İlham Əliyevin Prezident kimi ilk andiçməsindən 21 il ötür
Dövrünün bütün qüdrətli liderlərinin uğurunu şərtləndirən əsas cəhətlərdən biri məhz strateji düşüncə, zamanın axarını duymaq bacarığı və gələcəyə hazır olmaq əzmidir. Xalqa, dövlətə bu keyfiyyətlərə malik Lider rəhbərlik edəndə bütün qeyri-müəyyənliklər yüksək səviyyədə qarşılanır, yaranmış fürsətlər anında dəyərləndirilərək reallaşdırılır, hətta ortaya çıxan çətinliklər belə yeni imkanlara çevrilir. Eyni zamanda əsl liderlərin isə hər zaman böyük strateji hədəfləri olur.
2003-cü il oktyabrın 31-də Azərbaycan Prezidenti kimi ilk dəfə and içərkən cənab İlham Əliyev "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" demişdi. Verdiyi bütün vədlərə sadiqliyi, hər bir sözünə imzası qədər dəyər verməsi zaman-zaman öz təsdiqini tapmışdı. Həyata keçirdiyi siyasətlə, ölkəmizə gətirdiyi inkişafla, bu yurdun hər bir sakininin gündəlik həyatında yaratdığı rifah, bütün ölkəboyu aparılan quruculuqla həqiqətən hər bir vətəndaşının Prezidenti olmuşdu. Dövlət başçısı İlham Əliyev Ulu Öndərin çox böyük çətinliklər, fədakarlıqlar hesabına yaratdığı sabitlik və inkişaf mühitini qorumuş, xalqı yeni nailiyyətlərə doğru aparmışdı. Azərbaycan dövlətinin, vətəndaşlarımızın təhlükəsizliyini, sosial-iqtisadi inkişaf üçün həyati dərəcədə vacib olan sabitlik mühitini daha da möhkəmləndirmişdi, ölkəmizin yeni dövrdə də inkişaf yolunda inamla addımlaması üçün lazımi şəraiti yaratmışdı.
"Azərbaycanda son illər ərzində hökm sürən sabitlik, ictimai-siyasi asayiş sərmayələrin cəlb olunması istiqamətində böyük addımlar atmağa imkan veribdir. Əlbəttə, bizim hamımızın borcudur ki, Azərbaycanda yaranmış bu sabitliyi qoruyaq, saxlayaq, möhkəmləndirək. Əgər Azərbaycanda sabitliyin pozulmasına kimsə can atarsa, biz buna imkan verməyəcəyik, Azərbaycan xalqının rahat, təhlükəsiz, sabitlik şəraitində yaşamasını təmin edəcəyik. Bu sabitlik bizə imkan verəcək ki, gələcəkdə Azərbaycanı daha da sürətlə, hərtərəfli inkişaf etdirək". Hələ 2003-cü ildə Prezident kimi ilk andiçmə mərasimindəki nitqində vurğuladığı bu fikirlərlə hər bir Azərbaycan vətəndaşının Prezidenti olan İlham Əliyev həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində dövlətimizi tarixinin ən qüdrətli dövrünə yetirdi. Belə bir mərhələnin yaradıcısı, şərəf salnaməsinin müəllifi oldu.
Bu gün zaman bir yerdə dayanmır, dünyanın çağırışları, insanların gözləntiləri dəyişir. Buna uyğun addımlar vaxtında atılmazsa, inkişaf axarından uzaq düşmək olar. Azərbaycan Prezidenti də həyata keçirilən köklü islahatlarla, miqyaslı qərarlarla, yenilik ruhu ilə dövlətimizin inkişaf sürətini zamanın ahənginə uyğunlaşdırır.
Burada ən mühüm olan milli dövlətçilik prinsiplərinə sadiqlik məsələsidir. Prezident İlham Əliyev bu prinsiplərə, xalqın inkişaf amallarına hər zaman sadiqdir. Onun baxışlarında, ideallarında, atdığı addımlarda əsrlər boyu Azərbaycan xalqının, dövlətinin inkişafına çalışmış, ömrünü bu məqsədə sərf etmiş, imzalar içində millətimizin imzasını görmək istəmiş bütün böyük şəxsiyyətlərimizin arzularını görə bilərik. Dövlət başçısı o böyük simalarımızın ideallarını reallaşdırır, onların bir zamanlar xəyal kimi gördüklərini, can atdıqlarını gerçəklik kimi gündəlik həyatımıza gətirir.
