04 Dekabr 2024 08:45
128
CƏMİYYƏT
A- A+
Güllələri hədəfdən yayınmayan cəsur döyüşçü

Güllələri hədəfdən yayınmayan cəsur döyüşçü


Vətənin dar günündə, düşmən yurda hücum edəndə cəsur oğullar heç bir çağırış gözləmədən silaha sarılaraq qoynunda doğulduğu torpaqların müdafiəsinə qalxırlar. Qəsbkarı məğlub etməyincə, diz çökdürməyincə silahı əllərindən yerə qoymurlar. Onların irəliləməsinə mane olur, işğalın qarşısını alırlar. Hücum uğurla başa çatandan, düşmən məhv ediləndən sonra zəfərlə geri qayıdırlar. 

Qısa, lakin şərəfli bir ömür yaşamış Elşən Elşad oğlu Xankişiyev də belə cəsurlardan biri idi. Erməni qəsbkarları 27 sentyabr 2020-ci ildə qəflətən mövqelərimiz üzərinə hücum edəndə, İkinci Qarabağ müharibəsi başlayanda Elşən də döyüşlərə yollanan ilk könüllülərdən oldu. Vaxt itirmədən, ləngimədən Vətənin çağırışına tələsdi. 


Döyüşlərdən Zəfər qoxusu gəlirdi 


Cəsur əsgər Elşən Xankişiyevin döyüş yolu gərgin əməliyyatların getdiyi Cəbrayıl rayonundan başladı. Hərbi xidmətdə olarkən döyüş təcrübəsi qazanmış Elşən məharətlə vuruşur, düşmən mövqelərinə dəqiq atəş açırdı. Cəbrayıl rayonu işğaldan azad olunandan sonra onların bölüyünü Füzuli istiqamətinə göndərdilər. Həmin günlərdə ermənilər burada möhkəm müqavimət göstərir, geri çəkilmək istəmirdilər. Amma qəsbkarlar Azərbaycan Ordusunun qarşısında çox dayana bilmədi, ağır itkilərə məruz qalaraq geri çəkildi. Gərgin keçən və uğurla başa çatan döyüşlərdən sonra Füzuli rayonu da ermənilərdən təmizləndi.

Bir müddətdən sonra Elşənin sıralarında vuruşduğu bölüyü Şuşa istiqamətində gedən döyüşlərə cəlb etdilər. Döyüşdən-döyüşə onun təcrübəsi artırdı. Şəhidlərin qisasını, intiqamını işğalçılardan alırdı. Qarşıda onu müqəddəs məkan, Qarabağın tacı olan Şuşa uğrunda döyüş gözləyirdi.

Şuşanın işğaldan azad edilməsində iştirak etmək Elşənin çoxdankı arzusu idi. Silahından möhkəm yapışa-yapışa komandirin verdiyi bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirirdi. Bu ərazilər dağlıq olduğuna görə havanın soyuqluğu açıq-aydın özünü göstərirdi. Həm də tez-tez dağların başını qatı duman alır, ətrafı görünməz edirdi. Amma bu çətinliklərə baxmayaraq, ordu verilən döyüş əmrlərinə uyğun olaraq irəliləyirdi. Düşmən nə qədər müqavimət göstərməyə çalışsa da, məqsədinə çata bilmirdi. Azərbaycan Ordusunun güclü əks-hücumları qarşısında dayanmağı bacarmayıb geri çəkilməyə məcbur olurdu. Şuşa uğrunda döyüşlər bir an, bir dəqiqə də olsun belə səngimirdi, silahlar susmurdu. Şuşa addım-addım erməni işğalçılarından azad olunurdu. Uğurla davam edən döyüşlərdən Zəfər qoxusu gəlirdi. 


Yaralansa da, döyüşdən çıxmadı


O, Şuşanın azad olunması uğrunda gedən əməliyyatlarda sonadək iştirak etdi. Cəsarəti, hünəri ilə düşmənə meydan oxudu. Döyüşlərdə yaralansa da, mövqeyindən çıxmayıb "Vətən sağ olsun" deyərək əməliyyyatın sonuna qədər vuruşdu. Uğrunda döyüşdüyü Şuşanı azad, ermənisiz görməsi onun yarasına ən yaxşı məlhəm oldu. Başqa hərbçilər kimi o da Zəfər sevincini yaşadı. Zəng vurub doğmalarına da bu şad xəbəri verdi. Zəfər-zəfərə, sevinc-sevincə qarışdı. 

