27 Noyabr 2024 08:00
986
SİYASƏT
A- A+
Mötəbər tədbirin möhtəşəm təşkili

Mötəbər tədbirin möhtəşəm təşkili


Azərbaycanın yüksələn siyasi nüfuzu və parlaq imici növbəti dəfə öz təsdiqini cop29-da tapdı


44 günlük Zəfərin dördüncü ildönümü qürur və fəxarətlə qeyd edildi.

Vətən müharibəsindəki böyük Zəfərə yaraşan, unikallığı və qeyri-adiliyi ilə diqqətçəkən yeni "Zəfər tağı"nın açılışı oldu.

Zəfərin baş memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyev milli ornamentləri ilə diqqətçəkən Azərbaycan Ordusunun, qəhrəman əsgər və zabitlərimizin cəsarət və rəşadətini özündə ehtiva edən abidənin rəmzi mənalarını da açıqladı.

Bəli, Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə çevrilən 44 günlük müharibə, hərbi əməliyyatlar nəticəsində otuzillik erməni işğalından sonra ölkəmizin ərazi bütövlüyünün bərpası, dövlət suverenliyinin təmin edilməsi əsrlər boyu nəsillər tərəfindən daim qürur və minnətdarlıqla xatırlanacaq, paytaxt Bakının ən görkəmli yerlərindən birində qoyulan 44 metrlik, 44 sütunlu "Zəfər tağı" daim vüqar və əzəmət saçacaqdır.

Zəfər tədbirləri qurtarar-qurtarmaz ölkəmizdə daha bir nadir və mötəbər tədbirə start verildi.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işinə başladı.

***

Qlobal tədbirə evsahibliyi edən Bakı 14 gün ərzində dünyanın diqqət mərkəzində oldu, ümid və etibar məkanına çevrildi.

İrqindən, dinindən və dilindən asılı olmayaraq, dünyanın bütün ölkələrindən Azərbaycan paytaxtına gələn qonaqlar hər bir insanın həyatı, normal yaşayışı, bu günü və sabahı ilə bağlı narahatedici, düşündürücü məsələlər barədə fikir mübadiləsi apardılar, ekoloji fəlakətlərin qarşısının irəlicədən alınmasından ötrü mülahizə və təkliflərini söylədilər, deyilənlərin əməli işə çevrilməsi üçün konkret, real addımlar da atdılar.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi:

"Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a evsahibliyi etməkdən şərəf duydu.

Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.

Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq.

Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu".

Bu gün sonsuz fəxr və qürurla deyə bilərik ki, Azərbaycan bəşəriyyətin taleyi ilə bağlı ən qlobal tədbiri möhtəşəm bir səviyyədə keçirməklə bu dəfə ictimai-siyasi sahədə ikinci zəfərə imza atdı!

Əslində, COP29 həm də Azərbaycanın dünyaya yenidən qalib, dünya siyasətində aparıcı dövlətlərdən birinə çevrilərək dünya iqtisadiyyatının inkişafına dəyərli töhfələr verə bilən dövlət kimi unikal təqdimatı oldu!

COP29-da aparılan müzakirələr, keçirilən çoxsaylı tədbirlər, baş verən bütün hadisələr barədə bir yazıda söhbət açaraq hər məsələyə toxunmaq mümkünsüzdür.

Odur ki, bəzi vacib məqamlardan bəhs edəcəyik.

***

Azərbaycan heç zaman bacarmayacağı işi boynuna götürmür!

Sözü ilə əməli birdir, daim dediyini edir.

Heç zaman da bədxahların və gözü götürməyənlərin yaratdıqları əngəllərdən, hətta düşmənçilik hərəkətlərindən belə qorxub çəkinməyir!

Ölkəmiz ilk dəfə BTC-nin çəkilişi layihəsini gündəmə gətirəndə deyilənlərin şahidinə çevrildik: ölkə daxilində siyasi qətllər törədildi, kəmərin keçəcəyi ərazilərdə "ekoloqlar"ın "etiraz aksiyaları" təşkil edildi, kredit problemləri yaradıldı...

BTƏ və BTQ transmilli layihələrinin çəkilişinə başlarkən yenə analoji və digər maneələr yaradıldı.

Həm Ulu Öndər Heydər Əliyev, həm Prezident İlham Əliyev bütün bu əngəl və maneələri müdrikliklə, qətiyyətlə dəf etdilər.

