29 Oktyabr 2024 09:25
1397
Mədəniyyət
A- A+
Əzəmətli Mərdəkan qalası

Əzəmətli Mərdəkan qalası


Şirvanşahlar hökmdarının qələbəsi şərəfinə tikilmiş qədim müdafiə istehkamı keçmişimizin dərin qatlarından söhbət açır


...Şirvanşah I Axsitan düşmən üzərində parlaq qələbə qazanmışdı. Döyüşçülər arasında tələfat və yaralılar olsa da, el-oba toy-bayram, şənlik içərisində idi. Məğrur sərkərdə torpağa sancdığı qılıncına dayaqlanıb düşünürdü: bütün bunlar yaxşıdır, camaatın yüksək əhvali-ruhiyyəsindən xəbər verir, amma qalıcı deyil, ötəridir. Atam Şivanşah Mənuçöhrün uğurlarından artığına nail olmalıyam. Zəfərimi daha möhkəm təməllər üzərində əbədiləşdirməliyəm...

Beləcə hicri 583-cü ildə (m. 1187-1189) Bakının Mərdəkan kəndində möhtəşəm bir tikilinin bünövrəsi qoyuldu. Qala dördkünc formada olub ucalığı 22 metr, divarlarının hündürlüyü 7 metr, qalınlığı aşağıdan 2,10 metr, yuxarıdan isə 1,60 metrdir. İçəri də 5 yarusa bölünür. Dördkünc Mərdəkan qalası, yaxud böyük Mərdəkan qəsri Abşeronun ən qədim istehkamlarından biri və ən hündür donjonudur (Əsas qala ilə əlaqəsi olmayan divarlarla əhatəli; necə deyərlər, qala içində qala). Həyətə daxil olarkən ilk növbədə yerdəki quyular diqqəti çəkir. Dərinliyi təqribən 2 metr olan həmin quyular düşmən hücumu zamanı qalaya sığınarkən müxtəlif növ ərzaq məhsullarının saxlanılması üçün nəzərdə tutulub. Ümumilikdə, donjonun ətrafında və həyətində vaxtilə 90-dan çox quyunun (o cümlədən su quyuları) olduğu bildirilir. Bundan başqa, həyətdə qədim daş kitabələr, daşdan yonulmuş və saxsı əşyalar, qablar da var.

Qəsrin inşasında əhəng məhlulu və yerli əhəngdaşından istifadə edilib. Mərkəzi qülləsinin silindrik həcmi ətraf tikililər arasında fərqlənir və daş kronşteynlərə söykənən dişli parapetlə tamamlanır. Maşikulları saxlayan kronşteynlərə kimi qüllənin hündürlüyü 15 metrə bərabərdir. Xarici diametri 7,6 metr, divarların qalınlığı isə 2 metrdir. Daxildə qüllə üç hissəyə bölünmüş və onların hər biri daş günbəzlərlə örtülmüşdür. Günbəz örtüyünün mərkəzində dairəvi dəlik vardır. Girişi yer səviyyəsindədir. Müdafiə üçün əlverişsiz olan bu hal ikinci mərtəbəyə keçidin həddən artıq yüksəkdə yerləşməsi ilə (birinci yarusun döşəməsindən 3 metr yuxarıda) kompensasiya edilir. Qəsrə hücum edib birinci mərtəbəyə girə bilən düşmən içəridə daha bir çətinliklə üzləşir və eyni zamanda günbəz mərkəzindəki dəlikdən də hücuma məruz qalırdı. 

Qapı yeri istisna olmaqla, birinci mərtəbənin divarında heç nə yoxdur, lakin ikinci və üçüncü mərtəbələrin divarlarında müxtəlif istiqamətlərə yönəlmiş mazğallar vardır. Bu mazğallar müdafiə məqsədilə yanaşı, həm də məkanın işıqlandırılması üçün istifadə edilmişdir. Qüllənin üst meydançası müdafiə xarakteri daşıdığından yaşayış üçün yalnız ikinci və üçüncü mərtəbələrdən istifadə edilirdi. Hər iki mərtəbənin ümumi sahəsi 32 kvadratmetrə bərabərdir.  

Bütün mərtəbələrə ənənəvi birtərəfli spiralvari pilləkənlə qalxmaq mümkündür - dar pəncərələrdən zəif işıq düşən otaqlar, meydançalar... Bu etibarlı müdafiə tikilisinin yeraltı yolları da var. Ömrünü tarixi abidənin mühafızəsinə həsr etmiş Vidadi kişinin dediyinə görə, aşağı enməyə şərait yoxdur, gərək özünlə fənər, nərdivan, kəndir götürəsən. Həmin gizli keçidlər kiçik Mərdəkan qalasına aparır. Amma onlar müəyyən məsafələrdə dağılıb, aşınıb tökülən torpaqla bağlanıb...

Qəsəbənin qədim tikililəri arasında dördkünc Mərdəkan qalasından başqa, dairəvi Mərdəkan qalası (1232) və ya kiçik Mərdəkan qəsri də var ki, Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Qəsrin kitabəsində 1232-ci ildə memar Əbdülməcid Məsud oğlunun Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bildirilir. Tikili XII-XV əsrlər Ön və Orta Asiya şəhərləri üçün xarakterik memarlıq planına malikdir. 

Mərdəkan sözü də "mərdlər məkanı" kimi mənalanır, yaşayış məskəninin qədim Mard tayfaları tərəfindən salınmasına işarədir. Mardların adına isə ilk dəfə Qafqaz Albaniyasında yaşayan tayfalar sırasında rast gəlinir. Mərdəkan yaxınlığında qayalarda Tunc dövrünə (e.ə. 3-2-ci minilliklər) aid keçi, kaman, taxta balta, müxtəlif quş, ocaq və s. təsvirləri, habelə qədim yaşayış yerləri aşkarlanmışdır. 

Hələ qədimdən xalq memarlığının mərkəzi sayılan Mərdəkan haqqında müxtəlif xarici səyyahların salnamələrində məlumatlar var. Bakı milyonçularından Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqalarının burada bağları, yaraşıqlı binaları olmuşdur. Məşhur rus şərqşünası İ.N.Berezin "Abşeron yarımadasına səyahət" (1845) əsərində Mərdəkana gəlişindən, bu kəndin tarixi-memarlıq abidələrinin qeyri-adiliyindən yazırdı. O, 1720-1721-ci illərdə Bakı hakimi Mirzə Məhəmməd xan tərəfindən tikdirilmiş başqa bir qalanın (hazırda dağılıb) təsvirini də verib. Tədqiqatçılar bildirirlər ki, Herodot, Strabon kimi tarixçi-səyyahların da Mərdəkan haqqında yazıları olub. Qəsəbənin maddi-mədəniyyət abidələri siyahısına Xanbaba hamamı (XIX əsr), Şeyx Kazım hamamı, Pir-Həsən məqbərəsi (1612), Tağıyevin imarəti (1900-cü illər), Tuba Şahi məscidi (1482), türbələr (XV və XVII əsrlər) və sair daxildir ki, bu gün nəinki yerli, çoxsaylı əcnəbi turistlərin də böyük diqqəti və marağı ilə qarşılanır.


Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran səfiri İtaliya XİN-ə çağırılıb

22:23
02 Yanvar

Sahibə Qafarova Monteneqro Parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb

20:44
02 Yanvar

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!