30 Oktyabr 2024 09:00
963
Mədəniyyət
A- A+
İşğalın və Zəfərin fotosalnaməçisi

İşğalın və Zəfərin fotosalnaməçisi


Dünyaşöhrətli fotoqraf Reza Deqatinin xalqımızın faciələrini və qürurunu özündə əks etdirən "Azərbaycan albomu"


O, Azərbaycanın həm işğal, həm də Zəfər dövrlərinin şahidi oldu... 

Erməni vəhşiliyinin qurbanına çevrilən ah-zarlı azərbaycanlıların da, Qarabağ qələbəsi ilə sevinc göz yaşlarına boğulan insanlarımızın da fotosalnaməsini yaratdı...  

Qarabağda törədilən erməni vandalizmini də çəkdi, azadlığından sonra bu ərazilərin cənnətə çevrilməsini də fotolentə aldı... 

30 ilin o üzündə əliyalın halda düşmənə qarşı cəsarətlə vuruşan milli ruhlu Azərbaycan oğullarının da, Vətən müharibəsində düşməni qarşısında diz çökdürən qəhrəman döyüşçülərimizin də portretlərini əbədiləşdirdi... 

Onun vətənimizin məğlubiyyətdən qalibiyyətə uzanan birqərinəlik zaman diliminin hər səhifəsi ilə bağlı gerçəklərin əks olunduğu fotofaktları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynadı, erməni təbliğatının qarşısını kəsən mühüm sənədlərə çevrildi.

Dünyaşöhrətli azərbaycanlı fotoqraf Reza Deqatidən danışırıq...

O Reza Deqati ki Tanrı taleyinə Azərbaycanın qara günlərinin də, ağ günə çıxdığı çağlarının da salnaməsini çəkdiyi fotolarla tarixin yaddaşına həkk etmək kimi seçilmiş bir qismət yazıb. Bir azərbaycanlı, bir fotojurnalist, ən ümdəsi humanist insan olaraq həyata keçirdiyi şərəfli missiya ilə özünün əsrlər sonra da vərəqlənəcək "Azərbaycan albomu"nu yaradıb...  

Özünəməxsus geyim tərzi olan, şirin ləhcə ilə danışan Reza Deqatini ölkəmizdə yeddidən yetmişə hər kəs tanıyır və 30 ildən çoxdur ki, xalqımızın haqq səsini fotoları vasitəsilə dünyaya çatdıran soydaşımıza ürəkdən minnətdarlıq duyur. 


"Anadır arzulara hər zaman Qarabağ" 


"Qarabağ söhbətləri" rubrikasının qonağı olan Reza Deqati danışır ki, Vətən müharibəsi başlayanda Parisdə olub. Əslində, fotoqraf həmin ilin oktyabrında BMT ilə bağladığı bir müqaviləyə əsasən, Qərbi Afrikaya getməyə hazırlaşırmış, amma İkinci Qarabağ müharibəsinin başlaması ilə planları dəyişir: "Əvvəlcə elə bildim ki, Aprel döyüşləri kimi, bu döyüşlər də qısamüddətli olacaq, ancaq 30 illik müharibə fotojurnalistliyi təcrübəmə əsasən anladım ki, yox, bu dəfə Azərbaycan axıracan gedəcək. Buna görə müqaviləni ləğv edib dərhal Qarabağa yola düşdüm". 

Reza Deqati deyir ki, o müharibə gedən zaman hər gün səhər tezdən avtomobilinə minər və "Anadır arzulara hər zaman Qarabağ" mahnısının sədaları altında böyük ruh yüksəkliyi ilə azad edilən kəndlərin, şəhərlərin fotolarını çəkməyə yollanarmış: "Azərbaycan döyüşçüləri torpaqları işğaldan azad etdikcə mən də isti-isti o yerlərin fotolarını çəkirdim. Bilirdim ki, vaxt keçdikcə həmin ərazilər abadlaşdırılacaq. Buna görə də gecə-gündüz demədən işləyirdim ki, qoy dünya  erməni vandalizminin bu əraziləri nə hala saldığını görsün.  Törədilən bu vəhşiliklər fotolar vasitəsilə tarixdə qalsın". 

Reza Deqati 40 ildən çoxdur dünyanı gəzib dolaşır, Qarabağda dəfələrlə olub. Otuzdan çox kitabın müəllifidir. Bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. 

