30 Oktyabr 2024 08:35
179
CƏMİYYƏT
A- A+
Zəfər yolu ilə Şuşaya doğru

Zəfər yolu ilə Şuşaya doğru



Nağıllar şəhərinə doğru yolumuz davam edir. Qarşıdakı növbəti zirvəni aşandan sonra Şuşanın dağları daha da əzəmətli görünür. Bu dağları, üzərindəki teleqülləni efirlərdə, şəkillərdə çox görmüşdük. Bir vaxtlar bu qüllə Şuşanın rəmzinə çevrilmişdi. Həmişə də efirlərdə, şəkillərdə gördüyümüz yerlərə getməyi xəyal etmişdik. Amma uzun illər xəyallarımızı gerçəkləşdirə bilmirdik. Erməni işğalı buna imkan vermirdi. Bu gözəl diyara gələn yolları bağlayırdı...

Artıq bu sıxıntılar arxada qalıb. Budur, xəyalların gerçəkləşməsinin iki addımlığındayıq. Dəqiqələr keçəcək və ayaqlarımız Şuşanın torpağına dəyəcək. 


Daşaltıya çatanda Şuşanın dağları daha da əzəmətli göründü


Daşaltının ətrafındayıq. Bu adı lövhədə oxuyanda xəyallar bizi 1992-ci ilin soyuq bir qış gecəsinə, yanvar ayının 26-na apardı. Həmin günün axşamı Azərbaycan Ordusunun zabit və əsgərləri bu kəndi qorumaq üçün onun uğrunda ağır döyüşə girmişdilər. Amma təəssüflər olsun ki, əməliyyat uğursuzluqla başa çatdığına görə həmin axşamkı savaşda hərbçilərimizdən çoxu şəhid olmuş, bəziləri isə itkin düşmüşdülər. O vaxtlar Daşaltı kəndinin adını tez-tez eşidirdik. Onu da deyək ki, bu kəndi ölkədə ən çox tanıdan da elə "Daşaltı əməliyyatı" ifadəsi olmuşdu. Bu əməliyyatda şəhid olanların doğmalarının, əzizlərinin göz yaşları qurumaq bilmirdi. Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşənlərin, şəhid olanların bəzilərinin meyitlərinin qalıqları 30 ildən sonra tapılaraq dəfn olundu. 

Elə 44 günlük Vətən müharibəsində də bu kənd uğrunda qanlı döyüşlər getdi. Uzun illər bu yaşayış məntəqəsinə yerləşmiş işğalçılar ayaqlarını Qarabağın gözəl kəndlərindən biri olan Daşaltıdan çəkmək istəmirdilər. Amma uğurla başa çatan döyüşlərdən sonra erməni işğalçıları bir növ Şuşanın giriş qapısı olan Daşaltıdan it kimi qovuldular. Bununla həm də şəhidlərin qisası alındı. 

Üstündən illərin küləyinin əsməsinə baxmayaraq, "Daşaltı əməliyyatı"ndan bu gün də çox danışılır, çox yazılır. Nə qədər ki sirləri tam açılmayıb, yəqin yenə də danışılacaq, yenə də yazılacaq. Bu əməliyyat zamanı verilən itkilərin yeri hələ də göyüm-göyüm göynəyir. Amma nə qədər danışılsa da, yazılsa da, bu əməliyyatın məğlubiyyətinin səbəbləri açılmır ki, açılmır. Üstündən 32 il keçməsinə baxmayaraq, hələ də "niyə", "nə üçün" belə oldu suallarına cavab tapılmır. Sanki bu əməliyyatın sirləri Daşaltı kəndindəki daşların altında qalıb. 

Həm Daşaltı kəndinin gözəlliyinə, həm də illər əvvəl burada döyüşlər getmiş əraziyə baxmaq üçün yolun yaxınlığındakı təpələrdən birinin üstünə çıxırıq. Buradan ətraf lap aydın görünür. Təpənin üstündə də rəngbərəng çiçəklər bitib. Lalənin ləçəkləri ovuc iriliyindədir. Ömrümüzdə ilk dəfədir ki, belə böyük lalə görürük. Adımı daşıyan nəvəm də bizimlə Şuşaya gedir. Bizim kimi onun da Şuşaya ilk səfəridir. Dünən nağıllar şəhərinə gedəcəyimizi eşidən kimi o, evdəki bayrağını səliqə ilə büküb çantasına qoydu. Dedi ki, bu bayrağı Şuşada dalğalandıracaq. Onun bu istəyi bizi xeyli qürurlandırdı. Daşaltıdakı təpəyə çıxan kimi Vahid bayrağını çıxarıb bir az hündür yerdə dalğalandıraraq lap hərbçilər kimi salam verdi. 