18 ildən çoxdur ki, BTC uğurla fəaliyyət göstərir və qeyri-ənənəvi marşrutla Azərbaycan nefti dünya bazarına çıxarılır.

Cənubi Qafqaz Boru Kəməri TAP və TANAP-la birləşərək "Cənub qaz dəhlizi"nə çevrilib və bu dəhliz Avropanın 10-dək ölkəsinin qazla təminatında iştirak edir.

Asiya ilə Avropanı birləşdirən və Azərbaycanın açar ölkə olduğu Orta dəhlizin  də əhəmiyyəti xüsusən Rusiya-Ukrayna münaqişəsi fonunda sürətlə artır. 

Bu layihədə də Azərbaycan mühüm işlər görmüş, əlavə xərclər çəkərək Ələt limanının və BTQ dəmir yolu xəttinin yükdaşıma qabiliyyətini xeyli artırmış, Bakını logistika mərkəzinə çevirmişdir.

Ölkəmiz bütün bu işləri COP29-un keçirilməsini öz üzərinə götürməmişdən əvvəl etmişdir.

İqlim dəyişmələri ilə bağlı dünyada baş verən ağrılı proseslər, təbii fəlakətlər artıq yubanmadan birlikdə və əlaqəli addımlar atılmasını tələb edir.

COP29-un Bakıda keçirilməsilə bağlı təşəbbüs irəli sürməzdən əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyev iqlim dəyişmələrinin fəsadlarının qarşısının qabaqcadan alınmasına yeni töhfənin hazırlığına başlamışdır.

Zəfər müharibəsindən sonra barbar ermənilər tərəfindən viran qoyulan ərazilərimizin bərpası və Böyük qayıdış proqramının sürətli icrası zamanı bir sıra mühüm problemlər də həllini tapmaqdadır.

Qarabağın və Şərqi Zəngəzurun cənnətə çevrilməsi prosesi ilə yanaşı, pozulmuş ekologiyanın sürətli bərpası prosesi də uğurla aparılır:

* Yeni meşəliklər salınır;

* Bölgədəki su anbarları təmir olunaraq onlara yeni həyat verilir, yeniləri yaradılır;

* Erməni vəhşiliyi səbəbindən uzun illər boyu suvarılmayan yüz min hektarlarla əkin sahələrinin suvarılması üçün zəruri ehtiyatlar yaradılır, Azərbaycan üçün gələcəkdə aktuallaşacaq içməli su probleminin həllinə töhfələr verilir;

* Ən əsası, çoxsaylı yeni su-elektrik stansiyası tikilərək və ermənilərin dağıtdıqları SES-lər yenidən təmir olunaraq müasir avadanlıqlarla təchiz edilməklə bərpaolunan enerjiyə keçidə şərait yaradılır.

Dövrün tələbindən irəli gələn bu proseslər təkcə Qarabağda və Şərqi Zəngəzurda getmir.

BƏƏ-nin "Masdar" və digər tanınmış şirkətlərlə sıx əməkdaşlıq quran Azərbaycan Qarabağla yanaşı, Abşeronda, Xəzər dənizində, Naxçıvanda külək və günəş enerjisi istehsalını sürətlə genişləndirir, bu işə milyardlarla dollar vəsait sərf edir.

Başqa sözlə, COP29 kimi qlobal bir tədbirin keçirilməsini üzərinə götürən Azərbaycan hələ öncədən iqlim dəyişmələrindən yaranan fəsadlardan birinin karbon emissiyaları tullantılarının miqdarının azaldılmasına və yer üzərində orta illik temperaturun artımının qarşısının alınmasına şəxsi töhfəsini də verir.

***

COP29 dövründə ölkənin və qonaqların təhlükəsizliyi də etibarlı şəkildə təmin olunmuşdu.

Əvvəla, Ulu Öndər Heydər Əliyevin tarixi qayıdışından sonra ölkədə möhkəm və dönməz sabitlik yaranmış, qanunsuz silahlı dəstələr zərərsizləşdirilmiş, əhalidəki külli miqdarda silah-sursat yığılmışdır.

İkincisi, dövlət təhlükəsizliyi xidməti əməkdaşları və Azərbaycan polisi yüksək peşəkarlıqla çalışır, daim vəziyyəti nəzarətdə saxlayırlar.