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə görə Reza Deqati Azərbaycanın "Dostluq" ordeni ilə təltif edilib. 2023-cü ildə isə "Laçın" döş nişanına layiq görülüb. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Ümumilikdə, 250 sərginin iştirakçısı olan Reza Deqatinin Azərbaycanla bağlı fotolardan ibarət sərgiləri də təşkil olunub. 

 

Dünyanın gözəlliyi və ədalətsizliyi  


1952-ci il iyulun 26-da Təbriz şəhərində dünyaya gələn Reza Deqatinin atası Yadulla və anası Nəzakət əslən ərdəbilli olublar. Pərivəş və Pəriçer adlı bacıları, Mənuçer adlı qardaşı olan Reza Deqati deyir ki, o, 13 yaşında olarkən fotoqraflığa meyil etməyə başlayıb. 

- Bilirsiniz, lap uşaqlıqdan həyatda mənə iki mövzu çox təsir edirdi. Birincisi gözəllik idi - insanın və təbiətin gözəlliyi. Tutaq ki, hardasa gözəl təbiət mənzərəsi görmək ürəyimi titrədərdi. Eynilə də küçələrdə kasıb adamları, uşaqları görmək mənə çox  təsir edərdi. Öz-özümə düşünərdim ki, görəsən, bu insanlar nə üçün belə yaşayır, yeməyi, geyimi yoxdur?.. 

Elə  foto sənətini də ona görə öyrəndim ki, bütün bu gördüklərimi başqalarına da çəkib göstərim. Foto çəkmək mənim üçün əsla hobbi deyildi. İndi 60 ildən sonra da çəkdiyim fotolara baxsanız görərsiniz ki, işlərim elə bu iki mövzu üzrədir - dünyanın gözəlliyi və ədalətsizliyi. Müharibələri də ona görə çəkirəm ki, bu ədalətsizliyi insanlar yaxından görsünlər. 

O dövrdə Təbrizdə peşəkar səviyyədə foto sənətini öyrənməyə imkan yox idi deyə bu sənətə özüm çox çətinliklə yiyələndim. Atamın fotoaparatı var idi, ailə məclislərimiz olanda, harasa gəzməyə gedəndə onunla şəklimizi çəkərdi. Yeniyetməlik vaxtlarımdan mən də foto çəkməyə başladım. 16 yaşım olanda məktəbdə "Pərvaz" adlı jurnal çıxartdım, elə ilk fotomu da orada dərc etdim. Ancaq buna görə şah rejimi tərəfindən təzyiqlə üzləşdim. Gəlib jurnalı cırdılar ki, "kimin icazəsi ilə jurnal çıxarırsan, bu qanunsuzluqdur..." 

Orta məktəbi bitirdikdən sonra Tehran Universitetində Memarlıq fakültəsinə qəbul  oldum. Eyni zamanda foto çəkməyə davam edirdim. Tehranın ətrafında xeyli kasıb məhəllələr var idi, xəlvətcə gedib o məhəllələrin, yoxsulluq içərisində yaşayan insanların şəkillərini çəkirdim. Özüm evdə laboratoriya düzəltmişdim, həmin şəkilləri çap edib gecələr gizlincə universitetin çöl divarlarına yapışdırırdım. Düz üç il ərzində bu cür fəaliyyət göstərdim. Həmin fotolar hamını özünə cəlb edirdi, çünki əksəriyyət İranda belə yerlərin olduğundan, insanların bu cür kasıbçılıqla yaşadığından xəbərsiz idi. Ölkədə qəzet və jurnallar da, telekanal da şah hökumətinin idi deyə ancaq rejimin marağında olan xəbərlər yayımlanırdı. Təbii ki, fotolarım hökumətin xoşuna gəlmirdi və onun müəllifini axtarırdılar. Universitetin sonuncu kursunda oxuyanda məni tapıb həbs etdilər. Üç il həbsxanada yatdım, onun da ilk 5 ayını işgəncə altında oldum. Çünki onlar heç cür inanmırdılar ki, 19 yaşlı  gənc təkbaşına bu işləri görə bilər. Düşünürdülər ki, arxamda böyük bir təşkilat, yaxud  xarici dövlətlər var. Nəhayət, onlar bunu tək etdiyim qənaətinə gəlib mənə üç il iş kəsdilər. Türməyə gedəndə gördüm ki, İranın ən ziyalı təbəqəsindən - alimləri, müəllimləri, yazıçıları, şairləri, rejissorları, ssenaristləri... neçə min nəfəri bura yığıblar. Bu qədər ziyalı adamla gecə-gündüz bir yerdəydim və istər-istəməz bu mühit məndə tamam başqa fikirlər formalaşdırırdı. 

