Həyatda elə adamlar var ki, onların keçdiyi həyat yolu başqaları üçün bir nümunə, örnəkdir. Belə şəxsiyyətlərdən biri də Eldar Rza oğlu İbrahimovdur. Mənim Eldar müəllimlə tanışlığım ötən əsrin 90-cı illərinin əvvəlinə - onun Naxçıvan Muxtar Respublikası Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrə təsadüf edir.
O vaxtlar mən "Azərittifaq"ın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdım və blokadada olan Naxçıvana müəyyən kömək göstərmək üçün tez-tez gedirdim. Eldar İbrahimov həmin vaxt həm də Azərbaycan Respublikası Ali Sovetinin deputatı idi və Ali Sovetin televiziyada birbaşa yayımlanan sessiya iclaslarında hamı görürdü ki, o, özünün cəsarətli çıxışları, məsələyə obyektiv yanaşması ilə fərqlənirdi.
O dövr Naxçıvandan Azərbaycan Ali Sovetinə deputat seçilmiş Heydər Əliyevlə sessiya iclaslarında ən çox ünsiyyət saxlayan, həmişə onunla birlikdə olan da Eldar İbrahimov idi, baxmayaraq ki, həmin dövr Heydər Əliyevin adını çəkmək, ona yaxın olmaq, ünsiyyət saxlamaq mövcud iqtidar və xalq cəbhəsi üzvləri tərəfindən çox sərt qarşılanırdı. Eldar müəllim isə heç nədən çəkinmədən Ulu Öndərə olan isti münasibətini açıqdan-açığa nümayiş etdirir, müstəqil Azərbaycan Respublikasının gələcək taleyinin Heydər Əliyevlə bağlı olduğunu bildirirdi.
Eldar müəllimin həyatda və cəmiyyətdə belə mübariz olması, dövlət və xalq mənafeyini şəxsi maraqlarından üstün tutması, obyektivliyi onun tərcümeyi-halına nəzər saldıqda da özünü büruzə verir. Atasını erkən (13 yaşında) itirib, çoxuşaqlı ailədə (7 qardaş, 1 bacı) böyüyən Eldar İbrahimov erkən yaşlarında ailə qayğılarını öz üzərinə götürməli olmuşdur. O, əmək fəaliyyətinə fəhləlikdən başlayaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Soveti sədrinin birinci müavini kimi məsul vəzifəyə yüksəlmiş, 1985-ci ildə Naxçıvan MSSR Ali Sovetinin deputatı, 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin və 1995-2025-ci illərdə I-VII-ci çağırış müstəqil Azərbaycan Respublikası Milli Məclisinin deputatı, komitə və komissiya sədri vəzifələrinə seçilmişdir. Eldar müəllimin əldə etdiyi bu böyük nailiyyətlərin əsasında onun əməksevərliyi, tutduğu vəzifədən asılı olmayaraq, işə vicdanla və məsuliyyətlə yanaşması, əhatəsində olduğu adamlardan və iş yoldaşlarından daim nəsə öyrənməyə can atması, öz bilik və bacarığını müntəzəm olaraq başqaları ilə bölüşməsi dayanır.
Mən Milli Məclisdə deputat kimi fəaliyyətə başlayana kimi 1995-2004-cü illərdə Ulu Öndərin tapşırığı və Eldar müəllimin rəhbərliyi ilə Aqrar siyasət komitəsində kənd təsərrüfatı məsələlərinə dair xeyli sayda qanunlar hazırlanaraq qəbul edilmişdir. Bunlardan "Torpaq islahatı haqqında", "Aqrar islahatların əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında" qanunları göstərmək olar. Həmin qanunlar demək olar ki, bazar münasibətlərinə keçidlə bağlı aqrar sahədə inqilabi dəyişikliklər yaradan tarixi sənədlərdir. Məhz bu qanunlar və onların icrası ilə bağlı qəbul edilmiş digər hüquqi aktların əsasında sovxozlar və kolxozlar ləğv edilərək onların əmlakı və torpağı kolxoz üzvlərinə, habelə kənddə yaşayan Azərbaycan vətəndaşlarına təmənnasız olaraq paylanmışdır. Keçmiş SSRİ-də Heydər Əliyevin təşəbbüsü ilə baş tutan bu hadisə - torpaq islahatı Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq Azərbaycanda həyata keçirilmiş və tezliklə öz müsbət nəticələrini vermişdir. Bununla respublikamızda iqtisadiyyat sahəsində ilk dəfə olaraq kənd təsərrüfatında islahatlar başlamış və özəl sektorun təməli qoyularaq sahibkarlıq inkişaf etməyə başlamışdır.
