Gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması dövlət gənclər siyasətinin ən başlıca və əsas istiqamətlərindən birini təşkil edir. Gənclər cəmiyyətimizin aparıcı qüvvəsidir. Onlarla yerlərdə iş, əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin daim gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı çıxışlarında səsləndirdiyi dəyərli fikirlər, tövsiyə və müvafiq tapşırıqları əsasında aparılır.
Böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərin davamlılığını və dayanıqlılığını təmin etmək məqsədilə Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən bir sıra yeni layihələr həyata keçirilir. Bu layihələrin sırasında çağırış yaşlı gənclər üçün "Poliqon" gənclərin hərbi vətənpərvərlik düşərgəsinin təşkili xüsusi olaraq qeyd edilməlidir.
Gənclərin hərbi vətənpərvərlik tərbiyəsini daha da gücləndirmək məqsədilə 2022-cü ildən başlayaraq ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən Olimpiya İdman komplekslərində müvafiq tədbirlər həyata keçirilir. Olimpiya İdman komplekslərində təşkil olunan "Poliqon" düşərgələrində respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri də iştirak edirlər.
Gənclər tərəfindən böyük maraqla qarşılanan və uğurla həyata keçirilən düşərgələrdə Ümummilli Lider Heydər Əliyevin bütün zamanlar üçün qiymətli olan siyasi irsi və azərbaycançılıq məfkurəsi, Zəfər tariximiz geniş təbliğ edilir. Düşərgələrdə gənclərin daha çox Vətənə məhəbbət, Azərbaycana ürəkdən bağlılıq, milli maraqlar, mənəvi dəyərləri qorumaq, dövlətçiliyə sədaqət, Azərbaycan xalqının birliyinə hörmət və qayğı ilə yanaşmaq ruhunda tərbiyə edilməsi daim önə çəkilir. Düşərgələrə Xüsusi Təyinatlı Qüvvələrin 44 günlük Vətən müharibəsinin od-alovundan keçmiş ehtiyatda olan hərbçiləri təlimçi kimi cəlb olunur. Hərbçilərin gənclərə təlim keçməsi onlara müsbət təsir göstərir.
Ötən il ərzində Qusar, Neftçala, Goranboy, Tərtər, Ağcabədi rayonlarında yerləşən Olimpiya İdman komplekslərində ölkəmizdə fəaliyyət göstərən universitetlərin tələbələrinin iştirakı ilə "Poliqon" hərbi vətənpərvərlik düşərgəsində maraqlı tədbirlər keçirilib. Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Milli Aviasiya Akademiyasının tələbələri üçün təşkil olunan düşərgələrdə gənclər üçün hərbi təlimlər, idman və hərbi-idman oyunları, intellektual oyunlar, ocaq ətrafında görüş, həmçinin "Məclisi-üns" bədii gecələri təşkil edilib.
Düşərgələri maraqlı və yaddaqalan edən məqamlardan biri də burada milli-mənəvi dəyərlərimizin, muğamlarımızın və xalq mahnılarımızın gənclərə təbliğ olunmasıdır. Layihə çərçivəsində bu işləri gənc və istedadlı muğam ifaçısı Yusif Cəfərbəyli yüksək peşəkarlıqla yerinə yetirir. Milli alətlərimiz tarda və kamanda Azərbaycan Milli Konservatoriyasının tələbələri Cavanşir və Əli Rüstəmbəyli qardaşlarının müşayiəti ilə Yusif Cəfərbəyli tərəfindən düşərgələrin açılış və bağlanış tədbirlərində və "Məclisi-üns" gecələrində musiqilərimiz səsləndirilib. Onu da qeyd edək ki, gənc müğənni Yusif Cəfərbəyli Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində menecment (musiqi sahəsi üzrə) ixtisası üzrə magistr təhsili alıb. O, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən 2019-cu ildə "Tələbə Baharı" Tələbələrin XII Ümumrespublika Yaradıcılıq Festivalında "Muğam" musiqi nominasiyasında II yerə, 2020-ci ildə "Tələbə Baharı" Tələbələrin XIII Ümumrespublika Yaradıcılıq Festivalında "Muğam" musiqi nominasiyasında I yerə layiq görülmüşdü.
2024-cü il ərzində 8 rayonda "Poliqon" təlim düşərgələri təşkil edilib. Sonuncu düşərgə Goranboy rayonunda olub və həm iştirakçılar, həm də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Növbəti düşərgə isə Neftçala rayonunda təşkil ediləcək. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bundan sonra da mühüm və zəruri addımlar atılacaq. Görülən bu tədbirlər, keçirilən təlim düşərgələri gənclərimizin Vətənə sevgisini daha da artıracaq. Sabahımızın gəncləri daha vətənpərvər, daha cəsur olacaqlar.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"