Həbs müddətim bitdikdən sonra universitetə qayıdıb ali təhsilimi tamamladım və  ixtisasım üzrə işləməyə başladım. Artıq inqilab dövrləri idi. Görürdüm ki, yavaş-yavaş küçələrdə etiraz aksiyaları başlayır. Təbii ki, mən də ölkədə baş verən dəyişiklikləri lentə köçürmək istəyirdim və buna görə işdən üçgünlük məzuniyyət alıb etiraz aksiyalarının keçirildiyi ünvanlara yollandım. Həbs zamanı tanış olduğum bütün siyasi şəxslərin də etiraz aksiyalarının iştirakçıları arasında olduğunu gördüm. Məzuniyyətim bitdikdən sonra da etiraz aksiyalarını çəkməyə davam etdim. Öz işim - memarlıq yadımdan çıxdı. Həmin vaxt işdən zəng vuranda isə dedim ki, 3-4 günə qayıdacam, amma o üç-dörd gün onilliklər oldu, mən bir daha ora qayıtmadım. 


İnqilabın fotoları...


- İnqilab dövründə etirazları çəkmək üçün xaricdən də xeyli jurnalist gəlmişdi. İngilis və fransız dillərini bildiyim üçün onların əksəriyyəti ilə tanış olmuşdum. Həmin jurnalistlər çəkdiyim fotoları görüb çox bəyənmişdilər. Əslində, o zamana qədər fotolarımı kimsənin görmədiyinə görə bilmirdim ki, onların əsl dəyəri nədir... Ancaq şəkillərimin əcnəbi jurnalistlər arasında çox məşhurlaşdığını gördüm. Hətta buna görə ABŞ-nin "Newsveek" jurnalından mənə əməkdaşlıq təklifi gəldi. Bilirsiniz, bütün bunlar mənə möcüzə kimi görünürdü. Çünki işsiz idim, bilmirdim ki, bundan sonra həyatım necə olacaq?..

İranda şah vaxtında kim ki, siyasi dustaq olmuşdu, ona ölkə xaricinə çıxmaq üçün pasport vermirdilər. Mən isə çox istəyirdim ki, xaricə gedim, yeni yerlər görüm, yeni insanlarla tanış olum. Buna görə də inqilab olan kimi Parisə getdim, üç ay orada qaldım. Orada türkiyəli Gökşin Sipahlıoğlu adlı bir şəxsin rəhbərlik etdiyi "Sipapress" adlı böyük foto agentliyi fəliyyət göstərirdi. Dünyanın 20 mindən çox jurnalına foto paylayırdı. Sipahlıoğlu ilə görüşdüm və o, fotolarımı görüb çox maraqlandı. Dedi ki, "İrana qayıdandan sonra orada çəkdiyiniz şəkilləri bizə də göndərərsiniz". 

Onu da deyim ki, inqilabdan sonra İranda rejim daha da sərtləşmişdi. Qəzetlər, jurnallar bağlanmışdı, universitetlərdə inqilabın yaratdığı qaynar mühit var idi, demokratik fikirli gənclər çox idi. Onlara təzyiqlər göstərirdilər, sərt şəkildə qadınların geyimlərinə müdaxilə edirdilər. 

Bütün bunları çəkib "Sipapress" agentliyinə göndərirdim və onlar 20 min jurnal vasitəsilə dünyaya yayılırdı. Bu dəfə də hakimiyyətdə olan molla rejimi bu fotoları kimin çəkdiyini axtarmağa başlamışdı. Lap əvvəldən fotolarıma "Reza" imzası qoymuşam. İranda da kişilərin çoxunun adı Reza olduğuna görə məni axtarmaq dəryada qum axtarışına bənzəyirdi. Tapa bilmirdilər. Amma bilirdim ki, təhlükədəyəm, gec-tez aşkara çıxarılacam. 

O zamanlar idi ki, İran-İraq müharibəsi gedirdi. Mən də əlimdən qəlpə yarası almışdım. İranda əlimi əməliyyat edib sağalda bilmirdilər, hətta istəyirdilər əlimi kəssinlər. Həmin vaxt Fransadan bir cərrah kağız yazıb İrana yollamışdı ki, "Reza Deqatinin əlini əməliyyat edib sağalda bilərəm".  Məhz həmin kağıza görə İrandan xaricə çıxa bildim. Belə olmasaydı, ölkədə qalacaqdım və ən geci 2-3 aydan sonra tutulacaqdım... 


