Hazırda Qarabağ və Şərqi Zəngəzurda mina təhlükəsi davam edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanlı Kambocanın Siem Reap-Angkor şəhərində keçirilmiş “Minalardan Azad Dünya” Sammitinin yekunları və “Landmine Monitor Report 2024” hesabatına həsr olunmuş bugünkü mətbuat konfransında çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, ərazilərin nizamsız minalanması, hətta dağlıq ərazilərin, su hövzələrinin minalanması, sel suları nəticəsində minaların miqrasiyası, yer dəyişməsi halları, sel suları nəticəsində minaların təmizlənmiş ərazilərə keçməsi və ya torpaq sürüşməsi halları zamanı minaların daha dərinliyə düşməsi ehtimalı bu ərazilərdə fəaliyyət göstərən və köç edən əhalinin diqqətli, sayıq olmasını, tanımadıqları ərazilərə daxil olmamalarını, maarifləndirici məlumatlara riayət etmələrini və daha diqqətli yanaşmalarını zəruri edir. “Medianın informasiya təminatında ANAMA və ümumi minatəmizləmə işinə maksimum əhatəli dəstək göstərməsi vacibdir. Həmçinin medianın preventiv işdə xüsusi rolu və bu prosesə dəstəyin artırılması zəruridir”, - deyə o əlavə edib.
H.Səfixanlı qeyd edib ki, minaların yaratdığı təhlükə yalnız müharibə dövrü ilə məhdudlaşmır: “Münaqişə sonrası dövrün əsas çağırışlarından biri minalardan təmizlənmə prosesini sürətləndirmək və bunun üçün beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur kimi strateji ərazilərdə əkinçilik, turizm və digər iqtisadi fəaliyyətlər minalar səbəbindən böyük risk altındadır”.
Onun sözlərinə görə, bu gün dünyada 60-dan çox ölkə minaların təsiri altında yaşamağa davam edir və Azərbaycan həmin qlobal problemin həllində fəal iştirak edir: “Azərbaycanın minatəmizləmə sahəsindəki səyləri, o cümlədən milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq, texnologiyanın tətbiqi və maarifləndirmə işləri genişləndirilməkdədir. Azərbaycanın təcrübəsi dünyada böyük maraqla qarşılanır və bu sahədə əldə edilən nailiyyətlər beynəlxalq miqyasda nümunə kimi təqdim olunur”.
İctimai birliyin sədri xüsusilə diqqətə çatdırıb ki, minaların təhlükəsi yalnız fiziki deyil, həm də psixoloji təsir göstərir: “Münaqişədən əziyyət çəkən ərazilərdə yaşayan əhali arasında mina qurbanlarının ailələrinin psixoloji dəstəyə ehtiyacı var. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” bu istiqamətdə də fəaliyyət göstərir. Mina qurbanlarının reabilitasiyası üçün həm dövlət, həm də qeyri-dövlət sektorunun birgə çalışması vacibdir. Minalardan azad bir dünya yaratmaq yalnız bir ölkənin deyil, bütün beynəlxalq ictimaiyyətin məsuliyyətidir. Azərbaycan bu prosesdə lider rolunu oynamağa davam edəcək”.
O deyib ki, Azərbaycanda mina qurbanlarının sayı 3 min 400 nəfərdən çoxdur.
İctimai birliyin sədri bildirib ki, ölkəmizdə mina qurbanlarından 359 nəfəri uşaq, 38 nəfəri qadındır: “2020-ci il noyabrın 10-dan bu günədək 382 nəfər mina partlayışının qurbanı olub. Nəticədə 70 nəfər həlak olub, 312 nəfəri xəsarət alıb. Həlak olanlardan 55-i, xəsarət alanlardan isə 143-ü mülki şəxslərdir”.