Daşaltı kəndinin gözəlliyindən gözümüzü çəkmədən fikirləşirik ki, yəqin  belə bənzərsiz olduğuna görə də işğalçılar bu yerləri həmişəlik əllərində saxlamağa çalışırmışlar. Amma nə qədər dirənib dursalar da, güclərini bu istiqamətə cəmləsələr də, heç nəyə nail ola bilməmişdilər. Nəsibləri yalnız acı məğlubiyyət olmuşdu.

Şükür ki, artıq bütün kədərli hadisələr yaxın keçmişdə qalıb. İndi Daşaltı kəndi ömrünün ən gözəl çağlarını yaşayır. Hazırda kənddə bərpa və quruculuq işləri aparılır. Köhnə yollar təmir olunmaqla bərabər, yeniləri də çəkilir. Yerin altı ilə müxtəlif istiqamətlərdən Şuşaya tərəf uzanan tunellər Daşaltıda üzə çıxır. Qoşa qollar kimi irəli uzanan tunellər hazır olandan sonra Şuşaya, Qarabağa gələnlərin rahatlığını təmin edəcək. 


Şuşa təkcə bu günün deyil, keçmişin və gələcəyin şəhəridir


Daşaltıda çox ləngiməyib yolumuza davam edir, qayaların zirvəsində yerləşən Şuşaya gedirik. Dərələrin ətəyindən dolaylanıb keçən rahat yollarla üzü yuxarı dağlara - nağıllar şəhərinə qalxırıq. Yadıma düşür ki, folklar nümunələrində, əfsanə və rəvayətlərdə də nağıllar şəhərlərinin həmişə dağlar qoynunda yerləşdiyi təsvir olunur. Koroğlunun məskən saldığı Çənlibel də dağların zirvəsində deyildimi? Şuşa da dağların zirvəsində salınıb.

Şuşaya yaxınlaşdıqca bizdə sevinc dolu qəribə hisslər yaranır. Belə hissləri yalnız və yalnız uzun illər həsrətini çəkdiyi məkana qovuşanlar keçirirlər. Şuşaya çatmağa lap az qalıb. Amma yolda bir az ləngiməli oluruq. Dağın ətəyində polis postu qoyulub. Burada şəhərə daxil olanların sənədləri ciddi şəkildə yoxlanılır. 

Artıq musiqi beşiyimiz Şuşanı görməyimizə dəqiqələr qalır. Və budur, dəqiqələr arxada qalır, qarşımızda  bənzərsiz bir mənzərə açılır. Bayaq Daşaltı kəndindən Şuşanı ovcunda saxlayan dağlara tamaşa edəndə heç düşünməzdik ki, onun üstündə belə gözəl bir şəhər olar. Hündürlükdən üzüaşağı Şuşaya tamaşa edirik. Dağın üstündəki geniş ərazi göz işlədikcə uzanıb gedir. Dayandığımız bu yüksəkliyin zirvəsində illərcə, əsrlərcə əvvəl Şuşa şəhəri salınıb. Geniş əraziyə səpələnmiş evlər dağların sinəsinə xüsusi yaraşıq verir. Bu yaraşıqdan gözümüzü çəkə bilmirik. Şuşanın əsrarəngiz gözəlliyini görəndə zaman-zaman səyyahların şəhər haqqında yazdıqlarını xatırlayırıq. Xatırladıqca da fikirləşirik ki, Şuşa təkcə bu günün deyil, həm ulu keçmişimizin, həm də sabahlarımızın şəhəridir.

Dağın zirvəsindən aşağı düşə-düşə astaca pıçıldayırıq: "Salam, nağıllar şəhəri Şuşa! Səni xoş gördük. Uzun illərdir ki, həsrətini çəkməkdən gözümüzün kökü saralıb. Həsrət odu qəlbimizi, ürəyimizi yandırıb. Şükürlər olsun ki, gec də olsa həsrətə, intizara son qoyuldu. Ermənilərin bağladıqları yolları cəsur əsgərlərimiz döyüşə-döyüşə, qan tökə-tökə açdılar. Düşmənləri məhv etdilər, sağ qalanlarını isə iti qovan kimi qovdular. Çox şükürlər olsun ki, səni görməyə gəldik. Gəldik ki, daşından, torpağından öpək, suyundan içək, havandan udaq. Şükürlər olsun ki, gec də olsa, gözəlliyini gördük. Doğma Şuşa, sən indiyə qədər haqqında yazılanlardan da, deyilənlərdən də gözəlsən".