Ayrılığın 43 ili 


Beləliklə,  gənc fotoqraf Reza Deqati 1981-ci ilin martında valideynlərini İranda qoyaraq yalnız əynindəki bir dəst geyim və fotoaparatı ilə onlardan ayrılmağa məcbur olur və bir daha doğulduğu yurda qayıda bilmir. Həmin vaxtdan bu günədək düz 43 il 7 ay keçib...

- Fransada həmin cərrah əlimi əməliyyat edib sağaltdı. O zamandan Parisdə "Newsveek" jurnalında işləməyə başladım. O dövrdə dünyanın incəsənət beyinlərini Parisə yığmışdılar, onlara işləmək üçün hər cür şərait yaratmışdılar. Bura incəsənət mərkəzi sayılırdı. Fotolarım dünyada məşhurlaşdığı üçün mənə də yüksək dəyər verirdilər. Hətta Fransanın ovaxtkı mədəniyyət naziri şəxsən məni qəbul edib nə kömək lazım olduğu ilə bağlı maraqlanmışdı. Yəni başqa bir ölkədə heç kimi olmayan 29 yaşlı bir gənc üçün bütün bunlar inanılmaz fürsətlər idi. Buna görə Parisdə tez parladım, amma fikrim orada qalmaq yox, dünyanın qaynar nöqtələrinə gedib fotolar çəkmək idi. Beləliklə, harada qızğın müharibə başlayırdı, mən də ora yollanırdım. Yatanda da aparatım yanımda olurdu. Tutaq ki, jurnaldan zəng edirdilər ki, "Reza,  Somalidə, ya Beyrutda belə bir hadisə olub, gedib çəkərsən", artıq bir neçə saatdan sonra təyyarədə olurdum. Neçə illər bu formada işlədim. 

"Newsveek"dən sonra isə dünyanın ən reytinqli jurnalı "Time magazine" ilə çalışmağa başladım. Öz istəyimlə o jurnalın xətti ilə 1980-ci illərdə Əfqanıstana getdim. Eşitmişdim ki, bir gənc oğlan sovet ordusuna qarşı dağlarda silahlı mübarizə aparmağa başlayıb. Qərar verdim ki, gedib Əhməd Şah Məsud adlı həmin şəxsi tapacam. Redaksiya heyətinin əksər üzvü dedi ki,  "nə danışırsan, rus qoşunu, KQB onu axtarır tapmır, sən necə tapacaqsan?" Amma fikrimdən dönməyib Əfqanıstana getdim. Xarici jurnalistləri ölkəyə qoymurdular deyə Pakistana gedib, oradan dağ yolu ilə Əfqanıstana keçdim. 3 ay dağlarda gəzəndən sonra, nəhayət, Əhməd Şahla görüşdüm. O vaxtdan yaxın dost olduq. Çünki bizi birləşdirən cəhətlər çox idi. Mən memar idim, o mühəndis. Eyni yaşda idik, yaxşı şahmat oynayırdıq. Bir müddət onun yanında qaldım, şəkillərini çəkdim, jurnallara paylandı. Bununla beynəlxalq aləm də onu tanıdı. Düz 17 il dəfələrlə Əfqanıstana onun yanına gedib-gəldim, fotolar çəkdim. Buradakı fotolarla dünyada daha çox tanındım. 

Əhməd Şahın iti zəkası vardı, döyüş taktikasını yaxşı bilirdi. O, mühəndis olduğu üçün əvvəlcədən hesablayırdı ki, təyyarələr bombaları atanda hansı ərazilərə düşəcək. Dəqiq riyazi hesablamaları ilə dağların müəyyən yerlərində sığınacaqlar hazırlamışdılar və bomba oraları tutmurdu.

