Mövsümün əvvəlindən Balakənin bağlarından 9,3 min ton məhsul yığılıb
Əvvəllər - sovet dönəmində də məhsul bayramları keçirilərdi. Taxıl biçini, üzüm, pambıq yığımının yekununa az qalmış, daha doğrusu, plan və öhdəliklərin yerinə yetirilməsi ilə kəndlilər xoş əhvali-ruhiyyəyə köklənəndə təsərrüfatlarda bir şadyanalıq olardı ki, gəl görəsən… Yaylaqlarda çobanların, qışlaqlarda sağıcıların şərəfinə düzənlənən çal-çağır sadə zəhmət adamlarına stimul verərdi.
Müstəqillik illərində də həmin ənənə davam edir, amma onun nə plana dəxli var, nə də öhdəliyə aidiyyəti. Sadəcə bu və digər rayon hansı meyvə, bitki ilə məşhurdursa, onun adına festival keçirilir.
Balakən camaatı da bar-bərəkət və bolluğu həmişə böyük fərəh, şükranlıqla qeyd edir. O üzdən 2017-ci ildən burada fasilələrlə Xurma festivalı keçirilir. Qoz-fındığı, şabalıdı, tərəvəzi, bir sıra meyvəsi ilə tanınan rayonda bu dəfə dördüncü dəfə idi ki, Xurma festivalı təşkil olunmuşdur. Rayon icra hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar İnnovasiya Mərkəzinin, Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının və "Balkhoorma" şirkətinin dəstəyi ilə keçirilən tədbirə müxtəlif qurumların nümayəndələri, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri qatılmışdılar.
Festival iştirakçıları və qonaqlar öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət etdilər. Sonra "Balkhoorma" MMC-nin Katex kəndində yerləşən meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsində istehsal prosesi ilə tanış oldular. Məlumat verildi ki, 2017-ci ildə fəaliyyətə başlayan və müasir standartlara cavab verən müəssisəyə meyvələr sakinlərin şəxsi xurma bağlarından yığılır. Burada istehsal edilən məhsullar ekoloji cəhətdən təmizdir. Onlar qablaşdırılmış formada həm daxili bazarda satılır, həm də MDB-yə və digər ölkələrə ixrac olunur. Müəssisənin fəaliyyətə başlaması ilə yerli əhalinin xurma ağaclarının əkininə marağı xeyli artıb. Yeri gəlmişkən, qeyd edək ki, müəssisə ilə tanışlıqdan sonra qonaqlar ərazidə xurma ağacları əkdilər.
Rəsmi açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bildirdi ki, xurma festivalının keçirilməsi Balakən üçün xüsusi önəm daşıyır: "Festival rayonda kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafını stimullaşdırır. Tədbirin yerli məhsulların xarici bazarlarda satışının təşviqi baxımından da böyük əhəmiyyəti var. Xurma festivalının keçirilməsi, eyni zamanda rayonun milli adət-ənənələrinin, qonaqpərvərliyinin, turizm imkanlarının tanıdılmasında, xurmadan hazırlanan məhsulların təşviqində vacib rol oynayır".
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Qadir Yusifov çıxış edərək bu gün ölkəmizdə qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçiliyin mühüm rol oynadığını, Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında xurmanın xüsusi yer tutduğunu vurğuladılar, festivalın işinə uğurlar arzuladılar.
Sonra festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsulları sərgilərinə baxdılar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları, "Azəryem Sənaye" MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb oldu. Məlumat verildi ki, Balakəndə 770 hektar xurma bağı var. 2023-cü ildə bağlardan 15 min 755 ton məhsul yığılıb. Hazırda rayonun xurma bağlarında məhsul yığımı davam edir. İndiyədək 9,3 min ton məhsul tədarük olunub. Bu ilin yanvar-sentyabr aylarında ölkəmizdən xarici bazarlara 37700 ton xurma ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,8 faiz çoxdur. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, bu ilin 9 ayında ixrac edilən xurmanın ümumi dəyəri 29,1 milyon dollar olub. Xurma satışından əldə olunan vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə 75,4 faiz artıb.
Xurma festivalı mədəniyyət və istirahət parkının ərazisindəki meydanda konsert proqramı ilə davam etdi.
Qurban MƏMMƏDOV,
"Azərbaycan"