İkinci Qarabağ müharibəsi Zəfərlə başa çatdıqdan bir müddət sonra qorxmaz əsgər Elşən Xankişiyev ordu sıralarından tərxis olunub alnıaçıq, başı-uca valideynlərinin, doğmalarının yanına döndü. Özü də elə-belə yox, sinəsi medallarla qayıtdı. Elşən Elşad oğlu Xankişiyev 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə, qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə  təltif olundu. Onun 44 günlük Vətən müharibəsindən sağ-salamat, medallarla qayıtması doğmalarının böyük sevincinə səbəb oldu. 

Müharibədən qalib əsgər kimi dönmüş Elşən Xankişiyevin antiterror əməliyyatlarında göstərdiyi igidliyə keçməzdən əvvəl onun yaşadığı qısa, lakin şərəfli ömür yolu ilə oxucuları tanış etmək istəyirik. Antiterror əməliyyatlarının başlamasına xeyli zaman qalmışdı. Elşən isə döyüşlərdən 2020-ci ilin dekabr ayında qayıtmışdı. Hələ qarşıda üç il var idi.

Ailənin yeganə ovladı olan Elşən Elşad oğlu Xankişiyev 23 iyun 2000-ci ildə Neftçala şəhərində anadan olub. 2006-cı ildə məktəb yaşına çatanda Elşən valideynlərinin əllərindən tutaraq sevinc içində Neftçala şəhərindəki M.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyaya yollanıb. 2011-ci ildən təhsilini Neftçala şəhərindəki Humanitar Təmayüllü "Muğan" liseyində davam etdirib. 2015-ci ildə çilingər olmaq arzusu ilə Neftçala şəhərindəki peşə məktəbinə qəbul olub. 2017-ci ildə peşə təhsilini uğurla başa vurub. Bir ildən sonra 2018-ci ilin iyul ayında böyük həvəslə, Vətənə əsgər olmaq arzusu ilə hərbi xidmətə yollanıb. Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirib. 2020-ci ildə ordu sıralarından tərxis olduqdan sonra Neftçala rayonundakı "Azerbaijan Fish Farm" Məhdud Məsuliyyətli Cəmiyyətdə balıqyetişdirən kimi işləməyə başlayıb. 


Yenidən ordu sıralarına qayıtdı


44 günlük Vətən müharibəsindən qayıtdıqdan sonra Elşən Xankişiyev yenə də əvvəlki iş yerində çalışırdı. Anası Aidə xanım da burada işləyirdi. Ana-bala hər gün səhərlər işə gedir, axşamsa evlərinə qayıdırdılar. Ömürlərinin xoşbəxt günlərini yaşayırdılar. Əgər Elşən yenidən ordu sıralarına qayıtmaq fikrinə düşməsəydi, onların ömürləri elə bu axarla da davam edəcəkdi. Amma əsgər olmaq, Vətənə xidmət etmək arzusu Elşəni yenidən ordu sıralarına çəkirdi. Nəhayət, o, istəyinə, arzusuna çatdı. 19 iyul 2022-ci ildə ordu sıralarına qayıtdı. Müdafiə Nazirliyinin Komando Dağ Təlim Mərkəzində başlanğıc kursunu uğurla başa vuraraq Komando təlim kursunun döş nişanını daşımaq hüququ qazandı. İşğaldan azad olunmuş ərazilərdəki hərbi hissələrdən birində xidmət etməyə başladı. 

2023-cü il 19-20 sentyabrda Qarabağın erməni separatçılarından azad olunması üçün Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatında Elşən də iştirak edirdi. Qısa müddət ərzində davam edən antiterror əməliyyatı uğurla başa çatdı. Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, həmçinin başqa şəhər və qəsəbələr erməni işğalçılarından azad olundu. 

Ordumuz və xalqımız üçün uğurla yekunlaşan lokal xarakterli antiterror əməliyyatında itkilərimiz də oldu. Qarabağın azadlığı uğrunda gedən əməliyyatlarda şəhid olanlardan biri də Elşən Elşad oğlu Xankişiyev idi. Onun ölüm xəbəri valideynlərini, doğmalarını sarsıtdı. Yurdumuzun azadlığı uğrunda şəhid olmuş Xankişiyev Elşən Elşad oğlu 21 sentyabr 2023-cü ildə Neftçala şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırıldı. Doğmaları yalnız onunla təskinlik tapırdılar ki, Elşən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Vətən yolunda canından keçib.


