27 Noyabr 2024 08:20
232
SİYASƏT
A- A+
İlham Əliyevin qətiyyətli liderliyinin növbəti qələbəsi

İlham Əliyevin qətiyyətli liderliyinin növbəti qələbəsi


COP29-un uğurlu təşkili Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi


Son illər beynəlxalq tədbirlərə evsahibliyi etməkdə etibarlı ünvana çevrilmiş Bakı bu il həmin silsilədən olan ən böyük, ən mötəbər tədbirə qucaq açdı. 11-23 noyabr tarixlərində paytaxtımızda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirildi. Azərbaycan öhdəsinə düşən və özünün də siyasi və iqtisadi vizyonu ilə uzlaşan bu möhtəşəm tədbirin təşkilatçılığını uğurla həyata keçirdi. 


Dünya Bakıda iqlim dəyişikliyi fəsadlarına qarşı mübarizə yollarını müzakirə etdi


Tədbirin keçirilməsi üçün 200 ölkənin yekdil qərarı ilə Azərbaycanın ünvan olaraq seçilməsi ölkəmizin dünyada siyasi cəhətdən sabit, təhlükəsizlik baxımından təminatlı, iqtisadi aspektdən güclü dövlət kimi tanınmasının əyanı sübutu idi. 2 həftəyə yaxın müddətdə dünya məhz Bakıda iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə yollarını müzakirə etdi, onların aradan qaldırılması, xüsusilə də bu istiqamətdə inkişaf etməkdə, olan ölkələrə maliyyə yardımı ilə bağlı mövqelərini ortaya qoydu. Müxtəlif dil, din və mədəniyyətlərə sahib 196 ölkədən 72 mindən çox iştirakçının, o cümlədən  80 prezident, vitse-prezident və baş nazirin vətənimizdə toplaşmağı Azərbaycanın beynəlxalq əməkdaşlıqlara, qlobal aktual məsələlərin həllinə verdiyi töhfənin bariz nümunəsi idi. 

COP29 siyasi və iqtisadi əhəmiyyəti ilə bərabər həm də müxtəlif mədəniyyətlərin inteqrasiyası demək olduğu üçün Azərbaycan təqdim etdiyi qonaqpərvər mühitlə dünyadakı multikultural prinsiplərə sadiqliyini ortaya qoydu. Ardıcıl günlər ərzində eyni anda müxtəlif istiqamətlərdə dövlət və özəl sektor nümayəndələrinin çıxışlarının, panel müzakirələrinin təşkili, ictimaiyyət nümayəndələrinin öz tələb, istək və təkliflərini ifadə etmək üçün əlverişli platformanın yaradılması, minlərlə tədbir iştirakçısının yerləşdirilmə, daşınma proseslərindən başlayaraq ən xırda detallara qədər bütün təşkilati işlərin qüsursuz təmin edilməsi Azərbaycanın müasir tendensiyalara cavab verən geniş və güclü maddi-texniki bazaya sahib qüdrətli bir ölkə olduğunun carçısı idi. 

Təsadüfi deyil ki, ölkəmizə gələn bir çox rəsmi şəxslər yerli və xarici media resurslarına açıqlamalarında Azərbaycanda yüksək təşkilatçılıq mədəniyyəti və təcrübəsinin mövcudluğunu, o cümlədən COP29-un uğurla keçirildiyini vurğuladılar. Tədbirin yekununda yüksəksəviyyəli təşkilatçılığa görə Azərbaycana rəsmi təşəkkür elan edilməsi barədə qətnamə layihəsi qəbul olundu. 


"Yaşıl" layihələrimiz dünyaya təqdim edildi


Azərbaycan son illərdə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, sənayedə müasir innovativ texnologiyaların tətbiqi, dövlət və özəl sektorda kağız daşıyıcıların rəqəmsal həllərlə əvəz edilməsi, iri şəhərlərin piyadayönümlü şəhərə çevrilməsi, bir sözlə, müasir dövrün əsas çağırışı olan "yaşıl" keçid tendensiyasının bütün komponentləri üzrə həyata keçirdiyi işlər nəticəsində dünya ölkələri tərəfindən COP29 kimi bir mötəbər tədbirə evsahibliyi etmək etimadını qazandı. 

