Müxalifət partiyaları Nazirlər Kabinetini etimadsızlıq səsverməsi ilə hədələyir
Fransanın baş naziri Mişel Barnye parlamenti gələn ilin sosial təminat büdcə planının qəbul olunmasına məcbur etmək üçün ölkə Konstitusiyasının mübahisəli 49.3-cü maddəsindən istifadə edib. Buna cavab olaraq müxalifət partiyaları kabineti etimadsızlıq votumu ilə hədələyir.
Barnyenin bu addımından sonra Fransa hökumətinin aqibəti sual doğurur: Milli Assambleyada çoxluğa malik olmayan Barnye parlamentin aşağı palatası gələn il üçün sosial təminat planını səsvermə olmadan qəbul etmək üçün Fransa Konstitusiyasının ziddiyyətli 49.3-cü maddəsindən istifadə etdikdən sonra postunda qala biləcəkmi?
Belə ki, baş nazirin müvafiq qərarı müxalifət partiyalarına etimadsızlıq səsverməsinə başlamağa imkan yaradır. "Euronews" telekanalının məlumatına əsasən, Barnye öz planlarını həyata keçirməyə davam edərsə, radikal solçu Yenilməyən Fransa (LFI) və ifrat sağçı Milli Birlik (RN) partiyaları Nazirlər Kabinetinə etimadsızlıq səsverməsinə başlayacaqlarını açıqlayıblar.
"Milli Birliy"in lideri Marin Le Pen ölkədə yaranmış acınacaqlı vəziyyətlə bağlı deyib: "Fransızlar pis rəftardan beziblər... Biz vəziyyəti olduğu kimi saxlaya bilmərik".
Ölkədə vəziyyət necə olacaq?
Yerli siyasətçilərin fikrincə, mövcud vəziyyətlə bağlı iki variant var. Birincisi, etimadsızlıq səsverməsi təklifi əksəriyyət tərəfindən dəstəklənəcək və bu, Barnye hökumətinin süqutuna səbəb olacaq. İkincisi, təklif rədd ediləcək və sosial təminat haqqında qanun layihəsi qəbul edilərək senata geri göndəriləcək.
Lakin LFI-nın 71, millətçi sağçıların və müttəfiqlərinin isə 141 mandata malik olduğunu nəzərə alsaq, birinci variant ən inandırıcı görünür. Hökuməti devirmək üçün ümumilikdə 289 səs lazımdır.
LFI-nin daxil olduğu solçu NFP koalisiyasındakı digər partiyalar da yaxın saatlarda etimadsızlıq səsverməsinə qoşula bilər.
Hökumət çöksə, bu, Şarl de Qollun Fransa prezidenti olduğu 1962-ci ildən bəri ilk uğurlu etimadsızlıq votumu kimi tarixə düşəcək.
Son məlumata görə, Yenilməyən Fransa partiyası 2025-ci il üçün sosial sığorta büdcəsi haqqında qanun layihəsinin qəbulu ilə əlaqədar Yeni Xalq Cəbhəsi sol bloku adından baş nazir Mişel Barnyeyə etimadsızlıq səsverməsi irəli sürüb.
Sol müxalifətin etimadsızlıq votumu irəli sürməsi faktını fraksiyanın lideri Matilda Pano açıqlayıb. BFMTV telekanalının verdiyi məlumata görə, deputatlar prezident Emmanuel Makronun istefasını tələb edəcəklər.
Fransa qeyri-müəyyənliyə sürüklənir
Dekabrın 3-də ölkənin maliyyə naziri Antuan Arman bildirib ki, Fransa ölkənin büdcəsi və hökumətin gələcəyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən dönüş nöqtəsindədir.
Baş nazir Mişel Barnye hökumətinin bu həftə dağılacağı ilə bağlı gözləntilər, genişlənən büdcə kəsirinin təzyiqi altında qalan, Avrozonanın ikinci ən böyük iqtisadiyyatı olan Fransada səhm və istiqraz bazarlarına zərbə vurub.
"France 2" televiziyasına müsahibə verən Arman, ölkənin dönüş nöqtəsində olduğunu bəyan edərək etimadsızlıq səsverməsi ilə Fransanın qeyri-müəyyənliyə sürüklənməsini diqqətə çəkib.
Etimadsızlıq votumu ilə bağlı səsvermənin keçirilməsi dekabrın 4-də gözlənilir.
Rizvan CƏFƏROV,
"Azərbaycan"