30 Dekabr 2024 09:20
498
Mədəniyyət
A- A+
Şəxsiyyət meyarı

Şəxsiyyət meyarı


Azərbaycan tarixində elə şəxsiyyətlər var ki, xalq onları heç vaxt unutmur, daim xatırlayır və yaddaşlarda yaşadır. Görkəmli dövlət xadimi və Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətləri olmuş bacarıqlı elm adamı Əziz Əliyev də dövrünün tanınmış şəxsiyyətlərindən idi. Bu böyük insan XX əsrin əvvəllərindən ömrünün sonuna qədər dövlət quruculuğu işlərində, tibb elmi və təhsili sahələrində əldə etdiyi elmi biliyini, bacarıqlarını dövlət idarəçiliyinin təkmilləşdirilməsinə həsr edərək təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınmış, şərəfli ömrü ilə əbədiyyət qazanmışdır.

Əziz Əliyevin yaşadığı zaman da, məkan da bir-birindən xeyli fərqlənirdi. Bu şəxsiyyətin həyatı bənzərsiz idi, hər bir insanın yaşadığı ömür deyildi. Onun ömrünün bütün anlarında mənsub olduğu xalqın tarixi ilə bağlı coxlu əlamətdar məqamlar var. 

Görkəmli dövlət xadimi Əziz Əliyev bütün həyatını sevdiyi peşəyə həsr etmiş, təhsil, səhiyyə təşkilatçısı kimi misilsiz işlərə imza atmışdır. O, gənc yaşlarından Azərbaycanda səhiyyə işinin təşkilində, eləcə də dövlət quruculuğu proseslərində fəal iştirak etmişdir. Daha sonra dövlət idarəçiliyi işinin təkmilləşdirilməsində tarixi xidmətlər göstərmişdir. Ulu Öndər Heydər Əliyev 1998-ci ildə böyük alimin 100 illik yubiley tədbirində Əziz Əliyevin əməyini, tarixi xidmətlərini yüksək dəyərləndirərək demişdir: "O, həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi. Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdı. Ancaq eyni zamanda onun həyatı heç də asan keçmirdi, maneələrlə, çətinliklərlə, özünə qarşı edilən bir çox haqsızlıqlarla rastlaşırdı. Amma bunların hamısını aradan qaldırır və yolundan dönmürdü". Bu, Ümummilli Liderin unudulmaz şəxsiyyətə olan ehtiramının təcəssümü idi. 


Həyat yolunda ilk addımlar, bitib-tükənməyən sınaqlar


Əziz Məmmədkərim oğlu Əliyev 1897-ci ildə İrəvan Quberniyasının Hamamlı kəndində anadan olmuşdur. Atası Məmmədkərim Əliyev ticarət və kənd işləri ilə məşğul olurdu, anası Zəhra xanım isə məşhur İrəvan taciri İbrahim bəyin qızı idi. Əziz Əliyev ilk ibtidai və orta təhsilinin bir hissəsini İrəvanda, bir hissəsini Çitadakı (Rusiyada) gimnaziyada, bir hissəsini də İrəvandakı kişi gimnaziyasında almışdı. İrəvanda böyüyən yeniyetmənin həyatının müəyyən dövrünün Çitada keçməsinin səbəbi bacısı Göyçək xanımın ailəsi ilə birlikdə həmin şəhərdə yaşaması və orta təhsilini orada davam etdirməsi idi. Amma 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanması hər şeyi dəyişir. Əziz Əliyev həmin il yay tətilini doğma yurdda keçirmək üçün İrəvana gəlir. Müharibənin başlaması gediş-gəlişi çətinləşdirir. Bununla əlaqədar Əziz Əliyev Çitaya qayıda bilmir. Məcbur olub 1914-1917-ci illərdə İrəvandakı kişi gimnaziyasında təhsil alır. 1917-ci ildə həmin gimnaziyanı əla qiymətlərlə başa çatdırır.

