Bunun məsuliyyətini Ermənistanı silahlandıraraq müharibə avantürasına sürükləyən Qərb havadarları daşıyacaq
"Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların Konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır".
Bu il sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclası zamanı Azərbaycanın dəyişilməz şərtlərini qətiyyətlə bəyan edən Prezident İlham Əliyevin vurğuladığı kimi, İrəvanın geniş şəkildə silahlanmasını həyata keçirən, revanşizmi təşviq edən başda Fransa olmaqla Qərb dövlətləri Ermənistanı məhvə sürükləyirlər.
Çirkin ssenari
Azərbaycan tərəfi sülhlə bağlı qərarlı mövqe nümayiş etdirir və bu yöndə əməli addımlar atır. Məhz Bakının ardıcıl təşəbbüsləri sayəsində Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən irəliləyişlər əldə olunub. İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası işinə start verilməsi, Qazaxın dörd kəndinin azad edilməsi, eyni zamanda cari ilin ilk aylarından etibarən bir neçə dəfə Bakı və İrəvan rəsmilərinin ikitərəfli dialoqlar aparması tezliklə sülh müqaviləsinin bağlanacağına dair fikirlər formalaşdırmışdı. Lakin regionda hadisələrin bu məcrada inkişafı nə Cənubi Qafqaza göz dikən qərəzli Qərb təsisatlarını, nə də Azərbaycana qarşı ərazi iddiası güdən Ermənistanı qane edir.
Buna görə də İrəvan özünün xilas yolu olan sülh müqaviləsini imzalamaqdan yayınır. Qarabağ Azərbaycandır həqiqətini dildə söyləyən hiyləgər Paşinyan reallıqda buna qol qoymaq istəmir. Qərb havadarlarına sığınan, Makron kimi riyakarlara güvənən Paşinyan bununla, əslində, erməni xalqını təhlükə qarşısında qoyur. Qərb ssenaristlərinin cızdığı planla hərəkət edərək, həm də ümumilikdə bölgəni müharibə meydanına çevirməyə çalışır.
Hətta ötən müddətdə İrəvanın çalışdığı o olub ki, sülh sazişini imzalasa belə gələcəkdə Azərbaycana qarşı ərazi iddiası sürmək üçün özünə əlyeri qoysun. Bunun üçün Qarabağı könüllü tərk edən erməni sakinlərdən sui-istifadədən tutmuş Konstitusiyasına dəyişiklik etməməyə, çoxdan ölü quruma çevrilmiş ATƏT-in Minsk qrupunu diriltməyə qədər bütün çirkin oyunları həyata keçirir.
Havadarlarının sürətlə Ermənistanı silahlandırması, ona siyasi dəstək verməsi isə İrəvanı daha da iştahlandırır.
Aİ missiyası Azərbaycan əleyhinə alətə çevrilib
Ermənistanın arxasında duran Fransa, həmçinin Avropa İttifaqı Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmədikləri üçün Rusiyaya qarşı ikinci cəbhəni Ermənistan üzərindən Cənubi Qafqazda açmaq istəyirlər.
Hazırda Ermənistan xarici havadarlarının köməyi ilə silahlanır və müharibəyə hazırlaşır. Fransa Ermənistana silah verir, Hindistandan silah alınır, bu yaxınlarda isə məlum oldu ki, Yunanıstan "S-300" raket komplekslərini Ermənistana vermək niyyətindədir.
İkilistandartlı Avropa İttifaqının Ermənistanda hərbi missiyası da bütün bu məkrli fəaliyyətin bir parçasıdır. Sözügedən hərbi missiya vaxtaşırı Azərbaycanla sərhədlərə gələrək ölkəmizə qarşı təbliğat işləri aparır.
Onu da bildirək ki, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Anjey Duda da bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədi bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirak edib.
A.Dudanın Varşava ilə Bakı arasındakı əlaqələrə birbaşa təsir göstərəcək sözügedən qərəzli fəaliyyətinə görə noyabrın 28-də Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb. Polşa Prezidentinin Aİ-nin Ermənistandakı missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb.
Bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməyin zəruri olduğu diqqətə çatdırılıb.
"Biz buna imkan verməyəcəyik"
Göründüyü kimi, İrəvan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır. Ermənistan hökumətinin böhran yaşaması və Paşinyanın reytinqinin sürətlə enməsi hakimiyyəti "yenilik"lər etməyə vadar edir. Paşinyan hökuməti Azərbaycan üzərində kiçik də olsa, qələbə əldə etməklə siyasi dividend qazanmaq istəyir.
Yəni İrəvanın hazırkı müharibə avantürası Qərbin növbəti planıdır və Ermənistan hakimiyyəti ilə Qərbin maraqlarının üst-üstə düşdüyünün göstəricisidir.
Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlanması Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına və yeni müharibənin başlanmasına aparır.
İstənilən halda qərəzli Qərb ölkə və qurumlarının Ermənistana havadarlıq etməsi reallığı dəyişmək gücündə deyil. Azərbaycan tarixə, ədalətə, beynəlxalq hüquqa dayanaraq ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə təmin edib. Bundan sonra da ölkəmizin milli maraqlarına qarşı yönələn istənilən təxribata, hücuma qarşı adekvat cavab vermək və məkrli qüvvələri yerində otuzdurmaq qüdrətindədir. Çünki "dəmir yumruq" hər zaman yerindədir.
Və "dəmir yumruq" işə düşsə, bunun məsuliyyətini Ermənistanı silahlandıraraq müharibə avantürasına sürükləyən Qərb havadarları daşıyacaq.
Prezident İlham Əliyev də vurğulayıb ki, Ermənistanı Azərbaycana qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasınlar, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və digər qonşular üçün təhdid mənbələri yaratsınlar və beləliklə, öz maraqlarını təmin etsinlər: "Yəni bu metodologiya kifayət qədər bəsitdir. Ancaq onu da bilməlidirlər ki, biz buna imkan verməyəcəyik. Mən artıq demişəm ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Onu hər kəs bilsin".
Yasəmən MUSAYEVA,
"Azərbaycan"