Üçüncüsü, COP29-dan əvvəl və onun keçirildiyi dövrdə quru sərhədləri bağlı saxlandığından düşmən dövlətlərin "sürpriz" planları uğursuzluğa düçar edildi.

Ən nəhayət, Azərbaycan xalqı qonaqpərvərdir, mərddir, o heç zaman qonağına pislik etməz, xətər yetirməz, əksinə, belə halların qarşısını almaq üçün dərhal özü zəruri addımlar atar.

İnsanlar tarixi öz əməlləri ilə, gördükləri işlərlə yazırlar. 

Azərbaycan yeni tarixini hərb meydanında, tikinti-quruculuq sahəsində, siyasətdə atdığı uğurlu addımlarla, keçirdiyi qlobal tədbirlərlə yazır.

Möhtəşəm Zəfərdən sonra Azərbaycan dünyanı Qarabağda görünməmiş sürətlə apardığı bərpa və yenidənqurma işləri ilə, yeni yaşayış məntəqələri salmaqla, "yaşıl enerji"yə keçiddə göstərdiyi təşəbbüs və nailiyyətlərlə heyrətləndirməklə davam etdirir.

Yeni tariximizin daha bir parlaq səhifəsini isə qlobal tədbirin - COP29-un ən yüksək səviyyədə keçirilməsi, ekoloji fəlakətlərin qarşısının alınması üçün görülən əməli tədbirlər, bəşəriyyətin taleyilə bağlı insanları narahat edən məsələlərin çözülməsinə verilən töhfələr təşkil etdi.

Tariximizin daha bir qızıl səhifəsini təşkil edən işlər və əməllər gerçəkləşdirildi.

***

Azərbaycanın daim müstəqil siyasət yürütməsi, milli maraqları ilə bağlı məsələlərdə heç zaman heç kəsə güzəştə getməməsi, dünyanın güclü dövlətləri ilə münasibətlərdə kimsəyə yarınmaması, kiminsə qapısı ağzında duraraq boyun burmaması, kiməsə əl açıb borc dilənməməsi, əksinə, özünü məğrur və qürurlu aparmaqla yanaşı, ondan kömək istəyənlərə mərdliklə əl tutması, bütün problemlərinin həllində yalnız özünə və xalqına güvənməsi çoxlarının xoşuna gəlmir, hətta bəzilərini hiddətləndirirdi.

Ona qarşı atılan riyakar addımlar və göstərilən ədalətsizliklər - Qarabağ probleminin sülh danışıqları yolu ilə həlli imitasiyasını yaradaraq, əslində, onun işğalla barışmağa vadar edilməsi cəhdi, beynəlxalq transmilli layihələrinin reallaşdırılması yolunda süni maneələr yaradaraq əngəllər törədilməsi, beynəlxalq qurum və təşkilatlar, erməni diasporu vasitəsilə maliyyələşdirilən QHT-lər tərəfindən hədəfə alınaraq şər-böhtanlara, qərəzli, hətta düşmənçilik xarakterli hücumlara hədəf edilməsi, əleyhinə sistemli qaydada və bir-birindən iyrənc kampaniyalar təşkil olunaraq gözdən-nüfuzdan salınmasına dayanmadan təşəbbüslər göstərilməsi bu kiçik, amma məğrur və Cənubi Qafqazın ən güclü dövlətini nəinki öz yolundan döndərə bilir, əksinə, daha da qüvvətləndirərək siyasi nüfuzunu və beynəlxalq aləmdəki hörmətini getdikcə artırır.

BAXIN:

* Azərbaycan I Avropa Oyunlarının keçirilməsini öhdəsinə götürür!

İndiyədək etalona çevrilən təşkilatçılıq nümunəsi yaradır.

* 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərək 2012-ci il ərzində TŞ-nin iclaslarına rəhbərlik edir.

Dünyada baş verən ədalətsizliklərə qarşı çıxır,   BMT-nin öz tribunasından bu təşkilatda əsaslı islahatların keçirilməsinin vacibliyini bəyan edir, inkişaf etməkdə olan dövlətlərin tapdalanan hüquqlarını açıq şəkildə müdafiə edir, ikili standartları cəsarətlə qırmanclayır.

* BMT-dən sonra böyüklüyünə görə ikinci təşkilat sayılan Qoşulmama Hərəkatına sədr seçilir.

