Kənd təsərrüfatı məhsullarının istehsalı 3,7 faiz artıb, 650 nəfər işlə təmin olunub
Ağstafada aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə cari ilin 9 ayı ərzində görülən işlərə dair müzakirələr aparılmışdır.
Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra rayon icra hakimiyyətinin başçısı Seymur Orucovun 9 ay ərzində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərə dair geniş məruzəsi dinlənilmişdir. Məruzəçi çıxışında Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, xalqımızın firavanlığı naminə yürütdüyü uğurlu daxili və xarici siyasətdən, ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, noyabr ayında paytaxtımızda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının əhəmiyyətindən söz açmış, 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Ağstafada icra olunan silsilə tədbirlərdən danışmışdır.
Sonra RİH-in başçısı rayon üzrə 9 ay ərzində görülən işlər barədə geniş məlumat vermişdir. Bildirmişdir ki, sözügedən dövrdə həyata keçirilən bir sıra tədbirlər nəticəsində rayonda 650 nəfər işlə təmin olunmuşdur. İstehsal edilən kənd təsərrüfatı məhsullarının həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artdığını və bunun dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiya, texnika təminatı nəticəsində əldə olunduğunu deyən S.Orucov hesabat dövründə bir sıra kommunal mənzillərdə, çoxmənzilli yaşayış binalarında aparılan abadlıq-quruculuq işlərini, bəzi küçələrin təmir olunmasını qeyd etmişdir.
Hesabatdan sonra rayonun müvafiq kommunal və xidmət təşkilatlarında görülmüş işlər, daxil olmuş ərizə və şikayət məktublarına baxılmasının vəziyyəti təhlil edilmişdir. Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Xidmət Sahəsinin rəisi Anar Qocayevin, Ağstafa Elektrik Şəbəkəsinin rəisi Bəhruz Tağızadənın, "Aztelekom" MMC-nin Qərb Regional Filialının Ağstafa şöbəsinin müdiri Bəxtiyar Quliyevin, Ağstafa Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Fərid Eyyubovun 9 ay ərzində gördükləri işlərə dair hesabatları dinlənilmişdir.
Yığıncaqda Ağstafa rayon prokuroru Anar Cəfərov və rayon polis şöbəsinin rəisi Vüqar Xəlilov çıxış edərək Azərbaycan Respublikası qanunlarının icrası və həmin qanunvericilik aktlarının həyata keçirilməsi ilə bağlı görülməsi vacib olan məsələlərdən danışmışlar.
Yığıncaqda bəzi çatışmazlıq və nöqsanlarla bağlı aidiyyəti üzrə məsul şəxslərə ciddi iradlar bildirilmiş, həmin nöqsanların qısa müddət ərzində aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilmişdir.
Sabir ƏLİYEV,
"Azərbaycan"