31 Oktyabr 2024 09:10
1346
Mədəniyyət
A- A+
İşğalın və Zəfərin fotosalnaməçisi

İşğalın və Zəfərin fotosalnaməçisi


Dünyaşöhrətli fotoqraf Reza Deqatinin xalqımızın faciələrini və qürurunu özündə əks etdirən "Azərbaycan albomu"


Dünyaşöhrətli fotoqraf Reza Deqatinin 72 illik həyatının böyük bir hissəsi Azərbaycanla birbaşa bağlıdır. İndi geriyə baxanda Reza Deqatinin məhz Azərbaycanın ən çətin, köməksiz anlarında ölkəmizə gəlib xalqımızın düçar olduğu zillətləri çəkib dünyaya göstərməsinin təsadüf, ya zərurətdən yarandığını demək çətin olsa da, bircə o dəqiqdir ki, bu həm də onun Azərbaycana, azərbaycanlı soydaşlarına olan hədsiz sevgisinin təzahürü idi...


Ömrün Azərbaycan səhifəsi 


- Hələ sovet dönəmində Parisdə UNESCO-nun hər dövlətdən səfirliyi var idi. Sovetin səfirliyində Ramiz Abutalıbov (tanınmış Azərbaycan diplomatı) adlı bir azərbaycanlı işləyirdi. Haqqımda eşitdiyi üçün o məni burada axtarıb tapmışdı. O zaman Parisdə azərbaycanlı az idi. Biz üç nəfər - Təbrizdən olan Əyyub və Davud adlı iki rəssam qardaş və mən dost idik. Həmişə bir yerə yığışıb məclislər qurardıq. Ramiz də yanımıza gələrdi, söhbət edərdik, milli mahnılarımızı oxuyardıq. Yəni milli ruhda çox xoş məclislərimiz olardı. Bir dəfə o gəlib dedi ki, "Bakıdan bir nəfər gəlib, "Vətən" cəmiyyətinin sədri Elçin Əfəndiyev (yazıçı) - o, sizinlə görüşmək istəyir. Elçinlə görüşəndə bizi Bakıya dəvət etmək istəyini bildirdi. Görkəmli dramaturq M.F.Axundzadənin 175 illik yubileyi idi və buna görə bizi də xaricdən Azərbaycana dəvət edə bilmişdilər. Qardaşlar da, mən də bu təklifə çox sevindik. Uşaqlığımızdan böyüklərimizdən Bakı haqqında çox eşitmişdik deyə, onun haqqında təsəvvürlərimiz çox möhtəşəm idi, düşünürdük ki, o, dünyanın ən gözəl şəhəridir. Amma təyyarədən düşüb Bakının sınıq-sökük ikimərtəbəli hava limanının binasına daxil olanda, yerdəki sürtülüb rəngi getmiş xalçaya, sınıq-sökük stullara baxanda, əvvəlcə elə bildim başqa şəhərə gəlmişik. Çönüb Elçinə dedim ki, "bizi niyə bura gətirmisiniz, Bakının hava limanına aparmamısınız?" O isə buranın elə Bakının aeroportu olduğunu söylədi... 

Hava limanından çıxıb şəhərə üz tutanda da gördük ki, buradakı bütün avtomobillər kör-köhnə, yollar isə bərbad gündədir. Yolların keçdiyi ərazilər neftdən qapqaraydı, mazut iyi hər yanı bürümüşdü. Bakının bu cür olduğuna heç vaxt inanmazdım. Bu mənə elə pis təsir etdi ki, ağlamağa başladım...  1987-ci ildə ömrümdə ilk dəfə Azərbaycanla, Bakı ilə bu cür tanış oldum...

Bizi "İnturist" mehmanxanasında yerləşdirdilər. Axşam isə İçərişəhərdə Karvansarada şərəfimizə böyük ziyafət verdilər. Orada Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Anar, Xəyyam Mirzəzadə, Fərhad Xəlilov və başqa bir neçə ziyalı ilə tanış olub söhbət etdik. Əsasən də Azərbaycanın, Bakının nə üçün bu cür olmasından danışdıq. Həmin səfər zamanı 10-15 gün Bakıda qaldıq, Şəkiyə də getdik. 