O, həkim olmaq istəyirdi. Amma Azərbaycanda hələ ali tibb təhsili verən məktəb olmadığı üçün Rusiya imperiyasının aparıcı şəhərlərindəki ali məktəblərdən birində təhsil almaq lazım gəlirdi. Belə şəhərlərdə yaşamaq, təhsil almaq üçünsə xeyli maddi vəsait tələb olunurdu. O dövrdə Azərbaycan iqtisadi cəhətdən inkişaf edir, xüsusilə neft Bakısında xeyriyyəçilik fəaliyyəti gündən-günə genişlənirdi. Milyonçular arasında Azərbaycanın gələcək taleyini düşünənlər, millətə faydalı olmağı özünə mənəvi borc bilənlər, gənclərin təhsilinə bacardıqları qədər diqqət göstərənlər az deyildi. Əziz Əliyev belə messenatlarımızdan ən tanınmışı, xeyirxah əməllərinin sözü-söhbəti dildən-dilə dolaşan Hacı Zeynalabdin Tağıyevə məktubla müraciət edir. Məşhur xeyriyyəçi Əziz Əliyevə köməyini əsirgəmir. Onun təhsil almasına həmin vaxt üçün dəyərli vəsait hesab olunan 300 rubl kömək göstərir. Gənc elə həmin il Sankt-Peterburqda Rusiyanın ən nüfuzlu ali tibb məktəblərindən sayılan Hərbi Tibb Akademiyasına daxil olur. Akademiyada təhsil almaqla yanaşı, elə birinci kursun əvvəllərindən boş vaxtlarında dezinfeksiya-profilaktika briqadasında çalışır. Aldığı maaşla valideynlərinə də yardım göstərməyə başlayır. Əfsuslar olsun ki, bu dəfə də gözlənilmədən növbəti maneələr qarşıya çıxır.

Əziz Əliyev 1918-ci ildə akademiyanın birinci kursunu uğurla başa vurub ikinci kursa keçir və yay tətili günlərində İrəvana gəlir. Burada erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri dəhşətli əməlləri görür. Əziz Əliyevin ailəsi də ermənilərin azərbaycanlılara qarşı bəşəri cinayətlərindən əziyyət çəkənlərdən idi. O, erməni zülmü, azğınlığı ilə rastlaşan ailəsini belə vəziyyətdə qoyub Sankt-Peterburqa qayıda bilmir. Ali təhsilini yarımçıq dayandırır. Onlar əvvəlcə Naxçıvanın Şərur rayonunda, Cənubi Azərbaycanın Ərəblər kəndində, sonra yenidən Naxçıvanın Şahtaxtı kəndində məskunlaşırlar və burada ağır məcburi köçkünlük həyatı yaşayırlar. 

Vəziyyət  isə dözülməz  idi. Həmin illərdə ermənilər Azərbaycan torpağında soydaşlarımıza qarşı əsl soyqırımı aktları törədirdilər. Tarixi mənbələrə görə, XIX əsrin sonlarında (1897-ci ildə) aparılan siyahıyaalma məlumatları göstərir ki, İrəvan Quberniyasında yaşayan əhalinin 87 faizini yerli xalq, yəni Azərbaycan türkləri, çox cüzi bir hissəsini isə ermənilər və digər millətlərin nümayəndələri təşkil edirdi. Lakin Daşnaksütyun partiyası yaradıldıqdan sonra 1905-1907 və 1917-1918-ci illərdə bu rəqəm erməni zorakılıqları nəticəsində 50 faizə qədər azaldı. Azərbaycan torpaqlarına zorla miqrasiya etdirilən gəlmə ermənilər tədricən mərhələlərlə, planlı surətdə havadarlarının köməyi ilə yerli xalqı - azərbaycanlıları öz dədə-baba yurdlarında soyqırımına uğratdılar və salamat qalan əhalinin didərgin düşməsinə məcburi vəziyyət yaratdılar. Ulu Öndər Heydər Əliyev görkəmli alimin 100 illik yubileyindəki nitqində xüsusi vurğulamışdır ki,  İrəvanda anadan olmuş Əziz Əliyev artıq 1918-ci ildə özü və bütün ailəsi soyqırıma, deportasiyaya məruz qalmışdır: " O, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı çox gənc yaşında özü görmüş və doğma diyarını tərk edərək Naxçıvana, oradan da Bakıya köçməyə məcbur olmuşdur".