Bu təşkilata yeni nəfəs, yeni ruh verir, dünyanı diz üstə qoyan COVID-19 pandemiyası dövründə güclü dövlətlərin acgözlüyü səbəbindən peyvənd ala bilməyən kasıb ölkələrin hüquqlarını qoruyaraq "vaksin millətçiliyi"ni ifşa edir, bu dövlətlərə yardım fondu yaradaraq ilk ianə edənlərdən biri olur.

Qoşulmama Hərəkatına ikiillik rəhbərliyi dövründə gördüyü səmərəli və cəsarətli işlərə, verdiyi töhfələrə görə rəhbərlik müddəti daha bir il artırılaraq üç ilə çatdırılır.

* Rusiyaya qarşı tətbiq etdikləri sanksiyaların girovuna çevrilərək çıxılmaz vəziyyətə düşən Avropa İttifaqı rəhbərliyinin Azərbaycan qazı almaq üçün Bakıya minnətə gəlmələrinə biganə yanaşmayaraq öz imkanları hesabına çəkdiyi "Cənub qaz dəhlizi" vasitəsilə səkkiz Avropa dövlətinə təbii qaz verərək onları çıxılmaz durumdan xilas edir.

Əvəzində Avropa İttifaqı bizə düşmən kəsilərək əleyhimizə yaramaz kampaniya təşkil edir, AŞPA-dakı deputat qrupumuzun səsvermə hüququnu dondurur.

* Azərbaycan BMT-nin, ATƏT-in Minsk qrupunun, beynəlxalq qurum və təşkilatların, beynəlxalq hüququn otuz ildə etmədiyi və edə bilmədiyini öz gücü hesabına həyata keçirməklə 44 günlük müharibədə erməni işğalına son qoyaraq ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edir.

Otuz ildə bir milyondan çox Azərbaycan vətəndaşının pozulmuş hüquqları barədə ağızlarına su alaraq susanlar, erməni vandallığını və vəhşiliyini, ərazilərimizdə törədilən ekosid, urbisid, kulturosid və soyqırımlarını görməzlikdən gələnlər əsl murdar xislətlərini bir daha ortaya qoyaraq bizi "etnik təmizləmə"də, "süddən çıxmış qaşıq kimi tərtəmiz erməniləri" həbsdə saxlamaqda, "erməni tarixi abidələrini dağıtmaqda" suçlamaq istəyir, ölkəmizə qarşı rəzil və şərəfsiz hücumlar təşkil edirlər.

Bütün bunlar azmış kimi, utanıb-qızarmadan Ermənistanı yenidən qisasçılığa kökləyərək Fransa, Hindistan vasitəsilə hücum silahları ilə təchiz edir, Avropa İttifaqı, ABŞ-nin USAİD fondu vasitəsilə maliyyələşdirir, sərhədlərimizdə Avropa İttifaqının casus şəbəkəsini yerləşdirir, birgə təlimlər keçirməklə erməniləri yeni müharibəyə hazırlayırlar.

Azərbaycanın hər uğurunu başlarına düşən ağır daş sayanlar ölkəmizin yeni tədbirə evsahibliyi etməsini də qıcıq və qısqanclıqla qarşılayacaqları - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını keçirərkən min hoqqa və şərəfsizliklər törədəcəkləri zərrə qədər də şübhə doğurmurdu.

Hər şey gözlədiyimiz kimi də oldu.

***

Azərbaycana bəslədikləri kin və qəzəbdən gözləri kor olmuşlar - ABŞ, Fransa, Aİ, Niderland tədbiri boykot etmək yolunu tutdular.

Allah ağıllarını başlarından elə almışdı ki, onlar BMT-nin - bir qisminin hətta onun Təhlükəsizlik Şurasının daimi üzvü olduğu təşkilatın tədbirini boykota çağırdıqlarının fərqində belə deyildilər!

Lakin dünyanın, dünyadakı ağıllı insan və siyasətçilərin Azərbaycana olan hörmət və ehtiramı, habelə artıq iqlim dəyişmələrinin konkret təbii fəlakətlər - sel basmaları, qasırğalar, leysan yağışları, torpaq sürüşmələri, zəlzələlər və onların nəticəsində yaranan məhsul itkiləri şəklində baş verdiyi bir zamanda "boykotçu"lar niyyətlərinə çata bilmədilər.