Güclü Lider, qalib sərkərdə
Prezident İlham Əliyev Azərbaycan xalqının arzularından gəlmiş liderdir. Bizi ömrümüzün ən böyük xəyalına qovuşdurmuşdur.
Azərbaycan indi dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Bu strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi hazırkı milli inkişafın fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc nöqtəsində sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəkliklərini təşkil edir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında nüfuzlu lider fenomeni dayanır: güclü iradəsi, düzgün qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən Lider. Azərbaycan tarixinə həkk edilmiş parlaq uğurlarımız da məhz Prezident İlham Əliyevin zəkası, siyasi baxışları və uzaqgörənliyi sayəsində mümkün olub. Dövlət rəhbəri ölkədə baş verənlərin məsuliyyətini daşımaqla yanaşı, beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malikdir.
Özünü doğruldan yanaşmaları, uğurlu təşəbbüsləri, ən mühümü isə başqalarında yaratdığı yüksək inam hissi Prezident İlham Əliyevi müasir dünyamızın ən önəmli siyasi liderlərindən biri mövqeyində qərarlaşdırıb. Beynəlxalq siyasi arenada ona böyük rəğbət bəsləyir, irəli sürdüyü rəylərlə hesablaşır, təşəbbüslərini dəstəkləyirlər. Azərbaycan Prezidentinin irəli sürdüyü təkliflərin nə qədər yerində, məqsədyönlü olduğunu, real nəticələrə hesablandığını tarix dəfələrlə sübuta yetirib. Ona görə dünya liderləri dövlət başçımızın baxışlarına böyük önəm verirlər.
Cənab İlham Əliyev Prezident kimi ilk andiçmə mərasimində xalq qarşısında demişdir: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Uzun illərdir ki, biz atəşkəs rejimində yaşayırıq. Təəssüflər olsun ki, bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik heç bir nəticə vermir. Biz hələ də ümidlərimizi itirmirik. Hələ də ümid edirik ki, həmsədrlər bu məsələ ilə daha ciddi şəkildə, məsuliyyətlə məşğul olacaqlar. Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir". Azərbaycan Prezidenti söz verdiyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi. Bu arzuların üfüqlərindən ölkəmiz üçün yeni bir gələcək formalaşdırmağa başladı.
2021-ci ildə Şuşada hərbçilər qarşısında çıxış edərkən Ali Baş Komandan bu mühüm problemə münasibətini bildirərkən qeyd etdi: "2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq" və daha sonra xüsusi vurğuladı ki, bunun üçün, ilk növbədə, iqtisadi müstəqilliyi təmin etməliyik: "Çünki əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətlərdən asılı olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu şərəfli missiyanı yerinə yetirək. Ona görə Prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyə hesablanmış bütün lazımi addımlar atıldı və qısa müddət ərzində biz buna nail olduq".
Dünyanın tanıdığı Azərbaycan
Cənab İlham Əliyev Prezident olduğu gündən Zəfər tarixinə qədər əzmkarlıqla üzərinə yönəlmiş bütün təhdidlərə, təzyiqlərə rəğmən, zərrə qədər də olsun güzəştə getmədi. İşğalçı Ermənistan və onun havadarları qarşısında bir addım da geri çəkilmədi. Qarabağ məsələsində Ermənistana, onun dəstəkçilərinə, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Aparılan işlər tədricən öz nəticəsini verməyə başladı. Səsimiz, sözümüz dünyada daha aydın eşidildi.
Azərbaycan erməni lobbisinin illərlə ətrafımızda qurduğu məlumat blokadasını yardı. Beynəlxalq ictimaiyyət Qarabağ məsələsi ilə bağlı doğruları eşitməyə başladı. Ermənistanın işğalçı mövqeyi ifşa olundu. Azərbaycanın iqtisadi imkanları, qlobal rolu artdıqca, dostlarımızın sırası da genişləndi. Hər kəs anlamağa başladı ki, regiondakı siyasi-iqtisadi maraqları bu bölgənin liderinə, əsas söz sahibinə çevrilmiş Azərbaycanın razılığı olmadan, bu ölkə ilə faydalı əməkdaşlıqlar qurmadan təmin etmək mümkün deyil. Ona görə də ölkəmizlə faydalı tərəfdaşlıq əlaqələri yaratmağa çalışanların, haqlı mövqeyimizi müdafiə etməyə başlayanların sayı artdı.
