Regionda sülh mühiti formalaşdırması respublikamızın investisiya cəlbediciliyini daha da gücləndirib
Xarici sərmayə qoyuluşunda meqa iqtisadi təməl sayılan "Əsrin müqaviləsi"nin imzalanmasından ötən 32 il ərzində ölkədə həyata keçirilən ardıcıl və düşünülmüş iqtisadi islahatlar, yaradılan əlverişli biznes mühiti Azərbaycanı beynəlxalq investisiyalar üçün cəlbedici məkana çevirib ki, burada sabit ictimai-siyasi şəraitin mövcudluğu vacib rol oynayır. Şərqlə Qərbin kəsişməsində, mühüm geostrateji mövqedə yerləşməsi və zəngin təbii resursları, nəqliyyat-logistika infrastrukturu ilə bağlı yaradılan hərtərəfli şəraiti ölkəmizin xarici investorların maraq dairəsinə düşməsinə birbaşa rəvac verib. Təsadüfi deyil ki, Azərbaycan bu gün uzunmüddətli və dayanıqlı beynəlxalq sərmayələr üçün etibarlı tərəfdaş ölkə kimi qəbul edir.
"Ölkəmizdə gözəl investisiya iqlimi vardır. Biz ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir", - deyə yanvarın 8-də 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının rəsmi açılış mərasimi zamanı bildirən Prezident İlham Əliyev ölkəmizdə sözügedən istiqamətdə görülən işlərlə bağlı söylədi ki, bu sahədə aparılan islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir. Bu gün Azərbaycanın kredit reytinqi daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb.
Əlverişli siyasi-iqtisadi mühit
Ötən il dünyanın supergüc ölkəsinin rəhbəri Donald Trampın iştirakı ilə Ağ Evdə sülh sazişi mətninin paraflanması de-fakto bölgədə sülhü təmin edib. Bu mühüm siyasi hadisə Cənubi Qafqazda uzun illər davam edən gərginliyin aradan qaldırılması üçün real zəmin yaradıb və regionda təhlükəsizlik şəraiti formalaşdırıb. Bu həm də beynəlxalq investorlar üçün əsas şərtlərdən biri hesab olunan siyasi-iqtisadi mühitin əlverişliliyi anlamına gəlir.
Ümumiyyətlə, Azərbaycanın ənənəvi və qeyri-ənənəvi resurslarla zəngin geostrateji coğrafiyada yerləşməsi ona xarici ölkələrlə çoxşaxəli iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaradır. Lakin o da həqiqətdir ki, təkcə sərvətlərin zənginliyi bunun üçün yetərli deyil və burada həm təhlükəsizlik və inkişaf vəd edən mühit, həm də etibarlı və güvənli tərəfdaş olmaq vacib rol oynayır. Azərbaycanı bu gün dünyanın böyük diqqət kəsb edən ölkəsinə çevirən də elə bu mühüm göstəricilərə malik olmasıdır.
Buna görə dünyanın əksər ölkələri respublikamızla siyasi-iqtisadi əlaqələr qurmağa böyük maraq göstərir ki, bunların arasında ABŞ və Çin kimi dünya nəhəngləri də var.
Şərqlə Qərbin, Şimalla Cənubun ortaq maraqlardan çıxış etdiyi mərkəz rolunu oynayan Azərbaycan nəqliyyat, enerji qovşağı kimi təkcə yerləşdiyi region deyil, daha geniş coğrafiya üçün strateji məkandır.
Regional sabitliyin möhkəmlənməsi Azərbaycanın iqtisadi inkişaf strategiyasına yeni mahiyyət və aktivlik qazandırıb. Enerji, nəqliyyat-logistika dəhlizləri, bərpaolunan enerji mənbələri və digər prioritet istiqamətlər xarici sərmayələr üçün geniş perspektivlər açıb. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin xarici investisiya yatırımları üçün əlverişli zəmin yaratmasını da qeyd etməliyik.