Eldar İbrahimov Azərbaycan Prezidentinin təsdiq etdiyi qanunlarda nəzərdə tutulan maddələrin yerinə yetirilməsinə də böyük diqqət yetirir və qanunlara əsassız dəyişikliyin aparılmasına yol verməməyə çalışırdı. Yadımdadır, bir dəfə "Taxıl haqqında" qanunun Taxıl Fondunun yaradılması haqqında maddəsinin qanundan çıxarılması haqqında Milli Məclisə qanun layihəsi daxil olmuşdu. Layihə müəllifləri bunu ölkəmizdə taxıl istehsalının az olması və fonda toplanacaq məhsulun saxlanması üçün müəyyən vəsait xərclənməsi ilə əsaslandırmağa çalışırdılar. Layihə Aqrar siyasət komitəsinin iclasında müzakirə ediləndə Eldar müəllim bunun əleyhinə çıxış etdi və bildirdi ki, aparılan aqrar islahatlar nəticəsində ölkəmizdə özəl sektorda məhsuldarlığın yüksəlməsi hesabına taxıl istehsalı ildən-ilə artır və eyni zamanda ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət sayəsində dövlət büdcəsinə neft və qaz ixracından böyük həcmdə vəsait daxil olmağa başlayıb. Bu vəsait hesabına xarici bazarlarda taxıl ucuz olanda biz lazımi qədər taxıl idxal edib onu saxlaya bilərik. Komitə üzvləri də Eldar müəllimin bu arqumentini qəbul etdilər və layihə qəbul olunmadı.
Hadisələrin sonrakı gedişi də Eldar İbrahimovun uzaqgörən siyasət yeritdiyini və xalqın mənafeyinə xidmət edən mövqe tutduğunu təsdiq etdi. O, həmişə bizə deyirdi ki, hər bir dövlət sənədinin hazırlanma qaydası olduğu kimi, qanunların da öz yazılış qaydası var. Qanunda yazılan hər bir cümlə çox qısa, aydın və hamı üçün anlaşılan olmalıdır. Elə etmək lazımdır ki, cümlədə işlədilən sözlər müxtəlif mənalar ifadə etməsin və nəzərdə tutulan məna tam və konkret əhatə olunsun. Əks halda qanunun maddələri xalqın ziyanına subyektiv fikirlər formalaşardırar ki, bu da yolverilməzdir.
Ümumiyyətlə, Eldar İbrahimov qanun layihələrinin hazırlanmasına və müzakirəsinə çox böyük məsuliyyət və tələbkarlıqla yanaşırdı. O deyirdi ki, istər qanun layihəsi hazırlanarkən, istərsə də müzakirə edilərkən daha çox və müxtəlif fikirli mütəxəssislərin iştirakına imkan yaratmaq lazımdır. Çünki fikirlər nə qədər çox və müxtəlif olarsa, Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim edilən qanun layihəsi bir o qədər mükəmməl və təkmil olar. Bu, həqiqətən də belə idi. Yadımdadır, mənim təşəbbüsüm və komitə sədrinin dəstəyi ilə işçi qrupu tərəfindən hazırlanmış "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi Eldar İbrahimovun tapşırığı ilə müxalifyönlü qeyri-hökumət təşkilatlarının da iştirakı ilə ictimai müzakirəyə çıxarıldı. Bu təşkilatların nümayəndələri qanun layihəsi Aqrar siyasət komitəsində müzakirə edilərkən də dəvət olundular və onların verdikləri bəzi təkliflər nəzərə alındı.
