada müəllim və tələbələrin qrup şəklində fəaliyyətləri üçün müzakirə otaqları da yaradılmışdır.

Qarabağ Universitetinin tanıtımı istiqamətində kompleks fəaliyyətlər həyata keçirilmişdir. Universitetin loqosu, korporativ stili və sosial media hesabları yaradılmış, rəsmi vebsaytın hazırlanması ilə bağlı işlər isə yekunlaşmaq üzrədir. Qarabağ Universitetinin sosial media hesablarında bu ali təhsil müəssisəsində baş verən yeniliklər və tədbirlərlə bağlı müntəzəm məlumatlar yerləşdirilir. Həmçinin tanıtım videoçarxları hazırlanaraq bir sıra televiziya kanallarında, sosial media hesablarında və təbliğat görüşlərində nümayiş etdirilmişdir. Bununla yanaşı, universitet əməkdaşları müxtəlif televiziya verilişlərində iştirak edərək və bir çox informasiya agentliklərinə müsahibələr verərək, Qarabağ Universiteti ilə bağlı məlumatları daha geniş şəkildə ictimaiyyətin diqqətinə çatdırmışlar.   

Eyni zamanda tələbə qəbulu imtahanlarının həyata keçirildiyi, ixtisas seçimlərinin yaxınlaşdığı ərəfədə abituriyentlər arasında təbliğat və təşviqat işlərinin həyata keçirilməsi başlıca fəaliyyət istiqamətlərindən birini təşkil etmişdir. Bakı, Qarabağ, Abşeron-Xızı, Mərkəzi-Aran, Quba-Xaçmaz, Qazax-Tovuz, Gəncə-Daşkəsən, Şirvan-Salyan, Mil-Muğan, Dağlıq Şirvan, Şəki-Zaqatala və Lənkəran-Astara regional təhsil idarələri üzrə ümumtəhsil müəssisələrindən məzun olan və buraxılış imtahanlarında yüksək bal toplayan abituriyentlər və onların valideynlərinin iştirakı ilə 32 təbliğat görüşü keçirilmişdir. Bununla yanaşı, Qarabağ Universitetində təşkil edilən SABAH qruplarının təbliği məqsədilə müvafiq ali təhsil müəssisələrinin birinci kurs tələbələri ilə 6 görüş baş tutmuşdur. 

İlk tədris ilində Qarabağ Universitetində 6 fakültə yaradılmışdır: Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, Mühəndislik, İqtisadiyyat və Turizm. 

Pedaqoji fakültədə "riyaziyyat müəllimliyi", "ibtidai sinif müəllimliyi", "xarici dil müəllimliyi (ingilis dili)", "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasları üzrə tədris həyata keçirilir. İncəsənət fakültəsi "musiqi müəllimliyi", "dizayn", "instrumental ifaçılıq" və "vokal sənəti" ixtisaslarını əhatə edir. Humanitar və sosial elmlər fakültəsində "beynəlxalq münasibətlər", "hüquqşünaslıq", "tarix" və "psixologiya" ixtisasları üzrə kadr hazırlığı təşkil edilmişdir. Mühəndislik fakültəsində "elektrik və elektronika mühəndisliyi", "inşaat mühəndisliyi", "kompüter mühəndisliyi", "logistika və nəqliyyat texnologiyaları mühəndisliyi", "mexatronika və robototexnika mühəndisliyi" ixtisasları üzrə kadr hazırlığı nəzərdə tutulmuşdur. İqtisadiyyat fakültəsində "beynəlxalq ticarət və logistika", "iqtisadiyyat", "maliyyə", "menecment", "mühasibat", "dövlət və bələdiyyə idarəetməsi" ixtisasları tədris olunur. Turizm fakültəsində isə "turizm işinin təşkili ixtisası" üzrə yüksəkixtisaslı mütəxəssis hazırlığı aparılır.

2024/2025-ci tədris ili üzrə universitetin bakalavriat səviyyəsinə tələbə qəbulu planında ümumilikdə 1120 yer ayrılmışdır. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələrinə əsasən, 1104 tələbə qəbul olmuş və qəbul planı 98,5 faiz yerinə yetirilmiş, 1094 tələbə qeydiyyatdan keçmişdir.