O zamanlardan yaddaşıma həkk olunan ən təsirli mənzərələrdən biri isə o idi ki, hər gün səhər tezdən hoteldən çıxanda görürdük ki, qapının ağzına yüzdən çox adam  yığılıb. Yəqin onlar televiziyadan, qəzetlərdən xəbər tutmuşdular ki, təbrizlilər gəlib. Təsəvvür edin ki, gözüyaşlı olan bu insanlar yaxınlaşıb əlləri ilə bizə toxunurdular, onlara elə gəlirdi ki, biz gerçək təbrizli deyilik. Çünki hələ də bəziləri inanmırdı ki, Cənubi Azərbaycandan bura insanlar gələr... Çoxları gəlib bizdən Arazın o tayında qalan qohumlarını, əmisini, dayısını, qardaşını, bacısını soruşurdu... (Gözləri dolur)


Qara Yanvar


- Fransaya qayıtsaq da, o vaxtdan ürəyimiz Azərbaycanda qalmışdı. Üç ildən sonra - 1990-cı il yanvarın 21-də Ramiz mənə zəng vurub dedi ki: "Reza, xəbər gəlib ki, dünən gecə Bakıda faciə baş verib. Sovet hökuməti də bütün jurnalistlərin yolunu bağlayıb ki, dünyaya xəbər sızmasın. Sən nə edə bilərsən?" Dedim ki, Bakıya gələcəm. Əslində, o vaxt BMT-nin işçisi idim və onların icazəsi olmadan heç hara gedə bilməzdim, amma azərbaycanlı qanı məni Bakıya çəkirdi...

Tez Parisdəki sovet səfirliyinə gedib operada balerinaların fotolarını çəkmək üçün viza alıb Moskvaya gəldim. Amma bir əmma var idi ki, bu şəhərdən kənara çıxa bilməzdim. Buna görə Moskvadakı Azərbaycan nümayəndəliyinə yollandım. Gördüm ki, rusların xüsusi təyinatlıları nümayəndəliyin qapısını sındırıblar, otaqlar darmadağındır, sənədlər hamısı cırılıb yerə tökülüb. Nümayəndəliyə xeyli azərbaycanlı yığışıb Bakıdakı hadisələri təşvişlə müzakirə edir. 

Bakıya təyyarəyə bilet almaq üçün viza lazım idi. Maşın isə bir həftəyə ancaq gedərdi. Sürət qatarına da həmçinin pasport və bilet tələb olunurdu. Amma başqa bir qatar marşrutu da var idi ki, o, kəndbəkənd, şəhərbəşəhər dolaşaraq 48 saata Bakıya çatırdı və sadəcə bilet göstərmək lazım idi. Elə nümayəndəlikdəki azərbaycanlı tələbələrlə məsləhətləşib bu marşrutu seçdik. Tələbələrdən iki-üç nəfər dedi ki, biz də səninlə gedirik, sadəcə bələdçi gəlib yoxlayanda gərək gizlənəydim.  

Həmin vaxt  Moskvada bizdən başqa 40 nəfərə yaxın xarici jurnalist var idi. Hamımız "Rossiya" hotelində qalırdıq. Onlar da istəyirdilər Bakıya getsinlər. Bizə demişdilər ki, "səhər saat 9-da bir yerə yığışın, hamınızı təyyarə ilə Bakıya aparacağıq". Jurnalistlər bu xəbəri eşidib çox sevindilər. Amma neçə illər Əfqanıstanda qazandığım təcrübədən bilirdim ki, sovet hökuməti heç zaman imkan verməz ki, jurnalistlər gedib Bakıda törədilən faciəni çəksinlər. Düşündüm ki, burada nəsə oyun var. Həmin səhər xəstələndiyimi bəhanə edib Bakıya getməyəcəyimi bildirdim. Beləliklə, jurnalistlər təyyarə,  mən isə qatarla Azərbaycana sarı yola düşdüm.