Əziz Əliyev gələcəyə inamını, ümidini itirmirdi. İnsanlara faydalı olmağa çalışırdı. Yaşının erkən çağlarından onda belə bir prinsip formalaşmışdı ki, əsl insan hansı şəraitdə olursa-olsun, bacardığı qədər başqalarına kömək etməyə çalışmalıdır. Təşkilatçı olmalıdır, vəziyyəti mümkün qədər nizama salmaq üçün bütün gücünü ortaya qoymalıdır, xalqa xidmət göstərməlidir. Gimnaziyada qazandığı mükəmməl savad, ardınca Sankt-Peterburq Tibb Akademiyasında birillik təhsil və həkim briqadasında iş təcrübəsi Əziz Əliyevdə tibb sahəsində müəyyən bilik və bacarıqlar formalaşdırmışdı. Heç bir tibbi xidmət imkanının olmadığı, məcburi köçkünlük şəraitində insanların müxtəlif xəstəliklərdən əziyyət çəkdikləri vaxtlarda Əziz Əliyev kimi tibbi bacarığı olan gənclərə böyük ehtiyac var idi. O, həkim köməkçisi, əczaçı köməkçısı vəzifələrini fədakarcasına yerinə yetirirdi. Həm xalqa xidmət edir, həm də gələcək həkim və səhiyyə təşkilatçısı kimi zəngin təcrübə toplayırdı. Tibb təhsilini davam etdirmək arzusunda da qərarlı idi.

Heydər Əliyev yubiley təntənəsində alimin xarakterindən söhbət açarkən deyirdi: "O, lap əvvəldən qeyri-adi insan idi. Onun tərcümeyi-halına diqqət yetirin. İrəvanda rus gimnaziyasında təhsil almaq və oranı qızıl medalla bitirmək, gənc ikən kömək üçün milyonçu Hacı Zeynalabdin Tağıyevə müraciət etmək, ondan bu köməyi almaq və bütün dünyada məşhur olan hərbi tibb akademiyasında ali tibb təhsili almaq üçün Peterburqa getmək - gənclik illərində bunu heç də hər kəs bacarmazdı. Heç də hər kəs bu qədər məqsədyönlü ola bilməzdi. Başqa sözlə, bu qeyri-adi istedadı ilahidən gələn insan özünün məqsədyönlülüyü, fədakarlığı, zəhmətsevərliyi, biliklərə can atması sayəsində çox şey qazanmış, hərtərəfli insani keyfiyyətlər əldə etmişdir. O həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi". 


Məqsədinə çatmaq üçün bütün çətinlikləri dəf edirdi


Böyük alim 1923-cü ildə ali tibb təhsilini davam etdirə bilmək məqsədilə ailəsini Naxçıvandan götürüb Bakıya köçür. Həmin andan etibarən onun həyat və yaradıcılığının mühüm bir mərhələsinin təməli qoyulur. O, Bakıya gəldikdən sonra Azərbaycan Xalq Komissarları Şurasında işə düzəlir və ona tapşırılan bütün işlərin öhdəsindən layiqincə gəlir. Orada iş icraçısı, ümumi şöbə müdirinin müavini, katib köməkçisi və katib vəzifələrində çalışaraq özünü mükəmməl təşkilatçı kimi göstərə bilir. Əziz Əliyev 1923-cü ildə həm də qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, 1919-cu ildən fəaliyyət göstərən Bakı Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. 1927-ci ildə çoxdan bəri arzusunda olduğu ali tibb təhsilini əla qiymətlərlə başa çatdırır. Elə həmin il Xalq Komissarları Şurasının göndərişi əsasında klinikada elmi-pedaqoji işə başlayır.

Əziz Əliyevin fenomen bir şəxsiyyət kimi formalaşdığını təsdiqləyən universitet rəhbərliyi onun tibb fakültəsini bitirdikdən sonra Daxili xəstəliklər kafedrasında saxlanılması haqqında qərar qəbul edir. O, bu dövrdə özünü artıq püxtələşmiş, bacarıqlı bir təşkilatçı kimi də göstərə bilir və buna görə həkimlik fəaliyyəti ilə yanaşı, ona ən məsuliyyətli ictimai və dövlət əhəmiyyətli işlər tapşırılır. Gənc həkim tibb fakültəsini bitirdikdən sonra apardığı elmi-pedaqoji işlərlə yanaşı, 1928-1929-cu illərdə Xalq Səhiyyə Komissarlığında işə cəlb olunur və orada müalicə şöbəsinin müdiri vəzifəsini yerinə yetirir.

