BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın "yaşıl gündəliy"i fonunda gerçəkləşən və hazırkı çoxqütblü dünyada yekdilliklə bəşəriyyəti narahat edən məsələlərlə bağlı effektiv qərarların qəbul olunduğu iqlim konfransı kimi tarixə düşdü.
Bakı Maliyyə Məqsədi (BMG) barədə razılıq əldə olundu;
Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi;
İtki və Zərər Fondu tam şəkildə institutlaşdırıldı;
Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı;
Bu sadalananları və Bakı COP-da qəbul olunan digər vacib qərarları iqlim dəyişmələri ilə mübarizədə, sözün əsl mənasında, dönüş nöqtəsi adlandıra bilərik.
BMT-nin ölkəmizdə keçirilən bu nüfuzlu tədbiri sona çatandan sonra - noyabrın 24-də Prezident İlham Əliyev sosial şəbəkə hesablarında etdiyi paylaşımda da məhz bu məqama vurğu etdi: "Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək".
Dünya ölkəmizdə birləşdi
COP29 kimi nüfuzlu tədbirə layiqli evsahibliyi edən və yüksək təşkilatçılıq nümayiş etdirən Azərbaycan həm də dünyanı birləşdirən ölkə kimi beynəlxalq ictimaiyyətin gündəminə düşdü. 196 ölkədən gəlmiş 76 mindən çox iştirakçı, o cümlədən 80 prezident, vitse-prezident və baş nazir dünyanın ekoloji fəlakətdən xilası üçün Bakıda ortaq məxrəcə gəlməyi bacardı.
Ümumiyyətlə, işinə başladığı ilk gündən COP29 iqlim dəyişmələrinin yaratdığı fəsadlardan qurtulmaq üçün gerçək həll yollarının təklif edildiyi platforma oldu. Azərbaycanın paytaxtı Bakıda keçirilən qlobal miqyaslı tədbir sülhə və həmrəyliyə çağırışları, ümidverici nəticələri ilə həm də COP-un doğru ünvanda keçirilməsini bir daha nümayiş etdirdi.
"Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a evsahibliyi etməkdən şərəf duydu.
Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək", - deyə noyabrın 24-də etdiyi paylaşımda Prezident İlham Əliyev qeyd etdi ki, COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq.
Onu da qeyd edək ki, Qərbdə təşkilatlanmış antiazərbaycançı şəbəkə COP29-un Bakıda keçiriləcəyini bildiyi andan etibarən əlaltısı olan beynəlxalq KİV, təşkilat və QHT-lər vasitəsilə ölkəmizə qarşı qərəzli kampaniya aparmağa başlamışdı. Ancaq COP29-un uğurla keçirilməsi həmin riyakar və qərəzli qüvvələrə də tutarlı cavab oldu.
Dövlətimizin başçısı da yuxarıda sözügedən paylaşımında bildirib ki, genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.
Real nəticələr
İki həftə ərzində Azərbaycanın paytaxtında iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması ilə bağlı keçirilən tədbirlər, aparılan müzakirələr və nəticədə qəbul edilən qərarlar dünyanın bu günü və gələcəyi üçün böyük ümidlər vəd etdi.
COP29-da mühüm əhəmiyyət kəsb edən Bakı Maliyyə Məqsədi barədə razılıq əldə edildi. Bakı Maliyyə Məqsədi hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlikdir. Bu, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyən edir.
COP29-un ən əhəmiyyətli nəticələrindən biri də Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsi oldu. Bu, 2015-ci ildən bəri baş verən tarixi bir ilkdir. Qeyd edək ki, sözügedən maddə karbon emissiyalarını azaltmaq üçün beynəlxalq karbon bazarlarının yaradılmasına imkan verir. Bu bazarlar vasitəsilə bir ölkə başqa bir ölkədə həyata keçirilən emissiya azaldıcı layihələrdən karbon kreditləri ala bilər. Bu sistem ölkələrin dayanıqlı inkişafla bağlı milli məqsədlərinə daha sürətlə və sərfəli şərtlərlə çatmasına kömək göstərir.
Onu da bildirək ki, 2015-ci ildən bəri Paris Sazişinin 6-cı maddəsinin işlək vəziyyətə gətirilməsinə həm texniki, həm də siyasi amillər maneə törədirdi. Azərbaycan isə bununla bağlı bütün mövqeləri bir araya gətirib qızıl ortanı tapmaqla belə bir tarixi nəticənin əldə edilməsinə nail oldu.
BMT-nin Bakıda keçirilən iqlim konfransı zamanı İtki və Zərər Fondu da tam şəkildə institutlaşdırıldı. 2022-ci ildən təşəbbüs kimi irəli sürülmüş bu fondun əsas missiyası iqlim dəyişikliklərinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımının təmin olunmasıdır. İtki və Zərər Fondunun COP29 zamanı tam şəkildə institutlaşdırılması onun 2025-ci ildən əməli fəaliyyətə başlamasına, layihələri maliyyələşdirə bilməsinə geniş şərait yaradacaq.
Bundan başqa, COP29-un yekun qərarı ilə Qlobal Adaptasiya Hədəfi sənədi əsasında Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksəksəviyyəli Bakı dialoqu çağrılacaq. Bu, inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirəsinə şərait yaradacaq.
Göründüyü kimi, BMT-nin qlobal iqlim konfransında yüksək təşkilatçılıq, layiqli evsahibliyi nümunəsi ortaya qoyan və beynəlxalq səviyyədə təqdir olunan Azərbaycan göstərdiyi xüsusi səylər sayəsində COP-un 29-cu sessiyasını iqlim dəyişmələrinin fəsadlarına qarşı ən effektiv mübarizə platformasına çevirdi.
Bir sözlə, dünyanın "yaşıl gələcəy"inin yol xəritəsi Bakıda cızıldı.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"