Avstriya Milli Şurasının Avstriya-Cənubi Qafqaz parlament qrupunun nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovla görüşüb.
Mərkəzin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə R.Həsənov qonaqlara əvvəlcə Azərbaycandakı multikultural və tolerant mühit barədə məlumat verib. O, həmçinin Prezident İlham Əliyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycanın multikulturalizm modeli haqda danışıb. Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırılıb. Ölkəmizin bütün dünyada müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, həmrəylik hisslərinin bərqərar olmasına çalışdığını və bu baxımdan nümunə olduğunu vurğulanıb.
Sonra Avstriya nümayəndə heyəti BBMM-in fəaliyyəti ilə tanış olub, həyata keçirilən layihələr barədə məlumatlandırılıb. Onlara Azərbaycan multikulturalizminin xarici ölkələrin nüfuzlu ali məktəblərində tədrisi, Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəbləri, eləcə də ölkəmizdəki milli və dini icmalarla iş, hazırlanan nəşrlər haqda ətraflı məlumat verilib.
Qonaqlar müasir dünyada multikulturalizmin rolundan və əhəmiyyətindən danışaraq, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin mühüm olduğunu vurğulayıb. Bu sahədə BBMM-in fəaliyyəti xüsusi qeyd edilib.
Daha sonra qonaqları maraqlandıran suallar cavablandırılıb.
Görüşdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Milli Məclisin komitə sədri Tahir Mirkişili, QMİ-nin sədr müavini Qəmər Cavadlı, Azərbaycanda Katolik Kilsəsinin Yepiskopu Vladimir Fekete, Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov və Azərbaycan-Gürcü Yəhudi İcmasının sədri ravvin Zamir İsayev iştirak ediblər.