Qarabağ Universitetinə qəbul olan tələbələrdən 101 nəfər 600-dən çox bal, 385 nəfər isə 500-dən çox bal toplamışdır. 683,8 balla ən yüksək nəticə göstərərək, "hüquqşünaslıq" ixtisası üzrə Qarabağ Universitetinə qəbul olan 1 tələbə Prezident təqaüdünə layiq görülmüşdür. Olimpiada qalibi olan 1 abituriyent universitetin "Elektrik və elektronika mühəndisliyi" ixtisasına müsabiqədənkənar qəbul edilmişdir. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə qəbul olan tələbələrin orta qəbul balı 467,6 təşkil etmişdir. Respublikamızın bütün regionlarını əhatə edən tələbələrin 54 faizi oğlan, 46 faizi isə qızdır. 

Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində "hüquqşünaslıq", "xarici dil müəllimliyi (ingilis dili)", "maliyyə" və "mühasibat" ixtisasları üzrə SABAH qrupları təşkil olunmuşdur. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələr arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbə hazırda sözügedən 4 ixtisas üzrə Qarabağ Universitetinin SABAH qruplarında ikinci tədris ilində təhsilini davam etdirir. Beləliklə, Qarabağ Universitetində ilk tədris ilinə 1154 tələbə ilə start verilmişdir.

Ümumilikdə, Qarabağ Universitetinə işə götürülmüş əməkdaşların sayı 160 nəfərə çatmışdır. Bunlardan 60 nəfər akademik heyət üzvü, 85 nəfər inzibati heyət üzvü, 15 nəfər isə texniki heyət üzvüdür. Əməkdaşlar arasında 16 nəfər məcburi köçkün, 2 nəfər müharibə veteranı, 2 nəfər şəhid ailəsi üzvü vardır. Universitetin kadr heyətinin seçimi zamanı Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün vacib olan bilik və bacarıqlara sahib peşəkar mütəxəssislərə üstünlük verilmişdir. 

Universitet şəhərciyində tələbələrin və əməkdaşların yaşaması üçün ayrılmış binalarda  mənzillər əsaslı təmir olunmuş və müvafiq avadanlıqlarla təchiz edilmişdir. Universitet əməkdaşlarının və onların ailələrinin yaşaması üçün nəzərdə tutulan 4 binada ümumilikdə 186 mənzil mövcuddur. Hazırda bütün əməkdaşların və onların ailə üzvlərinin məskunlaşması təmin olunmuşdur. Əməkdaşların universitetdə çalışdıqları müddətdə həmin mənzillərdə ödənişsiz əsaslarla yaşaması nəzərdə tutulmuşdur. Eyni zamanda tələbələrin yaşaması üçün nəzərdə tutulan mənzil tipli 5 yataqxana binasında yaşayış şərtləri müasir kampus konseptinə uyğunlaşdırılmış və bütün tələbələrin ödənişsiz əsaslarla məskunlaşması təmin edilmişdir.

Əlamətdar haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və iştirakı ilə məhz 20 Sentyabr Dövlət Suverenliyi Günündə Qarabağ Universitetinin açılışı baş tutmuşdur. Dövlət başçımızın qeyd etdiyi kimi: "Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir". 

Dövlət başçısının Qarabağ Universitetinin açılış mərasimində iştirakı, tədris binası və yataqxanalardakı şəraitlə tanış olması, tələbə və müəllim heyəti ilə görüşü, həmçinin proqram xarakterli çıxışı bu ali təhsil müəssisəsinə göstərilən xüsusi diqqətin və əhəmiyyətin parlaq göstəricisi olmuşdur. Eyni zamanda, bu çıxış Qarabağ Universitetinin gələcək fəaliyyət istiqamətlərini müəyyən edən yol xəritəsinin əsasını təşkil etmişdir. Dövlət başçısının ali təhsil ocağının üzərinə qoyduğu vəzifələr və verdiyi tövsiyələr tələbə, professor-müəllim və inzibati heyət üçün həm böyük məsuliyyət, həm də inkişaf üçün geniş imkanlar açmışdır. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi "Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir" ifadəsi artıq universitetimizin əsas hədəfi və devizi olaraq müəyyən edilmişdir. 