Yadımdadır, 1984-cü ildə bir dəfə həmin sığınacaqlarda gizlənmişdik. Sovet təyyarələri gəlib "carpet bom" deyirlər, "xalça şəkilli" o formada, hər yeri bombalamağa başladılar. Düz üç saat bombardman oldu. O vaxt ona dedim ki, çox çətindir, hər yeri tutublar, partizan hərəkatı ilə nə qədər mübarizə aparacaqsız? Gələcəyi necə görürsüz? O isə bir az fikrə getdikdən sonra dedi ki, "Reza bəy, zənn edirəm 5 ildən sonra sovet sistemi dağılacaq". Dağın başında yaşayan, dünya ilə heç bir əlaqəsi olmayan bir adamın bunları deməsi təbii ki, inandırıcı deyildi. Düşünürdüm ki, bu biçarə nə danışır? Bilmir ki, sovetlər ölkəsi necə qüdrətlidir? O isə əminliklə deyirdi ki, onların ordusunu 4-5 ilə şikəst edəcək. Ordu çöksə, bütün sovet dağılacaq.

Həqiqətən də elə oldu. Düz 5 ildən sonra sovet dağılmağa başladı. Axırıncı sovet əsgəri 1989-cu il fevralın 15-də Əfqanıstandan çıxdı. 


Humanist missiya və taleyin hökmü 


- 1990-cı ildə Əfqanıstanda Birləşmiş Millətlər Təşkilatının (BMT) məsləhətçisi kimi ölkənin şimal əyalətlərində yenidənqurma və yardım proqramında 9 ay fəaliyyət göstərdim. O dövrdə Əfqanıstanın elə yerləri var idi ki, insanlar acından ölürdülər. Hətta elə ailələr var idi ki, övladlarından birini satırdı ki, digərləri aclıqdan qurtulsun. BMT-dən dedilər ki, əfqanlara buğda köməyi etmək istəyirlər və bu işi görmək üçün məni onlara nişan veriblər. Çünki həm dil bilirdim, həm də o əraziləri yaxşı tanıyırdım. Əfqanıstanda illərlə gedən müharibəyə görə bütün kəndlərdəki infrastruktur dağılmışdı, su arxları bərbad vəziyyətdə idi, əkinçiliklə məşğul olmaq mümkün deyildi. Kəndlərdəkilərin də hamısı  əlisilahlı işsiz insanlar idi. Ona görə düşündüm ki, bu insanlara sadəcə buğda paylasam onu tez tükədəcəklər, yenə də vəziyyət eyni cür qalacaq. Buna görə dedim ki, istəyirəm sizin arxları təmizləyəm, su quyuları qazdıram, amma bunun üçün işçi qüvvəm yoxdur. Kömək etsəniz, əvəzində buğda verəcəm. Onlar böyük həvəslə razılaşdılar və silahları yerə qoyub kəndləri bərpa etməyə başladılar. Su arxları çəkildi, yer əkildi, buğda səpildi. Bir ilə yaxın müddətdə 10 min işçi tutdum, onlarla birlikdə mədrəsələri, məktəbləri də təmir etdik. 

İnsanlara yaxından kömək edə bildiyim üçün həmin dövrdə fotojurnalistliyi buraxıb yalnız BMT-də çalışmağı düşünürdüm. Təklif etmişdilər ki, İraqa da gedib bu cür fəaliyyət göstərim. Bir gün təşkilatın Cenevrədəki ofisində "dəyirmi masa" ətrafına yığışıb bununla bağlı müzakirə aparırdıq. İraqa getməyim üçün mənə yüksək maaş və vəzifə təklif etdilər. Ancaq orada olan müdirlərin birinə, hansı ki o,  Əfqanıstana hamıdan çox can yandırırdı, dedim ki, sizi Əfqanıstanda heç zaman görməmişəm, amma siz olmasaydınız, o insanlara bu qədər canyandıran olmayacaqdı. O isə gülümsəyərək dedi ki, "bəli, orada heç zaman olmamışam. Yadınızdadır, 1986-cı ildə "Time magazine"də sizin şəkilləriniz çıxırdı. O şəkillər mənə o qədər təsir etdi ki, mən o zamandan əlimdən gələn qədər Əfqanıstana kömək etməyə çalışıram".  

Bu sözləri eşidəndə elə bil qəfil ayıldım. Müqaviləni imzalamaq üçün onlardan 24 saat möhlət istədim. Amma artıq fikrimi dəyişmişdim. Düşünürdüm ki, əgər fotolarım insanlara bu cür təsir edirsə, nəyə görə bu işimi dayandırmalıyam? Axı elə mənim məqsədim də insanlara məhdud çərçivədə yox, daha çox kömək etmək idi. Mənsiz də BMT-nin xətti ilə başqa adamlar gəlib lazım olan yerlərdə işlər görərlər, kömək göstərərlər. Buna görə dəftərimdəki planlar arasında BMT-nin üzərindən xətt çəkdim. 