Heykəlləri güllələnən, tarixi binaları dağıdılan şəhər


Hündürlükdən yavaş-yavaş aşağı düşüb elə də geniş olmayan asfalt yolla Şuşanın içərilərinə doğru gedirik. Keçdiyimiz hər küçədə, hər məhəllədə quruculuq və bərpa işlərinin aparıldığını görürük. Şuşa bir anlıq böyük tikinti meydançasına bənzəyir. Köhnə binaları sökən traktotexnikaların gur səsi yaxınlıqdakı yaşıllığa bürünmüş dağlarda əks-səda verib ətrafa yayılır. Qaldırıcı kranların qüllələri fırfıra kimi bir an dayanmadan sağa, sola burularaq əl atıb ağır yükləri yuxarı qaldırır. Beşmərtəbəli bir binanı üstdən aşağı sökürlər. Traktoru kranla qaldırıb binanın üstünə qoyublar. O da yavaş-yavaş divarları sökə-sökə bina ilə bərabər aşağı enir. Düşünürük ki, yəqin binanın yerində daha əzəmətlisini, daha yaraşıqlısını tikəcəklər. Göz işlədikcə şəhərin o başına,  bu başına tamaşa edirik. Doğrudan da, Şuşa nağıllar şəhəri imiş. Belə şəhərlər yalnız nağıllarda təsvir olunur, nağıllara sığır.

Uzanıb gedən yollar bizi Şuşa Şəhər İcra Hakimiyyətinin binasının qarşısına gətirib çıxartdı. Görən kimi bina bizə tanış gəldi. Xatırladıq ki, Şuşa erməni işğalçılarından azad olunanda Müzəffər Ali Baş Komandana videogörüntü ilə bu binanın qarşısından raport verilmişdi. Xunta rejiminin döşəmə əskisinə oxşayan bayrağı çıxarılıb layiq olduğu yerə, ayaqlar altına atılmışdı. Yerinə Azərbaycanın aylı-ulduzlu üçrəngli bayrağı asılmışdı. Bu tarixi səhnələri izləyə-izləyə xoş anlar, xoş dəqiqələr yaşamışdıq. İndi üçrəngli bayrağımız böyük əzəmət və vüqarla binanın üstündə dalğalanmaqdadır. 

Binanın həm qarşısında, həm də ətrafında çoxlu avtobus və xırda minik avtomobili dayanıb. Bu gün Şuşa çox qonaq-qaralıdır. Çox da geniş olmayan küçələr adamlarla dolub-daşır. Turla gələnlərin sayı daha çoxdur. Binanın qarşısında bir-birinin ardınca beş-altı avtobus dayanıb. Sərnişinlər Şuşanın gözəlliyini görməyə gəliblər. 

8 may 1992-ci ildə erməni işğalçıları Şuşanı ələ keçirəndən sonra şəhərin altını üstünə çevirmiş, daşı-daş üstə qoymamışdılar. Beş-on günün içində əsrlərcə yaşı olan tarixi tikililəri, məscidləri, türbələri və başqa müqəddəs ocaqları darmadağın etmişdilər. Erməni vandalları gözəl, qədim bir şəhəri xarabalığa çevirmişdilər. Beynəlxalq təşkilatlar isə illər uzunu bu vandalizmə göz yummuş, ermənilərin xətrinə dəyən bir kəlmə də olsun söz deməmişdilər. Böyük şəxsiyyətlərin, Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, musiqisinin inkişafında əvəzsiz xidmətləri olmuş Natəvanın, Üzeyir bəy Hacıbəylinin və Bülbülün heykəllərini güllələmişdilər. Güllələnmiş  heykəllər uzun müddət Bakıda saxlanılmış və erməni vandallarının bu cinayətkar əməlləri dünya ictimaiyyətinə nümayiş etdirilmişdi. Şuşa erməni işğalçılarından azad olunduqdan sonra həmin heykəllər öz yerlərinə - nağıllar şəhərinə gətirilmişdi. Həmin heykəllər önündə dayandığımız Şuşa Şəhər İcra Hakimiyyəti binasının qarşısına qoyulub. 