Buna baxmayaraq, onlar sonadək murdarlıqlarından əl çəkmədilər, faktiki olaraq Azərbaycana yox, bütün dünya dövlətlərinə, insanlığın sabahına böyük pisliklər etmiş oldular.

***

2015-ci ilin dekabrında COP21 Parisdə keçirilmiş və 171 ölkə tərəfindən çox mühüm sənəd - Paris Sazişi qəbul olunmuşdu.

Həmin razılaşmaya görə, 2050-ci ilə qədər atmosferə atılan tullantıların həcmi sıfır səviyyəsinə endirilməli idi.

Çox ciddi və gərəkli hədəf idi.

Ancaq Trampın ilk prezidentlik dövründə ABŞ həmin razılaşmadan çıxdığını elan etdi.

Halbuki ABŞ və onun Avropadakı müttəfiqləri ən çox hava çirkləndirənlərdir.

ABŞ sutkada 19,4 milyon barel neft hasil edərək birinci yerdədir.

Qaz hasilatında da birincidir.

Odur ki, ABŞ iqlim konfranslarında daim qeyri-konstruktiv mövqe tutur.

Doğrudur, Bayden prezident seçiləndən sonra ABŞ yenidən razılaşmaya qayıtdı, amma hazırda Tramp da geri qayıdıb.

Parisdə həmçinin iqlim dəyişikliyindən ən çox əziyyət çəkən kasıb ölkələrə ziyanlarını ödəmək üçün ildə 400 milyard dollar ödənilməsi istənilmişdi.

Lakin 100 milyard dollar həcmində razılığa gəlinsə də, heç həmin vəsait də toplanmadı.

Çünki ABŞ və Aİ-yə daxil olan ölkələr öhdəliklərini yerinə yetirmirlər.

***

Sazişin digər tələbi dünyada temperaturun orta qlobal istiləşməsini 1,5 dərəcə Selsi səviyyəsində saxlamaqdır.

Çünki karbon qazı qlobal istiləşməyə səbəb olur.

Bu niyyətlə dünya COP-da birləşir.

Lakin maliyyə dəstəyi olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbəyinə keçid edə, karbon qazı ifrazını azalda bilməzlər!

Odur ki, iştirakçı ölkələr yeni öhdəliklər götürməli və onlara əməl etməlidirlər.

Bu vəsait həm də kasıb ölkələrin iqlim dəyişmələrinin təsirindən qorunmasına kömək edir.

Kasıb ölkələr maliyyənin 1,1 trilyon dollardan 1,3 trilyon dollaradək artırılmasını tələb etsələr də, inkişaf etmiş ölkələr bu tələbin 100 milyard dollar səviyyəsində saxlanılmasını təkid edirlər.

***

Dünya böyük olduğu qədər də kiçikdir.

İnsanlar müharibələr törətmək, sənaye məhsulları istehsalını artırmaq və bu artım prosesində havaya karbon emissiyaları buraxmaqla planetin ekotarazlığını poza, təbii fəlakətlər üçün "əsaslar" yarada bilirlər.

Başqalarını öz iradəsinə tabe etdirmək, daha çox qazanaraq sürətlə varlanmaq hərisliyi sonda insanların özünə qarşı çevrilir!

Qasırğalar, sellər, leysan yağışları, zəlzələ və su basmaları onları ev-eşiklərindən edir, torpaq sürüşmələri və daşqınlar can alır, zəlzələlər bütöv yaşayış məntəqələrini dağıdaraq düzləyir.

1992-ci ildən başlayaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvesiyasının Tərəflər Konfransı müxtəlif ölkələrdə sessiyalar keçirərək yaranmış vəziyyətin qarşısının alınması, iqlim dəyişmələri fəsadlar törətməsin deyə qabaqlayıcı tədbirlər görülməsi üçün geniş müzakirələr keçirir.

Belə bir mötəbər tədbirin mütəşəkkil qaydada təşkil edilməsi, kreativ müzakirələr keçirilməsi və gərəkli qərarların qəbul olunması bir o qədər də asan başa gələn məsələ deyil.

Yalnız nüfuzlu, imkanlı, yüksək beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəyə malik dövlətlər belə ağır yükün altına girə və onu sonadək daşıya bilirlər.

