30 Oktyabr 2024 08:25
225
CƏMİYYƏT
A- A+
Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi

Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi



Qəhrəmanlıq çoxlarının həmişə həsəd apardığı əl çatmayan bir zirvədir. O müqəddəs zirvəyə hamı yüksələ bilmir. Əsl qəhrəmanlar isə üzləşdikləri bütün çətinliklərə qatlaşaraq o zirvəyə çatırlar. Qəhrəman olduqlarını cəsarət və hünərləri ilə təsdiq edirlər. Bundan sonra əbədilik qazanırlar. 

44 günlük Vətən müharibəsində də xalqımızın cəsur oğulları torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər göstərdilər. Onların qəhrəmanlığı sayəsində 30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımız azad edildi. Düşmən diz çökdürüldü. Erməni qəsbkarları üzərində böyük Zəfər çalındı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.


Ən böyük arzusu Qarabağı azad görmək idi


Müharibələrin itkisiz başa gəlmədiyini kim bilmir ki!.. İkinci Qarabağ müharibəsində də igid oğullarımız ərazi bütövlüyümüz, müstəqilliyimiz və suverenliyimiz uğrunda canlarından keçdilər. Torpaqlarımızın azadlığı naminə vuruşan və şəhid olan cəsur oğullarımızdan biri də şücaəti ilə yaddaşlarda dərin iz salmış polkovnik-leytenant Vidadi Xəlilov idi. Bu cəsur zabit bəzilərinə nümunə olacaq şərəfli ömür və xidmət yolu keçmişdi. 1982-ci il iyulun 16-da Göyçay rayonunda ziyalı ailəsində dünyaya göz açan Vidadi 1989-1999-cu illərdə şəhərdəki akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbdə təhsil almışdı. Hərbçi olmaq arzusu ilə yaşayan Vidadi Xəlilov 1999-cu ildə imtahanlarda yüksək nəticələr göstərərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olmuşdu. 2003-cü ilə kimi hərbi məktəbdə oxumuş, motoatıcı ixtisasına dərindən yiyələnmiş, hərbi bilikləri və müxtəlif təyinatlı silahların sirlərini hərtərəfli mənimsəmişdi. Arzusuna çatmış, böyük sevinc içində ilk hərbi rütbə - leytenant rütbəsi almışdı. Bundan sonra ürəyindəki başqa  arzulara da çatmaq üçün qarşısında geniş yollar açılmışdı. Hərbi biliklərə dərindən yiyələnən Vidadi Xəlilov 2003-2004-cü illərdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit ixtisas kursu"nu da uğurla başa vurmuşdu. 2004-cü ildə cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində taqım komandiri kimi xidmətə başlamışdı. Arxada qalan illər ərzində gənc zabit xidməti vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirərək polkovnik-leytenant rütbəsinədək yüksəlmişdi. Bu illər ərzində qazandığı uğurlara görə müxtəlif medal və sertifikatlara layiq görülmüşdü.

Vətənə, torpağa ürəkdən bağlı olan Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərə atılmışdı. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən əks-hücum əməliyyatlarında vuruşmağı, yurdunu işğaldan azad etməyi özünün ən müqəddəs borcu bilmişdi. Onun qəhrəmanlıqla dolu döyüş yolu Kəlbəcərdən başlayıb, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan və Laçından keçmişdi. Polkovnik-leytenant Vidadi Xəlilov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə daim ön sıralarda vuruşmuş, çoxlarının həsəd aparacağı böyük igidliklər göstərmişdi. 

Təəssüf ki, Vidadi Xəlilovun Qarabağ uğrunda sona qədər vuruşmaq arzusu reallaşmadı. Bir payız günündə cəsur zabitin həm ömür, həm də döyüş yolu yarıda qırıldı. Əgər döyüş yolu yarımçıq qalmasaydı, cəsur zabit neçə-neçə döyüşün iştirakçısı olacaqdı. Laçını, Şuşanı və illərdən bəri işğalda qalmış başqa bölgələrimizi erməni işğalçılarından azad edənlərin ön sıralarında addımlayacaqdı. 