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfələrin, həyata keçirdiyi "yaşıl" layihələrin dünya rəsmilərinin gözü önündə dövlət başçımızın dilindən bir daha vurğulanması ölkəmiz adına xüsusi qürurverici məqam idi. Prezident İlham Əliyev COP29 Liderlər Sammitinin açılış mərasimdə çıxışı zamanı qeyd etdi ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.

Azərbaycanın bərpaolunan enerji sektorunda texniki potensialı quruda 135 qiqavat, dənizdə isə 157 qiqavat təşkil edir. Ötən il BƏƏ-nin "Masdar" şirkəti Azərbaycanda 230 meqavatlıq günəş-enerji stansiyasının açılışını etdi. Eyni zamanda Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ölkəmizdə 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. 240 meqavatlıq günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi nəzərdə tutulur. Ölkəmiz 2030-cu ilə qədər təxminən altı qiqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırıb. Paralel olaraq Azərbaycan 10 qiqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalayıb. Ölkəmiz həmçinin ixrac bazarlarına diqqət yetirir və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışır. Bu, ölkəmizə Avropaya "yaşıl enerji"ni ixrac etmək imkanı verəcək. 

Liderlər Sammitinin açılış mərasimində çıxışı zamanı bu məqamları dünya liderlərinin diqqətinə çatdıran Azərbaycan Prezidenti ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən Qərb mediası və siyasətçilərinin bəzi ittihamları müqabilində də tutarlı arqumentləri ortaya qoydu. Dövlət başçımız vurğuladı ki, bəzi bu cür qərəzli siyasətçi və media mənsublarının Azərbaycanı coğrafi və təbii resurslarından dolayı neft dövləti adlandırması siyasi ədalətsizlik, mədəniyyətsizlik və bilgisizlikdən başqa bir məfhum deyil. Proseslər göstərdi ki, Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra bilərəkdən təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildi. Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri ölkəmiz haqqında dezinformasiya yayaraq Azərbaycanı təbii sərvətlərinə görə ittiham etməyə başladılar. Halbuki Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir və Azərbaycanı neft dövləti adlandıran həmin dövlətlər özləri dünyada birnömrəli neft və qaz hasilatçılarıdır və Azərbaycandan 30 qat artıq neft hasil edirlər. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Dövlətimizin başçısı bu məqamlara vurğu edərək ölkələrə qiymətin başqa meyarlara görə verilməli olduğunu diqqətə çatdırdı, Azərbaycanda işsizliyin səviyyəsinin 5,4 faiz, yoxsulluğun səviyyəsinin 5,2 faiz olduğunu, xarici borcunun ÜDM-in cəmi 7,5 faizini təşkil etdiyini bildirdi. "Hər bir təbii sərvət - istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis - bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz "yaşıl keçid"in güclü carçısı olacağıq və bunu edirik, lakin eyni zamanda biz realist olmalıyıq", - deyə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Qərbin qərəzli media və siyasətçilərinin yalançı ittihamlarının qarşısında möhkəm diplomatik səddə çevrildi.


Kiçik ada dövlətlərinə dəstəyə çağırış


Qlobal iqlim dəyişmələri infrastruktur, kənd təsərrüfatı və turizm sektoruna ciddi zərər verir. Okean turşlaşması dəniz ekosistemlərinə zərər verərək, balıqçılıq və digər dəniz məhsulları ilə bağlı fəaliyyətləri təhdid edir. Biomüxtəlifliyin azalması mərcan qayalıqlarının ağarması, dəniz canlılarının məhv olması və ekosistem xidmətlərinin zəifləməsi kimi nəticələrə səbəb olur. Bütün bu problemlərdən zərər çəkən həssas qruplar içərisində kiçik ada dövlətləri xüsusi diqqət çəkir. Adaların sakinləri şirin su ehtiyatlarının azalması, şorlaşma və suyun keyfiyyətinin pisləşməsi kimi problemlər yaşayırlar. Mərcan qayalıqları dəniz həyatının müxtəlif növləri üçün əhəmiyyətli yaşayış mühitini təşkil edir. Onların dağılması, biomüxtəlifliyin azalmasına və balıqçılıq sektoruna ciddi zərər verərək yerli icmaların gəlirlərini azaldır. Manqrov meşələri məhv olur. Bu meşələr sahil eroziyasını azaltmaq, suyun keyfiyyətini yaxşılaşdırmaq və biomüxtəlifliyi qorumaq kimi vacib funksiyaları yerinə yetirir. Onların məhv olması sahil xəttinin çəkilməsinə, suyun çirklənməsinə və balıqçılıq potensialının azalmasına səbəb olur. 