Görkəmli elm xadimi 1929-cu ildə Azərbaycan Kliniki İnstitutunun direktoru vəzifəsinə təyin edilir. Alim 1932-ci ilə qədər bu instituta rəhbərlik edir. 1930-cu il mayın 9-da Azərbaycan Dövlət Universitetinin tibb fakültəsi nəzdində Azərbaycan Dövlət Tibb İnstitutu (ATİ) yaradılır. ATİ-nin təşkili məsələsi çox mürəkkəb bir proses olduğundan mahir təşkilatçı kimi Əziz Əliyev bu mühüm prosesin icrasına cəlb edilir. O, 1932-ci il iyunun 1-dən 1938-ci ilə qədər institutun rektoru vəzifəsini böyük bacarıq və uğurla yerinə yetirir. 

Çoxşaxəli fəaliyyət dairəsinə malik olan alim eyni vaxtda bir neçə vəzifənin öhdəsindən gəlirdi. O,  müəyyən müddət ərzində Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olmaqla yanaşı, Əczaçılıq İnstitutuna da rəhbərlik edir. 1937-ci ildə eyni zamanda həm ATİ-nin, həm də Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışır. Bir müddət Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru vəzifəsində də fəaliyyət göstərir. Bundan əvvəl isə 1934-cü ildə Bakı şəhər səhiyyəsində böyük problemlər olduğu vaxtlarda Əziz Əliyev oraya rəhbər təyin edilir. 8 ay ərzində Azərbaycanın paytaxtı epidemiyadan xilas olur.

Onun rektorluğu illərində yeni yaranmış Azərbaycan Dövlət Tibb Universitetinin maddi-texniki bazası çox zəif idi. Bakı Dövlət Universitetinin Tibb fakültəsində o dövrə qədər milli kadrların yetişdirilməsinə elə də ciddi diqqət göstərilməmişdi. Odur ki, Əziz Əliyev ATİ-yə rəhbərlik etdiyi ilk illərdə hər şeyi, demək olar ki, sıfırdan başlamalı olmuşdu. Tədris prosesini çətinləşdirən və milli həkim kadrların hazırlanmasına ciddi mane olan amillərdən biri də bu sahədə dərsliklərin, demək olar ki, hamısının xarici dillərdə olması idi.

Azərbaycan üçün peşəkar tibbi kadrların hazırlanması işində ana dilimizdə dərsliklərin yazılmasının müstəsna rolunu aydın görən Əziz Əliyev tibbin müxtəlif ixtisasları üzrə səriştəsi olan  azərbaycanlı alimləri qısa müddətdə bu istiqamətdə səfərbər edir. Rus dilində olan tibbi kitablardan ən vacibləri Azərbaycan dilində nəşr olunur. O vaxtlar kitab nəşri üçün texniki təchizat da yox dərəcəsində idi. Buna baxmayaraq, Əziz Əliyev mümkünsüz görünən işlərin öhdəsindən layiqincə gəlirdi. Çox qısa müddətdə bu bacarıqlı təşkilatçının rəhbərliyi ilə Azərbaycan dilində 55 adda dərslik işıq üzü görür. Onlardan biri də görkəmli alimin özünün yazdığı "Klinik analizlər" kitabı idi. 

Əziz Əliyev Azərbaycan Dövlət  Tibb İnstitutunun nəzdində tibbi kitabxana da yaradır. 1934-cü ildə "Tibb nəşriyyatı"nın da təməlini qoyur. Onun təşəbbüsü və redaktorluğu ilə ilk dəfə "Praktiki və nəzəri tibb jurnalı"nın nəşrinə başlanır. 1933-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunda "Tibb  kadrları uğrunda" adlı çoxtirajlı qəzetin ilk nömrəsi çapdan çıxır.

Əziz Əliyevin Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi 6 il müddətində burada 11 doktorluq, 30 namizədlik dissertasiyası müdafiə edilmişdi. O illərdə tibb sahəsində yetişən gənc alimlərimizin əksəriyyəti məhz milli kadrlar idi. Bu vətənpərvər dövlət xadimi hər il Azərbaycan Dövlət Tibb İnstitutunun son kurs tələbələrinin ən bacarıqlılarını Moskvanın və Sankt-Peterburqun məşhur ali tibb məktəblərinə ezam edir, onlara təcrübə toplamaları üçün əlverişli şərait yaradırdı.