Oktyabrın 30-u Vidadinin son döyüş günü oldu. Həmin günlərdə Laçın rayonu uğrunda gərgin savaş gedirdi. Geri sıxışdırılan düşmən nəyin bahasına olursa olsun, burada möhkəmlənməyə çalışırdı. Qəsbkarların bu cür ciddi müqavimət göstərməyi əməliyyatların gərginliyini daha da artırırdı. Artıq döyüşlər Laçın dəhlizi istiqamətində gedirdi. Həmişəki kimi Vidadi də ön sıralarda vuruşurdu. Getdikcə müqavimətini artıran işğalçılar güllələri, mərmiləri zabit və əsgərlərimizin üzərinə yağdırırdı. Dolu kimi səpələnən bu güllələrdən biri də Vidadiyə tuş gəldi. Polkovnik-leytenant Vidadi Xəlilov həmin gün 38 yaşında, müharibənin 35-ci günü ömrünün ən gözəl çağlarında müdafiəsinə qalxdığı torpaq uğrunda şəhid oldu. Vətənə olan zabitlik, övladlıq borcunu ləyaqətlə, şərəflə yerinə yetirdi.


Cəbhədən gələn acı xəbər


Vidadinin cəbhədən gələn ölüm xəbəri valideynlərini, həyat yoldaşını, övladları Zəhranı, Əlini və onu tanıyan yüzlərlə, minlərlə insanı dərindən sarsıtdı. Yaxınları, doğmaları təskinliyi bu cəsur zabitin torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmağında tapdılar. Bilirdilər ki, şəhidlər heç vaxt ölmür, heç vaxt unudulmur. Yurdunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş, ad-san qazanmış polkovnik-leytenant Vidadi Xəlilov oktyabrın 31-də minlərlə insanın iştirakı ilə Göyçay şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırıldı.

Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Xəlilov Vidadi Vaqif oğlu ölümündən sonra  "Azərbaycan  Bayrağı" ordeni,  "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Zəngilanın  azad  olunmasına  görə" medalları ilə təltif olunub.

Şəhidin həyat yoldaşı Nərmin Xəlilova ilə görüşmək, onun qəhrəman zabitlə bağlı xatirələrini dinləmək üçün direktor işlədiyi Səbail rayon Mərkəzləşmiş Kitabxana Sisteminə getdik. Nərmin xanim kövrək səslə bir zamanlar sevinclə dolub-daşan Vidadili günlərini xatırladı. Sanki sözün gücü və qüdrəti ilə həmin illəri, həmin günləri andı. Yaşanmış, artıq tarixə dönmüş, acılı-şirinli xatirələrə çevrilmiş ömür yollarını asta-asta vərəqlədi.

Nərmin  xanım deyir  ki, Vidadi hələ gənc yaşlarından hərbçi olmaq istəyirmiş. Buna görə də yaşadığı  hərbçi həyatı ona  çox  əziz  idi. Vidadi  ilə  ailə həyatı qurduqdan sonra onun xidməti işi ilə əlaqədar  bir  il  Beyləqan  rayonunda, iki  il  Füzuli rayonunun Horadiz qəsəbəsində, sonra Gəncə şəhərində yaşadıq. 2009-cu ildə qızımız  Zəhra, 2014-cü ildə isə oğlumuz  Əli  dünyaya gəldi.

Nərmin xanım söhbətinə davam edərək döyüşlərin başladığı günləri xatırladı. Dedi ki, müharibə başlayan gündən Vidadi evə gəlmirdi. Bizimlə yalnız telefonla əlaqə saxlayırdı. Döyüşlərə getdiyindən də xəbərsiz  idik: "Oktyabrın 11-də Vidadi ilə axırıncı görüşümüz oldu. Yalnız onda bildik ki, o, döyüşlərdədir. Çox vacib işlə bağlı bir neçə saatlığa evə gəlmişdi. Təcili geri qayıtmalı olduğundan axşamı qala bilmədi. Həyatımda ilk dəfə idi ki, onu bu qədər narahat görürdüm. Vidadi müharibədən heç nə danışmırdı. Ümumiyyətlə, o, heç vaxt xidməti işlərindən söz açmağı xoşlamazdı. Əvvəlki günlərdən fərqli olaraq həmin gün onun üzü gülmürdü. Sağollaşıb evdən çıxanda uşaqları  möhkəm qucaqlayıb onların  qoxusunu  içinə çəkdi. İlk  dəfə  idi ki, Vidadini  uşaqlarını belə bağrına  basan  görürdüm.