Azərbaycan irəli sürdüyü və BMT kimi ali qurumlarda da yüksək səviyyədə təqdir edilən humanitar təşəbbüslərlə, aparılan sistemli işlə dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təmas mərkəzi kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayan, ali məqsədlərin, bəşəriyyətin xoş gələcəyi naminə xeyirxah niyyətlərin təbliğinə çalışan düşüncə mərkəzinə çevrildi. Dünya bizi mədəniyyətimizin zənginliyi ilə görüb tanıdı, özü üçün yenidən kəşf etdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünya miqyasında icra olunan layihələr, mədəniyyət diplomatiyası işığında dünyaya əsl Azərbaycanı tanıtdı.
Respublikamız yeni strateji dövrdə dayanıqlı şəkildə artan rəqabətqabiliyyətli iqtisadiyyatı, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət modelini, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı olmağı, işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışı, eləcə də təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi olmağı özünün milli prioritetləri elan edib. Bu hədəflərə doğru ardıcıl addımlar atılır. Ölkəmiz işğaldan azad edilmiş ərazilərdə vətəndaşlar üçün yeni salınan qəsəbələri "ağllı kənd" konseptində inşa edir. Respublikamızın alternativ enerji resurslarından istifadə həlləri, dünyanın aparıcı şirkətləri ilə bu istiqamətdə imzalanmış investisiya layihələri və bu layihələrin icrası istiqamətində görülən işlərlə Azərbaycan regionu "yaşıl enerji" bölgəsinə çevirir. Cənubi Qafqazın tarixində yeni bir reallıq yaradır.
Bir faktı da xüsusi qeyd edək ki, ölkəmiz bütün bu uğurlara nail olduqca Ermənistanın ətrafındakı yalan, şər, böhtan, terror dairəsi daralmağa başladı. Dünya əsrlərdir uydurduğu saxta iddialara özünü məhkum etmiş bu ölkənin, xalqın bəşəriyyətə faşizmdən, dağıdıcılıqdan, vandalizmdən başqa nəsə vermək potensialına malik olmadığını getdikcə daha aydın şəkildə görməyə başladı. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr, ölkəmizdə bütün dünyaya açılan və maraqlı tərəflərə faydalar yaradan inkişaf qapılarına rəğmən Ermənistan xəstə iddiaları ilə özünü dalana dirədi. Bütün inkişaf layihələrindən kənar düşdü. Ölkə səfalət girdabına yuvarlandı, işğalçı mövqeyinin bədəlini çox ağır şəkildə ödəməli oldu. Aclığın, yoxsulluğun, ümidsizliyin Ermənistanda yaratdığı mənəvi əhvalın ən bariz göstəricisi Vətən müharibəsi zamanı bu ölkənin ordusunda on minlərlə fərarinin olması idi. İnsanlar artıq saxta miflərə inanmırdılar. Ölkəmizin güclənən əli düşmən dövləti bütün müstəvilərdə, bütün cəbhələrdə çıxılmaz vəziyyətə salırdı. Azərbaycan rəhbərliyi qətiyyətli mövqeyi ilə hər kəsdə belə bir əminlik yaradırdı ki, xalqımız bu haqq davasından heç zaman ötüb keçən deyil.
Qarabağı, Şərqi Zəngəzuru azad etmiş Azərbaycan Prezidenti, qalib Sərkərdə kimi adını tarixə yazdı.
Yerinə yetirilən vədlər
Hazırda ən qüdrətli dövrünü yaşayan Azərbaycan əldə etdiyi uğurları Ümummilli Lider Heydər Əliyevin və böyük rəhbərin strateji kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin illərlə çəkdiyi zəhmət hesabına qazandı. 2003-cü ildə andiçmə mərasimində ölkəmizin müasir dövlətə çevriləcəyini bəyan edən Prezident
İlham Əliyev bütün bunları etmək üçün Azərbaycanda çox işlərin görülməsini vurğulamışdır: "Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm... Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik".
Azərbaycan Prezidenti İlham Əliyev əzmi, iradəsi, qətiyyəti, bir o qədər də müdrikliyi, gələcəyə aydın baxışı ilə regionu gələcəyə aparan Liderdir. Onun rəhbərliyi ilə yaşadığımız bölgə daha işıqlı, xoşbəxt, sülh və rifah içində görünür.
İradə ƏLİYEVA,
"Azərbaycan"