Düz 48 saatdan sonra - yanvarın 24-də gecə Bakıya çatdıq (mənimlə bərabər bir türk videooperator da Bakıya gəlmişdi), artıq komendant saatı idi. Qatarın pəncərəsindən baxdıq ki, silahlı rus "soldat"ları sıra ilə düzülüb qatardan düşənləri bir-bir yoxlayırlar. Əvvəldən bilirdik ki, Bakıda bizi qarşılayacaqlar. Çünki hər dəfə qatar stansiyalarda dayananda yanımızdakı tələbələr zəng vurub oradakı vəziyyəti öyrənirdilər. Bakıda da bizi "soldat"ların gözündən yayındırıb qatardan necə düşürməklə bağlı plan hazırlamışdılar. Bir də gördük ki, müasir geyimli iki gənc qız əllərində gül dəstəsi bizə tərəf gəlirlər. Onlar dedilər ki, "fotoaparatları və videokameranı qoyun burada, onları sonra gətirəcəyik, özünüzsə bizimlə gəlin". Qızların hərəsi birimizin qoluna girdilər ki, guya nişanlılarımızdırlar. "Soldat"lar da buna görə bizi yoxlamadan buraxdılar. 

Köhnə bir avtomobillə Bakının mərkəzinə gəldik. Binalardan birindəki mənzilə xeyli adam yığışmışdı. Onlar burada baş verən faciə ilə bağlı məlumat verdilər. Axşamdan qurulan plana əsasən, səhər tezdən "Lada" maşınının arxasındakı oturacağın qarşısında yerə uzandım və üzərimə mələfə örtdülər. Oturacaqda isə iki nəfər oturdu. Başladıq küçələrlə getməyə, elə ki görürdülər yolda nəzarət zəifdir, işarə edirdilər, tez qalxıb yoldakı tankların, rus əsgərlərinin fotolarını çəkirdim. 3 gün Bakını bu formada gəzib fotolar çəkdim. Morqa getdim. Adamlar əllərində fotolar gəlib meyitlərin arasından yaxınlarını gəzirdilər... Xəstəxanaya da getdim. Yaralı insanları gördüm... Çox dəhşətli mənzərələr idi...  

Sonra xəbər gəldi ki, yaralılardan bir neçəsi vəfat edib, minlərlə adam Şəhidlər xiyabanına onları dəfn etməyə yığışacaq. Həmin dəfənetmə mərasimindən də xeyli foto çəkdim. 

Daha qayıtmaq zamanı yetişmişdi və adımıza düzəldilən saxta pasportlar vasitəsilə təyyarəyə bileti alıb Moskvaya qayıtdıq. Amma fotoaparatlarımızı və videokameranı iki rus qız özləri ilə bərabər gətirib sonradan bizə çatdırdılar. 

Səhər tezdən Parisə uçduq və cəmi bir neçə saatdan sonra artıq dünya 1990-cı il yanvarın 20-də Bakıda törədilən qırğınlardan xəbər tutdu. Türk videooperatorun çəkdiyi videolar 18 ölkənin televiziyasında göstərildi. Mənim fotolarım isə 20 min jurnalda dərc edildi. 

Əslində, Parisə çatmamışdan əvvəl həmin türk dostuma deyirdim ki, "biz çox gec çatmışıq. Yəqin artıq bütün dünya bu hadisələri bilir". Axı biz görmüşdük ki, Moskvadan 30-40 jurnalist təyyarə ilə Bakıya yola salınıb. Ancaq kimdən soruşduqsa, Bakıda nə olduğu barədə heç bir xəbərinin olmadığını dedi. Sonradan öyrəndim ki, demə, həmin jurnalistləri Bakı əvəzinə başqa bir yerə aparıb dumanlı ərazidə fırladıblar. Sonra onlara dumanlı havaya görə Bakıya gedə bilməyəcəklərini deyiblər. Beləliklə, jurnalistləri aldadıblar və İrəvan aeroportuna aparıblar. Jurnalistlər hava limanında görüblər ki, 7-8 nəfər yaşlı erməni qadını üzlərini cıra-cıra onlara sarı gəlirlər. Qışqırışırlar ki, "azərbaycanlılar bizi qovdular, yaxınlarımızı öldürdülər..." Jurnalistlər də onların fotolarını çəkiblər. Demə, əvvəldən plan qurublar ki, jurnalistlər gələndə erməni qadınlar onlara yaxınlaşıb bu cür yalanlar danışsınlar. Dünya da görsün ki, Bakıda heç nə olmayıb, guya azərbaycanlılar erməniləri öldürüblər... 

