Ölkəmizi bu yoldan heç bir qüvvə çəkindirə bilməz
COP29 ərəfəsində və tədbirin davam etdiyi günlərdə ölkəmizə qarşı aparılan qərəzli kampaniya açıq-aşkar düşmənçilik xarakteri daşıyırdı. Bunun da bir sıra səbəbləri var.
Bu üzdəniraq kampaniyanın güddüyü məqsədlərdən biri də Azərbaycanın neft-qaz sənayesinə zərbə vurmaq, təkcə ölkəmizin deyil, regionun, hətta Avropanın enerji təhlükəsizliyinə xidmət edən qlobal layihələrimizi gözdən salmaqdır. Bunları sıradan çıxardıqdan sonra isə bizə bu sahədə qeyri-real öhdəliklər qəbul etdirməkdir.
Azərbaycanın heç kəsin məsləhətinə ehtiyacı yoxdur. Azərbaycana yol göstərməyə heç kəsin həddi çatmaz və möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, bizə heç kəs təzyiq göstərə bilməz. Deyilənlər birbaşa elə neft-qaz, energetika sahələrinə də aiddir.
Dünyada tək-tək ölkələr var ki, enerji təhlükəsizliyini özü tam təmin etsin. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib, üstəlik, regionun, hətta Avropanın enerji təhlükəsizliyinə də dəstək verir. Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisi ilə 1768 kilometr məsafə qət edən, Ulu Öndər Heydər Əliyevin adını şərəflə daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri 18 ildən çoxdur Azərbaycan neftini dünya bazarlarına çatdırır. Təxminən bir il ondan sonra Bakı-Tbilisi-Ərzurum kəməri Xəzərin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz" yatağından çıxarılan mavi yanacağı nəql etməyə başladı. Bununla da Azərbaycan dünyada həm də qaz ixracatçısı kimi tanındı. Əgər 2018-ci ilə qədər Azərbaycan qazını Gürcüstan və Türkiyə alırdısa, bu gün idxalçı ölkələrin sayı 10-a çatıb.
3500 kilometrlik "Cənub qaz dəhlizi" öz marşrutunu Səngəçal terminalından başlayaraq və Gürcüstanın, Türkiyənin, Yunanıstanın, Albaniyanın ərazilərindən, həmçinin Adriatik dənizinin altından keçərək təbii qazı İtaliyaya nəql edir. İndi "Cənub qaz dəhlizi" yeni interkonnektorlarla şaxələnərək Azərbaycan qazını daha uzaq ünvanlara aparır. 2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. Bu sənədə əsasən, 2027-ci ilədək Azərbaycandan Avropaya qaz ixracı iki dəfə artmalıdır.
Hələ COP29 ərəfəsində Prezident İlham Əliyevin dediyi sözləri xatırlayaq. Dövlətimizin başçısı bu il aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxış edərkən bu məsələlərə toxunmuşdu: "Neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında anlaşma memorandumu imzalanıb və bizim Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır. Bu, Avropa Komissiyasının xahişi idi. Biz buna müsbət cavab verdik. Hazırda təbii qaz ixracımızın yarısı, xüsusən də 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir. Qeyd edilən memoranduma əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ixracımız 20 milyard kubmetrə çatmalıdır. Hamımız anlayırıq ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür, çünki biz qaz hasilatımızın artırılmasına böyük həcmdə sərmayə yatırırıq və Avropaya yeni mənbələrdən daha çox qaz lazımdır. Eyni zamanda "yaşıl gündəliy"imiz hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb... 2027-ci ilin sonuna qədər ümid edirik və əslində, müqavilələr imzalandığına görə əminik ki, 2000 meqavat günəş və "yaşıl enerji" imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 günəş və külək-enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 giqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Həcmlərə gəldikdə isə düşünürəm ki, Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq".
Bəli, Azərbaycanın "yaşıl gündəliy"i indi hamıya məlumdur. Enerji keçidindəki nailiyyətlərimizi dünya COP29-da daha əyani şəkildə gördü.
Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Bununla bağlı ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində ardıcıl iş aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası dövlətimizin başçısı İlham Əliyev tərəfindən "yaşıl enerji" zonaları elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması ən vacib məsələlərdəndir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin tikdiyi 230 meqavatlıq "Qaradağ" Günəş-Elektrik Stansiyası istifadəyə verilib. Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Cəbrayıl rayonunda Birləşmiş Krallığın BP şirkəti ilə 240 meqavatlıq günəş-elektrik stansiyasının təməli qoyulub.
Beləliklə, bərpaolunan enerji layihələri getdikcə rayonlarımızı da əhatə edir. Naxçıvan MR-də, Neftçala, Biləsuvar, Abşeron və digər rayonlarımızda bərpaolunan enerji stansiyaları tikiləcək. 2030-cu ilə qədər ölkəmizdə təxminən 6 giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi nəzərdə tutulur. Lakin bu, planlarımızın hamısı deyil, çünki 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.
Qısası, biz indi Avropaya "yaşıl enerji" dəhlizi də çəkəcəyik. Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. COP29 çərçivəsində isə Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"i imzaladılar.
COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev demişdir: "Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Mən bu rəqəmləri auditoriyamızın diqqətinə çatdırmalıyam, çünki Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik. Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir".
Dövlətimizin başçısı həmçinin qeyd etmişdir ki, ölkələrə qiymət başqa meyarlara görə verilməlidir: "Məsələn, Azərbaycanda işsizliyin səviyyəsi 5,4 faiz, yoxsulluğun səviyyəsi 5,2 faizdir. "Yaşıl gündəliy"imizə gəldikdə, mən planlarımızı artıq təsvir etdim. Ölkələr öz xarici borcunu necə idarə edirlər? Azərbaycanın xarici borcu ÜDM-in cəmi 7,5 faizini təşkil edir. Beləliklə, ölkə göstəricilərinin qiymətləndirilməsində əsas götürülməli bu və bir çox digər mühüm meyar bunlardır, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil. Mən bir neçə ay bundan əvvəl söylədim: indi mənə hücum çəkmək istəyənlərin hamısı, - mən beynəlxalq medianı nəzərdə tuturam, - mənim yalnız Tanrının bəxş etdiyi hədiyyə sözlərimə iqtibas edirlər".
Flora SADIQLI,
"Azərbaycan"