17 Yanvar 2025 08:15
302
SİYASƏT
A- A+
Azərbaycan-BƏƏ münasibətləri yüksələn xətlə inkişaf edir

Azərbaycan-BƏƏ münasibətləri yüksələn xətlə inkişaf edir


Prezident İlham Əliyevin bu ölkəyə işgüzar səfəri bir daha Azərbaycanın dünya miqyasındakı güclü nüfuzundan xəbər verir


Prezident İlham Əliyevin yanvarın 13-14-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri bəlli həqiqətlərə yeni işıq saldı. Belə ki, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə reallaşan bu səfər ilk növbədə Prezident İlham Əliyevin yüksək qlobal siyasi nüfuzunun növbəti təcəssümünə çevrildi. Eyni zamanda bu səfər göstərdi ki, Azərbaycanla BƏƏ arasında münasibətlər yüksək səviyyədədir.


Qarşılıqlı səfərlər əlaqələrin genişlənməsinə yol açır


BƏƏ yalnız yerləşdiyi regionda deyil, həm bütün müsəlman aləmində, həm də dünyada özünün xüsusi mövqeyi olan dövlətdir.  Azərbaycanla bu ölkə arasında münasibətlər hər zaman yüksələn xətlə inkişaf edib. BƏƏ həm də Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. Bu ölkə Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb. 

Azərbaycan Prezidenti İlham Əliyev indiyə kimi BƏƏ-də rəsmi və işgüzar səfərlərdə olub. Ötən ilin yanvarında isə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycana rəsmi səfər edib. Bu səfərlərin hər biri iki dövlət arasındakı əlaqələrin daha da inkişafına böyük töhfə verib. Ali və yüksəksəviyyəli səfərlər, beynəlxalq platformalarda səmərəli əməkdaşlıq, o cümlədən parlament diplomatiyası ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə gətirib çıxarıb.  Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib.

Ötən ilin yanvarında iki ölkə arasında əlaqələrin hüquqi bazası daha da genişlənib. O cümlədən "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb. Yanvarın 13-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın görüşündə dövlət başçıları münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək, Azərbaycanla BƏƏ arasında dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıblar. Hazırda ölkələrimizdə sabitliyin və əmin-amanlığın hökm sürdüyü qeyd olunub.


"Yaşıl enerji" əməkdaşlığı 


Azərbaycanla BƏƏ arasındakı əlaqələr son dövrlər daha da inkişaf edib, yeni tərəfdaşlıq istiqamətləri formalaşıb. Bu sırada "yaşıl enerji" istehsalı sahəsində əməkdaşlıq xüsusi qeyd edilməlidir. Xatırladaq ki, 2022-ci il martın 15-də BƏƏ-nin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş-Elektrik Stansiyasının təməli qoyulub. İnşaat işləri qısa müddətdə və yüksək səviyyədə həyata keçirilib və 2023-cü il oktyabrın 26-da açılışı olub. Qaradağ Günəş-Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. 262 milyon ABŞ dollarına başa gələn bu layihə ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş-elektrik stansiyasıdır.

Həmin vaxt stansiyanın açılış mərasimində çıxış edən Prezident İlham Əliyev əmin olduğunu bildirmişdi ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf edəcək. Aradan ötən qısa dövrün mənzərəsi Prezident İlham Əliyevin bu sözlərini təsdiq edir. Belə ki, bu hadisədən bir müddət sonra COP-a sədrlik BƏƏ-dən Azərbaycana keçdi və iki dövlət bu sahədə də uğurlu əməkdaşlıq həyata keçirdilər. Yanvarın 13-də Azərbaycan və BƏƏ prezidentləri arasında keçirilən görüşdə dövlətimizin başçısı qeyd edib ki, COP29-un uğurla başa çatdırılmasında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığı və bu ölkənin konsepsiyası da öz rolunu oynayıb.


Yüksək ehtiramın göstəricisi


Yanvarın 14-də Prezident İlham Əliyev BƏƏ paytaxtı Əbu-Dabidə keçirilən Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimlərində də iştirak edib. 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi ötən illər ərzində dayanıqlı qlobal inkişafın sürətləndirilməsini hədəfləyən, önəmli müzakirələrin aparıldığı beynəlxalq platformaya çevrilib. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip - qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir və bu məqsədlə dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını və gəncləri bir araya gətirir. 

Budəfəki Dayanıqlılıq Həftəsində 13 dövlət və hökumət başçısı və digər rəsmi şəxslər iştirak edirdi. Onların arasında Prezident İlham Əliyevin də olması dövlətimizin başçısına olan yüksək ehtiramın göstəricisidir. Prezident İlham Əliyevin bu tədbirdə iştirakı isə ilk dəfə deyil. Dövlətimizin başçısı 2023-cü ilin yanvar ayında da Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirak edib. Eyni zamanda Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzundan xəbər verir. 

Azərbaycan-BƏƏ münasibətləri bundan sonra da sürətlə inkişaf edəcək, uğurlu nəticələrə və perspektivlərə yol açacaq. Əsas odur ki, bunun üçün hər iki tərəfdə yüksək siyasi iradə mövcuddur.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!