Bizim o cür çətinliklərlə Bakıya gedib əsl həqiqətləri çəkməyimiz isə bu yalanların, saxtakarlığın qarşısını aldı.


Xocalının qan yaddaşı


Üzərindən iki il keçdikdən sonra, 1992-ci ilin fevralında isə fotojurnalist Reza Deqati Ramiz Abutalıbovdan Azərbaycanla bağlı daha bir qara xəbər alır. Öyrənir ki, ermənilər Xocalıda əhaliyə divan tutublar, qətliam törədiblər. 

- Əslində, bu xəbərə qədər də planlaşdırırdım ki, Qarabağa gedim. Çünki neçə il idi ki, orada müharibə gedirdi, amma başqa yerlərdə işlədiyim üçün heç cür gələ bilməmişdim. Bunu eşidəndə təyyarə ilə dərhal İstanbula, oradan da Bakıya gəldim. Ozamankı "Azərbaycan" hotelində dünyanın müxtəlif ölkələrindən nümayəndələr, jurnalistlər və Qarabağa yardım etmək üçün müxtəlif təşkilatların əməkdaşları toplanmışdılar. Hoteldə Fransadan yenicə gəlmiş ikisi qadın, ikisi kişi olan həkimlər də vardı. Onların "Sərhədsiz həkimlər" təşkilatının xətti ilə Qarabağa, amma azərbaycanlılara deyil, ermənilərə bir ton dərman yardımı aparacaqlarını öyrəndim. Özümü fransız kimi təqdim edərək, onlarla birgə getməyimi xahiş etdim. Həkimlər mənə Stepanakertin (Xankəndi) ətrafında xeyli erməninin öldürüldüyünü dedilər. İki gün əvvəl Fransadan Azərbaycana gəlmişdim və indi bunların dedikləri eyni sözləri oradakı jurnallarda, qəzetlərdə yazırdılar, Xocalının adı belə çəkilmirdi. Qarabağda baş verən faciələr guya azərbaycanlıların erməniləri öldürməsi kimi təqdim olunurdu. Yəni həmin fransız həkimlər, əslində, bilmirdilər ki, bu, yalandır və ermənilərə yardım aparmaq adıyla Bakıya gəlmişdilər. Onlarla getmək istəyimi çox həvəslə qəbul etdilər ki, ermənilərə dərman paylayanda fotolarını da çəkərəm. Beləliklə, məni də fransız nümayəndə heyətinin tərkibinə yazdılar. Haradasa martın 2-də biz dərman yüklənmiş iki "KamAZ"la Qarabağa yola düşdük. Gecə Ağdama çatdıq və orada bir evə düşdük. Fransızlar düşünürdülər ki, səhəri Xankəndiyə getsinlər, amma məlum oldu ki, yol bağlıdır. Ermənilərlə danışıqlar aparılmalıydı ki, dərmanları qəbul eləsinlər. Bu isə haradasa 1-2 gün çəkəcəkdi. Səhəri gün onları evdə qoyub şəhərə çıxdım ki, görüm nə xəbər var. Baxdım ki, Xocalıda törədilən erməni vəhşiliyindən canını qurtaranlar Ağdam Cümə məscidinin qarşısına toplaşıblar. İlahi, elə bil məhşər yeri idi... Sadəcə buradakı insanların üzlərinə  baxmaq belə kifayət edirdi anlayasan ki, onlar dəhşət yaşayıblar. Qocalar, qadınlar, uşaqlar ağlayır, qışqırır, üz-gözlərini cırır, dizlərinə döyürdülər... Ah-nalədən, fəğandan qulaq tutulurdu... Balalarını haraylayan ata-anaların, valideynlərini axtaran övladların fəğanı ərşə dirənirdi... Gümanları kəsilən, əlləri yerdən də, göydən də üzülən xocalılıların vəziyyəti o qədər faciəvi idi ki, indi onların yeganə arzuları heç olmazsa doğmalarının meyitlərini  tapmaq idi... 