İlham ƏLİYEV: "Sözümüz imzamız qədər dəyərlidir və qanunidir"
Vurğuladığımız kimi, Azərbaycanın sülh səylərinin bəhrəsi olan regional sabitlik və təhlükəsizlik mühiti ölkəmizin iqtisadi potensialına olan etimadı daha da artırıb və uzunmüddətli investisiya layihələri üçün yeni imkanlar açıb. Ötən il 8 avqust tarixində ABŞ-də sülh sazişi mətninin paraflanmasının Azərbaycanın investisiya cəlbediciliyini xüsusilə gücləndirəcəyi də şübhəsizdir. Bu həm də ABŞ, Çin, eləcə də digər maraqlı ölkələrin investisiya yatırımları üçün daha çox Azərbaycana üz tutmalarının əsas səbəbidir.
Ölkəmizin əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında coğrafi bağlantı yaradan Zəngəzur dəhlizinin (TRIPP) açılması isə Azərbaycana olan beynəlxalq iqtisadi marağı birəbeş artırıb.
Prezident İlham Əliyevin ötən il Vaşinqtona etdiyi tarixi səfər çərçivəsində "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" imzalanıb. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı - enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə, müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizənin də daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq kimi istiqamətləri əhatə edir.
Yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı ölkəmizin başçısı söylədi ki, keçən ilin avqustunda Vaşinqtonda paraflanmış sülh sazişi, əlbəttə ki, investisiyalar üçün, xüsusilə Amerika Birləşmiş Ştatlarından gələn investisiyalardan danışdıqda böyük imkanlar açır: "Biz bunun üzərində fəal işləyirik. Eyni zamanda Azərbaycanın Birləşmiş Ştatlara yatırdığı investisiyaların artıq müəyyən tarixi var. Biz, əsasən, qiymətli kağızlara investisiya yatırmışdıq. Lakin indi, iki ölkə arasında olan münasibətlərin bu yeni mərhələsindən sonra biz real iqtisadiyyatın layihələrinə investisiya yatırmaq üçün müxtəlif seçimləri nəzərdən keçiririk".
Azərbaycan-Çin ikitərəfli münasibətləri də hazırda xeyli güclənib, hətta hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verib.
"İstər bizim tərəfimizdən, istərsə də Çin Xalq Respublikası tərəfindən biznes strukturlarına, dövlət strukturlarına əlaqələrimizi maksimum fəallaşdırmaq üzrə ciddi impuls verilib və biz bunu hətta qarşılıqlı səfərlərin, nümayəndələrin, artıq imzalanmış müqavilələrin sayında, o cümlədən investisiyaların nümunəsində də görürük",- deyə yerli televiziya kanallarına müsahibəsində dövlətimizin rəhbəri məlumat verdi ki, bu ölkə ilə əmtəə dövriyyəsi rekord həddə - 4 milyard dollara çatıb, hətta 20 faiz artaraq 4 milyard dolları da keçib.
O cümlədən Avropa ölkələri Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar.
Azərbaycan Mərkəzi Bankından ötən ilin dekabrında verilən məlumata görə, sözügedən ilin yanvar-sentyabr aylarında xarici rezidentlər ölkəyə 4 milyard 736 milyon dollar birbaşa investisiya yatırıb ki, burada birinci yeri 1 milyard 243 milyon dollarla Böyük Britaniya tutub. Bu nümunənin özü Avropa ölkələrinin investisiya yatırımı üçün Azərbaycana mühüm əhəmiyyət verməsinin göstəricisidir.
Bütün bunlar Azərbaycanın sərmayə qoyuluşu üçün əlverişli məkan olmasını göstərən faktlardır. Ölkəmizin dünyanın investisiya xəritəsində mövqelərinin güclənməsində mühüm rol oynayan bu şərtin formalaşdırılması isə heç şübhəsiz yaradılan siyasi, iqtisadi və sosial sabitlik şəraitinin mövcudluğu, etibarlı tərəfdaşlıqla əlaqədardır.
Yanvarın 8-də Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının rəsmi açılış mərasimi zamanı Prezident İlham Əliyevin vurğuladığı kimi: "Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir".
Yasəmən MUSAYEVA,
"Azərbaycan"