İqtisadi diplomatiya barışa və etimad quruculuğuna töhfə verə bilər
Azərbaycan və Ermənistan arasında sülh prosesinin dönməz xarakter alması regionda iqtisadi münasibətlərin bərpası və ticarət potensialının reallaşdırılması üçün fundamental zəmin formalaşdırıb. Ötən il dekabrın 18-də Gürcüstan tranziti ilə 1200 ton neft məhsulunun ilk dəfə Bakıdan İrəvana çatdırılması ilə başlayan proses artıq daha genişmiqyaslı mərhələyə qədəm qoyub.
2026-cı il yanvarın 9-da 1742 ton Aİ-95 markalı benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib. Ardınca yanvarın 11-də 979 ton Aİ-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Ermənistana Gürcüstan ərazisindən neftin tədarükü sülh prosesi çərçiəvəsində Bakının İrəvana ilk humanitar jesti deyil. Prezident İlham Əliyev ötən il oktyabrın 21-də Qazaxıstanda səfərdə olarkən Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan etmişdi. Məhz bu tarixi açıqlamanın ardından 30 ildən sonra 6 noyabr 2025-ci ildə ilk dəfə olaraq Qazaxıstandan ixrac olunan 1000 ton taxıl Azərbaycan ərazisindən keçməklə Ermənistana daşınmışdı. Sonrakı mərhələdə Rusiyadan 8 vaqondan ibarət qatarda 560 ton taxıl da ölkəmiz üzərindən Ermənistana çatdırılmışdı.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan 2025-ci ildə və 2026-cı ilin əvvəlində Azərbaycan vasitəsilə ölkəyə idxal olunan yüklərin həcmi ilə bağlı məlumat açıqlayıb. Papoyan sosial media hesabında bildirib ki, 2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana ümumilikdə 6580 ton taxıl daşınıb. Bunun 1000 tonu Qazaxıstan, 5580 tonu isə Rusiya mənşəlidir. Həmin dövrdə, həmçinin 1 210 ton Azərbaycan benzini Ermənistana çatdırılıb: "2026-cı il yanvarın 8-nə olan məlumata əsasən, Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 8485 ton Rusiya taxılı daxil olub, əlavə olaraq 4103 ton taxıl hazırda yoldadır. Eyni zamanda 7600 ton Azərbaycan neft məhsulu daşınma mərhələsindədir. Bunun 6100 tonu benzin, 1500 tonu isə dizel yanacağıdır". Papoyan əlavə edib ki, bu proseslərin fonunda benzin və dizel yanacağının qiymətində əvvəlki ayla müqayisədə 1 litr üçün 80 drama qədər ucuzlaşma gözlənilir: "Yaranmış şərait digər yanacaq satışı ilə məşğul olan şirkətləri də qiymətləri aşağı salmağa təşviq edir".
Yaxın günlərdə Rusiyadan Ermənistana təxminən 1000 ton şəkər də idxal ediləcək. Ermənistan mediasının məlumatına əsasən, Rusiya şəkəri Azərbaycan üzərindən dəmir yolu vasitəsilə Ermənistana göndəriləcək.
Onu da qeyd edək ki, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır. İdxal əməliyyatları iki ölkə arasındakı kommersiya razılaşmalarına uyğun olaraq Ermənistanın iki özəl şirkəti tərəfindən həyata keçirilir. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu təsdiqləyərək vurğulayıb ki, Ermənistan və Azərbaycan potensial ticarət üçün malların siyahısını mübadilə edir və öyrənirlər. Baş nazirin sözlərinə görə, bazar əvvəlcədən araşdırılıb və bu fürsəti siyasi aksiyaya çevirməyəcək iş adamlarına təklif verilib: "Biz belə bir imkanın olduğunu dedik. Hər iki tərəfdən şirkətlər, səhv etmirəmsə, bizim tərəfimizdə iki şirkət var idi, əlaqə qurdular".
Azərbaycan yanacağının yerli iş adamlarına təklif edilməsi digər sahələr üçün də qapı açır. Bu strategiya göstərir ki, iqtisadi imkanlar zamanla erməni cəmiyyətində ideoloji qadağaları sıradan çıxaracaq və hər bir sahibkar regional resurslardan sərbəst yararlana biləcək. Ticarət mallarının siyahısının mübadilə edilməsi isə onu göstərir ki, növbəti mərhələdə tikinti materialları, kənd təsərrüfatı, elektrik enerjisi və digər sahələrdə də canlanma görə bilərik.