Orada Milli Qəhrəman Allahverdi Bağırovla tanış oldum, Xocalıda ermənilərin törətdikləri soyqırımla bağlı hər şeyi ətraflı öyrəndim. Axşam evə qayıdıb baş verənləri fransızlara danışdım. Onlar duruxdular, bu xəbərə inanmaq istəmədilər. Dedim ki, "istəyirsiniz sabah gedək özünüz hər şeyi gözlərinizlə görün". 

Həmin vaxt Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənilərlə danışıq aparırdı və azərbaycanlıların meyitlərini geri qaytarırdılar. Fransızlar gəlib meyitləri görəndə çaşdılar ki, "axı bizə deyiblər ki, erməniləri qətl ediblər. Bunlar isə azərbaycanlıların meyitləridir. Bu necə ola bilər?" 

Gecəsi Qırmızı Xaç Cəmiyyətindən olan isveçrəlini, hansı ki o, maşınla gedib xocalılıların meyitlərini gətirirdi, qaldığımız evə şam etməyə dəvət etdim. Məqsədim onun gördüyü əsl gerçəklərin fransız həkimlərə danışması idi. İsveçrəli, əslində, ermənilərin azərbaycanlıları qətl etdiyini danışdı. Bu zaman həkimlər dedilər ki, Fransadakı rəhbərlərinə zəng vurub azərbaycanlıların öldürüldüyünü, yaralı olduqlarını və onlara dərman lazım olduğunu söyləyiblər.  Fransadan isə cavab veriblər ki, "yox, necə olur-olsun dərmanları ermənilərə çatdırın". 

Həmin günlərin birində Allahverdi Bağırovla birgə əsirlərin dəyişdirilməsinin həyata keçirildiyi yerə getdim. O mənə dedi ki, azərbaycanca danışma, qoy səni fransız bilsinlər. Gördüm uzaqdan azərbaycanlı əsirləri gətirirlər, onların fotolarını çəkdim. Yolda xəndək qazmışdılar ki, maşınlar gedə bilməsin. Həmin xəndəkdə bir neçə erməni əsgəri oturmuşdu. Onların arasında təmiz fransızca danışan bir erməni döyüşçü də var idi. O burada Fransadan, Livandan və başqa ölkələrdən gələn yüzlərlə erməni olduğunu dedi və əlavə etdi ki, Livandakı bütün snayperçi ermənilər də buradadır, əksəriyyəti də qadınlardır. Həmin vaxt sərxoş erməni döyüşçülərindən biri əlini cibinə salıb bir çay qaşığı çıxardı və gözümün qabağında oynatmağa başladı. Fransızca danışan erməni isə dedi ki, "bunlar azərbaycanlı görəndə gözlərini çıxarırlar, bunu demək istəyir". Ətim ürpəndi, elə bildim ki, o mənim də azərbaycanlı olduğumdan duyuq düşüb öldürmək istəyir. Fransa ermənisi mənə deyirdi ki: "Sən nə üçün o tərəfdəsən, azərbaycanlılar səni öldürəcəklər, onlar vəhşidirlər, gəl biz tərəfə". Gördüm ki, onların beyinlərini azərbaycanlılara qarşı necə doldurublarsa, hamısı bu cür düşünür. 

Səhəri gün fransız həkimlər mənimlə birgə Cümə məscidinə gəldilər. Biz orada olanda daha yeddi meyit gətirib həyətdə yerə düzdülər. Xocalılılar da baxırdılar ki, öz yaxınlarının meyitlərini onların içərisindən tapsınlar. Gördüm ki, meyitlərdən birinin gözləri yoxdur. Fransız həkim dedi ki, onun gözlərini diri ikən çıxarıblar. Ona görə bu qədər qan axıb. Orada çox dəhşətli fotolar çəkdim... 

Bir neçə gündən sonra fransız həkimlər gəlib dedilər ki, Fransa bizə icazə vermədi, amma biz öz vicdanımızla bir ton dərmanı Ağdam xəstəxanasına veririk. O vaxt bu dərmanların yaralılara böyük köməyi dəydi.


Şuşada son görüş 


- Bilirsiniz, həmin zamanlar fotolar lentlə çəkilirdi deyə, ondan çox ehtiyatla istifadə edirdim ki, tükənməsin. Həmin ərəfədə gedib Xurşidbanu Natəvanın Ağdamdakı məzarından yalnız iki foto çəkmişdim. Eyni zamanda şəhərin girişindəki ana abidəsinin bir fotosunu lentə almışdım. Daha çox insanların faciəsini çəkməyə üstünlük verdiyim üçün şəhərin özünü, təbiətinin gözəlliyini çəkmirdim.  