Onun fəaliyyət dairəsi cox geniş idi


Böyük alimin fəaliyyət dairəsi olduqca çoxşaxəli olub. Əziz Əliyev 1939-1941-ci illərdə Azərbaycan SSR Xalq Səhiyyə Komissarı vəzifəsində çalışdığı dövrdə respublikanın ən ucqar rayonlarını kəndbəkənd gəzərək misilsiz xidmətlər göstərmişdir. O dövrdə Azərbaycanda tüğyan edən son dərəcə təhlükəli yoluxucu xəstəliklərə qarşı mübarizə proqramı hazırlanıb və bu proqram dövlət səviyyəsində Əziz Əliyevin rəhbərliyi altında həyata keçirilib. Onun başçılığı ilə ölkədə xüsusi dispanserlər, şəhər və kəndlərdə 50 yerlik göz xəstəxanaları açılıb. Tezliklə traxoma, malyariya və digər xəstəliklərin qarşısı alınıb və bir çox ciddi infeksion xəstəliklərin kökü tamamilə kəsilib. Əziz Əliyevin təcrübəsi SSRİ Xalq Səhiyyə Komissarlığında müzakirə olunub və bu təcrübənin ittifaq miqyasında yayılması tövsiyə edilib. 

Əziz Əliyev 1941-1942-ci illərdə Ordu hərbi şurasının üzvü kimi İrana ezam olunur,  orada sovet qoşun hissələrinin siyasi komissarı vəzifəsində çalışır. Görkəmli dövlət xadiminin həyatındakı mühüm dövrlərdən biri də Dağıstana rəhbərlik etdiyi illərdir. Qonşu muxtar respublikanın ağır vəziyyətində - 1942-ci ildə Əziz Əliyevin Dağıstan vilayət partiya komitəsinin birinci katibi seçilməsi onun təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-də də böyük nüfuza malik olduğunu sübut edir. Altı il bu vəzifədə çalışır və vilayətdə bütün sahələrdə böyük irəliləyişə nail olur. 

Ulu Öndər Əziz Əliyevin 100 illik yubileyində böyük alimin, dövlət adamının ağır, məşəqqətli həyatının maraqlı məqamlarına da toxunmuşdu: "Onun həyatı heç də asan keçmirdi, maneələrlə, çətinliklərlə, özünə qarşı edilən bir çox haqsızlıqlarla rastlaşırdı. Əziz Əliyev mənə danışırdı ki, o, 1938-ci il repressiyasından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar, 50-ci illərin əvvəlində repressiya etdilər. İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin etdilər, amma tezliklə bu vəzifədən də çıxartdılar. Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına adi həkim göndərdilər və o, üç il orada işlədi. Bu, onun ovaxtkı rejimin bilavasitə Mircəfər Bağırov tərəfindən həyata keçirdiyi repressiyalara məruz qaldığı dövr idi... Deməliyəm ki, mən özüm də bu repressiyadan əziyyət çəkmişəm... Ovaxtkı dövlət təhlükəsizliyi naziri general Yemelyanov məni yanına çağırıb bu sözləri dedi: "Sən cavan və bacarıqlı işçisən. Leninqradda çox yüksək təhsil alıbsan, təhsili uğurla başa çatdırıbsan, sənin gələcəyin var. Ancaq sən Əziz Əliyevin ailəsi ilə bütün əlaqələri kəsməlisən, yoxsa biz səni işdən çıxarmalı olacağıq". 1953-cü ilin əvvəllərində general Yemelyanov yenidən məni yanına çağırdı və qəti şəkildə xəbərdarlıq etdi: "Əgər sən öz əlaqələrini kəsməsən, onda nəzərə al ki, işdən çıxarılacaqsan, həm də nəinki işdən çıxarılacaqsan, eyni zamanda ciddi şəkildə cəzalandırılacaqsan". Artıq o vaxt bilirdim ki, hər şey ona doğru gedir ki, Əziz Əliyevi həbs etməli, onun ailəsini isə Mircəfər Bağırovun göstərişi ilə buradan sürgün etməli idilər. Amma Allah kömək etdi. 1953-cü ilin martında Stalin öldü, həmin ilin yayında isə Mircəfər Bağırovu əvvəlcə işdən çıxartdılar, sonra da həbs etdilər. Bütün bu müddətdə Əziz Əliyev Sabunçuda həkim işləyirdi və onu öz əvvəlki vəzifəsinə - Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru vəzifəsinə yalnız 1954-cü ilin martında qaytardılar... Müttəhimlər kürsüsündə Mircəfər Bağırovla birlikdə həmin general Stepan Yemelyanov da əyləşmişdi, o Yemelyanov ki, Əziz Əliyevlə əlaqə saxladığıma görə mənə iki dəfə xəbərdarlıq etmiş və məni danlamışdı. Ona 25 il həbs cəzası kəsdilər. Görün tale necə olur. Sonralar, 70-ci illərdə mən MK-nın birinci katibi işləyərkən Yemelyanov öz cəzasını çəkib Bakıya qayıtdı və mənə məktub yazaraq ona bəzi şəxsi işlərində kömək göstərməyi xahiş etdi. Həyat, bax belədir".