Eldar müəllimin qanun layihəsi hazırlanarkən irəli sürdüyü tələblərdən biri də həmin məsələyə dair başqa ölkələrin təcrübəsini öyrənmək və respublikamızın şəraitinə uyğun tətbiqini nəzərdə tutmaq idi. Bu məqsədlə layihənin məzmununa dair digər mənbələrdən toplanılan materiallardan geniş istifadə edilirdi. Bəzi hallarda isə bunun üçün xarici ölkələrə ezamiyyətlər təşkil olunurdu. "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanunun respublikamızda aqrar sahənin yeni texnika və texnologiyalar əsasında inkişaf etdirilməsində böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq deputatlardan mən və Milli Məclisin əməkdaşlarından ibarət bir qrup Eldar İbrahimovun rəhbərliyi ilə Almaniya Federativ Respublikasına ezam olundu. Almaniyanın seçilməsi isə təsadüfi deyildi. Çünki kənd təsərrüfatı kooperasiyasının inkişafı ilk dəfə Almaniyada vüsət almış və çox geniş yayılmışdır. Onların bu təcrübəsindən qanun layihəsinin təkmilləşdirilməsində istifadə olundu.
Qanun layihələri hazırlanarkən onların müasir şəraitin və beynəlxalq təşkilatların tələblərinə uyğun olmasına və ölkəmizin milli maraqlarının müdafiəsinə də Eldar müəllim xüsusi fikir verir və komitə üzvlərindən bunları nəzərə almağı tələb edirdi. "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" və "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihələri hazırlanarkən bu məsələlərə çox həssaslıqla yanaşılmış və xüsusi diqqət yetirilmişdir. Bunun nəticəsi idi ki, "Baytarlıq haqqında" və "Fitosanitar nəzarəti haqqında" qanun layihələri qüvvəyə mindikdən sonra ingilis dilinə tərcümə edilərək müvafiq beynəlxalq təşkilatlara göndərilmiş və həmin təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Məhz ölkəmizdə kənd təsərrüfatı məhsullarının idxalı və ixracı bu qanunlar əsasında tənzimlənir və xarici ölkələrlə qanunvericilik baxımından heç bir problem yaşanmır.
Ölkəmizdə turizmin inkişafının iqtisadiyyatın prioritet sahələrindən biri olduğunu nəzərə alan E.İbrahimov respublikamıza daha çox turistin gəlməsinə əlverişli şəraitin yaradılması üçün "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanunun qəbul edilməsini məsləhət görmüşdür. Çünki insanlar hazırda ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehlak etməyə üstünlük verdiklərinə görə turistlər əsasən bu məhsulları istehsal edən ölkələrə üz tuturlar. Ona görə də bu qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə öyrənilməklə ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən aqrar müəssisələrin yaradılması, fəaliyyəti, onlara olan tələblər və hüquqi normalar layihədə öz əksini tapmışdır. Hazırda ölkəmizin turistləri özünə cəlb etməsinin əsas səbəblərindən biri də bu qanunun mövcudluğu və ona ciddi əməl olunmasıdır.