Aprel ayında isə müharibənin getdiyi ərazilərə yollandım, sonra Şuşaya üz tutdum. Neçə gün yol getdim, Azərbaycan döyüşçüləri ilə görüşdüm. O zamana qədər 12 il idi ki, dünyada gedən müharibələri çəkirdim, amma ovaxtkı Azərbaycan əsgərləri kimi heç yerdə əsgər görməmişdim. Nə düz əməlli formaları vardı, nə silahları, nə də döyüş təcrübələri... Hətta eləsi vardı heç silah atmağı da bacarmırdı. Amma milli ruhları, vətən sevgiləri çox yüksək idi... 

Şuşaya çatmağıma az qalmış dedilər ki, yol bağlıdır, piyada getmək lazımdır. Piyadaları isə çox vaxt erməni snayperçilər vururdular. Ancaq dedim ki, bura kimi gəlmişəm, daha geri qayıtmaq olmaz. Yolda düz üç dəfə snayper gülləsinə tuş gəldim, sadəcə santimetrlərlə mənə dəyməkdən yayındı. Birtəhər təhlükələri adlayıb Şuşaya çatdım. Əvvəlcə mənim timsalımda xarici şəxsin Şuşaya gəlişi oradakılara çox qəribə və şübhəli göründü. İcra hakimiyyətinə gedib Nizami Bəhmənovla (Şuşanın sabiq icra başçısı) görüşdüm, gəlişimin məqsədini dedim. Beləcə, 10-15 gün orada qaldım və gördüm ki, Şuşada da peşəkar hərbçi yoxdur. Döyüşçülərdən biri  sazçalandır, biri müğənnidir, biri şairdir, biri idman müəllimidir... onlar hamısı könüllü döyüşə gəlmişdilər.  

Şuşadan ayrılanda Ramiz Qəmbərov (Milli Qəhrəman) və Rasim Yusifov adlı bir döyüşçü ilə görüşdüm. Onlara dedim ki, "gəlin qısa müddətlik də olsa müharibəni unudaq. Mən gedirəm, bəlkə yolda snayperə tuş gəldim, siz də burada qalırsınız, bilmək olmaz nə olacaq... Son dəfə bir dostluq çayı içək..." 

Parisə çatan kimi Xocalıda soyqırımı ilə üzləşən insanların fotolarını dünyaya yaydım, gördülər ki, əslində, Xocalıda nə baş verib. Eyni zamanda fransız jurnal və qəzetləri də həmin fotoları dərc etməyə məcbur oldular. 

Ermənilər o zaman mənə çox hücumlar, təzyiqlər etdilər ki, "yox, bunlar yalandır, Xocalını azərbaycanlılar özləri törədib". Amma fakt göz qabağında idi. 

Ermənilər sərgilərimə hücum çəkib fotoları cırırdılar, internet çıxandan sonra isə oradakı fotoları silirdilər. Haqqımda yazılar yazırdılar ki, "Reza Deqati qərəzlidir". Ancaq fransalılar məni yaxşı tanıdıqları üçün ermənilərə cavab yazırdılar ki, "biz Rezanı tanıyırıq və ona inanırıq. Dediyiniz sözlər ona yapışmır. Əgər o nəyi isə deyirsə, çəkib göstərirsə, demək, bu həqiqətdir". 

Ümumiyyətlə, ermənilər bu günə qədər də mənə iki cür təzyiq edirlər. Birincisi, sərgilərimdəki fotoları cırırlar, banerlər gətirib göstərirlər. Bəllidir ki, yaşayışımı sərgilərdən, kitablarımdan aldığım məvacib, qonorar vasitəsilə təmin edirəm. Ancaq onlar biləndə ki, haradasa sərgi edəcəm, qalereyaya, zallara basqın edirlər. Deyirlər ki, sərgi olsa, gəlib buranı dağıdacaqlar. Allah bilir ki, onlar bu 30 ildə mənə milyonlarla dollar məbləğində maddi zərər vurublar. Amma heç zaman haqq sözümdən dönməmişəm, bundan sonra da dönmərəm. 