Bu fakt 2025-ci ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmaların və sülh müqaviləsi üzrə paraflanmış bəndlərin real həyatda necə səmərə verdiyini bariz şəkildə nümayiş etdirir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında demişdi ki, Ermənistana Azərbaycan ərazisindən keçərək taxıl göndərilməsi, Ermənistan tərəfindən Azərbaycan neft məhsullarının satın alınması müsbət etimad quruculuğu proseslərindəndir. Nazirin sözlərinə görə, 2025-ci ildə regionda dayanıqlı və qalıcı sülhün bərpası üçün Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması rəsmi Bakının prioritetlərindən biri olub: "Azərbaycan və Ermənistan arasında etimad quruculuğu səyləri intensivləşib".
Sülh prosesinin dərinləşməsi Ermənistanın onilliklərdir davam edən iqtisadi blokadadan xilas olması anlamını daşıyır. Bu proses sıravi erməni vətəndaşına Azərbaycan və Türkiyə ilə düşmənçiliyin ötən 35 il ərzində ölkə iqtisadiyyatına vurduğu ağır zərbələri yenidən analiz etmək imkanı verir. Reallığın qəbul edilməsi Ermənistan cəmiyyətində tədricən revanşist meyillərin zəifləməsi ilə nəticələnir.
Azərbaycanın həm hərbi, həm də diplomatik müstəvidə yürütdüyü uğurlu siyasət Ermənistan cəmiyyətini şovinist və revanşist ideologiyalardan uzaqlaşdıraraq daha rasional, praqmatik mövqeyə sövq edir. Bu gün sülh Ermənistan üçün sadəcə siyasi seçim deyil, həm də bir iqtisadi qurtuluş vasitəsidir. Beləliklə, regional barış prosesi həm də Ermənistan cəmiyyətinin islah olunmasına və regional reallıqlarla barışmasına xidmət edir.
Azərbaycandan Ermənistana birbaşa dəmiryolu xətti ilə yanacaq daşınması, regionun köhnə nəqliyyat damarlarının yenidən canlanması deməkdir. Bu, sadəcə iki ölkə arasında mal mübadiləsi deyil, həm də Zəngəzur dəhlizi (TRIPP) və digər regional kommunikasiyaların gələcək fəaliyyəti üçün "pilot layihə" rolunu oynayır. Dəmir yolu daşımaları avtomobil nəqliyyatı ilə müqayisədə daha böyük həcmli və ucuz başa gəldiyi üçün Ermənistanın enerji xərclərini əhəmiyyətli dərəcədə azaldır. Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyasından olan deputat Xaçatur Sukiasyan bildirib ki, Ermənistan yanacağın 80 faizini qonşularından alsa, ildə 80-100 milyon dollar qənaət edə bilər. Hakim komandanın üzvü Azərbaycandan neft tədarükünün Ermənistanın müstəqil seçimi olduğunu söyləyib: "Ermənistan son 30 il ərzində həmişə neft məhsullarını müxtəlif ölkələrdən idxal edib. Onilliklər boyu Ermənistan üçün nəqliyyat yolları bağlı olub və ölkə nəqliyyat xərclərinə böyük vəsait ödəyib".
Bəllidir ki, Ermənistan əvvəllər yanacaq idxalında tək bir mənbədən asılı idi. Azərbaycanın bazara daxil olması İrəvan üçün iqtisadi manevr, rəqabətli qiymət və seçim imkanı yaradır. Ticarətin sırf kommersiya xarakteri daşıması, onun siyasi konyunkturadan asılılığını azaldır və uzunmüddətli biznes əlaqələri üçün zəmin formalaşdırır. Beynəlxalq münasibətlərdə "iqtisadi sülh" nəzəriyyəsinə görə, ticarət edən ölkələr bir-biri ilə müharibə etmək marağında olmurlar. Neft və taxıl kimi strateji məhsulların qarşılıqlı dövriyyəsi tərəflər arasında "ortaq mənfəət" sahəsi yaradır. Əlbəttə, uzunmüddətli düşmənçilikdən sonra xalqlar və iş adamları arasında birbaşa təmasların yaranması ən çətin mərhələdir. Ticarət bu baryerləri qıran ən effektiv vasitədir. Rusiya taxılının Azərbaycan üzərindən Ermənistana daşınması həm də "Şimal-Cənub" dəhlizinin və regional kommunikasiyaların işlək vəziyyətə gəldiyini göstərir. Nəticə olaraq, Cənubi Qafqazın "təhlükəsizlik arxitekturası" ticarət vasitəsilə yenidən qurulur. Bu, Ermənistan üçün iqtisadi xilas yolu, Azərbaycan üçün isə öz nüfuzunu və regiondakı liderliyini iqtisadi güclə təsdiqləmək mexanizmidir. Azərbaycan regionda təkcə hərbi-siyasi deyil, həm də həlledici iqtisadi aktor olduğunu bir daha təsdiqləyir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"