Erməni vəhşiliyinə lənətlər oxutduran dəhşətli mənzərələr


Şuşaya gələnlərin hamısı güllələnmiş heykəllərə baxır və insanlığa yaraşmayan bu hərəkətlərinə görə erməni vandallarını lənətləyir. Biz də bir-bir güllələnmiş heykəllərin qarşısında dayanıb onların "yara"larına baxırıq. Düşmən heykəllərə harasından gəldi atəş açıb. Bu heykəllər erməni vəhşiliyini göstərən danılmaz sübutdur. Daha bunu nə bir tarixçi, nə də bir siyasətçi inkar edə bilər. Çünki bu dilsiz heykəllər "yara"ları ilə əsl həqiqəti dünyaya çatdırır. 

Güllələnmiş heykəllərə baxandan sonra şəhəri ziyarətə gələnlərlə bərabər üzüaşağı gedirik. Yolumuzun üstündə bulaq var. Bu bulaq XIX əsrin əvvəllərində çəkilib. Şuşanın təmiz havasını uda-uda, bulağın buz kimi suyundan içə-içə xoş hisslər keçiririk. 

Böyük qardaşlarımın təhsil aldıqları məktəbə üz tutmaq istəyirik. Amma məktəbin ünvanını soruşduğumuz adamların söhbətlərindən xeyli məyus oluruq. Ermənilər həmin məktəbi yerlə yeksan ediblər, heç bir nişan, iz qoymayıblar. 

Şuşanın Gəncə qapısına tərəf, həmişə qəzet və jurnallarda şəkillərini gördüyümüz məkana tərəf gedirik. Şuşalı günlərimizdə onun küçələri ilə addımlaya-addımlaya Şuşasız qaldığımız çağları xatırlayırıq. O günlərdə üzümüz gülmürdü, qəlbimiz açılmırdı, qəddimiz düzəlmirdi. İndi isə həyatımızın ən xoşbəxt günlərini yaşayırıq. Çünki Şuşadayıq, Şuşanın gözəl küçələri ilə arxayın-arxayın, heç bir təhlükə hiss etmədən addımlayırıq. Bir anlıq yaxınlığımızdan keçən insanların çöhrələrinə baxırıq. Hamının üzü, gözü gülür. Bu gülüşü bizə nəsib edən hərbçilərə minnətdarlıq edirik, şəhidlərimizə Tanrıdan rəhmət diləyirik. 

Bizi üzü yenişə aparan yoldan sol tərəfə dönürük. Pilləkənlərlə aşağı enib sağa buruluruq. Şuşa qalasının Gəncə qapısından çıxan kimi qarşımızda gözəl bir mənzərə açılır. Yaxınlıqdakı uca dağların ətəklərinə qədər geniş yaşıllıq zolağının uzanıb getdiyini görürük. Asfalt döşənmiş yolun kənarında maşınların səliqəli düzülüşü bizdə xoş ovqat yaradır. 


Yuxarı Gövhər ağa məscidini ziyarət etdik 


Gəncə qapısının qarşısında xeyli ziyarətçi var. Hamı bu nağıllar şəhərini görməyə gəlib. Gələnlər Şuşa qalasına böyük maraqla tamaşa edirlər. Bəziləri yorğunluğunu almaq üçün çəmənliyin üstündə oturub dincəlir. Demək olar ki, ziyarətçilərin hamısı burada şəkil çəkdirir. Çəkdirir ki, Şuşadan, bu gözəl diyardan ömrü boyu yadigar saxlasın. Gəncə qapısının qarşısında xarıbülbül gülünün böyüdülmüş maketi diqqətimizi cəlb edir. Çox da qəşəng alınıb... 

Ətrafdakı gözəllikləri seyr edə-edə gəldiyimiz yolla geri qayıdırıq. Gəncə qapısından içəri girənlər də çoxdu, çıxanlar da. Küçələrlə o başa, bu başa gedib-gələnlərin ardı-arası kəsilmir. 

Şəhəri tanıyanlardan Cıdır düzünə getməyin yolunu soruşduq. Ətrafı seyr edə-edə göstərilən səmtə, deyilən istiqamətə getdik. Keçdiyimiz küçənin adı diqqətimizi cəlb etdi. Bu gözəl, yaraşıqlı küçə səsi ilə illərdir, əsrlərdir insanları heyrətləndirən, muğamlarımızın mahir ifaçısı Xan Şuşinskinin adını daşıyır. Sanki bu anlarda məşhur müğənninin məlahətli, qəlbəyatımlı səsini, zəngulələrini eşitdik. Həmin an bu səs ürəyimizə, qəlbimizə bulaq suyunun sərinliyini gətirdi.