Sentyabrın 23-də ilk tədris ilinə start verən Qarabağ Universitetində tədrisin təşkili üçün bütün zəruri sənədlər hazırlanmış və təsdiq edilmişdir. Yeni məzmunlu tədris planları, "Tədrisin təşkili qaydaları", "Qarabağ Universitetində professor-müəllim heyətinin elmi yaradıcılıq normaları", "Tələbə biliyinin qiymətləndirilməsi və imtahan qaydaları" hazırlanmışdır. Bütün ixtisaslar üzrə təhsil proqramları qabaqcıl milli və beynəlxalq təcrübələr nəzərə alınmaqla yeni məzmunda tərtib edilmişdir. Universitetin məqsədi tələbələrin ixtisasları üzrə zəruri kompetensiyalara yiyələnməsini təmin etmək, nəzəri biliklərlə yanaşı, onların praktiki bacarıqlarını da gücləndirməkdir. 

Tələbələrin tədris prosesinə adaptasiya edilməsi üçün universitetdə oriyentasiya günləri təşkil edilmişdir. Məqsəd tələbələri akademik və sosial mühitlə tanış etmək, o cümlədən lazım olan resursları təqdim etməkdən ibarət olmuşdur. Bununla əlaqədar olaraq, bütün fakültələrdə akademik infosessiyalar keçirilmişdir. Tələbələr fakültələrin strukturu və heyəti ilə tanış olmuş, tədrisin təşkili qaydaları, tələbə nailiyyətlərinin qiymətləndirməsi meyarları, dərs cədvəlləri, sillabuslar və digər məsələlər haqda məlumatlandırılmışlar. Həmçinin universitet rektorunun bütün tələbələrlə, inzibati və akademik heyət üzvləri ilə görüşləri təşkil edilmişdir.

Qarabağ Universitetində payız semestrinin ilk aralıq imtahanları da uğurla yekunlaşmışdır. 2024-cü ilin 4-23 noyabr tarixləri arasında keçirilən imtahan prosesində yazılı, şifahi, təqdimat (layihə) əsaslı qiymətləndirmə, test üsulu ilə qiymətləndirmə, eyni zamanda çoxşaxəli üsullardan istifadə edilmişdir. İncəsənət fakültəsində aparılan imtahanlar isə ixtisaslara uyğun olaraq praktiki qiymətləndirmə əsasında təşkil edilmişdir.

Qarabağ Universitetinin tələbə və müəllim heyəti ilə görüşü zamanı dövlət başçısının vurğuladığı əsas məqamlardan biri gənclərin milli vətənpərvərlik ruhunda yetişdirilməsi və mənəvi hazırlığının önəmi olmuşdur. Prezident çıxışında qeyd etmişdir ki, "Birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. "Bu prinsip əsasında Qarabağ Universitetində gənclərin vətənpərvərlik tərbiyəsinin əsasını onların vətən sevgisinin, tarix və mədəniyyətə hörmətin, milli irsə bağlılığın və sosial məsuliyyət hisslərinin inkişaf etdirilməsi təşkil edir. Qarabağ Universitetində 8 Noyabr Zəfər Gününə həsr olunmuş müxtəlif formatlı tədbirlərdə tələbələrin fəal iştirakının təmin olunması məhz bu məqsədlərə xidmət etmişdir. 