İndiyə qədər də sərgilərimdə xocalılıların fotolarını sərgiləyirəm. Bununla fotojurnalistlikdən əlavə insanlıq borcumu yerinə yetirdiyimi düşünürəm. Axı həmin insanların faciələrini gözlərimlə görmüşəm, onlar öz dərdlərini mənə danışıblar, bunları dünyaya çatdırmasam, böyük haqsızlıq, ədalətsizlik etmiş olaram.


Azərbaycan əsgərinin qəhrəman obrazı


- İkinci Qarabağ müharibəsi başlayandan 10 gün sonra - oktyabrın 6-da Azərbaycana gəldim. Ağcabədi, Ağdam, Füzuli istiqamətinə getdim, hərbçilərlə görüşdüm və budəfəki Azərbaycan döyüşçüsünün 30 il əvvəlkindən qat-qat fərqli olduğunu gördüm. Milli ruhları eyni olsa da, İkinci Qarabağ müharibəsinin azərbaycanlı savaşçılarının yüksəksəviyyəli hərbi hazırlığa malik peşəkar döyüşçülər olduğuna şahidlik etdim. Vətən müharibəsində qorxu bilmədən irəliyə can atan, cəsarətlə ölümə gedən əsgərlərin fotosunu çəkdim. O döyüşçülər Qarabağın, xüsusilə Şuşanın mürəkkəb relyefinə baxmayaraq, dərin dərələri, sıldırımlı qayaları bir həmlədə aşaraq vətənlərini işğaldan azad etdilər, misilsiz qəhrəmanlıq göstərərək, öz zəfər tarixlərini yazdılar. 

Torpaqlar azad edildikcə, addım-addım döyüşçülərin arxasınca gedib o ərazilərin erməni vandallığına tuş gəlməsini fotolentə köçürürdüm. Ermənilər 30 il işğal altında saxladıqları Azərbaycan ərazilərində evləri, kəndləri, şəhərləri demək olar yer üzündən siliblər. Məzarlıqları elə hala salıblar ki, dünya tarixində buna bənzər vəhşilik heç yerdə olmayıb. Cəsədlərin qızıl dişlərini çıxarmaq üçün bütün qəbirləri bir-bir qazıb, insan sümüklərini ətrafa səpələyiblər. Bu, vəhşiliyin son həddidir. 

40 ildir müstəqil jurnalist kimi çalışıram. Haradasa hadisə olanda zəng vurub agentliyə, ya jurnallara bildirirdim ki, "o yerlərə çəkiliş etməyə gedirəm". Onlar da mənim bilet xərcimi ödəyirdilər, avans verirdilər, ezamiyyət xərclərimi qarşılayırdılar. Hətta elə olurdu ki, iki jurnal arasında mübahisə düşürdü ki, fotolarımı məhz ona verim. Amma İkinci Qarabağ müharibəsində həmin agentlik və jurnallara zəng vurub deyəndə ki, "gedirəm Azərbaycana", cavab birmənalı olurdu ki, "yox, Azərbaycan bizə lazım deyil. Əgər Ermənistana getsən, bütün xərclərini qarşılayarıq". Onların "yox" deməsi, məni daha da inada saldı və qərara gəldim ki, "mütləq Azərbaycana gedib əsl həqiqətin necə olduğunu çəkib dünyaya göstərəcəm". Müharibə zamanı Ermənistan tərəfdə 80 nəfər xarici fotoqraf var idi, amma mən çəkənlərin heç biri onlarda yox idi. Həmin fotoqraflar mediaya bir-iki qurama foto vermişdilər ki, guya azərbaycanlılar mülki erməniləri öldürüblər. Ancaq gerçəkliyi əks etdirən fotolarımı sosial mediamda paylaşanda dünyada böyük əks-səda doğurdu. Məsələn, ermənilər cəbhə xəttindən xeyli uzaqda yerləşən Bərdəyə raket atandan çox qısa vaxtda orada oldum və törədilən bu terroru çəkib dünyaya göstərdim... 