İşə məsuliyyətlə yanaşması, Milli Məclisin işinin təşkilində və deputatlıq fəaliyyətində əldə etdiyi nailiyyətlər, Milli Məclis üzvləri və Aparatın əməkdaşları arasında böyük hörmət və nüfuz sahibi olması, 40 illik deputatlıq təcrübəsi, seçicilərinə göstərdiyi diqqət və qayğı Eldar müəllimin seçkilərdə böyük səs çoxluğu ilə qələbə qazanmasına möhkəm zəmin yaratmışdır. Onun bu şəxsi və mənəvi keyfiyyətləri nəzərə alınaraq 2020-ci və 2024-cü illərdə VI-cı və VII-ci çağırış Milli Məclisə keçirilən seçkilərdən sonra Eldar İbrahimov yekdilliklə Milli Məclisin İntizam komissiyasına sədr seçilmişdir. Eldar müəllim bu komissiyaya rəhbərliyə başladığı ilk gündən komissiyanın nüfuzunu qaldırmaq, Milli Məclis üzvlərinin deputatlıq fəaliyyətini daha da yüksəltmək üçün bir sıra təkliflər hazırlamışdır. Onun verdiyi təklif əsasında ilk dəfə olaraq İntizam komissiyasının Əsasnaməsi hazırlanıb qəbul edilmişdir. Bundan əlavə, komissiyanın işini daha da yaxşılaşdırmaq, qəbul olunan qərarların qanunauyğunluğunu möhkəmləndirmək üçün komissiyanın fəaliyyətini tənzimləyən müvafiq qanunlarda əsaslandırılmış dəyişikliyin aparılmasına zərurət olması barədə E.İbrahimov Milli Məclisin rəhbərliyinə ətraflı məlumat təqdim etmişdir.
Eldar İbrahimov Milli Məclisin deputatı olaraq həm də ATƏT-in Parlament Assambleyasında 1996-2020-ci illərdə Azərbaycan parlament nümayəndə heyəti sədrinin müavini kimi fəaliyyət göstərmişdir. O, bu illər ərzində ATƏT-in ildə 2-3 dəfə keçirilən iclaslarında müzakirə olunan məsələlərə dair çıxışlar edərək Azərbaycanın mənafeyinin müdafiəsində fəal iştirak etmişdir. Xüsusən ermənilərin ölkəmizə qarşı heç bir əsası olmayan uydurma və böhtan xarakterli çıxışlarına tutarlı və müvafiq rəsmi sənədlərlə təsdiq olunan konkret faktlar əsasında cavab vermişdir. Eldar müəllim ölkəmizdə müxtəlif dinə, dilə və ənənələrə malik bir çox millətdən olan insanların Azərbaycan Konstitusiyasının onlara verdiyi hüquqlardan azərbaycanlılarla eyni səviyyədə istifadə edərək dinc və sərbəst yaşadıqlarını, respublikamızda multikulturalizmin əsrlər boyu və hazırda da bərqərar olduğunu təsdiq edən xarici mətbuatda dərc olunan sənədləri həmin iclaslarda dəfələrlə nümayiş etdirmişdir. O, hazırda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi bu missiyasını davam etdirir.
Eldar İbrahimov deputat olduğu bütün bu illər ərzində qanunvericilik fəaliyyəti ilə yanaşı, həm də seçildiyi Naxçıvan şəhəri 4 nömrəli seçki dairəsindən olan seçicilərin problemlərinə də diqqət və qayğı ilə yanaşmışdır. O, ünvanına gələn müraciətlərdə qaldırılan məsələlərin həllinə nail olmaq üçün əlindən gələni əsirgəmir. Ona görədir ki, Eldar müəllimə ərizə və şikayətlər yalnız deputat seçildiyi dairədə yaşayan seçicilərdən yox, həm də Azərbaycanın istənilən bölgəsindən ünvanlanır və o, heç bir ayrı-seçkilik salmadan onların hamısına eyni diqqət və həssaslıqla yanaşır.
Tutduğu vəzifənin böyük və kiçikliyindən asılı olmayaraq, işlədiyi bütün kollektivlərdə Eldar İbrahimov özünün işgüzarlığı, tapşırılan işə məsuliyyətlə yanaşması, bütün bilik və təcrübəsini gördüyü işin yüksək səviyyədə icra olunmasına həsr etmək bacarığı ilə seçildiyindən həmişə həmkarları arasında böyük nüfuz və hörmət sahibi olmuşdur. Elə bu səbəbdən Eldar müəllim Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sonra sədri işləyəndə diqqətini cəlb etmişdir. Heydər Əliyev Naxçıvanda işlədiyi müddətdə muxtar respublikanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında, Ali Məclisdə qərarların qəbul edilməsində, Azərbaycanda ilk dəfə kənd təsərrüfatında islahatların Naxçıvan Muxtar Respublikasında aparılmasında və digər vacib məsələlərin həll edilməsində ən çox etibar etdiyi və etimad göstərdiyi məhz Eldar İbrahimov olmuşdur. Və bu, təsadüfi deyildi. Eldar İbrahimov Heydər Əliyevin verdiyi bütün tapşırıqları çox yüksək səviyyədə icra etmişdir. 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının təsis konfransının Naxçıvan şəhərində keçirilməsinin Ulu Öndərin tapşırığı ilə təşkilatçılarından biri də Eldar İbrahimov olmuşdur. Eldar müəllim bu gün də Heydər Əliyev ideyalarının ən sadiq daşıyıcılarından biri kimi Prezident İlham Əliyevin siyasətinin müdafiəçilərindəndir.
