Azərbaycan Avropadan fərqli olaraq COP29-da bəşəriyyətin gələcəyini, xalqların rifahını düşündüyünü nümayiş etdirdi
Dünyada nə qədər insan varsa, bir o qədər də fikir var - belə söyləyirlər.
Yəni eyni hadisə, eyni məsələ barədə hər fərdin öz fikri, öz yanaşması, öz dəyərləndirməsinin olması təbiidir.
Bunlar üst-üstə düşə də bilər, düşməyə də.
Bu, insanların dünyagörüşündən, biliyindən, həyat təcrübəsindən və digər amillərdən asılıdır.
Misal üçün, gözələ münasibətə, gözəllik anlayışına yanaşmaya nəzər salaq.
Estetika aləmində indiyədək mübahisə doğuran və hələ də tam cavabı olmayan suallardan biri budur: həqiqi gözəl necə olmalıdır, onun əlamətləri hansılardır?
Hər xalqın, hər millətin öz gözəllik etalonu var.
İrqindən, millətindən, ümumi inkişaf səviyyəsindən, tərbiyəsindən və dünyagörüşündən, milli adət-ənənələrindən, habelə fərdi psixologiyasından asılı olaraq hərənin beynində öz gözəl "modeli" olur.
Odur ki, bütün millətlər və xalqlar Afroditanı gözəllik etalonu kimi qəbul etmirlər.
Hətta "dünya gözəli" seçilənləri belə bəzən lağa qoyanlar, həmin titula layiq olmadığını söyləyənlər də az olmur.
Dəfələrlə hamı tərəfindən qəbul edilən "nümunəvi gözəl" obrazının yaradılması da uğursuz alınmışdır.
***
İkinci uğursuzluğa sovet hakimiyyəti düçar oldu.
Kommunizm yeni ictimai-iqtisadi formasiya, imperializmdən sonrakı mərhələ elan olunmuşdu.
Bu sistemi özündən əvvəlkilərdən və başqalarından fərqləndirməkdən ötrü bir sıra prinsiplər müəyyənləşdirilmişdi.
Məsələn, bütün ictimai-iqtisadi formasiyalarda dini dünyagörüşü qəbul edilirdi və insanlar sərbəst sürətdə dini məbədlərə gedərək Allaha sitayiş edə bilərdilər.
SSRİ-də isə ateizm təbliğ olunur, sovet adamının Allaha inamı qadağan edilirdi.
Pionerin, komsomolun, Sov.İKP üzvünün kilsəyə, məscidə getməsi, Allaha inanması az qala vətənə xəyanət kimi qiymətləndirilir, hətta belələri komsomol, partiya sıralarından xaric olunurdular.
Müxtəlif millətlərə, dinlərə, adət-ənənələrə malik xalqları kommunizm ideologiyası ətrafında, sovet bayrağı altında birləşdirən SSRİ qırmızı imperiyanı əbədiliyə çevirmək, daim saxlamaq üçün yeni bir insan modeli - "sovet adamı" obrazı da yaratmışdı.
Bu insanın başlıca xüsusiyyətləri "Sov.İKP-nın Proqramı"nda göstərilmiş, əlamətləri "Kommunizm qurucusunun əxlaq kodeksində" təsvir edilmişdir.
Hətta Sov.İKP-nin XXIV qurultayında Sov.İKP MK-nin baş katibi L.Brejnev "SSRİ-də insanların tarixi birliyinin" yeni formasının, "sovet xalqı"nın yarandığını bəyan etmişdi.
Artıq bütün fərdiliklər, keçmiş ənənə və əlamətlər kənara qoyularaq yeni nəslin "tipik obrazı" formalaşdırılırdı.
Doğrudur, SSRİ-nın iflası ilə bütün bunlara son qoyuldu və bu gün "sovet xalqı" anlayışını təbəssümlə xatırlayırıq.
***
Müasir Qərbin yaratdığı və dünyaya təqdim etmək istədiyi "Qərb düşüncəli insan" modeli də eyni şeydir.
Hər ikisində sünilik, güclünün maraqlarının təmini, fərdiliyin və fərqliliyin inkarı görünür.
Əgər qırmızı imperiya dövründə öz vətəndaşlarına qarşı daha sərt, hətta bəzən qəddar davranan SSRİ istədiyinə nail ola bilmədisə, demokratik Qərb təsir, təhdid və təzyiq yolu ilə digər müstəqil dövlətlərdə "Avropa təfəkkürlü" insanlar nəsli tərbiyə edə bilərmi?