200 dövlətin dəstəyi ilə Azərbaycan bu məsuliyyəti boynuna götürərək 2024-cü il noyabr 11-dən 24-dək COP29-un möhtəşəm şəkildə baş tutmasına nail oldu.

Azərbaycan on dörd gün ərzində dünyanı Bakı Olimpiya stadionunda birləşdirdi, müzakirələr təşkil etdi, danışdırdı, dinlədi, səmərəli tədbirlər müəyyənləşdirdi.

İnsanlar fikirlərini bildirdilər, arqument və faktlarını göstərdilər, mübahisə və müzakirə etdilər, bəzən razılaşmadılar, hərdən ortaq məxrəcə gəldilər...

Bütün bunlar mahiyyətcə insanların həyatını qorumağa, sağlam və təhlükəsiz yaşamalarına, həm də dünyanın təhlükəsizliyinə, təbii fəlakətlərdən qorunmasına xidmət edirdi.

Artıq COP29 tarixə qovuşdu!

Həm də bu qlobal tədbirin təşkili, müzakirə olunan məsələlərin çoxluğu və rəngarəngliyi, qəbul olunan qərarların vacibliyi və səmərəliliyi ilə tarixi sessiyaya çevrildi.

* Azərbaycan bu dəfə də dünyaya öz dəyərli töhfəsini verə bildi.

* Azərbaycan bu dəfə də sülhə, inkişafa, insanların asudə və rahat yaşamalarına xidmət edən zəruri addımlarını atdı.

* Azərbaycan bu dəfə də irqindən, dinindən, dilindən asılı olmayaraq, hamıya xoş və xeyirxah münasibət bəslədiyini ortaya qoydu!

Bu uğurlu sessiya ilə dünya Azərbaycanı yenidən, daha yaxından tanıdı və bir daha sevdi!

* Verilən təkliflərin havada qalmaması üçün ciddi tədbirlər də görüldü, ən əsası maliyyə təminatı yaradıldı.

* Dövlətlərin ranqına baxmayaraq, ekologiyaya ağır zərbələr vuranlar isə konkret faktlarla ifşa olundu.

* COP29-un Azərbaycanda keçirilməsi əleyhinə çıxanların iç üzü də ifşa edildi.

* "Yaşıl enerji"yə keçidlə bağlı bir sıra müqavilələr imzalandı, əməli addımlar atıldı.

Azərbaycan İqlim Maliyyə Fondunun yaradılması təşəbbüsü ilə çıxış edərək kiçik ada dövlətlərinin dəstəklənməsinə on milyon ABŞ dolları məbləğində töhfə də verdi.

Bütün çətinliklərə və məkrli oyunlara baxmayaraq, artıq tarixə qovuşan COP29 bir sıra uğurları və yenilikləri, xüsusən təşkilati məsələlərdə möhtəşəmliyi ilə yadda qaldı.

Yadda qalan həm də nail olunan müsbət nəticələrdir!

Bu barədə COP29-un plenar iclasında geniş danışıldı.

Bağlanış plenar iclasında COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan edilməsi barədə qətnamə qəbul olundu.

Haqqında söhbət açdığımız plenar iclasın gedişindən sitatlar gətirməklə onun səmərəli sayılan nəticələrini bir daha diqqətə təqdim edirik:

* "Plenar iclasda Paris Sazişinin 6-cı maddəsi tam təsdiq olunub". 

* "Altıncı maddə iqlimlə bağlı hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarları təmin edir". 

* "İqlim diplomatiyasında ən mürəkkəb və texniki problemlərdən birinin həlli sayılan 6-cı maddə üzrə razılıq kömür zavodlarının istismardan çıxarılması, külək stansiyalarının qurulması və meşələrın salınmasını əhatə edir. Bu, inkişaf etməkdə olan dünyada yeni investisiya dalğası deməkdir".

* "Altıncı maddə üzrə yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünün təmin edilməsində mühüm rol oynayacaq".

* "Tədbirdə inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olunub". 

* "Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur".

* "Hazırda fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği 730 milyon ABŞ dollarından artıqdır. Əldə edilən bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29 sədrliyinin növbəti uğurudur".

* "Plenar iclasın davamında yeni iqlim hədəfi qəbul olunub. Belə ki, COP29-un əsas prioriteti olan iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul olunub".