Bütün bunları nəzərə alaraq Bakıda keçirilən COP29 tədbirinin əsas müzakirə mövzularından biri də kiçik ada dövlətlərinə iqlim dəyişikliyi ilə mübarizədə maddi və texniki dəstəyin artırılması və bu istiqamətdə iqlim maliyyəsinin həcminin genişləndirilməsindən ibarət idi. Azərbaycan Prezidenti İlham Əliyev tədbir çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində çıxışı zamanı bu məsələyə də vurğu edərək dünyanın inkişaf etmiş ölkələrini, xüsusən də müstəmləkə keçmişi olan ölkələri kiçik ada dövlətlərinə yardım göstərməyə çağırdı. 

Ölkə başçımızın nitqində də qeyd edildiyi kimi, Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə Azərbaycan 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Azərbaycan Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırır. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi - "Azərkosmos"dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə anlaşma memorandumu imzalayıb. 

Prezident İlham Əliyevin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində səsləndirdiyi cəsarətli çıxışlar birbaşa hədəfə dəydi və olduqca təsirli oldu. COP29-un Liderlər Sammitinin açılış mərasimində olduğu kimi, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində də Azərbaycan Prezidentinin çıxışında beynəlxalq hüquq normalarını və insan hüquqlarını kobud şəkildə pozan və neokolonializm siyasətini davam etdirən Fransa və Niderland haqlı tənqid hədəfi oldu. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin Avropanı bağ, qalan ölkələri isə "cəngəllik" adlandırması, Avropa Parlamentinin və Avropa Şurasının Parlament Assambleyasının bir sıra ölkələrdəki siyasi repressiyalara səssiz qalması qınanıldı. Fransa kimi ölkələrin riyakar siyasətlərinin ifşa olunması Prezident İlham Əliyevin sarsılmaz iradəsi və siyasi cəsarətinin göstəricisi olmaqla yanaşı, Azərbaycanın qüdrətli dövlət olduğunun nişanəsi idi. Təsadüfi deyil ki, artıq bir sıra nüfuzlu dünya nəşrləri Azərbaycan Prezidentinin bu çıxışından sonra Makron rejiminin neokolonializm cinayətlərindən yazmağa başlayıb. 


Əldə edilən uğurlar


 COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək. 

Əlavə olaraq, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Bununla bağlı razılığın əldə olunması COP29 sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq. 

COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrimin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. 

COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksəksəviyyəli Bakı dialoqu çağrılacaq. Bu, inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək. COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu.


Azərbaycan etibarlı tərəfdaşdır


Belə bir nüfuzlu tədbirin uğurla keçirilməsi, iştirakçı ölkələrin Azərbaycanın yanaşmalarına dəstəyi, ölkəmizin təşəbbüslərinin qlobal səviyyədə təqdir edildiyini göstərdi. Bu dəstək, həmçinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin düzgün başa düşüldüyünü və qəbul edildiyini ortaya qoydu. Belə ki, COP29 Azərbaycanın regiondakı prosesləri qlobal siyasətlə inteqrasiya etdirmək bacarığını və dünyada özünəməxsus yerini daha da möhkəmləndirdiyini bir daha sübut etdi. 