Bu istəyə düşənlərin eyni aqibətlə üzləşəcəkləri heç bir şübhə doğurmur!
Avropanın onunla bir sırada olmaq istəyənlər üçün yaratdığı "müasir insan modeli"nin əsas əlamət və tələbləri hansılardır?
Avropalı özünü hamıdan ağıllı, bilikli, mədəni, inkişaf etmiş sayır.
Olsun, bu əminlikdə müəyyən həqiqətlər də var.
Elə həmin həqiqətlərə görə insanlar və dövlətlər Avropaya, Avropa ilə əməkdaşlığa can atırlar.
Təəssüf ki, Avropanın belə dövlətlərə və insanlara yanaşması bir çox halda özünün elan etdiyi dəyərlərə və prinsiplərə uyğun gəlmir.
Xüsusən də ayrı-seçkilik, ikili standartlı yanaşma, ədalət və humanizm prinsiplərinin tez-tez unudulması anlaşılan deyil!
Təbii, bütün bunların Avropanın öz maraqlarının təmininə xidmət etdiyi aydın duyulur.
Lakin kor-kor, gör-gör: baş verən ədalətsizliklər, ikili yanaşma, ögey-doğmalıq göz önündədir.
MƏSƏLƏN:
* Avropada tolerantlığın adı var, özü yoxdur, başqa dini inanclılara kəm baxırlar, məscidlərə vaxtaşırı hücumlar baş verir, miqrantlarla amansız davranış, qayıqlarının batırılması adi hal sayılır.
* Ailə institutları aradan çıxdığından, eynicinslilərin evlənmələri adi hal aldığından və bu qanuni şəklə salındığından başqalarından da bunları tələb edirlər.
* Yəni milli adət-ənənələri unudun, bizim standart saydığımız qanunları siz də qəbul edin, LGBT-lərin sərbəst fəaliyyətinə şərait yaradın.
Demokratiya sərbəst seçim, sərbəst düşüncə deməkdir.
Lakin digər ölkələrin vətəndaşlarını qrant vasitəsilə ələ alaraq mövcud iqtidarın kütləvi aksiyalarla devrilməsinə yönləndirilməsinin həmin demokratiyaya heç bir aidiyyəti yoxdur!
Bu, zorakılıqdır, qiyamdır!
Avropa isə bu üsuldan gen-bol istifadə edir, qanuni hakimiyyətini qəsdlərdən qoruyanları, qrant xatirinə dövlətə xəyanət edənləri cəzalandıranları isə haqsız sayır, onları qınayır, sanksiya ilə hədələyir.
Gürcüstanda baş verən son hadisələri xatırlatmaq kifayətdir.
***
Maraqlıdır, görəsən, avropalılar niyə özlərini etalona çevirərək hamının onlara bənzəməli olduğu qənaətindədirlər?
* Başqa sözlə, niyə asiyalı, afrikalı avropalıdan nümunə götürməlidir?
* Niyə koreyalı, çinli, yaponiyalı avropalıdan aşağı səviyyəli hesab olunmalıdır?
* Bu yanaşmanı, bu qiymətləndirməni kim "kəşf" edib?
Hər xalqın özünün milli-mənəvi dəyərləri, özünəxas xüsusiyyətləri, adət-ənənələri vardır.
Bunlar əsrlər boyu yaranmış, tarixin sınaqlarından keçmiş və yaşamaq hüququ qazanmışdır.
Həmin xalqlar niyə özlərininkidən əl çəkərək avropalınınkını qəbul etməlidirlər?
* Avropaya gələnlər avropalıların qanun və qaydalarını, dəyərlərini nəzərə alaraq onlara hörmətlə yanaşmalıdırlar.
* Avropaya gələnlər öz davranış və geyimlərini dəyişərək Avropasayağı geyinə bilərlər.
Elə tələblər var ki, başadüşüləndir:
* Avropaya gələnlər Avropa qaydalarına uyğun davranış nümayiş etdirməlidirlər.
Amma onların tam dəyişmələri, özününkülərə arxa çevirərək tam avropalaşmaları absurddur.
Onlardan bunu tələb etmək isə zorakılıq və qeyri-insani yanaşmadır.
Tanrı dünyanı altı qitəyə bölərək onlardan beşinə həyat bəxş etmişdir.