Yaddaşlarda qəhrəman əsgər kimi qalıb


Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş hərbi qulluqçu Elşən Xankişiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. 

Kiçik çavuş Elşən Xankişiyevin xidmət yoldaşı gizir Orxan Mehdiyev onun son döyüşdə göstərdiyi qəhrəmanlıqdan söz açdı: "Elşən Xankişiyev çox cəsur hərbçi idi. 19-20 sentyabr 2023-cü ildə onu Qarabağda erməni separatçılarına qarşı keçirilən antiterror əməliyyatlarına cəlb etmişdilər. Hamımız döyüş və Zəfər ovqatına köklənmişdik. Biz Xocalı rayonunun Yemişcan kəndi istiqamətində mövqe tutmuş erməni işğalçılarını məhv etməliydik. Döyüş əmri verilən kimi irəli atıldıq. Düşmən mövqelərinə artilleriya atəşi dayanandan sonra yağıların üzərində qələbə qazanmaq üçün özümüzə əlverişli yer seçib addım-addım irəlilədik. Ərazidə müşahidə aparanda gördük ki, separatçılar mövqelərinin ətrafına kameralar da quraşdırıblar. Düşmənin hədəfinə düşməmək üçün hücum istiqamətini dəyişdik. Minaları zərərsizləşdirə-zərərsizləşdirə irəliləyirdik. Qəflətən ayağımın altında partlayış baş verdi. Ağır yaralanmışdım. Separatçılar torpağı minalamaqla kifayətlənməmiş, ağaclara da, keçidlərə də bu ölümsaçan qurğuları quraşdırmışdılar. Mina partlayışının səsini eşidən kimi düşmənlər gəlişimizdən duyuq düşüb bizi atəşə tutdular. Bir an içində mərmi, güllə səsləri yeri-göyü silkələdi. Kiçik çavuş Elşən Xankişiyev yaralandığımı görüb tez yanıma gəldi. Düşmənin üstümüzə səpələdiyi güllələrdən qorxmadan  xüsusi bintlə yaramı bağlayıb sarıdı, qanaxmanı dayandırdı. Ermənilərin atəş nöqtəsini susdurmaq üçün yaxınlıqdakı qüvvələrimiz düşmən mövqelərinə od yağdırdılar. Bir az keçmiş sanitar-təlimatçı ilkin tibbi yardım göstərmək üçün mənə yaxınlaşanda özü minaya düşdü. Erməni separatçıları mövqelərinin ətrafındakı torpağın hər santimetrinə mina basdırmışdılar. Köməyə gələn əlavə qüvvələr çətinliklə də olsa, yaralıları döyüş meydanından geri çıxartdılar. Antiterror əməliyyatının sona çatmasına az qalmış Elşənin minaya düşüb şəhid olduğunu eşitdik. Bu acı xəbər bizi çox sarsıtdı". 


Əzəmətlə dalğalanan qoşa bayraq


Neftçala rayonunda olarkən müharibə veteranı, özü də elə bu gözəl diyarda dünyaya göz açmış Alim Zeynalovla birlikdə Yenikənd kəndinə, Elşəngilə getdik. Evin darvazasının üstündən qoşa bayraq asılmışdı. Əsən külək bayrağı əzəmətlə dalğalandırırdı. Qapını üzümüzə şəhidin anası Aidə Xankişiyeva açdı. Aidə xanımla görüşüb söhbət etdik, Elşənli günlərdən danışdıq. 

Şəhid anası evində oğlunun xatirəsinə guşə düzəldib. Guşəyə Elşənin müxtəlif vaxtlarda çəkdirdiyi şəkillərini qoyub. Onların çoxunu böyüdüb. Ana divara oğlunun şəkli toxunmuş xalçanı da vurub. Aidə xanımın stolun üstünə səliqə ilə düzdüyü əşyalar onun ciblərindən çıxıb. Siqaret qutusu, alışqan, manatlıqlar, qol saatları, telefon, müxtəlif nişanlar ondan qalan son yadigarlardır. Guşənin ən yuxarısına Elşən Xankişiyevin döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə aldığı orden və medalların vəsiqəsi qoyulub. 