Hələ Əfqanıstanda işləyən zaman "National geographic" jurnalından zəng vurub mənə əməkdaşlıq təklifini bildirmişdilər, amma o zaman imtina etmişdim. Parisə qayıdanda isə təsadüfən gördüm ki, həmin jurnaldan ev ünvanıma onlarla əlaqə saxlamaq üçün telefon nömrəsi göndəriblər. Zəng vurub danışdım və jurnalın məsul şəxsləri ilə görüşmək üçün Vaşinqtona yollandım. Onlar mənimlə işləmək istədiklərini bildirdilər. Onu da deyim ki, məndən əvvəl "National geographic"də çalışan bütün fotoqraflar amerikalı olmuşdular. Birinci fotoqraf idim ki, asiyalıydım. Beləliklə, 1991-ci ilin aprelindən orada işə başladım. Ancaq işlə əlaqədar jurnalın qarşısında bir şərt qoymuşdum ki, onlarla müstəqil fotoqraf olaraq çalışacam. Çünki belə olsa, gərək onlar nə desələr onu çəkməliydim. Belə olanda isə öz istədiyim mövzuları çəkə bilməyəcəkdim. Maaşımın 3 qat azaldılması bahasına olsa da, müstəqil fotoqraf kimi işləməyə başladım. Bu minvalla 25 il "National geograpich"də çalışdım. Dünyanın ən çətin bölgələrinə yollandım. Liviyada, Səudiyyə Ərəbistanında, Misirdə, Əfqanıstanda fotolar çəkdim... 

Həyatda hər şeyin öz hökmü olur. İndi də düşünürəm ki, müstəqil fotoqraf olmağımın ən mühüm nəticəsi o oldu ki, Xocalı faciəsini gəlib çəkə bildim. Əgər jurnalın rəsmi işçisi olsaydım, buna icazə verməyəcəkdilər və mən gəlib Xocalı şahidlərini çəkə, onları dünyaya tanıda bilməyəcəkdim... 


(Ardı var)


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan COP29-a ev sahibliyi edən ölkə seçildikdən sonra biz hədəfə çevrildik  

14:23
12 Noyabr

COP29 çərçivəsində “Korporativ dayanıqlılıq və iqlim fəaliyyəti” mövzusunda seminar təşkil edilib

14:22
12 Noyabr

Azərbaycan Prezidenti: BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrinin tələblərini öz gücümüzlə icra etdik  

14:21
12 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır  

14:20
12 Noyabr

Prezident: Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək  

12:32
12 Noyabr

IRENA-nın baş direktoru: COP29 ən yüksək səviyyədə təşkil olunub  

12:32
12 Noyabr

Prezident: Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib  

12:30
12 Noyabr

Prezident İlham Əliyev: COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq  

12:30
12 Noyabr

Prezident İlham Əliyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir  

12:29
12 Noyabr

Azərbaycanın energetika naziri COP29-da dəstəklənməsi vacib olan təşəbbüsləri açıqlayıb  

12:29
12 Noyabr

Nazir: Bərpaolunan enerjinin 11 min giqavat istehsal gücünə çatdırılması üçün əhəmiyyətli investisiyalara ehtiyac var  

12:27
12 Noyabr

Baş prokuror: COP29 çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı sessiya keçiriləcək  

12:26
12 Noyabr

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilir YENİLƏNİB

12:09
12 Noyabr

İƏT-in Baş katibi Azərbaycana səfərə gəlib  

12:07
12 Noyabr

Baş nazir Əli Əsədov Antiqua və Barbudadan olan həmkarı ilə söhbət edib  

11:49
12 Noyabr

Baş nazir Əli Əsədov Esvatininin Baş naziri ilə görüşüb  

11:39
12 Noyabr

Pərviz Şahbazov: bp ilə yaşıl enerji zonası - Şərqi Zəngəzurda 240 MVt gücündə Günəş elektrik stansiyasının təməli qoyulacaq  

11:36
12 Noyabr

COP29 iştirakçılarına gənclərin iqlim siyasətində roluna dair məruzə təqdim edilib  

11:34
12 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib  

11:17
12 Noyabr

Nazir Məcnun Məmmədov FAO-nun Baş direktoru Qu Dongyu ilə görüşüb

11:15
12 Noyabr

Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb 

11:13
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!