Hərə coğrafi mövqeyinə, iqliminə, mədəni inkişafına və s. baxaraq öz həyatını qurmuşdur.
Ən əsası, insanlar ehtiyac duyduqları halda bir-birilərindən öyrənir, necə deyərlər, görüb-götürürlər.
Bunu tələbə, standarta çevirmək isə nə qədər ağıllı, məntiqli, humanizm cəhətdən doğrudur?
Xüsusən də məqsəd xeyirxah niyyətdən xəbər vermirsə!
Əslində, bu, üstüörtülü şəkildə, pərdələnmiş formada demokratiyanın pozulmasıdır.
Öz iradəsini "demokratiya", "mədəniyyət", "sivilizasiya" adı ilə özgələrinə sırımaqdır.
Etiraz etmirik, dünyanın digər yerlərində yaşayanlar Avropadan çox şey əxz ediblər, çox uğurundan bəhrələniblər və bu proses indi də davam edir.
Amma bütün bunlar könüllü şəkildə baş verib, faydalılığı dərk olunduğundan qəbul edilib!
Avropasayağı zorakılıq isə anlaşılan və qəbul edilən deyil!
Bu, heç Avropanın özünə də xeyir gətirməz!
Məgər Avropa öz dəyərlərini başqalarına havayı verib?
* Bəs "geridə qalanlar" sırasına qatdıqlarından qazandıqları, onların təbii sərvətlərindən bəhrələnmələri?
* Bəs əsrlər boyu müstəmləkəçi kimi davranaraq xalqları istismar etmələri?
* Bəs müstəqil yanaşmaq, "mədəni dövlət" qurmaq fikrinə düşən koloniyalarında yaşayanları qırıb öldürərək itaətdə saxlamaları?
* Bəs "demokratik Fransa"nın bu gün də neokolonializm siyasətindən əl çəkməməsi, özgə sərvətlərini zorakılıqla mənimsəyərək əvəzində həmin xalqlara soyqırımları bəxş etməsi?
Bu da nümunədir?
Bunlar da öyrənilməlidir?
Avropa İttifaqını yaradanlar yaramaz əməllərini davam etdirməkdən ötrü yeni formalar da tapıblar: xoşlarına gəlməyənlərə, onlara tabe olmayanlara təzyiq göstərməkdən ötrü "bəyanatlar", "qərarlar" "istehsal edir", özgə vaxtlarda saya salmadıqları "beynəlxalq hüququ" xatırlayaraq ona istinad edirlər, sanksiyalarla hədələyirlər.
Guya digər qitələrdə yaşayanlar avropalıların bu oyunlarından baş çıxarmırlar?
QƏTİYYƏN!
Avropadakılar isə elə zənn edirlər ki, dünyadakı ağıllı insanların hamısı burada cəmləşib və qalan yerdə yaşayanlar ağlıdayazlardır.
Bu sayaq yanaşmanın özü ağılda, düşüncədə və münasibətlərdə ciddi problem və çatışmazlıqların mövcudluğundan xəbər verir.
Necə deyərlər, biz sizə zorakılıq etmir, sizi özümüzə borclu saymırıq!
Siz də belə davranışı bizdən öyrənin, bizim kimi səbirli, təmkinli və ədalətli olmağı bacarın!
Axı dediyimiz kimi, dünya gör-götür dünyasıdır, cənablar!
***
Bu gün seçkili qurum sayılan Avropa İttifaqı dövlətlərə necə fəaliyyət göstərməyi, insanlarla necə davranmağı öyrədir.
Özünün "icad etdiyi" qanunlar vasitəsilə.
Əslində, bu, Avropanın bir vaxtlar öz koloniyalarını zorakılıqla idarə etmələrinin mədəniləşdirilmiş formalarıdır.
Diqqət yetirək:
Avropa İttifaqındakı başbilənlərin dediyi ilə oturub-duranda milyonlarla avro məbləğində yardım göstəriləcəyi vəd edilir.
Bir balaca cızıqdan çıxan kimi vəd olunan yardım kəsilir.
Avropanın müstəqil dövlətləri "əl quzusu"na çevirməyinin bir yolu da onlara ittifaqa üzv götürəcəyini vəd etməsidir.
Üzvlüyün arxasında isə məkrli niyyət dayanır.
Məsələn, keçmiş SSRİ-dən qopan respublikaların Avropa İttifaqına üzvlüyünün şərti onların Rusiyanın orbitindən çıxarılması, Rusiya ilə ziddiyyətə girməsi, onun əleyhinə fəaliyyət göstərməsidir.