Görkəmli alim və dövlət xadimi I-II çağırış SSRİ Ali Sovetinin, I-III çağırış Azərbaycan SSR Ali Sovetinin, II çağırış Dağıstan MSSR-in Ali Sovetinin deputatı olub. Onun vətən və xalq qarşısındakı misilsiz xidmətləri yüksək qiymətləndirilib. İki dəfə "Lenin" ordeni, daha sonra "Qırmızı Əmək Bayrağı", "I dərəcəli Vətən müharibəsi" ordenləri, "Səhiyyə əlaçısı" döş nişanı, bir çox medallar, o cümlədən 1948-ci ildə "Moskvanın yaranmasının 800 illik" xatirə medalı və çoxsaylı fəxri fərmanlarla təltif edilib. 1960-cı ildə Əziz Əliyevə "Azərbaycan SSR Əməkdar həkimi" fəxri adı verilib.

Əziz Əliyev Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışdığı dövrlərdə də respublikada elmin, səhiyyənin, təhsilin inkişafına daim qayğı göstərmişdir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110, 120 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalamış, alimin yubileyləri dövlət səviyyəsində qeyd edilmişdir.


İşıqlı missiyanın davamçıları


Əziz Əliyev böyük təşkilatçı, görkəmli dövlət xadimi olmaqla yanaşı, həm də çox qayğıkeş və gözəl ailə başçısı olmuşdur. Bu ailədən dünyaşöhrətli oftalmoloq-alim Zərifə xanım Əliyeva kimi şəxsiyyət çıxmışdır. 

Görkəmli alimin oğlu, Əməkdar elm xadimi, professor Tamerlan Əliyev uzun illər Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasına rəhbərlik etmiş, yüksəkixtisaslı həkim kadrlarının hazırlanmasına böyük əmək sərf etmişdir. Qızı, Əməkdar incəsənət xadimi Gülarə xanım Əliyevanın Azərbaycan musiqisinin, incəsənətinin inkişafı və təbliğində böyük xidmətləri olmuşdur. Qızlarından Ləzifə Əliyeva uzun illər ATU-nun Göz xəstəlikləri kafedrasında aparıcı dosent vəzifəsində çalışmışdır,  Dilbər xanım isə adlı-sanlı rabitəçi-mühəndis olmuşdur.

Oğlu, məşhur cərrah-onkoloq, dünyanın bir çox ölkəsinin akademiyalarının, o cümlədən Rusiya Elmlər Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, keçmiş SSRİ Elmlər Akademiyasının Akademik N.N.Petrov adına mükafatına və diplomuna, eləcə də Azərbaycanın "Şöhrət" və "Şərəf", 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenlərinə layiq görülmüş akademik Cəmil Əliyev hazırda Azərbaycan Respublikasının Prezidenti yanında tibb xidmətinin rəisi vəzifəsini yerinə yetirməklə yanaşı, həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasına rəhbərlik edir.

Böyük alim Əziz Əliyevin nəvə və nəticələri bu gün onun yolunu ləyaqətlə davam etdirirlər. Onun adını daşıyan  nəvəsi, akademik Cəmil Əliyevin oğlu tibb üzrə elmlər doktoru, professor Əziz Əliyev hazırda İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru vəzifəsində çalışır, səhiyyəmizin inkişafına yüksək töhfələr verir.

Əziz Əliyev Azərbaycan səhiyyəsinin, elminin inkişafında son dərəcə böyük xidmətlər göstərmiş bir şəxsiyyətdir. O, 1962-ci il iyul ayının 27-də  vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur. Xalq belə nurlu, işıqlı övladları ilə daim qürur duyur, onların xatirəsini sonsuz ehtiram və hörmətlə yad edir. 


Əhliman ƏMİRASLANOV,

SSRİ Dövlət mükafatı laureatı, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

Bakıda Sudanın müstəqilliyinin 69-cu ildönümü qeyd olunub  

15:43
01 Yanvar

Yeni ilin ilk günü Ukraynaya kütləvi hava hücumu olub, Kiyevdə ölənlər və xəsarət alanlar var  

15:09
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!