Qəfil gələn zəng Nərmin xanımın Vidadili dünyasını alt-üst etdi


Bir anlıq ötənləri xatırlayan Nərmin xanım sözünə davam edərək dedi: "Döyüşlərə qayıtdıqdan sonra Vidadi bir-iki dəfə evə zəng vurdu. İki-üç dəqiqə də olsa danışdıq. Onun sorağı gah Cəbrayıldan, gah Zəngilandan, gah da Qubadlıdan gəlirdi. Son dəfə isə Laçından zəng vurmuşdu. Bəzən telefonunun batareyası zəiflədiyinə, bitdiyinə görə zəng vurub danışa bilmirdi. Həmin günlər onun səsini eşitmək mənim üçün böyük sevinc idi. Sağ-salamat olduğunu bilirdim. Arada beş gün ondan zəng gəlmədi. Çox nigaran qaldıq. Amma bir neçə gündən sonra zəngi gəldi, nigarançılığımıza son qoyuldu. Arxayın olduq ki, Vidadi sağ-salamatdır. Laçın uğrunda gedən döyüşlərdə vuruşur. Dedi ki, bu gün-sabah Şuşanı da işğalçılardan azad edəcəklər. Amma təəssüf ki, bundan sonra onun zənglərinin arası yenə də  kəsildi. Bu da nigarançılığımızı artırdı. Oktyabrın 30-da həyat yoldaşımın yaxınlarına gələn qəfil  zəng  mənim Vidadili dünyamı alt-üst etdi..."

Gözləri yaşaran Nərmin xanımın səsi titrəyir, sözləri dilində, dodaqlarında ilişib qalırdı.

Oktyabrın 30-da onun vuruşduğu cəbhədən olunan zəng doğmalarına ölüm xəbərini gətirib. Zəng vuran zabit yoldaşları polkovnik-leytenant Vidadi Xəlilovun Laçın rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğunu bildiriblər. Bu acı xəbər yaxınların, qohumların hamısını göz yaşına qərq edib. Bir gün sonra - oktyabrın 31-də Vidadinin cənazəsini Göyçaya gətiriblər.

- Yaxınları, doğmaları yoldaşımın şəhid olduğunu əvvəl mənə demədilər, - deyə Nərmin Xəlilova yarımçıq qalmış söhbətinə davam edir. - Sonra bildim ki, Vidadi canından da çox sevdiyi Vətən uğrunda şəhid olub. Deməli, artıq Vidadini itirmiş, bu dünyada onsuz qalmışdıq. Bunu bilən kimi sanki dizlərim qırıldı, irəli addım ata bilmədim. Qəhər məni boğdu, ürəyim bir an içində çırpındı, gözlərimə qaranlıq çökdü. Həmin gün axdıqca axan, dayanmaq bilməyən göz yaşları içində Vidadini Göyçay rayonundakı Şəhidlər xiyabanında, fəxri vətəndaşlar sırasında torpağa tapşırdıq. Onun dəfninə demək olar ki, on minlərlə  insan gəlmişdi. Bu hörməti Vidadi həm şəxsi keyfiyyəti, həm peşəkar  zabit  olması, həm də  qəhrəmanlığı ilə qazanmışdı. Rayonda böyükdən tutmuş kiçiyə kimi hamı onu tanıyır və hörmət edirdi. Vidadinin itkisi onu tanıyanların ürəyini dağlayır, qəlbini yandırırdı. Yeganə təsəllimiz onun Vətən uğrunda şəhid olması idi. Yaşadığımız həyat doğrudan da bir sınaq, bir imtahan imiş. Kimlərsə bu sınağın labirintlərində ilişir, yolu sona qədər gedə bilmir. Çətinliklərin girdabında əlləşə-əlləşə qalır. Vətən sevdalı həyat yoldaşım isə bu ağır sınaqlardan uğurla keçdi, igidliyi ilə bütün çətinliklərə, hətta ölümün özünə belə meydan  oxudu.