Bir az qabağa gedəndən sonra yoldan çox da uzaqda olmayan binalardan birinin qarşısına xeyli ziyarətçinin toplaşdığını gördük. Diqqətimizi cəlb etdiyindən biz də ayaq saxlamalı olduq. Öyrəndik ki, bu qədim bina yuxarı Gövhər ağa məscididir. Təmirdən təzəcə çıxıb. Qarşısında bir anlıq dayanıb heyranlıqla məscidə baxırıq. Binanın gözəlliyi göz oxşayır, könül açır. Divarlara vurulmuş bir-birinə bənzəməyən daş naxışlar, cürbəcür bəzəklər məscidi olduqca yaraşıqlı göstərir. 

Ziyarətə gələnlərin rahatlığını təmin etmək üçün burada lazımi şərait yaradılıb. İnsanların məscidə giriş-çıxışını nizamlamaq üçün bələdçilər ayrılıb, nəzarətçilər qoyulub. Ayaqqabılarımızı çıxarıb titrək addımlarla məscidə giririk. Məscidin geniş salonunda xeyli ziyarətçi var. Hamı Tanrıya üz tutaraq ibadət edir, dua oxuyur. Dindar adamlar namaz qılırlar. Bu mənzərəni görən kimi xatirələr əlimizdən tutub bizi 2020-ci ilin noyabrında Şuşanın erməni işğalçılarından azad olunduğu günlərə aparır. Xatırlayırıq ki, həmin günlərdə nağıllar şəhərini erməni qəsbkarlarından təmizləyən hərbçilərdən biri yuxarı Gövhər ağa məscidini ermənilərin tökdükləri zibillərdən təmizləyib bu müqəddəs məkanda azan verib namaz qılırdı. Bu, erməni işğalından azad olunandan sonra Şuşa şəhərində verilən ilk azan idi. 

Məscidin daxilində Şuşanı gəzmək və görmək kimi belə gözəl bir günü bizə nəsib edən Tanrıya dualar etdikdən sonra həyətə çıxdıq. 

Gözəlliyi ilə görənləri heyran edən Yuxarı Gövhər ağa məscidindən bir az yuxarı qalxıb adı Şuşanı ziyarət edənlərin dillərindən heç vaxt düşməyən Cıdır düzünə tərəf gedirik. İri, yastı daşlar döşənmiş yolla üzüyuxarı qalxırıq. Maşınların və insanların çoxluğundan yavaş-yavaş hərəkət edirik. Poeziyamızın bənzərsiz nümayəndəsi, böyük şair Vaqifin məqbərəsinin yaxınlığından keçirik. Amma şairin məzarını, məzarının üstündə tikilmiş abidəni Cıdır düzündən qayıdanda ziyarət etməyi qərara alırıq... 


(ardı var)


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"


Bakı-Şuşa-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

TƏBİB-də İtaliya-Azərbaycan Ticarət Palatası ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub  

12:54
31 Oktyabr

Media: Seçkilər ABŞ-ın Avropaya azalan marağını dəyişməyəcək

12:37
31 Oktyabr

Tayvanda qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub  

12:25
31 Oktyabr

“Böyük çay yolu” marşrutu UNESCO-nun İrs Siyahısına daxil ediləcək  

12:04
31 Oktyabr

Avropa Kubokunun qalibi olmuş “Azərreyl”in voleybolçuları ilə görüş keçirilib  

11:56
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

11:52
31 Oktyabr

Çin gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton kömür ekvivalentinə çatdıracaq  

11:48
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:43
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:38
31 Oktyabr

Sadiq Qurbanov: Ötən il su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr olub  

11:34
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:29
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:24
31 Oktyabr

Ekspertlər süni intellektin iş yerlərinə təsirini araşdırıblar  

11:19
31 Oktyabr

“Nəsildən-nəslə teatr” layihəsi davam edir  

11:14
31 Oktyabr

ICESCO Ümumdünya Şəhərlər Günü münasibətilə üzv ölkələrə müraciət edib  

11:09
31 Oktyabr

Kolumbiya mətbuatında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib  

11:04
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!