* "Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək. Bu vəsait dövlət, özəl, habelə çoxtərəfli mənbələr daxil olmaqla bütün mümkün mənbələr hesabına təmin olunacaq". 

* "Sonra çıxış edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29-da önəmli qərarların qəbul olunduğunu, bununla belə qarşıda xeyli görülməli işlərin dayandığını diqqətə çatdırıb. O, COP29-da iqlim maliyyə hədəfinin 3 dəfə artırılması barədə razılığın əldə edildiyini, bunun iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalanlara dəstək üçün önəmli olduğunu deyib. Saymon Stil təxminən 10 il davam edən çətin fəaliyyətdən sonra COP29-da qlobal karbon bazarı barədə razılığın əldə olunmasını yüksək qiymətləndirib".

***

Azərbaycan COP29-a qədər və onun davam etdiyi müddətdə də iqlim dəyişmələri ilə bağlı yaranan fəlakətli problemlərin həllinə öz töhfələrini vermişdir.

44 günlük Zəfər müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda təkbaşına, heç bir beynəlxalq maliyyə qurumunun köməyi və iştirakı olmadan genişmiqyaslı bərpa və quruculuq işləri apararaq ekoloji fəlakətlərə qarşı mübarizənin vacib elementlərindən sayılan "yaşıl enerji"yə keçidə də şəxsi töhfələrini verməkdədir.

Sessiyanın gedişində - noyabrın 13-də "Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sayəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalandı.

Sazişin daha bir mühüm məqamı ona Səudiyyə Ərəbistanının da qoşulmasıdır.

"Yaşıl layihə"lərdə Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirliklərinin iştirakı gələcəkdə Qara dəniz kabeli layihəsinin Yaxın Şərq regionunu da əhatə edəcəyindən və Şərq-Qərb enerji dəhlizinin formalaşacağından xəbər verir.

Bəli, Azərbaycan yüksək səviyyədə COP29-u keçirir, orada səmərəli müzakirələrin aparılmasına və düzgün qərarların çıxarılmasına şərait yaradır, maliyyə vəsaiti toplanmasına nail olur.

Üstəlik, bədxahlarının niyyətlərini puça çıxararaq bəşəriyyətin təhlükəsiz sabahı naminə əlindən gələni əsirgəmir.

Tarixi hadisələr tarixdə qalır!

Azərbaycanın COP29-da etdikləri də, bu sahəyə verdiyi töhfələri də təkcə zəmanəmizin sağlam düşüncəli və xoşniyyətli insanları tərəfindən yüksək qiymətləndirilmir, həm də qızıl səhifələrə çevrilərək dünya tarixinə yazılır.



Bəxtiyar SADIQOV 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pedaqoji Universitetdə Bəkir Çobanzadənin 130 illiyi qeyd edilib  

22:25
10 Dekabr

Londondakı Azərbaycan məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib  

22:23
10 Dekabr

Rəis müavini: Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır  

22:22
10 Dekabr

Azərbaycan Serbiya ilə energetika sektorunda birgə layihələrin həyata keçirilməsini müzakirə edib  

22:21
10 Dekabr

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub YENİLƏNİB  

22:20
10 Dekabr

“Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib  

22:18
10 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB 

21:51
10 Dekabr

Salonikidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:47
10 Dekabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib  

20:54
10 Dekabr

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada son vəziyyət barədə bəyanat yayıb  

19:33
10 Dekabr

Müdafiə Nazirliyi: Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır 

19:32
10 Dekabr

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

19:32
10 Dekabr

“Qarabağ” Avropa Liqasının oyunu üçün İsveçə yollanıb

19:31
10 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:17
10 Dekabr

İƏT Komissiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub

18:15
10 Dekabr

AMADA dəyirmi masa keçirib

18:06
10 Dekabr

Salah noyabrın ən yaxşı futbolçusu seçilib

18:04
10 Dekabr

Həbsxana arxivləri Əsəd rejiminin cinayətlərinin açılması üçün çox vacibdir  

18:02
10 Dekabr

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti müxalifətin planlarını açıqlayıb

18:01
10 Dekabr

Cənubi Koreya parlamenti prezidentinin həbsilə bağlı qətnaməni təsdiqləyib

17:58
10 Dekabr

Sürücüsüz yük avtomobili təqdim edilib

17:50
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!