Bu günə qədər də Qarabağ və Şərqi Zəngəzurla bağlı fotolar çəkirəm. İşğaldan azad edilmiş torpaqlar minalardan təmizləndikcə dərhal o ərazilərə yollanıb erməni vandallığını fotoya alıram... Eyni zamanda Qarabağ fotolarımdan ibarət kitab hazırlayıram... 


Ürəkdağlayan o fotonun tarixçəsi 


O, 19 yaşından ölkəsinin, xalqının maddi-mənəvi əzablarını çəkib göstərmək üçün dəfələrlə həyatını təhlükə qarşısında qoydu. Yarım əsrə yaxındır ki, doğulduğu diyarın üzünə həsrət qalan azərbaycanəsilli Reza Deqati dünyanı özünün vətəni saydı, yer üzündəki bütün insanları özünə məhrəm, doğma bildi. Müharibələrin insan həyatına gətirdiyi ağrı-acıları olduğu kimi çatdırmaq üçün yenə də öz həyatını heçə sayıb qızğın savaşların getdiyi nöqtələrə yollandı. Çox dəhşətlərin, faciələrin yaşandığı səhnələrə şahid oldu, görənlərini dərindən təsirləndirən fotolar çəkdi. 

Amma 1992-ci ildə Ağdamda Cümə məscidinin qarşısında əlini Allaha sarı qaldırıb fəryad, üsyan edən xocalılı qadının fotosunu çəkdiyindəki əzabı heç zaman yaşamadı: "Bu günə qədər dünyanın 115 ölkəsində şəkil çəkmişəm, bir milyondan çox fotonun müəllifiyəm. Onların hamısını sevərək, ürəkyanğısı ilə çəkmişəm. Bu fotoların hansına baxsan, hər birinin ayrıca hekayəsi var. Ancaq həyatımdakı ən təsiredici anı Ağdam Cümə məscidinin həyətində yaşadım. Qətliamdan bir neçə gün sonra məscidin həyətində cəsədlərin arasında oğlunun gözü çıxarılmış meyitini tapan və əllərini yuxarı qaldırıb fəğan edən xocalılı ananın fotosunu çəkərkən..."

Reza Deqati bu gün də Azərbaycanın, Qarabağın fotolarını çəkir. Amma bu dəfə dünyaşöhrətli fotoqrafın çəkdiyi şəkillər ölkəmizin Zəfərini, qürurunu, xoşbəxtliyini özündə əks etdirir...  


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

00:24
07 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

00:23
07 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

00:22
07 Dekabr

“Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları”nın təsdiq edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında

00:21
07 Dekabr

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 may tarixli 114 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:19
07 Dekabr

Azercell korporativ abunəçilərin nəzərinə

00:18
07 Dekabr

Azercell korporativ abunəçilərin nəzərinə

00:17
07 Dekabr

Asim Xudiyev UEFA-dan təyinat alıb

23:13
06 Dekabr

Makron "ortaq maraqlar höküməti" qurmağa ümid edir

23:11
06 Dekabr

KXDR parlamenti ölkə Konstitusiyasına dəyişiklikləri müzakirə edəcək

23:11
06 Dekabr

Türkiyə əcnəbi tələbələrin sayına görə dünyanın ilk 10 ölkəsi sırasındadır

23:10
06 Dekabr

Dünyanın ən sürətli 2 qramlıq robotu

23:09
06 Dekabr

Qazaxıstan əhalisinin sayı 20 243 981 nəfərə çatıb

23:07
06 Dekabr

Olimpiya mükafatçımız 2024-cü ili reytinqdə ikinci pillədə başa vurdu

23:05
06 Dekabr

Dünyanın ən böyük VI avtomobil istehsalçısı “BYD” olub

23:04
06 Dekabr

Taekvondoçular ilin son yarışında bir araya gələcəklər

23:02
06 Dekabr

Klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib

23:01
06 Dekabr

Minlərlə il çalışa bilən batareya hazırlanıb

22:58
06 Dekabr

Cənubi Koreya prezidentinin reytinqi 13 faizə düşüb

22:46
06 Dekabr

“Dualı Sultan köynəkləri” sərgisinin açılışı olub

22:43
06 Dekabr

Beynəlxalq parlament konfransının iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

22:40
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!