Bununla yanaşı, Qarabağ Universiteti ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda - Türkiyə, Çin, Rusiya, Misir, Özbəkistan və Yaponiyada təşkil olunan müxtəlif simpozium, forum, festival, konfrans, təhsil sərgisi, əmək yarmarkası və digər tədbirlərdə də fəal təmsil olunmuşdur. Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Türkiyə və Çinin bir sıra nüfuzlu universitetlərinin rəhbər heyəti ilə görüşlər keçirilmiş, müvafiq istiqamətlərdə işbirliyinin yaradılması ilə bağlı müzakirələr aparılmış və ilkin razılıqlar əldə edilmişdir. Bu istiqamətdə görülmüş işlərin nəticələrindən biri kimi, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2024/2025-ci tədris ilindən etibarən Türkiyənin Ankara Hacı Bayram Veli Universitetinin 2 professorunun Qarabağ Universitetində birillik fəaliyyətə başlamasını qeyd etmək olar.

2024-cü ilin oktyabrında Qarabağ Universiteti Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq haqqında memorandum imzalamaqla özəl sektorla əməkdaşlığa start vermişdir. Memoranduma əsasən, ABB tərəfindən universitetin ən yüksək təhsil nailiyyətləri olan 30 xanım tələbəsinə təqaüd veriləcək. Bununla yanaşı, əməkdaşlıq çərçivəsində təlim və təcrübə proqramlarının, karyera günlərinin keçirilməsi, tədris auditoriyasının yaradılması, birgə elmi konfransların və digər tədbirlərin təşkili, ortaq elmi-tədqiqat layihələrinin reallaşdırılması, qarşılıqlı ekspert-məsləhət dəstəyi də nəzərdə tutulmuşdur. 

Əsas prioritetlərdən biri müasir universitet idarəetmə modelinin tətbiq olunmasıdır. Qarabağ Universiteti tələbə-mərkəzli yanaşma əsasında qurulur. Tədris prosesi və akademik mühit gənclərin maraq və ehtiyaclarına uyğun və onların hərtərəfli inkişafını dəstəkləyəcək şəkildə formalaşdırılır. Əsas məqsəd Ulu Öndərin ideyalarına sadiq, geniş dünyagörüşlü, vətənpərvər, dayanıqlı inkişaf düşüncəsinə malik, kreativ və innovativ bacarıqlara sahib bir nəsil yetişdirməkdir. Eyni zamanda tələbələrin texnoloji biliklərə yiyələnməsi, xarici dilləri mükəmməl mənimsəməsi, tədqiqat, startap, sahibkarlıq və kommunikasiya kimi yumşaq bacarıqlarının inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir. Bu yanaşma Qarabağ Universitetinin müasir, rəqabətədavamlı bir ali təhsil müəssisəsi kimi mövqeyinin güclənməsini təmin edir. Eyni zamanda bütün bunlar Qarabağ Universitetində tələbələrə maraqlı sosial həyat və məzmunlu tələbə mühiti təqdim edir. Bu kontekstdə, cari tədris ilində gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə tələbələr üçün aktual mövzularda təlimlər və maarifləndirici görüşlər keçirilmiş, idman oyunları və intellektual yarışlar, konsertlər təşkil edilmiş, tələbə təşkilatları və klublarının yaradılması istiqamətində müvafiq addımlar atılmışdır. Həmçinin tədris prosesinin başlanmasından ötən 2 ay ərzində Qarabağ Universitetində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Baş Prokurorluq, Gənclər və İdman Nazirliyi və digər dövlət və özəl qurumlarla keçirilən ortaq layihələrdən tələbələr faydalanmışdırlar. 

Bununla yanaşı, Qarabağ Universiteti tədqiqat-mərkəzli universitet modeli əsasında qurulur. Universitetin müasir infrastrukturu, inkişaf etmiş laboratoriya bazası və yüksəksəviyyəli akademik heyəti, Qarabağ və Şərqi Zəngəzurun, eləcə də Azərbaycanın ümumi sosial-iqtisadi inkişafına töhfə verə biləcək mühüm elmi-tədqiqatların aparılmasına şərait yaradacaqdır. Qarabağ Universitetində nüfuzlu beynəlxalq elmi tədbirlərin keçirilməsi və universitetin professor-müəllim, tələbə heyətinin qlobal elmi platformalarda fəal təmsil olunması əsas prioritetlərdəndir. Bundan əlavə, xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin dəstəyi ilə elmi əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma, Qarabağ Universitetini həm milli, həm də beynəlxalq səviyyədə elmi mərkəzə çevirmək məqsədinə xidmət edir. Bu məqsədlə, universitetin rəhbərliyi Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) və Türkiyədəki Azərbaycanlı Bilim İnsanları Dərnəyinin (ABİD) İdarə Heyəti üzvləri ilə görüşlər keçirərək genişmiqyaslı əməkdaşlıqların əsasını qoymuşdur.