Bir anlıq susub ötənləri xatırlayandan sonra şəhid anası Aidə Xankişiyeva söhbətinə davam etdi: "44 günlük Vətən müharibəsindən medallarla qayıtdıqdan sonra Elşən yenidən ordu sıralarına can atırdı. Soruşurdum ki, ay oğul, bəs məni dörd divar arasında qoyub hara gedirsən? Dedi ki, səni heç vaxt tək qoymayacam, tez-tez gəlib baş çəkəcəm. Elşən çox qorxmaz, cəsur oğul idi. Axır ki, arzusuna çatdı, orduda xidmət etməyə getdi. Tez-tez  mənimlə əlaqə saxlayıb hal-əhval tuturdu. Bir gün zəng vurub dedi ki, ana, bizi irəli aparacaqlar. Əgər  telefonuma zəng çatmasa, nigaran qalma, özüm zəng vuracağam. Sən darvazamızın üstündən iki bayraq asarsan. Qoy bu bayraqlar düşmən üzərində qazandığımız Zəfərin müjdəçisi olsun. Mən də onun dediyini etdim. Sentyabrın 20-si nə qədər gözləsəm də, ondan zəng gəlmədi. Ayın 20-də döyüşçü yoldaşları zəng vurub səsləri titrəyə-titrəyə oğlumun antiterrer əməliyyatında döyüş tapşırığını yerinə yetirərkən şəhid olduğunu dedilər. Bu acı xəbəri eşidəndə sanki dünya başıma uçdu. Göz yaşlarım quruyana qədər hönkür-hönkür ağladım. Elşən mənim yeganə övladım idi. Ertəsi gün oğlumu Neftçala rayonundakı Şəhidlər xiyabanında torpağa tapşırdıq. Elşənin zəngindən sonra darvazanın üstündən asdığım bayrağı oradan çıxarmamışam. Heç vaxt da çıxarmayacam. Qoy bu qoşa bayraqlar ondan yadigar qalsın, ruhu şad olsun".


Ata da qəhrəman, oğul da qəhrəman


Söhbət zamanı öyrəndik ki, Elşənin atası Elşad Xankişiyev də 1992-ci ildə erməni işğalçıları Qarabağa hücum çəkəndə döyüşlərə yollanıb. Ağdam və Ağdərə istiqamətində gedən əməliyyatlarda iştirak edib. Döyüşlərin birində kəllə-beyin travması alıb. 30 ildən sonra oğlu Elşən də Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Bununla atasının yarımçıq qalmış döyüş yolunu Zəfərlə davam etdirməyə başlayıb. Antiterror əməliyyatları zamanı isə Xocalı rayonunun ərazisində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Oğlunun şəhid olmasının ağrısına dözə bilməyən ata iki aydan sonra dünyasını dəyişib. Ata da qəhrəman olub, oğul da.

Aidə xanım onu da dedi ki, yaxın vaxtlarda Yenikənd kəndindəki yaşadığımız küçəyə oğlumun adı veriləcək. Şəhid anası kimi bu, mənə böyük təskinlikdir. 

Oğlunun ilində, 20 sentyabr 2024-cü ildə şəhidin anasını Elşənin xidmət etdiyi hərbi hissəyə dəvət ediblər. Aidə xanım dedi: "Elşən xidmət etdiyi hərbi hissənin gözəl bir məkanda, yaşıllığa bürünmüş dağlar qoynunda yerləşdiyini deyirdi. Həmişə arzulayırdım ki, mən də oğlumla gedib o gözəl yerləri görüm. Oğlumun ilində hərbi hissə komandanlığının məni ora dəvət etməsi ürəyimcə oldu. Deyilən vaxt yola düşdüm. Füzuli rayonundakı keçid məntəqəsində hərbi hissənin nümayəndələri məni qarşıladılar. Keçid məntəqəsindən bir az qabağa gedəndən sonra Füzuli Beynəlxalq Aeroportunu gördüm. Aeroport ətrafa xüsusi yaraşıq və gözəllik verirdi. Bir az irəli gedəndən sonra işğaldan azad olunmuş ərazilər gözlərimiz qarşısında canlandı. Aman Allah, ermənilər işğal dövründə kəndləri necə vəhşicəsinə dağıtmışdılar. Elşən Füzuli rayonu uğrunda gedən döyüşlərdə də iştirak etmişdi. Bu yerlərin işğaldan azad olunmasında böyük şücaət və qəhrəmanlıq göstərmişdi. Geniş, rahat çəkilmiş yollarla Xocavənd rayonuna gəlib çatdıq". 