"Övladlarımı Vidadinin adına, qəhrəmanlığına layiq böyüdəcəyəm"


Kədər çökmüş, qəm ələnmiş gözlərinin yaşını silən şəhidin yoldaşı sözünə davam edərək dedi: "31 oktyabr 2020-ci il yaddaşımda ömrümün ən kədərli günü kimi qaldı. Amma bu kədər iradəmi qırmadı. Həyatımın həmin gərgin günlərində Vidadinin bir zamanlar dediyi sözləri xatırladım. Xəlilov həmişə deyirdi ki: "Mən Vətənin əsgəriyəm. Əsgər Vətən uğrunda döyüşər də, ölər də. Müharibədə hər şey ola bilər. Nərmin, yaddan çıxarma ki, Zəfər asanlıqla qazanılmır. Bu yolda qəhrəmanlıq və şəhidlik var. Sən hər şeyə hazır ol. Mənim başıma bir iş  gəlsə, kədərə təslim olma, qəm dəryasına batma. Uşaqları yaxşı saxla, qoru, onları Vətənə layiq övladlar kimi böyüt". Yoldaşımın bir vaxtlar dediyi bu sözlərdən güc alaraq həyat yoluma davam edirəm. Vidadinin yadigarlarını göz bəbəyim kimi qoruyuram. Onun uşaqların gələcəyi ilə bağlı arzularını mən həyata keçirməyə çalışıram. Məqsədim övladlarımızı  Vidadinin adına, qəhrəmanlığına layiq böyütməkdir. Çalışıram ki, onlar çətinlik görməsinlər, atasızlığı hiss etməsinlər, ağrı-acı duymasınlar. 

Zəhra da, Əli də İlyas Əfəndiyev adına Elitar Gimnaziyada təhsil  alır. İkisi də dərslərini yaxşı oxuyur. Əli təkcə dərs oxumaqla kifayətlənmir. O həm də idmana, xüsusilə futbola böyük maraq göstərir. Dünyanın futbol arenasında böyük qələbələr qazanan, xalqımıza böyük sevinc bəxş edən  "Qarabağ" komandasının azarkeşidir. Komandanın baş məşqçisi Qurban Qurbanovla da dostluq edir. İnanıram ki, Əli gələcəkdə hazırlığını xeyli yüksəldəcək və günlərin birində sevimli komandasının heyətində çıxış edəcək.  Zəhra ali məktəbə  hazırlaşır. Bilirəm ki, qızım istədiyi  ali  məktəbə qəbul olacaq və yüksək təhsil alıb Vətəninə, atasına  layiq  bir övlad, bir  vətəndaş və dövlət  işçisi  olacaq".

Söhbətinin sonunda Nərmin Xəlilova dedi ki, mənə ən böyük təsəlli verən odur ki, Vidadinin qəhrəmanlığı  unudulmur. Yaxınları, doğmaları el-oba tərəfindən həmişə xatırlanır, anılır. Göyçaya, Şəhidlər xiyabanına gedəndə onun məzarının üstündə həmişə tər güllər, çiçəklər görürəm. Vətən yolunda canından keçmiş şəhidlər həmişə hörmətlə yad edilir. Məzarları ziyarətgaha, müqəddəs məkana  çevrilir. Hər dəfə məzarı üstünə gedəndə Vidadi ilə danışırmış kimi, ona gördüyümüz işlərdən, yaşayışımızdan söz açıram. Çalışıram ki, həm özümün, həm də uşaqlarımızın uğurları ilə onun ruhunu sevindirim. Sizə qəribə gəlməsin, mənə elə gəlir ki, Vidadi dediklərimin hamısını eşidir...


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

TƏBİB-də İtaliya-Azərbaycan Ticarət Palatası ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub  

12:54
31 Oktyabr

Media: Seçkilər ABŞ-ın Avropaya azalan marağını dəyişməyəcək

12:37
31 Oktyabr

Tayvanda qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub  

12:25
31 Oktyabr

“Böyük çay yolu” marşrutu UNESCO-nun İrs Siyahısına daxil ediləcək  

12:04
31 Oktyabr

Avropa Kubokunun qalibi olmuş “Azərreyl”in voleybolçuları ilə görüş keçirilib  

11:56
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

11:52
31 Oktyabr

Çin gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton kömür ekvivalentinə çatdıracaq  

11:48
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:43
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:38
31 Oktyabr

Sadiq Qurbanov: Ötən il su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr olub  

11:34
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:29
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:24
31 Oktyabr

Ekspertlər süni intellektin iş yerlərinə təsirini araşdırıblar  

11:19
31 Oktyabr

“Nəsildən-nəslə teatr” layihəsi davam edir  

11:14
31 Oktyabr

ICESCO Ümumdünya Şəhərlər Günü münasibətilə üzv ölkələrə müraciət edib  

11:09
31 Oktyabr

Kolumbiya mətbuatında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib  

11:04
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!