Hazırda ölkənin və regionun əmək bazarının tələbləri nəzərə alınaraq universitetdə kadr hazırlığı istiqamətlərinin artırılması və buna müvafiq olaraq maddi-texniki bazanın genişləndirilməsi ilə bağlı işlər davam etdirilir. Növbəti illərdə Tibb fakültəsi, Xocalıda Aqrar elmlər fakültəsi yaradılacaq. Eyni zamanda Şuşada Turizm fakültəsi fəaliyyət göstərəcəkdir. Bir sözlə, dövlət başçımızın qeyd etdiyi kimi, bu, bir neçə şəhəri birləşdirən universitet olacaq. Bu yanaşma universitetin təhsil mərkəzi kimi regional inteqrasiyasını gücləndirəcəkdir. Qarabağ Universiteti, təhsil, tədqiqat və sosial xidmətlər vasitəsilə işğaldan azad olunmuş ərazilərdə həyatın yenidən qurulması və sosial-iqtisadi, mədəni mühitin inkişafı məqsədilə dövlətin həyata keçirdiyi genişmiqyaslı tədbirlərə əhəmiyyətli töhfə verəcəkdir.

İnanırıq ki, dövlətin diqqəti və qayğısı ilə müasir tələblər əsasında qurulan bu ali təhsil müəssisəsi yaxın zamanda regional ekosistemin əsas drayverinə çevriləcəkdir. 

Universitet, "yaşıl transformasiya" yönümlü layihələrin reallaşdırıldığı əsas məkan olmaqla, davamlı inkişafa xidmət edən innovativ həllərin təşəbbüskarları arasında ön sıralarda yer alacaqdır. Bütün bunlar Qarabağ Universitetinin Azərbaycanın önəmli elm, təhsil və innovasiya mərkəzlərindən biri kimi dünyada tanınmasına imkan verəcəkdir.


Şahin BAYRAMOV,

Qarabağ Universitetinin rektoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib  

20:54
10 Dekabr

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada son vəziyyət barədə bəyanat yayıb  

19:33
10 Dekabr

Müdafiə Nazirliyi: Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır 

19:32
10 Dekabr

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

19:32
10 Dekabr

“Qarabağ” Avropa Liqasının oyunu üçün İsveçə yollanıb

19:31
10 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:17
10 Dekabr

İƏT Komissiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub

18:15
10 Dekabr

AMADA dəyirmi masa keçirib

18:06
10 Dekabr

Salah noyabrın ən yaxşı futbolçusu seçilib

18:04
10 Dekabr

Həbsxana arxivləri Əsəd rejiminin cinayətlərinin açılması üçün çox vacibdir  

18:02
10 Dekabr

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti müxalifətin planlarını açıqlayıb

18:01
10 Dekabr

Cənubi Koreya parlamenti prezidentinin həbsilə bağlı qətnaməni təsdiqləyib

17:58
10 Dekabr

Sürücüsüz yük avtomobili təqdim edilib

17:50
10 Dekabr

“Xiaomi”nin elektrikli krossoveri sərgilənib

17:48
10 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:45
10 Dekabr

Dövlət Komitəsinin sədri Abşeron və Zəngilan sakinlərinin müraciətlərini dinləyəcək  

17:42
10 Dekabr

Məhkəmə Ekspertizası Şurasının işçi qruplarında təmsil olunan vəkillərlə görüş keçirilib  

17:40
10 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNƏCƏK

17:37
10 Dekabr

Təbriz mediası Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc edib  

17:36
10 Dekabr

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb

17:35
10 Dekabr

İordaniyada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

17:34
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!