Azərbaycana qarşı qarayaxma kampaniyalarının təşkilatçıları və icraçıları, konfransın uğurla keçirilməsinə mane olmaq üçün müxtəlif vasitələrə əl atsalar da, Azərbaycanda xalq və dövlət 44 günlük Vətən müharibəsində olduğu kimi, bu məsuliyyətli prosesdə də birlik və həmrəylik nümayiş etdirdi. Xalqın həmrəyliyinə əsaslanan dövlətin qətiyyətli siyasəti bu qarayaxma kampaniyalarının iflasa uğradığını göstərdi. Hamı aydın şəkildə gördü ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin şəxsən iştirak etdiyi hər bir tədbirin əhəmiyyətini dərk edir və bu tədbirlərin ölkəmizin maraqlarına xidmət etdiyinə əmindir. Prezident İlham Əliyevin COP29-da çıxışları, ali qonaqlarla görüşləri və sərgilədiyi mövqe xalqın və dövlətin maraqlarını qorumaq baxımından xüsusi önəm daşıdı.

Xalqın dövlətimizin başçısına tam etimad göstərməsi, onun nəyi, necə və nə zaman etməsi ilə bağlı müdrikliyinə inanması bu tədbirin ümummilli uğura çevrilməsinə zəmin yaratdı. Prezident İlham Əliyevin COP29-da etdiyi çıxış ölkə həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıdı. İlham Əliyev çıxışında Ermənistanın işğalçılıq siyasətini və onun ağır fəsadlarını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı, bu işğalın yalnız Azərbaycan üçün deyil, regional sabitlik üçün də yaratdığı təhlükələri ön plana çəkdi. Bu, Azərbaycanın ədalətli mövqeyinin dünya səviyyəsində daha geniş anlaşılmasına və dəstək qazanmasına mühüm töhfə verdi. 

COP29 Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi növbəti qələbə, növbəti uğuru oldu. Azərbaycan dünya miqyasında öz sözünü bir daha dedi,  etibarını bir daha təsdiqlədi, qlobal tendensiyalara növbəti töhfəsini verdi. Azərbaycanın təşkilatçılığı ilə COP29-un uğurlu baş tutması və yekunda önəmli nəticələrin əldə olunması dövlətimizin qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.


Vüqar ORUC,

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər  Birlikləri Şurasının prezidenti 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bankların aktivləri 50 milyard manata yaxınlaşır  

11:40
27 Noyabr

Türkiyəli analitik: COP29 Azərbaycan həqiqətlərinin dünyada təbliğinə töhfə oldu  

11:39
27 Noyabr

Hakim “Gürcü Arzusu” partiyası Gürcüstan prezidentliyinə namizədinin adını açıqlayıb  

11:38
27 Noyabr

“Chapter Zero Kazakhstan”ın direktoru: Bakı iqlim gündəliyində tarix yazacaq  

11:37
27 Noyabr

NİİM: Bəzi moped və motosiklet sürücüləri qaydalara əməl etmirlər

11:35
27 Noyabr

On ayda 28 minədək şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub  

11:34
27 Noyabr

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə uğur qazanıb  

11:34
27 Noyabr

Azərbaycan parlamentində dövlət büdcəsinin müzakirələri davam edir  

11:32
27 Noyabr

Azərbaycanın mədəniyyət naziri BMT Sivilizasiyalar Alyansının 20 illiyinə həsr olunmuş forumda çıxış edib  

11:31
27 Noyabr

TƏBİB: COP29-la əlaqədar ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib  

11:26
27 Noyabr

Bayden ABŞ Konqresindən 24 milyard dollar istəyir

10:59
27 Noyabr

On ayda əlilliyi olan şəxslərə 82,8 min reabilitasiya vasitəsi verilib  

10:43
27 Noyabr

Baş Dövlət Yol Polisi İdarəsi yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  

10:37
27 Noyabr

Azərbaycan və Çex Respublikası arasında icbari tibbi sığorta sahəsində əməkdaşlığı gücləndirməklə bağlı memorandum imzalanıb  

10:36
27 Noyabr

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb  

10:35
27 Noyabr

Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb  

10:19
27 Noyabr

Müsəlman Ağsaqqallar Şurası COP29 konfransının uğuruna görə Azərbaycanı təbrik edib  

09:41
27 Noyabr

Çempionlar Liqası: “Bavariya” və “Barselona” qələbə qazanıb  

09:40
27 Noyabr

Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək  

09:39
27 Noyabr

Şəhid İlkin Qarayevin xatirəsi yad edilmişdir

09:00
27 Noyabr

İqtisadi problemlər Aİ-ni boğur

08:55
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!