Azərbaycanda davamlı olaraq həyata keçirilən sosial-iqtisadi islahatların əsas istiqamətlərindən biri də sahibkarlığı inkişaf etdirməklə daha çox iş yeri yaratmaqdır. İş yeri isə əsas sosial güvənlik sayılan məşğulluğun təminatıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 5,1 faiz artaraq oktyabrın 1-i vəziyyətinə 208584 olub. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı isə 1 milyon 373 mini keçib.
Dünya iqtisadiyyatında mikro, kiçik və orta sahibkarlıq subyektləri aparıcı rol oynayır. Xüsusilə mikro və kiçik sahibkarlıq öz çevikliyinə, həmçinin sadə idarəetmə qabiliyyətinə, əhalinin məşğulluğunun təmin edilməsindəki imkanlarına görə böyük əhəmiyyətə malikdir. Azərbaycanda da icra edilən iqtisadi islahatların əsas hədəflərindən biri bu kateqoriyadan olan biznes sahələrini inkişaf etdirməkdir. Ona görə də ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çoxu onlara məxsusdur. Məsələn, hesabat dövründə ölkədə fəaliyyət göstərmiş kommersiya təşkilatlarının ümumi sayının 91,1 faizini mikro sahibkarlıq subyektləri təşkil edib. Bu sahədə fəaliyyət göstərən sahibkarlar əsasən ticarət, nəqliyyat vasitələrinin təmiri, tikinti, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqla məşğul olublar. Təsadüfi deyil ki, son 1 il 8 ayda dövlət tərəfindən verilən kreditlərdə də mikro sahibkarların payı 33 faiz artıb.
Azərbaycanın dünya ölkələrindən bir fərqli cəhəti də var. Məlum olduğu kimi, 30 il ölkəmizin 20 faiz ərazisi işğal altında olmuşdur. Bu gün isə həmin ərazilərdə nəhəng layihələr icra edilir. Artıq uzun illər məcburi köçkün həyatı yaşamış insanlar öz doğma yurdlarına dönürlər. Doğma yurdlarında onlar üçün hər cür şərait yaradılır, o cümlədən məşğulluq problemləri həll olunur. Söz düşmüşkən qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda qarşıya qoyulan əsas vəzifələrdən biri də doğma yurdlarına dönən əhalinin məşğulluğunun təmin edilməsidir. Həmin vəzifələrin icrası çərçivəsində artıq xeyli iş görülüb. Məsələn, təkcə Füzuli rayonuna köçən 1000-dən çox soydaşımız işlə təmin olunub.
Yeni yaradılan iş yerlərində özünüməşğulluq proqramları önəmli rol oynayır. Proqrama əsasən, dövlət işaxtaranlara zəruri avadanlıqlar verir ki, onlar istədikləri və bacardıqları fəaliyyət sahələrində çalışırlar. Peşəsi olmayanlar da unudulmur. Belələri əvvəlcə peşə təhsilinə cəlb olunurlar. Elə həmin Füzuli sakinlərindən təxminən 30 nəfəri peşə hazırlığı kurslarında təhsil alır. Onlar təhsillərini başa vurduqdan sonra ixtisaslarına uyğun işlə təmin ediləcəklər.
Əhalinin işlə təmin edilməsində dövlət və özəl sektorun əməkdaşlığı vacib məsələdir. Əvvəllər ölkəmizin müxtəlif regionlarında uğurla sınaqdan çıxan bu təcrübədən işğaldan azad edilmiş ərazilərdə də geniş istifadə olunur. Məsələn, bu yaxınlarda Laçında dövlət və özəl sektordan 24 işəgötürən işaxtaran rayon sakinlərinə 253 vakansiya yeri təqdim edib. Laçından söz düşmüşkən onu da bildirək ki, bu günlər Laçın rayonu və Zəngilanın Ağalı kəndinə köçən sakinlərdən bir qrup şəxsə Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilib.
Göründüyü kimi, işğaldan azad olunmuş ərazilərə dönən soydaşlarımızın məşğulluq probleminin həlli üçün bütün imkanlardan istifadə edilir. Bu isə səmərəsiz qalmır. 30 il yurd həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlər özlərinə iş yeri tapmaqla doğma el-obaya daha sıx bağlanırlar.
Rüstəm KAMAL,
"Azərbaycan"