Yaxud xalqın öz dəyərlərindən imtina edərək Avropa dəyər(sizlik)lərinə yiyələnməsini şərt kimi irəli sürmələridir.
Burada isə məqsəd özünün yaratdığı "5-ci kolon"un sərbəst fəaliyyətinə imkan verilməsinə nail olmaqdır.
Bu isə həm də o deməkdir ki, istənilən vaxt həmin xəyanətkarlar vasitəsilə ölkələri qarışdıraraq hakimiyyət orqanlarına öz iradələrini qəbul etdirmək üçün real təsir aləti yaradırlar.
İpə-sapa yatmayanları isə "xalq inqilabı" vasitəsilə devirir, yerinə "özlərininki"ni gətirir, əslində, həmin dövləti "ən yeni müstəmləkə" şəklinə salırlar.
***
Avropalı özünü hamıdan üstün bilir, yüksək tutur.
Odur ki, miqrantlara, başqa dinə mənsub olanlara yuxarıdan aşağı, həqarətlə baxırlar.
Onların "insan haqları"nın pozulmasına adi hal kimi yanaşırlar.
İş yerləri, əməkhaqları verilməsində mənfi mənada fərqləndirirlər.
Rusiya Prezidenti V.Putini Ukrayna hadisələrinə görə "cinayətkar" sayaraq həbsinə qərar verən Avropa Cinayət Məhkəməsi Xocalı soyqırımı törədən Ermənistan prezidentləri olmuş Sarkisyanı və Koçaryanı işğalçı saymır, onlara qucaq açır.
Avropanın bu oyunları nə onlara qoşulmaq istəyənlərə, nə də özlərinə xeyir gətirir.
Ukraynanı şirnikləndirdilər, bu gün əvvəlki Ukraynadan yerdə nə qalıb və daha nə qalacaq aydın görünür.
Gürcüstanı yolundan etdilər, gürcü xalqı torpaq itkisinə, müxtəlif təlatümlərə məruz qaldıqdan sonra vaxtında ayıldı, müstəqilliyini, tarixi, milli ənənələrini daha yüksək tutduğunu əyani şəkildə göstərdi.
Bu gün baş verən müxtəlif hadisələrdə "demokratik" Avropanın əsl siması aydın görünür.
Artıq Avropa İttifaqına qəbulun bir oyun, tələ olduğunu hamı əyani şəkildə görərək dərk edir.
Avropa İttifaqının özünün böhran keçirdiyi, ABŞ-nin əlində alət olduğu, üzvlərinin - Böyük Britaniyanın ona arxa çevirdiyi bir vaxtda bu quruma üzv olmaq naminə itkilərlə barışmaq mənasız və ağılsız hərəkətdir.
Bu gün Avropa bir vaxtlar özünün elan etdiyi dəyərlərdən özü geri çəkilir.
Yaratdığı qurumlar həmin dəyərlərə deyil, korrupsiyaya, beynəlxalq hüququn tapdalanmasına xidmət edir.
Azərbaycan COP29-u keçirməklə dünyanın ekoloji fəlakətlərdən xilasına, insanların rahat və təhlükəsiz yaşamalarına yeni töhfələrin verilməsi üçün real addımlar atdı.
BMT-nin patronajlığı ilə keçirilən bu tədbir həm də Avropanın və Avropada yaşayanların maraqlarına xidmət etdi.
Lakin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tədbirə qatılmadı.
Dünya planeti ən çox çirkləndirən Avropa İttifaqından yeni iqlim maliyyəsi gözlədiyi halda məsuliyyətdən yayındı.
Avropa qurumlarına rəhbərlik edənlərin iç üzü budur!
Dünyanın ekoloji fəlakətlərə düçar olduğu bir zamanda insanları, planetin gələcəyini düşünmək əvəzinə fərdi korrupsiya maraqlarını üstün tuturlar.
Azərbaycan tədbiri yüksək səviyyədə keçirərək bəşəriyyətin xilası və rifahı naminə gərəkli addımlar atdı, bu yolda səmərəli fəaliyyət göstərməyə çalışanları toparlamaqla başladığı işi uğurla sona çatdırdı.
Avropa İttifaqı rəhbərliyinin növbəti addımı isə artıq Avropa dəyərlərinin də mənəvi aşınmaya uğradığından xəbər verir.
Bəxtiyar SADIQOV