Kənd sakinləri Elşən Xankişiyev küçəsindən keçəcəklər


Şəhid anası bir anlıq fikrə gedəndən sonra sözünə davam edərək dedi ki, hərbi hissənin komandanlığı bizi çox hörmət və ehtiramla qarşıladı. Hərbi hissədə şəhidlərə həsr olunmuş guşə düzəltmişdilər. Oğlumun şəkli də bu guşəyə qoyulmuşdu. Qısa söhbətdən sonra hərbi hissənin komandanlığı oğlumun yatdığı çarpayını mənə göstərdi. Onun səliqə ilə yığılmış yataq yerinin üstünə tər çiçəklər düzülmüşdü, şəkli böyüdülüb qoyulmuşdu. Çarpayının üstünə üçrəngli bayrağımızı sərmişdilər, bir vaxtlar əyninə geyindiyi paltarını asmışdılar. Əyilib oğlumun qoxusu gələn çarpayıdan öpdüm. Hərbi hissədə oğlumun xatirəsinin əziz tutulması bir ana kimi mənə böyük təsəlli oldu. Düşündüm ki, bir vaxtlar Elşənin xidmət etdiyi hərbi hissəyə gəlməyimdən onun da ruhu şad oldu.

Aidə xanımla sağollaşıb üstündə qoşa bayraqların dalğalandığı darvazadan küçəyə çıxdıq. Üzümüzə payızın sərin mehi vurdu. Çox keçməyəcək ki, Yenikənd kəndindəki küçələrdən birinə 44 günlük Vətən müharibəsinin od-alovundan sağ-salamat çıxmış, 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda erməni separatçılarına qarşı həyata keçirdiyi antiterror əməliyyatlarında şəhid olmuş Xankişiyev Elşən Elşad oğlunun adı veriləcək. Həmin küçəyə onun adı yazılmış lövhələr vurulacaq.  Bu küçədən keçənlər onun adını hörmətlə çəkəcək və ehtiramla xatırlayacaqlar. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Belarus arasında dəmir yolu ilə müntəzəm yükdaşımaların təşkili müzakirə edilib  

22:27
04 Dekabr

Malta 2024-cü ildə Avropanın iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr siyahısına liderlik edir  

22:05
04 Dekabr

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı ikinci beynəlxalq konfrans keçirilib 

19:56
04 Dekabr

Fərid Qayıbov: 2024-cü il Şuşa şəhəri üçün yaddaqalan oldu  

19:54
04 Dekabr

Paşinyan AİB sammitinin Ermənistanda keçirilməsini istəmir

19:34
04 Dekabr

Azərbaycan Kuboku, 1/8 final: "Kəpəz" -"İmişli"- 1:0

19:33
04 Dekabr

İmaməddin Xəlilov dünyanın ən yaxşı parataekvondoçusu seçilib

19:31
04 Dekabr

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 finalında

19:30
04 Dekabr

Özbəkistan Prezidenti MAQATE ilə tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib

19:29
04 Dekabr

Bayden köçkün afrikalılar üçün 1 milyard dollar yardım elan etdi

18:40
04 Dekabr

Şahruddin Məhəmmədəliyev qayıdır

18:39
04 Dekabr

Makron istefaya çağırışların mənasız olduğunu bildirib

18:38
04 Dekabr

İ. Kobaxidze avropalı siyasətçilərin hərəkətsizliyini zorakılığı təşviq etmək kimi qiymətləndirib  

18:37
04 Dekabr

Deqradasiyaya uğramış ərazilərin sahəsi 15 milyon kvadrat kilometrə çatıb

18:36
04 Dekabr

İlon Maskın fikrincə, bəşəriyyətin ən böyük təhlükəsi...

18:33
04 Dekabr

Haitidə hər dörd uşaqdan biri qida çatışmazlığından əziyyət çəkir

18:33
04 Dekabr

Səslərdən real görüntü yaradan süni intellekt hazırlanıb

18:32
04 Dekabr

Cənubi Koreya və ABŞ nüvə qarşısının alınması üzrə danışıqları təxirə salıb

18:31
04 Dekabr

Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Milli Məclisdə olub  

18:30
04 Dekabr

Karlos Sançes: Qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı beynəlxalq hüquq prinsipinin həyata keçirilməsi vacibdir  

18:24
04 Dekabr

Milli Depozit Mərkəzi səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sistemini istifadəyə verib  

18:23
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!