Eldar müəllim yüksək nəticələr əldə etmək üçün daim çalışır və hazırda da bu istiqamətdə yorulmaq bilmir. Onun bu əməksevərliyi ona daim uğur gətirir. Eldar İbrahimov Aqrar siyasət komitəsinin sədri olduğu müddətdə kənd təsərrüfatı üzrə 45 qanunun qəbul olunmasına, 27 beynəlxalq sazişin və qanunlara 182 dəyişiklik və əlavələrin edilməsinə nail olmuşdur. Buna baxmayaraq, o, ölkədə dövlətin qarşısında duran əsas vəzifələrdən birinin - əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin vacibliyini nəzərə alaraq, kənd təsərrüfatının elmi əsaslarla inkişafına və bu sahədə möhkəm iqtisadi təməlin yaradılmasına töhfə verməyi özünə borc bilmişdir. Bu məqsədlə o, geniş elmi araşdırmalar, iqtisadi təhlillər, hesablamalar və digər xarakterli tədqiqatlar apararaq əvvəlcə "Bazar münasibətləri şəraitində kənd təsərrüfatında texniki xidmətin təşkilinin təkmilləşdirilməsi" mövzusunda 1997-ci ildə namizədlik, 2011-ci ildə isə "Aqrar sahibkarlığın inkişafının iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edərək iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. Professor Eldar İbrahimov ona xas olan bu xüsusiyyətlərinə görə başqa iş yerlərində olduğu kimi, Milli Məclisin kollektivi arasında da böyük hörmət və nüfuz sahibidir.
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ideyalarına həmişə sadiq olan Eldar İbrahimov əməksevər, yüksək insani keyfiyyətlərə malik, tapşırılan işə böyük diqqət və məsuliyyətlə yanaşan, dövlətinə və xalqına daim sədaqətlə xidmət edən, həmkarları və əməkdaşları ilə səmimi ünsiyyət saxlayan dövlət və ictimai xadimdir. O, 2020-ci ildən Azərbaycan Ağsaqqallar Şurasının sədrinin müavini kimi də şuranın işində fəal iştirak edir, xüsusən gənc nəslin azərbaycançılıq və vətənpərvərlik ruhunda böyüməsinə dəyərli töhfələr verir. Və onun bu əməyi əvəzsiz qalmır. Eldar İbrahimov Azərbaycanda aqrar sektorun inkişafındakı xüsusi xidmətlərinə görə "Şöhrət", ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə "Şərəf" ordenləri, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" və bir çox medalla təltif edilmişdir.
80 il əvvəl - 1945-ci il martın 12-də Babək rayonunun Cəhri kəndində kəndli ailəsində anadan olan Eldar İbrahimov çox şərəfli bir həyat yolu keçmişdir. O, mənim düşüncəmə heç də hamısını yazıya köçürə bilmədiyim əsl insanlıq və dostluq simvoluna malik, amalına sadiq, elini-obasını və vətənini sevən, xalqı və dövləti üçün yorulmaq bilmədən çalışan, ölkəsinə layiqli övladlar və gənclər tərbiyə edən, yüksək intellektə sahib bir şəxsiyyət kimi həkk olunmuşdur.
Eldar QULİYEV,
Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor